Tbilisidən Bakıya qayıdırdım, çemodanımda şəxsi istehlak məqsədilə yarım kilo qəhvə gətirirdim. Böyük Kəsik stansiyasında rəşadətli gömrük məmurumuz sellofan torbanı açıb qəhvə dənini əlinə götürdü və diqqətlə baxmağa başladı.
– Bu, erməni kofesi deyil?
Kafka da bunu uydura bilməzdi. Qəhvəni Tbilisidə vağzal ətrafında bir dükandan çəki ilə almışdım, piştaxtada üstünə sadəcə arabica yazılmışdı. Bəlkə Afrikanın ucqar plantasiyasında əli kalaşnikovlu qiyamçıların nəzarəti altında balaca uşaqlar yığmışdı, bəlkə də Latın Amerikasında müflis fermer. Amma erməni kofesi? “Məncə Ermənistanda qəhvə bitmir axı,” – plaskart vaqondaydım, belə banal həqiqəti dilə gətirdiyim üçün digər sərnişinlərdən bir az da utandım.
– Yox, bitir! Hələ yalandan gürcü paketlərinə doldururlar, guya biz başa düşməyəcəyik?!
Ayıq-sayıq sərhəd bəkçilərimizin Sınıq körpüdə özünü səhvən hiyləgər zənn edən alverçiləri necə məharətlə şmon etdiyini öz gözlərimlə çox görmüşdüm, ona görə də gömrük məmurunun kəramətinə şəkk gətirmək ağlımdan da keçmədi.
Mənim çətin vəziyyətə düşdüyümü görüb qəhvə dəni özü söhbətə qarışdı:
– Cənab məmur, mən erməni kofesi deyiləm, Afrikada yetişmişəm, daha sonra Tbilisidə Aqrar Universitetin nəzdindəki müəssisədə qovrulmuşam. İndi də əgər etiraz etməsəniz, kağız filtrin içində öz ömrümü başa vurmazdan əvvəl Bakının unikal memarlıq üslubuna və müasir binalarına tamaşa etmək istərdim.
Gömrük məmurunun üzü güldü, qəhvəni torbaya atıb ağzını bağladı.
* * *
Pays, arrêté à mi-chemin
entre la terre et les cieux,
aux voix d’eau et d’airain,
doux et dur, jeune et vieux,
comme une offrande levée
vers d’accueillantes mains :
beau pays achevé,
chaud comme le pain !
Hər dəfə Tbilisidən Bakıya qayıdanda – avtobus Sınıq körpüyə çatanda, ya da qatar Böyük Kəsik stansiyasına yetişib dayananda Rilkenin sözləri yadıma düşür: gözəl ölkə ona uzanan ac əllərə verilən isti çörək kimidir. Bəs görəsən Azərbaycan? Azərbaycan heç də isti çörək deyil, Azərbaycan – yetim uşağın qafasına vurulan yağlı bir şapalaqdır.
Vətəninə qayıdanda pərişan olan yolçular kimi dünyada ikinci belə kədərli mənzərə tapılmaz.
* * *
Yenə Gürcüstandayam, bu dəfə Tbilisi V Beynəlxalq Ədəbiyyat Festivalını izləməyə gəlmişəm, ona görə də gömrük məmuru ilə dialoqun sonluğunu bir bâlaca bədiiləşdirdiyim üçün oxuculardan üzr istəyirəm. Gerçəkdə olan daha solğun, daha rəngsiz və daha boz idi, qatar sərnişinlərinin mədəsini rentgen edib erməni konyakı axtaran gömrük məmurunun gözləri kimi.
Burada Tbilisidə isə Yazıçılar evinin rəhbəri Nataşa xanım Festivalı açıq elan edəndən sonra gülər üzlə Tbilisi merinin müavini Sopio xanıma söz verir. Sopio xanım da öz növbəsində gülər üzlə həmsöhbətinə təşəkkür edib bu gün paytaxt yollarını iflic etmiş tıxaclar barəsində müxalif tərzi zarafatla nitqini açır.
Cənubi Qafqazın ən mötəbər beynəlxalq tədbirlərindən biri 40 dəqiqə gecikmə ilə başlayıb, amma bu, heç də stereotipik gürcü tənbəlləyinə görə deyil. Şəhərin mərkəzi arteriyası – Rustaveli prospekti nəqliyyatın hərəkətinə bağlanıb, sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyə olunub. Lakin Rustaveli prospektinə alternativ yol varmı?
Şota Rustavelinin heykəlindən Azadlıq meydanına qədər bütün küçə boyu düzülən polislər başqa bir tədbirin başlamasını həyəcanla gözləyirlər. İştirakçıların təhlükəsizliyini təmin etmək bu gün onların ən ümdə vəzifə borclarından bəlkə də birincisidir. Parlamentin qarşısında aylarla çadır qurmuş etirazçılar da bu gün heç kəsin diqqətini cəlb etmir, çünki bu gün Tbilisidə məşhur və qalmaqallı “gey parad” olmalıdır. Homofobiyaya qarşı beynəlxalq mübarizə günü olan 17 may tarixini “ailə paklığı günü”elan etmiş acıqlı Gürcü Kilsəsi isə əks nümayişə hazırlıq görür.
Bax beləcə, vaxtilə Rustaveli prospektində gur-gur gurlayan tanklar, toplar, qaubitsa və pulemyotlarla aparılan ideoloji savajlar bu gün daha sivil müstəviyə keçməyə cəhd göstərməkdədir. Ona görə də Tbilisi merinin müavini tədbirə 40 dəqiqə gecikə bilər.
* * *
Nataşa xanım və Sopio xanım bir-birinə komplimentlər yağdırdıqca zalda toplaşan gürcü ziyalılarının simalarından hiyləgər təbəssümlər çəkilmir. Bütün şəhər bu iki iddialı qadın arasında aylardır davam edən rəqabəti diqqətlə izləməkdədir. Böyük yazıçının nəvəsi Nataşa xanım qalib gəlib Beynəlxalq Kitab Mərkəzini də öz mülkünə qatacaqmı, yoxsa Minqreliyanın yeni parlayan ulduzu Sopia xanım qalib gəlib Yazıçılar evini öz nəzarətinə götürəcək?
Bakıda Şengen vizaları satmaqla ad çıxaran bir Avropa ölkəsinin Tbilisidəki diplomatik nümayəndəsi səhnəyə çıxanda hamı diqqətlə çıxışa qulaq kəsilir. Öz ölkəsinin şairləri, yazıçıları və rəssamlarının Gürcüstana səfərlərini təşkil edən cənab diplomat görəsən bu dəfə hansı xoş xəbərlə təşrif buyurub? Alqışların qopması üçün çox gözləmək lazım deyilmiş. Bu yaxınlarda dünya rəssamlığının inciləri, cənab diplomatın vətənindən şedevr tablolar Tbilisidə müvəqqəti sərgilənəcək, hamı dəvətlidir.
Sopio xanımın təcili işi var, tədbiri yarımçıq tərk etməli olacaq, amma zaldan çıxhaçıxda imkan tapıb gürcü yazıçısı Zurab Karumidzenin oturduğu stulun yanında ayaq saxlayır, salamlaşır və təsadüfən ayağı yerdəki boş platik stəkana toxunur. Sopio xanım yüngül əda ilə tez əyilib stəkanı yerdən götürür, çıxanda qapının ağzındakı zibil qutusuna atacaq, amma stəkanı görməyən adam elə bilər ki, Sopio xanım böyük yazıçı Karumidze qarşısında təzim edir. Karumidze təzimə layiqdirmi, yoxsa stəkan zibil qutusuna – bütün bunlar bir kənara, amma Tbilisi belə bir mer müavininə deyəsən həqiqətən layiqdir.
* * *
Gürcüstana və Tbilisiyə irrasional bir heyranlıq yağan bu yazının naqolay zamana təsadüf etdiyini özüm də yaxşı anlayıram. David Qareci monastır kompleksi ətrafında yaranan boş hay-küy hər iki ölkənin ictimai gündəliyini zəbt edərək hər iki tərəfdən nifrət alverçiliyinə, kin-küdurət qusuntularına rəvac verib.
Onsuz da David Qareci monastırı demək olar tamamilə Gürcüstan ərazisindədir, Azərbaycan ərazisində sadəcə kiçik bir kilsəcik qalır, amma gürcü zəvvarların həmin ibadət evinə pasport nəzarəti olmadan, rahat və sərbəst çıxışını təmin etmək üçün Azərbaycan sərhədçiləri bütün lazım olan tədbirləri görürlər.
Bizim sərhəd bəkçilərimiz sadizmin ən son elmi-texnoloji nailiyyətləri əsasında qazaxlı alverçiləri, bakılı turistləri doyunca incidə bilər, amma gürcü zəvvarlara hər cür şərait yaradılıb. Yəni David Qareci monastırı ətrafında faktiki olaraq heç bir sərhəd münaqişəsi yoxdur. Ona görə də bütün bu boş səs-küyün, “David Qareci Gürcüstanındır” və “bizim neftimiz yoxdur, amma filan şeyimiz var” isteriyasının niyə birdən partlaması mənim üçün sirri-xuda olaraq qalır. Amma maraqlı da deyil.
David Qareci məsələsi mənim gözümdə sırf siyasi məsələdir, ona görə də qoy bu siyasi məsələni rəsmi Bakı gürcü hökuməti və gürcü xalqı ilə özü həll etsin. Əgər Azərbaycan xalqını siyasətdən və siyasi məsələlərin həllindən tamam kənarlaşdıracaqsansa, nəticədə belə siyasi labirintlərdən hər dəfə tək çıxmalı olacaqsan. Bu dünyada hər bir rahatlığın öz bədəli var.
* * *
Tbilisi ədəbiyyat festivalının Azərbaycandan builki qonağı Həmid Herisçi ilə köhnə Leselidze – indi Apxazi küçəsində üzü Şardenə doğru piyada yeriyirik. Həmid ağa və onun şeirlərini gürcü dilinə tərcümə etmiş, həm də tədbirdə tərcüməçilik edəcək gürcü filoloqu, qədim gürcü ədəbiyyatı üzrə mütəxəssis Oqtay Kazımov tədbirdən öncə bir neçə məsələni müzakirə etməlidir. Oturmağa münasib yer axtarırıq. İran restoranları küçə boyu bir-birini əvəz edir. Həmid ağa hər yeni restoranı görəndə ağzını büzüb kateqorik “yox” deyir.
– Bu iranlılar, cənublular, təbrizlilər çox acıdildir, mən özüm də təbrizliyəm, sizə deyim ki, təbrizlilər heç də başqalarının xoşuna gəlmək istəmirlər.
– Bir az da merkantil adamlardır, yox? – söz almağa çalışıram ehtiyatkar Həmid ağadan.
– Hə, bir az da merkantil adamlardır, amma…
Yəhudi məbədinin yerləşdiyi həyətə açılan tağın qarşısında qəfildən iri cüssəli, ucaboy, şikil kimi bir cavan oğlan qarşımızı kəsir. Birbaşa tağın içində açılmış İran restoranın sahibi Pərviz imiş.
– Mən də təbrizliyəm, anam isə zəncanlıdır, – ustad Şəhriyarın türkcəsində bir neçə bu cür şirin təqdimat sözü və sonra da – buyurun keçin, bizim restoranda nə istəsəz var.
Xosrov Pərvizin mühasirəyə alıb əhədini kəsdiyi Bizans şəhərləri kimi Həmid ağa son çırpınışla soruşur:
– Sizdə çay var?
– Əlbəttə var, çay da var, – bax beləcə Hələb də, Dəməşq də, Fələstin də, Misir də, Anadolu da Xosrov Pərvizin dəmir əllərinə keçəcək.
* * *
Mənim nəslimdən olan insanların Gürcüstana və Tbilisiyə bu irrasional heyranlığının ancaq bizim nəslə xas fenomen olduğunu düşünmürəm, çünki keçən əsrin 60-70-ci illərində Gürcüstana səfərlər edən, indi isə yaşlı nəslin təmsilçiləri olan həmvətənlərimizdə də bu heyranlığı çox görmüşəm. Sevə-sevə oxuduğumuz rus klassiklərinin Gürcüstan sevgisinin bizə sirayət etməsi isə cavab variantı kimi heç də yetərli deyil, çünki hələ Molla Pənah Vaqif ilk dəfə Gürcüstanı və Tbilisini görəndə onun keçirdiyi təəccüb və heyrət hissi “Mərhəba, Tiflis imiş cənnəti dünya yеrinin” nidasına çevrilmişdi. Molla Pənah bu baxımdan Gürcüstanı Puşkin və Lermontovdan daha əvvəl kəşf eləmişdi.
Sanki Gürcüstan və Tbilisiyə irrasional vurğunluq bir az da azərbaycanlılığın kiçik, amma əhəmiyyətli elementlərindəndir. Bizdə hər yeni gələn nəsil özü üçün Gürcüstanı yenidən kəşf edir və hər dəfəsində onun təəccübü və heyrəti Molla Pənahın reaksiyasını təkrarlayır.
Bəs görəsən Gürcüstanı, Tbilisini bizə sevdirən nədir? Ölkə bizdən kasıb, xidmət sektoru bizdən zəif, təbiət gözəlliklərində bizim ölkə də heç geri qalmır. Ucuzluq deyiriksə, lari ilə manat arasında fərq ildən-ilə azalır. Yaxşı kafe, bar və restoranlar Bakıda da az deyil. Bəlkə bu sualın tək cavabı doğrudan da siyasi rejimlərdə və onların insana verdiyi dəyərdədir?
Msxetanın dağlarında bu yazıya son ştrixləri vuran məqamda Bakıdan qəribə bir xəbər nagah gəlib məni haqladı. Əcnəbi turistlərin rahatlığını və əhvalını pozmamaq üçün Bakının mərkəzinə – Torqovaya və İstiqlaliyyət küçələrinə və Fəvvarələr meydanına azərbaycanlıların girişini düz beş gün qadağan edəcəklərmiş. Doğrudur, rəsmi orqanlardan deyəsən təkzib gəldi, mənim də bu dağlarda xəbərləri izləmək imkanlarım məhduddur, amma belə bir təşəbbüsün Bakıda kiminsə ağlına gəlməsi özü bir qorxulu simptomdur və bəlkə də mənim ciddi-cəhdlə cavab axtardığım suala bir cavabdır. Yoxsa elə deyilmi?
* * *
Sınıq körpüdə, sərhədin Azərbaycan tərəfində bir gürcü çörəkçi işləyir, öz kiçik təndirxanasında gürcü üsulu ev çörəyi bişirir. Çörəyi təndirdən çıxaranda ətri az qala bütün Sınıq körpünü başına götürür. Qışın soyuğunda, yayın istisində saatlarla Bakı avtobuslarını gözləyən sərnişin üçün bundan yaxşı təhrik nə ola bilər? Son səfərlərimin birində mənim də könlümə bu isti çörəkdən bir tikə dadmaq düşdü, amma üç dəfə çörək almağa cəhd etsəm də, hər dəfəsində növbə mənə çatanda təndirxanada çörək bitdi. Dördüncü dəfə növbə tutmağa daha imkan olmadı, avtobusum gəlmişdi.
Avtobusa minməzdən əvvəl çevrilib bir də təndirxanaya baxdım. Rilke necə də doğru deyirdi: beau pays achevé, chaud comme le pain !
Tsikhisdziri
19-21 may 2019