Tez-tez Çindən yazmağım sizi narahat etməsin. Başa düşürəm ki, qərbdə də həddindən artıq maraqlı layihələr icra edilir. Amma bir az ciddi olaq, Çin bu işi ən yüksək səviyyədə həyata keçirir. Kommunizmin təsiri sadəcə KİV-lərdə deyil, eyni zamanda memarlıqda da özünü göstərir. Lakin sanki Çin artıq çox kəskin dönüşlər etməyə alışıb.
Nə yaxşı ki, Zaha Hadid Bakıda layihə həyata keçirib! Yoxsa beton daşlar görməkdən bezərdik, yəqin. Sizə təqdim edəcəyim layihə bir kitabxanadır. Amma bu sizi çaşdırmasın. Sosiallaşmaq üçün şəhərin ən gözəl nöqtələrindən birinə çevriləcək kitabxanadan bəhs edəcəyəm sizə.
“MAD Architects”in (http://www.i-mad.com/), müəllifi olduğu, Çinin Haikou şəhərində yerləşən “Wormhole” kitabxanasını mühəndislik möcüzəsi saymaq olar. Ağ betondan tökülmüş əyri çoxfunksiyalı quruluşun bahar aylarında tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Layihə hazır olandan sonra ziyarətçilərin kitab oxumaq, dəniz mənzərələrindən zövq almaq və açıq hava tamaşalarında iştirak etmək imkanı yaranacaq.
Haikou Körfəzi, Cənubi Çin dənizinin kənarındakı Hainan əyalətində, sahil xətti boyunca yerləşir. Maraqlı məqamlardan biri də budur ki, betonların hazırlanmasında CNC və 3D çap maşınlarından istifadə edilir. Bu olduqca çətin məsələdir, həm də çox çətindir. Binada oxuma zallarından əlavə, ümumişlək istirahət zonası da yaradılıb. “MAD Architects” tərəfindən dizayn edilmiş çoxfunksiyalı quruluş, tavanı, zəmini və divarları bir-birinə bağlayan əyri beton konstruksiyası ilə heyrətamiz görünür.
Bundan əlavə, arxitekturanın “nəfəs almasına” imkan vermək üçün dizaynda müxtəlif ölçülü deşiklər qoyulub. Bu, həm də təbii işığın içəri daşmasına imkan verəcək. Bina, təxminən, 10.000 kitabdan ibarət 690 kvadratmetrlik daxili mütaliə sahəsi, kafe, terras, 300 kvadratmetrlik ümumi istirahət sahəsi, velosiped park sistemi, ümumi hamam otaqları və duş yerləri ilə təchiz edilib.
Kitabxana layihəsinin Haikounun növbəti populyar ictimai məkanı olacağına şübhə yoxdur. Bu bina yeni rəng qatları, həm də dinamizm baxımından şəhər üçün faydalıdır. Yenilənən baş planın ilkin mərhələlərindən biri olan bu memarlıq nümunəsi, Haikou körfəzini cavanlaşdırmaq baxımından da son dərəcə uğurludur.
“MAD Architects”, layihə haqqında belə deyir: “İnsanlar göy üzü və dənizlə birlikdə təmas qurmalıdırlar. Biz bunu hədəfləmişik. Elm inkişaf etdikcə insanlar artıq dominant varlıq olmadıqlarını anlayırlar. Bu məkanda ziyarətçilər həmin ideyanı bir daha anlayacaqlar. Abstraktdır, amma ucsuz-bucaqsızdır.”