Müsahibimiz, kinosevərlərin “Tabutçunun yelləncəyi”, “Seçim”, “Mövsümün sonu” kimi filmlərdən, serial həvəskarlarının “Həyat, sən nə qəribəsən”, “İki ömür”, “Laləli saray”, “Ata ocağı” kimi seriallardan tanıdığı aktrisa Zülfiyyə Qurbanovadı. Xatırladaq ki, Zülfiyyə xanım bu yaxınlarda Rotterdam Beynəlxalq Kino Festivalında FİPRESSİ-nin mükafatını qazanmış “Mövsümün sonu” filmində baş rollardan birini canlandırır.
– Zülfiyyə xanım, Elmar İmanovun “Tabutçunun yelləncəyi”, “Mövsümün sonu”, Amil Məmibəylinin “Seçim” filmlərində yaratdığınız qadın obrazları müəyyən bir psixoloji hazırlıq tələb eləyir. Rola necə hazırlaşırsınız?
– Mənə görə, aktyorun həyatı mütləq dolu olmalıdı. Aktyor və ya aktrisanın həm şəxsi, həm iş həyatı boş, mənasız keçməyibsə, bu, onun yaradıcılığına təsir eləyir. Yəni həyat təcrübəsi bu işə bilavasitə təsir eləyir. Belə deyək də: sənin həyatın bir mətbəxdi. İş prosesində əlini atıb ordan sənə lazım olan ləvazimatı götürürsən. Bu, o demək deyil ki, mən oynadığım hər şeyi həyatımda yaşamışam. Yox. Sadəcə həyatım o qədər doludu ki, ordan özüm üçün material yığıram. Mənə rol təklif ediləndə əvvəlcə ssenarini oxuyuram, rejissorla məsləhətləşirəm. Sonra qəhrəmanımı analiz eləməyə başlayıram, anlamağa çalışıram. Həmişə düşünürəm, avtobusda da metroda da, söhbət eləyəndə də beynim məşğul olur. Rolum barədə çox danışmağı sevmirəm. Ona görə də, hərdən hamıya elə gəlir ki, mən hər şeyə biganə yanaşıram. Əslində belə deyil. Mən hətta sevinclərim haqqında da çox danışmağı xoşlamıram. Məsələn, festivala gedəcəyimizi eşidəndə “A! O!” eləmədim. Çünki mən o işə can qoymuşdum. Təkcə mən yox, rejissorumuz da, tərəf müqabilim də. Mən can qoyduğum, enerji sərf elədiyim hər bir işdən yaxşı nəticə alacağıma əminəm. Kollektiv peşəkardısa, rejissor rolu mənə düzgün başa salıbsa, nəyi necə eləyəcəyimi bilirəm.
– Rejissor vacibdi sizin üçün?
– Hə, çox vacibdi. Açığı desəm, əgər aktyorun qabında yoxdusa, rejissor özünü həlak eləsə də, aktyor heç nə eləyə bilməyəcək. Amma aktyorun istedadı varsa və rejissor onu düzgün yönləndirirsə, mütləq ortaya gözəl iş çıxacaq. Mənim müəllimim Ağakişi Kazımov həmişə deyirdi ki, yaxşı, ya da pis aktyor yoxdu. Aktyor ya var, ya da yoxdu. Günlük seriallarda belə, rejissorun səni yönləndirməsi çox önəmlidi. Mən aktyoram, bəlkə sadəcə plan doldurmaq üçün oynaya bilərəm. Amma rejissor deməlidi ki, bu, belə deyil, elədi. Ümumiyyətlə, həm filmdə, həm teatr tamaşasında, həm seriallarda rejissor çox önəmlidi. Və mən çox şanslı insanam, hər üç sahədə bir-iki rejissoru çıxmaq şərtilə həmişə yaxşı rejissorlarla işləmişəm. Bilmirəm, bəlkə də bu, enerji məsələsidi. Mən insanın enerjisinə çox inanıram. Həmişə istəmişəm ki, mənə nəsə öyrədən insanlarla işləyim.
– “Seçim” filmində də, “Mövsümün sonu”nda da qəhrəmanlarınız getmək, ya da qalmaq, xoşbəxt olmadıqları həyatdan qurtulmaq, ya da əvvəlki kimi davam eləmək seçimi qarşısında qalan qadınlardı. Onlar niyə getməyi yox, qalmağı seçirlər? Aktrisa kimi yox, qadın kimi fikrinizi bilmək istəyirəm.
– “Mövsümün sonu”nda qayıdıb qayıtmadığını tam bilmirik. Orda rejissor sual qoyur, qadın gedə də bilər, getməyə də.
– “Seçim” filmində də qadın getmək, həyatını dəyişmək təklifi alır. Getməlidi, ya yox, gedəndən sonra nə olacaq, bunlar başqa mövzudu. Ancaq fakt odu ki, qadın qalmağı seçir. Sizin qəhrəmanlar qalmağı seçən qadınlardı.
– Fədakardılar. Mən düşünürəm ki, hər kəsin vicdan tərəzisi bir cür ölçür. Birində ağır gəlir, biri nəyisə tapdalayıb gedə bilir, biri gedə bilmir. Mənimkilər gedə bilməyənlərdi. “Seçim”də qadının əri şikəstdi. Ərinin bütün tələbatlarını qadın qarşılayır, yemək yedirtməkdən tutmuş arxasını yumağa qədər. O getsə, ərinin taleyi necə olacaq? Düzdü, əgər rejissor mənə tapşırıq versəydi ki, burda qəhrəmanın gedir, mən gedən qadını oynayacaqdım. Amma haqq qazandıraraq gedəcəkdim. Niyə? Çünki ona haqq qazandırmasam, düzgün oynaya bilməzdim. Zülfiyyə olaraq tərəddüdlərim özünü büruzə verəcəkdi. Hərçənd yaxşı ki getmirlər. Hər şey getməkdən ibarət deyil ki?! Geridə qalanı da düşünmək lazımdı. Tutaq ki, “Seçim”dəki qəhrəmanım ona ehtiyacı olan ərini qoyub, əşyalarını topayıb getdi. Bəs sonra? Rasimin canlandırdığı o şikəst kişi necə olacaqdı? Bəlkə günlərlə sürünə-sürünə yaşayıb sonra öləcəkdi. Bunun vicdan yükü böyükdü. Fədakarlıq istəyir. Bu, bir az mənim özümdə də var. Yarı yoldan qayıtdığım hallar olub.
– Sizə maraqlı bir fakt deyim. “Seçim” filminə baxan tanıdığım bir neçə kişi Rasim Cəfərin qəhrəmanının şikəst olduğunu başa düşməyiblər.
– Doğrudan? Bəlkə qadınlar daha həssasdılar, ona görə. Axı, orda hər şey aydın göstərilir. Bütün kadrlarda qadın və onun əlidi. Rasimin oynadığı personajın üzündə bezginlik, xəcalət ifadəsi var. Yeri gəlmişkən, “Seçim” Rasim Cəfərlə artıq dördüncü birgə işimizdi. Elmar İmanovun da üç filmində tərəf müqabili olmuşuq. Bir də indi Rüfət Şahbazovun çəkdiyi “Ata ocağı” serialında tərəf müqabiliyik.
– Zülfiyyə xanım, eyni komandayla işləmək yorucu deyil?
– Əksinə, zövqdü. Mənim çox xoşuma gəlir. Bayaq dedim, mən enerji məsələsinə çox inanıram. Tərəf müqabili ilə göz kontaktı, aktyorun enerjini ötürməsi çox önəmlidi mənim üçün. Məsələn, mənə boş baxan aktyorla oynaya bilmərəm. Bəlkə ancaq günlük seriallarda. O da ona görə ki, bir seriala çox adam girir-çıxır, alışmağa vaxt olmur. Hərçənd mən şanslı adamam – həm seriallarda, həm filmlərdə anlayışlı tərəf müqabillərim olub. Məsələn, Rasim Cəfərlə hər hansı səhnədə bir-birimizə baxmalı olanda da, elementar məşq eləyəndə də, fikir mübadiləsi aparanda da onun mənə nə demək istədiyini başa düşürəm. Yəni o balansı tapırsan və istedadlı komanda, tərəf müqabilləri ilə işləmək sənə zövq verir. Bu Mövsümə də (Mirmövsüm Mirzəzadə-red) aiddi, Rasimə də. “Tabutçunun yelləncəyi”ndə tərəf müqabilimlə bir cür işləyirdim, “Ayrı-ayrı”da başqa cür. Orda bir başqa balansı tuturam, burda başqa, o birində başqa. Biz hamımız inkişaf eləyirik. Mən bu komandanı sevirəm. Biz birlikdə darıxmırıq. Mövsümlə filmdə ana-oğulu oynayırıq, amma həyatda dostuq, bir-birimizlə hər şeyimizi paylaşırıq. Mövsüm peşəkar aktyor olmasa da, həm intellektual insandı, həm də özündən yaşca çox böyük düşünməyi bacarır. Bir işin içində sevgi paylaşmaq önəmlidi. Mənim işlədiyim bütün komandalar ailə kimi olub. Bu, o demək deyil ki, problemlərimiz olmayıb. Bu, başqa məsələdi. Ola bilər ki, nəyisə düz eləmirsən. Amma fikir mübadiləsi aparırsan. Əsas odu ki, səni düzgün yönəldən insanların arasındasan. İstər Elmarla, istər Rasimlə, istər Mövsümlə münasibətlərimizdə sevgi bağı var. Bir-birimizi insan olaraq sevirik. Məsələn, Elmarı 2011-ci ildən tanısam da, çəkilişdən-çəkilişə görüşürük, amma heç nə qırılmır, aradakı o zaman fasiləsi hiss olunmur, hər dəfə sanki eyni şəhərdə yaşayıb tez-tez görüşürmüşük kimi davam eləyirik. Hərçənd Elmar gələndə çox inkişaf eləmiş gəlir, ayaq uydurmaq olmur. Aktyorun düşdüyü mühitdə bir rejissorun peşəkarlığı çox önəmlidi, bir də hər kəsin öz işinə olan sevgisi. Bu, işə yansıyır və siz ekranda səmimi filmlər görürsünüz. Aqressiv mühitdə iş heç vaxt yaxşı ola bilməz.
– Bir müsahibənizdə oxudum ki, xaraktercə mühafizəkar insansınız. Hərçənd elə təsir bağışlamırsınız.
– Eləyəm.
– Oynadığınız rollar xarakterinizə tamam ziddi, mühafizəkarlıq çərçivəsinə sığışmayan rollardı. Öz xarakterinizə zidd rollar oynamaq nə qədər çətindi və ya nə qədər asandı?
– Çox loru bir misal olacaq, amma deyirəm. Tutaq ki, mənə əxlaqsız qadın rolu verirlər.
– Yeri gəlmişkən, bayaqdan fikir verirəm. Siz “fahişə” sözünü dilinizə gətirməyə çəkinirsiniz, “əxlaqsız qadın” deyirsiniz.
– Deyə bilmirəm, amma oynayaram. Küçədə bu sözü deməli olanda pıçıltı ilə deyirəm ki, eşitməsinlər. Amma rejissor mənə əxlaqsız qadın rolunu təklif eləyirsə, o obrazda məni görürsə, mən də bir aktrisa kimi o personajda özümə material tapıramsa, rahat oynayıram. Tərif kimi çıxsa, çox üzr istəyirəm, amma çox sevdiyim bir xasiyyətim var. El diliylə desək, ən əxlaqsız bir rolu oynaya bilərəm, lazım gəlsə, açıq-saçıq bir səhnə də ola bilər, amma zəmanət verirəm ki, heç kim filmə baxandan sonra “ayıb olsun aktrisaya” deməz. Həm də birgə işlədiyim rejissorlar elə səhnələri o qədər peşəkar, estetik və gözəl həll eləyirlər ki, heç kim baxanda “a, bu nə danışıqdı, bu nədi” düşünmür. Amma hərdən elə təkliflər almışam ki, görmüşəm, lazım oldu-olmadı, heç nəyə xidmət eləməyən intim səhnələr var, rejissor aktyordan filmi satmaq üçün istifadə eləmək istəyir. Məsələn, “Tabutçunun yelləncəyi”ndən sonra bilirsiniz, nə qədər əxlaqsız qadın rollarına təklif gəldi? Heç birini qəbul eləmədim. Birincisi, artıq bu cür rol oynamışam, deməli, növbəti belə rol mənə birincidən daha dərin material verməlidi ki, “Tabutçunun yelləncəyi”ndəki personajımdan bir pillə yuxarı qalxa bilim. Amma gördüm ki, gələn təkliflər məni aşağı dartır. Buna heç vaxt razılıq verməmişəm, vermərəm də. Az olsun, yaxşı olsun. İş gərək məni harasa aparsın. Qoy geniş kütlə məni tanımasın, amma mən işimlə dünyanı gəzə bilim. Rol məni hara aparır, mənə nə təklif eıəyir, aktrisa olaraq qabıma nə qoyur, rejissor məndə nə kəşf eləyəcək, estetik həllər necə olacaq, bunlar vacibdi mənim üçün.
– Əfsus ki, mən sizi səhnədə izləməmişəm, amma kino və seriallardakı fəaliyyətinizlə yaxından tanışam. Siz filmlərdə nə qədər cəsarətli, komplekssiz oyunçu təsiri bağışlayırsınızsa, seriallarda bir o qədər cəsarətsiz, kompleksli görünürsünüz. Hətta səsiniz də fərqli olur. Bu, nədən irəli gəlir? Rollardan, yoxsa seriallarda potensialınızı tam göstərmək üçün meydan yoxdu?
– Rollardan irəli gəlir. Məsələn, son tamaşamız olan “Nargin faciəsi”ndə tarixi şəxsiyyəti – Sona xanım Hacıyevanın obrazını canlandırmışam. Öz dövrünün maarifçi, tərəqqipərvər xanımlarından biri olub. Məni səhnədə o rolda görənlər deyirdilər ki, sən olduğuna inanmırıq, sən elə teatr aktrisasısan, kinoaktrisa deyilsən. Filmdə görənlərsə teatrda necə oynadığımı soruşurlar. Teatrın öz yeri var. Mən teatra gedəndə bilirəm ki, artıq teatrdayam, bu rol mənimdi və bunlardan ibarətdi: qəhrəman qadındı, yardımsevərdi və mərddi vəs. Məşq prosesində bütün bu xüsusiyyətləri yavaş-yavaş içinə sindirirsən, gözəl bir tamaşa alınır. Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri gəlib baxıblar. İndi tamaşanı Türkiyəyə dəvət eləmək barədə düşünürlər. Mən eyni ifanı, ya da səs tonunu hər yerə tətbiq eləyə bilmərəm, axı. Filmlərdə mənə fərqli obrazlar düşür. Serialda gah mənfi rollar oynayıram, gah müsbət. Bu, mütləq səs tonuma təsir eləyir.
– Seriallar sizə nə verib, sizdən nə alıb?
– Seriallar məni kütlə arasında tanıdıb. Bunu inkar eləmək olmaz. 2010-11-ci ildən, Azrəbaycanda serial çəkilişləri artmağa başlayandan bəri, demək olar ki, mütəmadi hər il bir seriala çəkilirəm. Üç illik, iki illik, bir illik seriallarım olub. Mənfi rolum olub ki, sevilib də, söyülüb də. Təbii ki, mənfi rolda heç kim səni alqışlamır. Ancaq hərdən mənfi rola görə, “az, yaxşı elədin” deyənlər də olub. Nə alıb? Deməzdim, nəsə alıb. Əksinə, kamera qarşısında daha sərbəst olmağı öyrənirsən. Filmlərdə də, seriallarda da mən özüm üçün çox şey kəşf eləmişəm.
– Türk aktrisası Bərgüzar Korel deyir ki, serialların müsbət cəhəti odu ki, orda səhvləri düzəltmək mümkündü, pis cəhəti isə odu ki, bir müddətdən sonra hər şey avtomatikləşir.
– Bir az elə olur. Düşünün ki, üç il eyni rolu oynayırsan. Üç il, gündəlik. Hadisələr dəyişir, sən, yəni personajın olduğu kimi qalır. Avtomatik olaraq oyunun xroniki hala çevrilir. İstedadlı saydığım aktyorlarda da bunu hiss eləmişəm. Ancaq serial bitəndə beyinlərini silirlər. Məndə də belə şey var. Məsələn, məndən üç il əvvəl serialda oynadığım rolu soruşsanız, qəti yadımda deyil. Tam səmimi deyirəm. Yaddaşsız adam deyiləm. Serial çəkilişlərindəki kameraarxası hadisələr yadımda qalır, amma kamera önündə nəyi necə oynmışam, xatırlamıram.
– Zülfiyyə xanım, XXI əsri yarılamağımıza az qalıb. Azərbaycanda isə aktrisalıq sənəti ilə bağlı köhnə stereotiplər hələ də qalmaqdadır. Bir aktrisa olaraq, cəmiyyətdə belə stereotiplərlə qarşılaşmısınızmı?
– Mənim sərhədlərim var deyə kimin həddi nədi ki, mənə gözün üstündə qaşın var desin?! Mən getdiyim yerlərdə sübut eləyirəm ki, hamının əxlaqlı bildiyi peşənin sahibindən min dəfə ağıllı və qeyrətliyəm. İnsan daşıdığı ədayla önəmlidi. Amma stereotiplər var. Qəribə intonasiya ilə verilən “A, hə, aktrisasınız?” sualı… Mən artıq intonasiyalar arasındakı fərqi seçəcək yaşa gəlmişəm. Bu cəmiyyət hələ alışmayıb. Belə şeylər çox olub, münasibətləri görmüşəm. Sizə bir şey deyim. Bizim cəmiyyətdə qadının ən böyük düşməni elə qadındı. Bəzən qadınlardan elə münasibət görürsən, fikirləşirsən ki, biz eyni cinsi nümayəndəsiyik? Bir də görürsən, müsahibən çıxıb, yazılıb ki, aktrisanın filan fikri və s… Altından yazırlar ki, aktrisadı da, ondan nə gözləmək olar ki? Qadın yazır e! Qadınlar bir-birilərinə qarşı həddindən artıq qısqancdılar. Bunu qəbul eləsək də, belədi, eləməsək də. Mən belə şeyləri çox müşahidə eləmişəm. Qadınlar qadınlara elə hücum çəkirlər, elə bil xalq düşmənidi. Ümumiyyətlə, biz toplum olaraq vaxtımızı başqalarını qınamaqla keçiririk. Bəlkə vaxtilə mən də bunu eləmişəm. Əgər kiməsə qarşı belə şey eləmişəmsə, üzr istəyirəm. Biz başqalarının işinə qarışa bilmərik. Seçimlər azaddı.
– Bütün dünyada əksər sənət adamları öz ölkələrinin ictimai-siyasi həyatında fəal iştirak eləyirlər, buna bir borc, məsuliyyət kimi yanaşırlar. Niyə azərbaycanlı sənət adamları belə proseslərdən uzaq durmağa üstünlük verirlər?
– Mən düşünürəm ki, birinci, Azərbaycanda ictimai fəaliyyət məsələləri yetəri qədər deyil. Məsələn, hər hansı bir türk aktrisası kimsəsiz uşaqlarla, təhsillə bağlı kampaniyalara həvəslə qoşulur, öz səhifəsində yayımlayır, məktəblərə yardım eləyir. Bizdə belə kampaniyalar həm çox azdı, həm də bəzən səni dəvət eləyirlər, görürsən, mövzu başqa istiqamətə gedir. Məndə də olub belə şeylər. Əsas məsələ qalır və səni başqa tərəfə çəkirlər, aktyoru ona lazım olmayan məsələlərə qarışdırmaq istəyirlər. Buna görə də, mən elə fəaliyyətlərə qatılmamağa çalışıram. Dəfələrlə olub ki, fiziki, ya da əqli məhdudiyyətli uşaqlar üçün internatlarda keçirilən tədbirlərə məni də dəvət eləyiblər və öncədən həmin tarixə düşən işim, çəkilişim olmayıbsa, heç vaxt “yox” deməmişəm. Əlimizdən başqa şey gəlmirsə, heç olmasa, iştirak eləyək, bəlkə bir faydamız olar. Amma bir də görürsən, xeyriyyə tədbiri adı altında başqa şeylər olur. Mən xırdalamaq istəmirəm, amma adamı başqa fəaliyyətlərə çəkmək istəyirlər.
– Siyasi anlamda, ya necə?
– O anlamda yox. Sadəcə bir də görürsən ki, tədbirin istiqaməti dəyişdi, işin içinə başqa şeylər girdi. O zaman başa düşürəm ki, belə şeylər Azərbaycanda kifayət qədər sistemləşməyib. Kim ucaq kəndlərdə uşaqların təhsili ilə bağlı sosial çarx çəkmək istədi, mən razılıq vermədim? Lap ödənişsiz olsun. Məmnuniyyətlə çəkilərəm, öhdəmə düşən hər şeyi eləyərəm. Amma bunu normal təşkil eləyən heç kim yoxdu. Deyəcəksiniz, siz eləyin, ancaq mən həm çəkilim, həm təşkilatçılıq eləyim… Bu mənim işim deyil. Mən bu yaxınlarda Lerikdə oldum. Orda qızları 5-6-cı sinifdə məktəbdən çıxardırlar. Bir qız mənə həsrətlə danışırdı ki, nə gözəl oxumusunuz, burda elə şeylər yoxdu, məktəbdən çıxarıb ərə verirlər. Siz o qızın gözlərindəki sevgini, həsrəti görsəydiniz.. Qoy məni, başqa aktrisaları çağırsınlar, sosial çarx, film çəksinlər, rayonlara aparsınlar, hər şeyi oxumaqla qazandığımızı sübut eləyək. Təhsil almasaydım, mənim Avropada nə işim ola bilərdi? Bizneslə məşğul olmuram ki? İncəsənət adamıyam. Hər şeyi incəsənət sayəsində, təhsil sayəsində qazanmışam. Bunların hamısını onlara başa sala bilərik. Amma bunu eləmək üçün kimsə qabağa düşməlidi.
– Və sonda festival təəssüratlarınızı bilmək istəyirəm. Avropalı tamaşaçının filmə münasibəti, rekasiyası necə idi?
– Birinci, bizim Rotterdam festivalına getməyimizə maliyyə dəstəyi verən Mədəniyyət Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova təşəkkürümü bildirirəm, onların dəstəyi olmasaydı, yəqin ki, bu səfər baş tutmazdı. İndi gələk tamaşaçıların reaksiyalarına. Mənə elə gəlirdi ki, onların hamısı incəsənət universitetini bitirib. Hamısı o qədər anlayışlı idi ki, yalnız savadlı insan film haqda elə danışa bilərdi. Heç kim yanlış anlamasın, amma azərbaycanlı tamaşaçı ilə avropalı tamaşaçı arasında böyük savad, anlayış fərqi var. O qədər gözəl fikirlər səsləndirdilər ki?! Onlarla danışanda sən özünü böyük hərflərlə aktrisa kimi hiss eləyirsən, həqiqətən, əhəmiyyətli bir iş gördüyünü anlayırsan. Burda da aktrisa olduğunu bilirsən. Amma bir var sən bunu sadəcə bilirsən, bir də var, bunu sənə yaxşı mənada hiss etdirirlər. Hətta 60-70 yaşında insanlar gözəl geyinib, gəlib sənin filminə baxırlar, müzakirələrdə suallar verirlər, elə təbrik eləyirlər ki, dünyanı bağrına basmaq istəyirsən. İndi Bakıda da belə münasibət gözləyirik. Mən istəmirəm, filmə baxıb çıxanlar “Az, utanmadın, o nə sözlər idi, ərinə dedin?” desinlər. Əgər burda özünə jurnalist deyən kimsə, 110 minlik instaqram səhifəsi olan hansısa sayt soruşsa ki, “Zülfiyyə xanım, siz orda söyüş söyəndə utanmadınız?”, başıma qaynar su tökülmüş kimi olacam.
– Müsahibədən əvvəl söhbət eləyəndə dediniz ki, Rotterdamda oteldə qalmamısınız, kauçserfinq şəbəkəsindən istifadə eləmisiniz.
– Hə, bu, Mövsümün ideyası idi. Həyatımda ilk dəfə idi ki, belə qalırdım. Həmişə otellərdə qalmışam. Mənə qəribə gəlib ki, hardasa, kiminsə evində, çox adam olan yerdə necə qalmaq olar? Amma indi bu vaxta qədər oteldə qalmaqla çox şey itirdiyimi dərk elədim. Ünsiyyəti itirirsən, insanları itirirsən, tanışlıqlar, sevgi itirirsən. Rotterdamda Martin van Biik adlı bir professorun evində qalırdıq. Martin bizi gəzdirirdi, qonaq aparırdı, azərbaycanlı, holland, ispan, italyan – hamımız bir süfrə arxasında otururduq. Axşamlar birlikdə yemək hazırlayırdıq. Onlar üçün düşbərə, göy qutabı, xəngəl bişirirdim, Martin bizə oranın yeməklərini bişirirdi. Tamam başqa mühit, başqa psixologiya… Ortaq dil ingilis diliydi, mən yaxşı bilmirəm. Bir az Mövsüm kömək eləyirdi, bir az da bədən dili ilə özümü ifadə eləyirdim. Qayıdandan sonra ingilis dilini öyrənməyə başlamışam. Getmək üçün yox, özüm üçün. Ümumiyyətlə, fikirləşirəm ki, gələcəkdə imkan olduqca dünyanı gəzəcəm.