Anormal olan, bizim hələ də meydanda olmağımız, son on ildə bizi əvəz edəcək nəslin ortaya çıxmamasıdır. Sözügedən nəsil, 2000-lərdə bizi oxuyanda yeniyetmə və ya gənc idi, bu gün 25-30 yaş arası yetişmiş insanlardır. Anormal olan, şəxsən öz adımdan deyirəm, oxuyanda paxıllıq edəcəyim bir publisistin, yazıçının bu illər ərzində yetişməməsidir. Paxıllıq edə biləcəklərim isə yanımdadır, bir yerdəyik. Bu sözlər əsla qütbləşməyə cəhd kimi yozulmasın, söhbət burada «biz və özgə»lərdən getmir. Quru və soyuq statistika kimi qəbul edin.
Bizim indi, ayaqlarımızı uzadıb yeni nəsil publisistlərin yazılarını oxuyan, videolarını izləyən vaxtımızdır. Müasir yazarlarımızı oxumaq, paxıllıq etmək istəyirəm. Hardasınız? Nə vaxta qədər rusların blogerlərini izləyib, publisistlərini oxuyaq? Nə yazırsınız, nə danışırsınız, davanız nədir sizin? Hanı mövzularınız, saytlarınız, bloqlarınız? Bu ölkədə hələ də ən maraqlı publisistlər kimi tanınmağımız, əslində bizi ittiham edənlərin ayıbıdır.
Peşəkarlığına, təxəyyül gücünə, istedadına, müasirliyinə görə paxıllıq ediləcək yeni nəslin yoxluğu, hər şey bir kənara, yaradıcı insan üçün rəqabətin yoxluğudur. Rəqabət yoxdursa, deqradasiya var. Özümdə yaradıcı nöqteyi-nəzərdən deqradasiya hiss edirəmsə bunun səbəbi, bütün bu işlərin lazımsızlığı duyğusu və onu doğuran saysız şübhələrdir. Lazımsızlıq hissini nə şərtləndirir? – sahənin ölü olması. Artıq hər şey var, hər şərait yaradılıb – nəşriyyatlar, mətbəələr, kitabçılar – bircə yazan yoxdur. Musiqi və kinoda işlər tutaq ki, pis deyil. Son illər, bu sahələrə yönələn diqqət, sektorda canlanma yaradıb. Kinonun mayası olan ədəbiyyat, publisistika isə birmənalı can verirlər.
Həyatınızda paxıllıq ediləcək adam(lar)ın olması çox təbiidir. Hamı paxıllıq edir və çox rica edirəm, amanın günüdür, heç kəs «məndən başqa hamı» pozasına keçməsin. AzLogos-un açılmasına da kimlərinsə paxıllıq etməsi normaldır. Biz ta əvvəldən bilirdik ki, nifrət dağarcığı «hater»lərlə üzləşəcəyik. Heyterlər saytı didik-didik araşdıracaqlar bir səhv tapmaqdan ötrü. Belə şeylər prosesi əyləncəli edir bəlkə də, nəsillərin davasıdır deyib keçmək də olar, lakin paxıllıq intellektdən, dünyagörüşündən, həyat təcrübəsindən məhrum olanda, çox eybəcər vəziyyət yaranır.
Müstəqil Azərbaycanda orta və ali təhsilin nələr təklif etdiyini, hansı vəziyyətdə olduğunu nəzərə alsaq, qınamaq da olmur. Azərbaycan təhsili metodologiya vermir, sistemləşdirməni öyrətmir, tənqidi düşüncəli fərd yetişdirmir deyə, sinifdənkənar iki min kitab oxuyanı da, oxuduqlarından heç nə qanmır. Terminlər qusan narahat, nisgilli bir obraz qurbanı çıxır ortaya.
Əlqərəz biz yox, bizdən narazı olanlar bu platformanı yaratmalıydılar. İstər qrafika, dizayn, istər məzmun baxımından gənclərin layihələri bizim gördüyümüz işlərdən çox irəlidə olmalıdır. Hər sahədə zövqü onlar bizə diqtə etməlidirlər. Daha doğrusu onlar iş görürlər deyə, biz abrımıza qısılıb oturmalıyıq.
Bu boşluq uzun çəkə bilməzdi, bir gün mütləq doldurulmalıydı. Uzun fasilədən sonra bir araya gəlib, yenidən ölkənin ən keyfiyyətli fikir platformasını yaratmağımıza acıqlı olanları başa düşürəm, amma AzLogos kimlərəsə «yandıx vermək» vasitəsi deyil, bunun da bilinməsində fayda var. Keyfiyyətli məhsul ortaya qoymağın yolu zövq və baqajdan keçir. Bunlar da rahat və birdən əldə olunmur. Paxıllıq da yaxşıdır, epataj da, sinizm də (sırtıqlıla səhv salmayın). Amma yerində, amma mütləq sistemli təhsil və erudisiya baqajı ilə. Azərbaycan dilində səliqəli cümlə quran, orfoqrafiya haqda təsəvvürü olan adama imam, peyğəmbər kimi baxırıq. Gülməli deyil?
AzLogos-un yoxluğunda, nəsə etməyə ehtiyac yox idi, indi isə ehtiyac yaranıb. Bir gün deyinərsən, bir ay deyinərsən, bir ilin sonunda sənə qayıdarlar ki, «bəs sən nə iş görmüsən?» Paxıllıq yaxşıdır, əgər stimul verir, hərəkətə gətirirsə. Girişilən sahə səhvləri bağışlamır, «yaşıl» gəncləri də çox sevmir. Sözə, publisistikaya dava, skandalla gəlmək istəyirsənsə daşları yığmaqla daşları atmaq arasındakı zaman məsafəsinə diqqət etməlisən. Neçə adam «skandalist» obrazını üstündə sınadı, obrazın ağırlığı altında əzildi. Həyat qəddardır, gözyaşlarına baxmır. Bir müsbət tərəfi var ki, hər yediyin zərbə səni bərkidir. Yıxıla-yıxıla böyüyürük.
Azərbaycanın boz reallığına günəş kimi doğan AzLogos-u oxuduğunuzu gizlətməyin, bundan utanmayın (razılaşın ki, yaxşı cümləydi). Biz hamımız məhkumuq, hamımız bir qayığın içindəyik. Ümummilli mənada aydın hədəf, «nə üçün?» sualına cavab yoxdur. Daha doğrusu var kimi görünür, amma yoxdur. Vəziyyət biz düşündüyümüzdən də ağırdır. Adam yoxdur və bunu iddia etmək üçün istəmədiyim qədər əsasım var.
İlk gündən qapılarımızı hər kəsə açdıq, müxtəlif maraq qrupları, gənclərlə yazışdıq, birlikdə işləməyi təklif etdik, «sizdə alınar» dedik, inandırmağa çalışdıq. İşin ciddiyyətini görcək hamısı dağılışdı. Peşəkar, iş görən insan qıtlığı var Azərbaycanda. İşlərimiz tökülüb qalıb, kompetent adamlar tapa bilmirik. Nə məsuliyyət, nə ciddiyyət, nə peşəkarlıq – heç nə yoxdur. Genofond bərbad gündədir – küçələrdə cılız, qısaboylu, qara-qura oğlanlar və qızlar gəzir. Azərbaycanda cırlaşma gedir.
Bəs nə etməli? Bu sualın cavabını gəlin birlikdə axtaraq deyirik. Təqdim olunan məhsulun haqqını hər kəs verməyə borcludur – səbət götündən gilas tökülmür, burada əmək var. Əməyə hörmət, bəzilərinizin guya olmazsa-olmaz postulatlarındandır. Buradakı adamlar işi-gücü, maraqları, ailələri olan adamlardır. Onları bir sual narahat edir – nə etməli? Hansı Azərbaycanı hədəfləməliyik?
Bizi zövqlərdən məhrum edən, ən azından onları sərt struktura salan bu modern zamanlar, cütlüklər arasındakı cinsi əlaqəni də reqlamentləşdirib. Artıq heç zarafat da deyil ki, inkişaf etmiş, industrial ölkələrdə cütlüklər yatmaq üçün gün təyin edirlər. Müxtəlifliyin olduğu coğrafiyalar əlbəttə daha maraqlı, həyəcanlıdır. Biz əsla alman, fransız olmayacağıq, heç lazım da deyil.
O hansı Azərbaycandırsa, onu tapanacan müxtəlif fikirli adamlar söz güləşdirəcəklər, zilə qalxacaqlar, amma bütün tərəfləri birləşdirən ortaq bir hədəf olmalıdır. Bir cəmiyyətdə yaşayan adamların hamısının mütləq bağlı olduqları işlək hədəf. Vətən – çox mücərrəd, spekulyativdir. Vətən və onu sevmək haqda danışmazlar, bunu öyrətməzlər. Patriotizm haqda danışmaq, şəxsi fikrimdir – patetik masturbasiyadır. Peşəkarlığa can atan və bağlılıq, aidiyyat (məsuliyyət) instinkti olan adam. Mənə elə gəlir, bizim ideal vətəndaş obrazımız bu adam olmalıdır.
Tabuları dağıtmaq, şərtiliklərlə də vidalaşmağı zəruri edir. Madam bu qədər yetişmisiniz, enerjiniz aşıb-daşır, özünüzə müxtəlif ideoloji yarlıqlar yapışdırmısınız, bir-birindən maraqlı mənsubiyyətləriniz var, o zaman bir iş görün. Böyüməyə, lağlağını yığışdırmağa məhkumsunuz. Bütün təşəbbüsləri, müxtəliflikləri alqışlayın, haqqını verərək paxıllıq edin. Eşşək gəlmisiniz, heç olmasa eşşək getməyin. Beşiniz bir araya gəlin, ciddi bir layihə açın. Yazın, yaradın, oxunaqlı və baxımlı olsun. Edə bilmirsiniz və mənim borcum deyil sizi inandırım ki, edə bilməməyiniz nəticədə mənə də, biz də toxunur. Təşkilatçılıq, məsuliyyət, analitik və tənqidi baxış – hamısında sinifdə qalırsınız. Söz deyəndə də acığınıza gəlir, nəticə çıxarmırsınız. Uğurlu olmağın sirri yanını yerə qoyub işləməkdir. Harda uğurlu adam gördümsə, yanını yerə qoyub işləyirdi.
Başlamaq olar bəzən cavab verməməkdən. Peşəkarlıq – susmaq lazım olan yerdə susmaqdır. Bəzən suallar verməkdir əvvəlkilərə. Üç addım sonrasını görməkdir. Nifrət kimi, paxıllıq kimi motivasiya səhv adamların əlinə düşüb, səhv adamlar bizim dayandığımız pyedestalı aşırmaq istəyir. Çox mənasız işdir. Qoy bu paradoks bütün ixtilaflarda bizə kömək olsun – bizimlə boy ölçəcək kiminsə, kimlərinsə mövcudluğu, özümüzü ləğvimizlə nəticələnəcək. Məndən yaxşının olduğu yerdə, gözə görünmərəm.
Azərbaycan şöhrətin tez əldə olunduğu, tez də sovrulub getdiyi ölkədir. Şöhrətdən keçib, onu rədd edib sənə bağlanmaq, sənə soxulmaq istəyənləri distansiyada saxlamaq lazımdır. Gec-tez bunlar baş verməlidir, azərbaycanlıların «istiliyi», «səmimiyyəti» zərər görsə də, baş verməlidir. Azərbaycanlılar çox yapışıblar bir-birlərinə, aralanmırlar; dəstə-dəstə, əl-ələ gəzirlər, öpüşürlər, yalaşırlar, hər yanda guya istilik və sevgi fışqırır, amma nə möcüzədirsə eşşəkliyin yekəsi də bunlardadır. Yəni bir-birinizlə bu qədər razılaşmayın, hamınız eyni şeyi danışmayın. Bir-birinizdən bir az aralanın. Fərdlər olun.
Sürü, kütlə psixologiyasından danışmayacam, qeyri-ciddi çıxar. Bunları aşağılama mənasında işlətməyin özü absurddur – hamımız sürü psixologiyası ilə yaşayırıq. Nəticədə heyvanıq, atavistik çağırışlara cavab verməliyik. Mərifət bu instinktlərdən maksimum uzaqlaşmaqdadır. Müasir insan kültürün, bizi əhliləşdirən təlim-tərbiyənin məhsuludur və bütün bunlar çox tez baş verdi, növbəti mərhələyə keçə bilməyənlər, gecikən xalqlar oldu, kimlərsə əksinə – çox irəli getdilər. Bizim isə, Azərbaycan olaraq, işimiz nə Qərbdir, nə Şərqdir, bizimki – dostumuz Məmməd Ənsari demişkən – «qərq»dir.
İndi, bu qərqin içində, qərq şəraitində nələr etmək olar, onu düşünməyin zamanıdır. Hökumət bu illər ərzində gəncləri, onların problemlərini iqnor etdi. Desəm ki, başları çox ciddi işə qarışmışdı, xeyr. Qaz vurub qazan doldururdular deyə, başları açılmırdı. Bilərəkdən, bilməyərəkdən bir sürü mənasız yaltaq yetişdirdilər, indi onlar da ortada yoxdur. Azad medianı boğdular, adamları küstürdülər, bir qram böyüklük göstərməyən dövlət imici qazandılar. Elə bir mühit yaradıldı ki, belə mühitlərdə homonun ən pis keyfiyyətləri, zəiflikləri, istedadsızlığı üzə çıxdı.
Augias-ın tövlələrini kim təmizləyəcək bəs?