Əslində niyə yazıram, özüm də bilmirəm. Məni buna məcbur edən yoxdur. Bunu məndən xüsusi şövqlə istəyən də. Qəribə hissdir. Bir də görürsən nəsə oxudun, nəsə gördün və için qaynamağa başladı. O qaynayan nədirsə, içəridə qaldıqca səni narahat edir, onu çölə çıxarmağın yolu kimi qələmə sarılırsan. Şəxsən mənə yazmağın maddi xeyri əvəzinə çoxlu ziyanı dəyir. Zaman-zaman istər peşə, istərsə də ümumi mövzulardakı yazılarıma görə qazandığım dostlar qədər, bəlkə də sevməyənlər qazanmışam. Yazılarımın mənfi mənada “qəhrəmanları”ndan təbii ki, sevilməyimi də gözləmirəm. Bugün istər biznes əlaqələrində, istərsə də şəxsi münasibətlərdə məni şəxsən tanımayanların haqqımda mənfi rəy söyləmələrini yazılarımdan başqa nəyə bağlamaq olar ki?!
Desəm ki, yazılarımı müsbət qiymətləndirənlər məni həvəsləndirmir, xoşuma gəlmir, yalan deyərəm. Hər bir insan kimi mənə də yazılarımı səbr edib sona kimi oxuyanlar, ələxsüs onu bu və ya digər formada öz həyatında, işində tətbiq edib faydasını görənlərin olmasını bilməyim həmişə xoşdur. Kimisi sakitcə oxuyur gedir, kimi oxuyub öz fikrini bildirir, kimi tənqid, kimi təşəkkür edir. Fərqi yoxdur, istənilən reaksiya insana xoş gəlir. Fürsətdən istifadə edib onların hər-birinə təşəkkür edirəm. Biləsiniz ki, siz sonrakı yazılarım üçün motivasiya olursunuz.
Bir gün bir yazıçı dostuma insanların ona aqressiyasının səbəbini soruşanda heç vaxt ağlımdan çıxmayacaq cavab verdi. Dedi “onlar mənim daxili azadlığımı qısqanırlar. Bəlkə də məndən çox bilir, amma mənim kimi fikirlərini ifadə edə bilmir, ən pis halda isə onlara yazmaq olmaz, yaza bilməzlər, icazələri yoxdur və s.” Daxili azadlıq sözü o zamandan beynimə həkk olundu. Bundan sonra necə olacaq bilmirəm, amma Allahdan arzu edirəm ki, mənim daxili azadlığım elə həmişə mənə məxsus olsun. Daxili azadlıq mənim üçün inandığım şeyi səmimi etiraf etmək, ona dəstək olmaq, inandığın yolda irəliləməkdir. İnsan təkcə ağzından çıxanların deyil, həm də qələmindən çıxanların əsiridir. Yazılarınızda ideallarınızın, prinsiplərinizin xroniki, məntiqi ardıcıllığı, axıcılığı pozulanda bunu oxucu görür və sizə bağışlamır.
Bu yaşımda bir şeyi dərk etmişəm ki, yazmadığın heç nə qalmayacaq və faydası olmayacaq. Əgər bacarırsınızsa, yazmalısınız. Yazmağın bir qızıl qaydası var, o da oxumaqdır. Oxumayan adam necə yaza bilər? Bu gün biz, bizdən əvvəlki tarixi, cəmiyyəti, olanları, şəxsləri onlar haqqında yazılmış nümunələrdən oxuyuruq, bilirik. Eləcə də bugünü gələcək nəsil bizim bu gün yazdıqlarımız əsasında qiymətləndirəcək. Mənim ən böyük motivasiyam həm də bu faktordur. Düşünəndə də adama xoş olur ki, gələcəkdə sənin yazıların, hansısa hadisə haqqında təsəvvürün tam formalaşmasında rol oynaya bilər. Hamı yazmaya da bilər, normaldır bəlkə də, amma oxumamağın nə bu dünyada, nə o dünyada heç bir bəhanəsi ola bilməz.
İnsanın yaşı artdıqca tələbləri, zövq aldıqları şeylər dəyişir. Məsələn, yaş artıqca ümumi mövzularda yazılmış ədəbiyyat oxumaq, roman oxumaq həyatı daha maraqlı edir, insanın ruh tarazlığını qorumasına və qaydaya düşməsinə təsir edir. Bəzən bir problemim olanda, əlimə kitabxanamdan ilk keçən bir romanı götürürəm. Onu bitirdiyim müddət və bir müddət də ondan sonra kitabın təsirində oluram, düşünürəm. Bir də görürəm ki, məni narahat edən məsələni unutmuşam. Bəzən də oxuduqlarımdan sonra məni narahat edən şeylərdən utanmışam ki, ilahi, camaatın dərdinə bax, mənim dərdimə bax. Belə bir sirli şeydir, ədəbiyyat.
İnsanın əldə etməli olduğu bir çox şeyin 40 yaşına qədər olmasına ciddi inanıram. Oxumağın bir sirli tərəfi də odur ki, sən özündən böyüklərin yolunu rahatca 1-2 günə oxuyub bitirirsən. Amma adam onları yazmaq üçün bir ömür yaşayıb bəlkə də. Siz də çalışın 40-nıza kimi nəyinsə yiyəsi olun. Maraqlı hobbiləriniz olsun. Hobbiləriniz, siz hər şeydən yorulanda əyləncəniz olacaq. Bu gün mənim bir hobbim də böyük kitabxanamın olmasıdır. Fürsət düşdükcə kitab alıb yığıram. Sonra evdə ürəyim istəyəndə kresloya genəlib hansı kitabı alım oxuyum deyə, kitab rəfimə baxıram. Bu hiss mənə zövq verir. Kim hansısa kitabdan danışsa, “məndə var” demək xoşum gəlir. Şəxsən ən sevdiyim hədiyyə də kitabdır. İstəyirəm ki, kitabxanamdakı kitablar üzrə edilən qeydlər, yazılan sözləri bir gün oğlum alsın, baxsın, xatırlasın. Çalışıram ki, oğlum bütün günü kitablarla qurdalandığımı da görsün, maraq göstərsin. Kobud desək, böyüyəndə desin ki, kitabın içində böyümüşəm. Hərdən bekar olanda, əlinə gələn ilk kitabı götürüb vərəqləməsi belə xoşuma gəlir. Qoy ədəbiyyata, kitaba maraqlı adam olsun. Bizim milləti oxumaq böyük elədi, elə sonradan oxumamaq da kiçiltdi. Yenidən öz qüdrətimizi bərpa etməyin yeganə yolu da elmdir, təhsildir, kitabdır.
Yuxarıda ədəbiyyatın faydası haqqında yazdım. Əlavə olaraq qeyd edim ki, ədəbiyyata maraq gərək insanda uşaqlıqdan olsun. Mən indi xatırlayanda, məsələn, tapa bilmirəm məndə ədəbiyyata maraq hardan yaranıb. Amma onu bilirəm ki, 4-cü sinifdən bu yana oxuduğum ən kiçik kitabın belə adını yazmışam, indi də durur. İndi də hansısa kitabı bitirəndə həmin dəftərin arxasına qeyd edirəm. Şəhərin bütün kitabxanalarına məktəb vaxtı üzv olmuşdum. Bir vəsiqəm olduğuna görə, onu bir kitab üçün işlədirdim, qalan 4-5 kitabı götürə bilmədiyim üçün isə, məcbur olub kitabxanada oxuyurdum. Qəribə də odur ki, evdə qətiyyətlə buna qarşı çıxırdılar. Gözüm zəifləmişdi, uşaqlara qarışmırdım, zəif idim və s. Bu gün geriyə baxanda görürəm ki, ən yaxşı hesab etdiyim çox kitabı elə o vaxt oxumuşam. Yaxşı ki, o zaman eləmişəm. Yoxsa, indi min cür bəhanə tapırıq. Maraq dairəmiz dəyişir, zövqlər və prioritetlər fərqli olur. Məktəb dövrünə dair yeganə narazı olduğum şey əlimə nə gəldi oxumağımdır. Kitabları tanıyıb oxumurdum, “polka-polka” oxuyurdum. Bir də görürdün hansısa ölkənin coğrafiyasına dair kitabdan sonra Ordubadinin külliyyatına keçid edirdim. Yəqin elə qarışıq oxuduğuma görədir ki, məktəbi bitirənə qədər nəçi olmaq istədiyim haqqında qərara gələ bilmirdim. “Dumanlı Təbriz”i oxuyandan sonra bu günkü yazdığım “məxfilər” silsiləsi məndə maraq oyatmışdı, məsələn.
Ayıma peşə və ümumi mövzular daxil minimum 4-5 kitab oxumasam o ayı yelə vermiş hesab edirəm. Axır vaxtlar da paralel oxumağa başlamışam. Yəni 3-4 kitabı paralel oxuyuram. Yataq otağında bir-iki kitab həmişə olur. Axşam yatanda 50-60 səhifəni bir nəfəsə içəri çəkib yatıram. Sonra maşında da şer kitabı olur. Bir də görürsən, uzun yol gedirsən, ya da yolda nə üçünsə dayanmısan, açıb oxuyursan, yağ kimi gedir. Bir-birinin ardınca 2-3 kitabın eyni anda bitməsi mənə elə zövq verir ki, elə bil 1 illik maaşımı bonus veriblər.
Maraqlı bir şey var ki, insanlarla ünsiyyətdə olanda söhbətin dərinliyi ilk fikir verdiyim şeylərdəndir. Dərin söhbətlər edə bildiyim, hətta köklü müzakirə və mübahisələr etdiyim məclisləri sevirəm. Yetər ki, qarşımdakı ilə eyni notlar üstündə olaq. Söhbət etdiyim şəxslərin oxuyan olub-olmadığını çox tez hiss edirəm. Fərqi yoxdur bu ədəbiyyat olsun, ya hansısa peşəyə dair kitab. Oxuyan insan seçilir. Və oxuyan insan elədir ki, ondan doymaq olmur, birlikdə saatlarla oturub danışar və zamanın necə keçdiyinin fərqinə varmazsan. Həyatda hər şey pul deyil. Çalışıb qısa ömrümüzdə ruhumuzun qidasını da unutmamalıyıq. Bu bilgidir, elmdir, kitabdır. Əks halda bizim suda-quruda yaşayanlardan, sürünənlərdən, göydə uçan quşlardan nə fərqimiz var? Onlar da dünyaya bala gətirir, böyüdür, ölür, biz də. İnsanla heyvanın fərqi haqqında düşünəndə əlinizdə artıq bir kitabı vərəqlədiyinizi görəcəksiniz.
Cümhüriyyət dövrünün siyasi xadimlərinə baxın. Demək olar əksəriyyəti mütəmadi olaraq qalaq-qalaq ictimai-siyasi yazılar yazıblar. İlin-günün o vaxtında o cəsarəti, o həvəsi, o gücü necə və haradan alıblar deyə düşünür insan. Nə bilim vallah, hərdən elə suallar olur ki, cavab tapmaq üçün səsləndirmisən, yazırsan ki, hərə öz cavabını öz beynində versin.
Silahın belə bacarmadığını qələmlə bacaran yazarlarımıza hörmətlə. Milli Mətbuat Günümüz mübarək.