Avqustun 22-i günorta radələrində Nazirlər Kabinetinin rəsmi saytında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişiklik edilməsinə dair qərar dərc olundu və dərhal sosial şəbəkələrdə əhali tərəfindən ciddi etiraz dalğası ilə qarşılandı. Narazılığın səbəbi isə ölkə iqtisadiyyatının tarixi ilə bağlıdır. Belə ki, Onlayn xidmətlərin inkişafı nəticəsində bütün dünyada ticarət münasibətləri öz strukturunu yavaş-yavaş dəyişməyə başlayıb. Artıq sərhədlərarası ticarət üçün illər və ya aylar lazım deyil: insanlar bir düymənin köməyilə Çindən, ya da ABŞ-dan lazım olan məhsulları əldə edə bilərlər. Müvafiq proseslər Azərbaycanda da inkişaf etməyə başlamışdı. Amma hər proses kimi, bu da bizdə müəyyən gecikmə ilə baş verirdi.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, Azərbaycanda maliyyə sektoru beynəlxalq əməliyyatlar üçün, deyəsən, ən qapalı sektorlardan biridir. Bütün dünya üzrə normal qəbul edilən bir çox xidmətlər ölkəmizdə faktiki olaraq fəaliyyət göstərmir (yalnız indi vəziyyət, tədricən, dəyişir. Ancaq hətta bu halda da taksi xidmətləri nağd dövriyyədən çıxmırlar). Hər hansı xarici əməliyyatlar üçün bir çox məhdudiyyətlər var. Banklar ya avtomatik xarici ödənişləri bağlayır, ya da xaricdən ödənişlər edilməməsini məsləhət görürlər. Beləcə, biz bütün dünyada qəbul olunmuş prosesdən kənarda qalırıq.
Hərçənd 2015-ci ildə elektron ticarət sahəsində dəyişiklik baş verdi. Devalvasiya nəticəsində ölkədə bir çox xarici malların qiyməti iki dəfədən çox artdı. Azərbaycanın idxaldan asılılığı məlum idi, amma manatın məzənnəsinin yüksək olduğu dövrdə bu, hiss olunmurdu. Devalvasiya zamanı siravi insanlar ilk dəfə bununla birbaşa üzləşdilər. İnternetin inkişafı nəticəsində isə bir çox insan öyrəndi ki, bizdə baha satılan malların böyük hissəsi xaricdə iki-üç dəfə ucuzdur. Nəticə etibarilə insanlar ilk dəfə praktikada yerli gömrük qaydaları və inhisarla qarşılaşdılar. Sadə dillə desək, Türkiyədə on dollara satılan məhsul Azərbaycana əlli dollara gəlirdi və artıq bunu hamı müşahidə edə bilirdi.
Prosesin məntiqi sonluğu kimi, 2015-2016-ci illərdən etibarən çatdırılma xidmətləri fəaliyyətə başladı. Başlanğıcda bu, şəxsi təşəbbüs xarakteri daşıyırdı. Məsələn, kiminsə xaricdə bank hesabı vardı və o, müvafiq olaraq Amerika və Avropa servislərindən istifadə edə bilirdi. Odur ki, müəyyən qazanc müqabilində əvvəl dostlar, sonralar daha geniş çevrələr üçün xidmətlər göstərməyə başladı. Tədricən, bu proses biznes sahəsinə çevrildi, ölkədə müvafiq sahədə ixtisaslaşan şirkətlər formalaşdı (yeri gəlmişkən, əgər maliyyə bazarında məhdudiyyətlər və s. olmasaydı, bu funksiyanı adi poçt yerinə yetirəcəkdi. Amma institutların düzgün işləməməsi nəticəsində bir qrup insan üçün gəlir mənbəyi yarandı).
Yavaş-yavaş sözügedən sektorda dövriyyə artdı. Bəzi sahələrdə bu, artıq kifayət qədər vacib rol oynayırdı. Nəticədə ölkə üzrə bu ticarət növü ilə, demək olar ki, mübarizə vüsət aldı. Əvvəlcə mobil cihazların idxalı ilə bağlı məhdudiyyətlər tətbiq olundu. Ancaq birbaşa məhdudiyyətlər tətbiq etmək çətin olduğundan ilk addımda mobil cihazların icbari qeydiyyatı məsələsi təsdiqləndi, daha sonra – 2018-ci ildə isə müvafiq ödənişlər birdən-birə 4-30 dəfə artırıldı. Bu addım sektora ciddi təsir göstərdi. Artıq mobil cihazların gətirilməsi sərf etmirdi (ayrı-ayrı hallar istisna olmaqla). Faktiki olaraq bazar iri şirkətlərin əlinə keçdi (onlar üçün qeydiyyat məsələsi güzəştli idi).
Amma mobil cihaz bazarında dövlət qalib gəlsə də (S. Mehdiyevin sözlərinə görə, keçən il ərzində büdcəyə 70 milyon manat əlavə mədaxil daxil olub), digər bazarlarda bu tənzimləməni reallaşdırmaq baş tutmadı. Çünki Azərbaycanda elektron cihazlar məsələsində qıtlıq olduğu üçün insanlar hər şeydən ötrü xarici saytlara müraciət etməyə məcbur qalırdılar. Çatdırılma xidmətləri də bu boşluqdan istifadə edirdi və bu sahədə yüksək qazanc olmadığına görə dövlət prosesə o qədər də qarışmırdı. İri şirkətlərin də əsas qazancı telefon və onun detallarının satılmasından gəlirdi. Ölkə üzrə iri kompyuter alıcıları isə onsuz da onları rəsmi yollarla əldə edirdilər. Faktiki olaraq, əhalinin yalnız bir hissəsi (yeniliklər dalınca qaçan, ya da hansısa detalı dəyişdirmək istəyən) xaricdən sifarişlər edirdi ki, bu da yüksək dövriyyə sayılmırdı.
Ancaq karantin bu sahədə vəziyyəti dəyişdirdi. Azərbaycan, demək olar ki, ən uzun karantin dövrü tətbiq edən ölkələrdən biridir və sərt karantin dövründə ərzaq mağazalarından və apteklərdən başqa digər satış sektorları, demək olar ki, fəaliyyətsiz qalmışdı. Elektron xidmətlərin zəif inkişafını nəzərə alsaq, bir çox qeyri-ərzaq mağazalarında elektron satış, ümumiyyətlə, yox idi (ya da ən yaxşı halda Whatsapp səviyyəsində həyata keçirilirdi). Amma evdən çıxmaq mümkün olmayanda insanlar onlayn satış təklif edən şirkətlərə üz tutdular. Əlbəttə ki, bu şirkətlər Azərbaycanda yerləşmirdi.
Bazar iştirakçılarının sözlərinə görə, yanvar ayında bazarda iri şirkətlərdən biri həftəlik 4-5 ton yük gətirirdisə, iyul ayında müvafiq rəqəm 20 tona çatmışdı. Hətta iki iri şirkətin payına aylıq 150 ton yük düşürdü (bazarda təxmini 4 iri şirkət və bir çox kiçik şirkətlər mövcuddur). Bura poçt xidmətini də əlavə etmək olar. “Azərpoçt”un məlumatına görə, fevral ayında Çindən gündəlik 20-30 bağlama gəlirdi (onların ümumi dövriyyəsi həftəlik 500-600 ton təşkil edir. Buraya bütün beynəlxalq poçt bağlamaları aiddir. Amma müasir dövrdə insanlar nadir hallarda bir-birinə poçt vasitəsilə bağlama göndərirlər. Əksər hallarda bu, məhz sifarişlərdir). Başqa sözlə, artıq aylıq dövriyyə 160-200 tondan 500-600 tona kimi artmışdı. Əsas artım payı da Türkiyənin hesabına baş verirdi. Bəzi məlumatlara görə, karantin müddətində Türkiyədən Azərbaycana gələn sifarişlərin ümumi həcmi aylıq 100 milyon TL-ni keçib (bu da o vaxt üçün təxmini 24-25 milyon manat deməkdir). Təbii ki, bu dövriyyə dövlət qurumlarının diqqətindən kənar qala bilməzdi. Dövlət Vergi Xidmətinin bu prosesə müdaxilə etmək imkanı olmadığına görə (onların işi ölkədaxilidir və burada ciddi problem müşahidə olunmurdu), məsələyə Dövlət Gömrük Komitəsi qarışdı.
Dövlət Gömrük Komitəsində isə ciddi problemlər müşahidə olunurdu. Belə ki, 2020-ci ilin yeddi ayı ərzində DGK üzrə büdcə daxilolmalarının ümumi həcmi 2,36 milyard manat təşkil edib. 2019-cu ilin eyni dövründə isə bu məbləğ 2,48 milyard idi. Qurum hər vəchlə bu məbləği artırmağa çalışırdı, ancaq alınmırdı. Yeri gəlmişkən, DGK belə bir məqsədi olduğunu heç gizlətmir də! S. Mehdiyev REAL TV-yə müsahibəsində qeyd edib ki, bu, “yeni proqnozların yerinə yetirilməsi” deməkdir. Yəni artıq onlar həmin məbləği əlavə edərək müəyyən bir artım olduğunu rəsmən elan eləyə, ya da 2019-cu ilin göstəriciləri ilə bərabərləşdirə bilərlər (ən azı, ilin son 3 ayı üzrə). Hər bir halda bu, onlara “fiskal” funksiyalarını yerinə yetirməyə imkan verə bilər.
Lakin iqtisadiyyat elə bir sahədir ki, burda bütün qərarlar əvvəlcə iqtisadi baxımdan əsaslandırılmalıdır. Hansısa sahədə dövriyyənin artması heç bir halda iqtisadi əsas kimi götürülə bilməz. Təəssüf ki, Azərbaycanda ictimaiyyətə əlavə sənədlərin təqdim edilməsi praktikası mövcud deyil. Ümumiyyətlə, bizdə hökumət qərarlar verərkən hər hansı ictimai müzakirəyə ehtiyac duymur. Amma bu dəfə müzakirələr hökumət nümayəndələrini ciddi narahat etdiyindən, gün ərzində hətta iki müsahibə, bir açıqlama ilə çıxış etməyə məcbur oldular. Birinci açıqlama DGK-nin saytında dərc olundu. Burda daha çox iki məsələ diqqət çəkirdi. Onlardan biri müflisləşmə ilə bağlı idi. Belə ki, hazırkı vəziyyətdə müvafiq qaydalardan sui-istifadə “bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu”. Maraqlıdır ki, açıqlamadan əvvəl qərarı müdafiə edən marketinq mütəxəssisi də eyni tipli sözlər demişdi: “rəsmi idxal edən holdinqlərə konsultasiya verirəm və həqiqətən, kölgə iqtisadiyyatı onları müflis edir”.
Elə təəssürat yarandı ki, DGK öz açıqlamasını Facebook statuslarına əsaslanaraq yazır. Fikrimcə, dövlət qurumu belə bəyanatlara statistik əsaslandırma da gətirməlidir, amma bu, yoxdur. Misal üçün, 2019-cu ildə Azərbaycanda ticarət sahəsində fəaliyyət göstərən 124 şirkət bağlanıb. Belə bir problemin olmadığı 2016-ci isə ildə ticarət sahəsində fəaliyyət göstərən 273 şirkət bağlanmışdı.
Xarici iqtisadi münasibətlərdə isə, ümumiyyətlə, azalma yoxdur. Məsələn, 2016-ci ilin iyuluna olan göstəricilərə görə, xarici iqtisadi fəaliyyətin iştirakçılarının ümumi sayı 9 792 nəfər təşkil edirdi. Onlar arasında 5 444 fiziki və 4 298 hüquqi şəxs var idi. 2020-ci ilin iyuluna olan göstəriciyə görə, iştirakçıların sayı 28 988-ə çatıb. Onlardan 22 218-i fiziki, 6 770-i hüquqi şəxslərdir. Yəni əgər kimsə müflisləşibsə, ən azı, onun bazara ciddi təsiri olmayıb. Əksinə, xarici iqtisadi fəaliyyətin iştirakçılarının sayı artıb.
İkinci qeyd digər ölkələrlə bağlıdır. Bəllidir ki, Avropada tələblər bizdən daha sərtdir. Amma burda bir neçə məqamı nəzərə almaq lazımdır. Əvvəla, müqayisə edilən ölkələrin böyük hissəsi ÜTT-nin üzvüdür. Müvafiq olaraq, onlar gömrüklə bağlı bir çox problemlərdən sığortalanıb. Yalnız indi Aİ və ABŞ arasında gedən iqtisadi müharibə çərçivəsində onlar bir-birinə qarşı müxtəlif rüsumlar tətbiq edirlər. Əksər hallarda gömrük rüsumu ya çox aşağıdır, ya da ümumiyyətlə mövcud deyil (məsələn, Aİ daxilində). Bir çox ölkələr müxtəlif iqtisadi və ya gömrük ittifaqlarına daxildir (məsələn, Rusiya, Belarus və Qazaxıstan). Bunun nəticəsində belə ölkələrdə malların qiyməti də çox yüksək olur. Ona görə, xaricdən məhsul alınması onlarda xüsusi bir alternativ rolunu oynamır. Azərbaycanda isə məhz gömrük ucbatından çatdırılma xidməti faktiki alternativə çevrilib.
Belə ki, Azərbaycanda hər hansı məhsulu əldə edərkən bilmək lazımdır ki, öz dəyəri ilə bərabər, onun qiymətinə 10-15% gömrük rüsumu, 18% ƏDV, gömrük rəsmiləşdirilməsi, gömrükdə saxlanma xərcləri də əlavə olunur. Bu da adi 800 dollarlıq məhsulun qiymətini, ən azı, 1200 dollara qədər qaldırır. Ancaq bu fərqi sahibkar yox, istehlakçılar ödəyirlər. Artıq çoxdandır ki, Azərbaycanda istehsal edilməyən məhsullara gömrük rüsumunun minimallaşdırılması və ya ümumiyyətlə, ləğvi təklif olunur. Amma DGK “iqtisadi təhlükəsizliyin” təmin edilməsi adı ilə bu addımı atmır. Bu barədə heç kim bilmir, amma, yəqin, DGK bu yaxınlarda yerli planşet və ya kompyuter istehsalına başlayacaq, çünki baş verənlərə başqa bir izah fikirləşmək mümkün deyil.
İqtisadi əsaslandırmaya gəlincə… İTV-də çıxış edən DGK-nin hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirdi ki, “iqtisadi təhlil” nəticəsində iki şeyi müəyyənləşdiriblər:
- Daxili bazarda həmin malların daha ucuz qiymətə satılması;
- İdxal-ixrac statistikasının təhrif olunması.
Amma şöbə rəisi idxal məhsullarının ucuz qiymətə satılmasının niyə problem olduğunu izah etmədi. Yəni əslində, DGK sədri S. Mehdiyevin dediyi “sosial” dövlət bunda maraqlı olmalıdır.
İkinci məsələ daha gülməli idi. Dövlət Statistika Komitəsi heç bir halda sadəcə hansısa qurumun rəqəmlərinə istinad etməməlidir. İstənilən məlumatda təhrif olması mümkündür. Buna görə, statistika qurumları müvafiq metodologiya hazırlayırlar. Gömrüyün verdiyi rəqəmlər və reallıq bəzən fərqlənə bilər. DSK-nın məqsədi reallığı müəyyənləşdirməkdir. Buna görə də, müvafiq olaraq hər bir sahə üzrə təhlillər, dəqiqləşdirmələr və s. aparılır və reallıq müəyyən edilir.
DGK sədri REAL TV-ə müsahibəsində “başıbəlalı” qərarın niyə verildiyinə dair üç səbəb göstərib:
- Bu, sosial yönümlü qərardır;
- Qaçaqmalçılıq ilə mübarizə aparılır;
- Dövlət büdcəsinə əlavə vəsaitin toplanır.
Sosial siyasəti isə sədr maraqlı bir müqayisə ilə əsaslandırdı. Onun sözlərinə görə, vaxtilə bu qaydalarda 1500 dollar göstərilibmiş. Halbuki devalvasiyadan əvvəlki dövrdə bu məbləğ 1170 AZN, indi isə 800 dollar (quru yolla daşınma vaxtı icazə verilən və bəyan edilməyən məbləğin limiti) – 1360 AZN təşkil edir. Başqa sözlə, DGK sadəcə qaydaları indiki dövrə uyğunlaşdırıb. Uyğunlaşmanın maraqlı tərəfi odur ki, arada 200 AZN fərq yaranıb. Yəqin, DGK elə fikirləşir ki, illər üzrə uyğunlaşmada 200 AZN fərq mümkündür. Amma bu, bir halda müəyyən mənada qəbul ediləndirsə, poçt göndərişlərində limit, ümumiyyətlə, 300 dollardır, axı?! Burada da uyğunlaşdırma var?
Xeyr, yanaşma başqadır. S. Mehdiyevin sözlərinə görə, dövlət büdcəsi bu qayda ucbatından hər il 70-100 milyon manat itirir. Yəni sahibkarlar mallarını idxal edərkən bu qaydadan sui-istifadə eləyirər, və sonra satırlar. Onun sözlərinə görə, ölkəmizdə güzəştlərin çoxluğu (!) iqtisadi təhlükəsizlik probleminin yaranmasına səbəb olub, nəticədə böyük həcmdə mal axışı başlayıb. Amma Mehdiyevin çıxışında mal axışının hansı istiqamətdə həyata keçirildiyi sona qədər bəlli olmadı. Adətən, belə hallarda DGK ölkədən çıxan mal axışını dayandıra bilər. Məsələn, Rusiyada ölkəyə makulatura lazım idi, amma makulatura istehsalçıları onu xaricə satırdılar. Nəticədə yerli gömrük vasitəsilə ixracat müəyyən müddət məhdudlaşdırıldı.
Ölkə daxilinə mal axışı yalnız ölkədən valyutanın çıxarılmasına şərait yaradır. Amma bu, artıq DGK-nın funksiyası deyil, Mərkəzi Bank və İqtisadiyyat nazirliyinə aiddir. MB ölkənin tədiyyə balansını tənzimləyir, o, valyutanın ölkəyə gəlməsi barədə düşünməlidir. İqtisadiyyat nazirliyi isə yerli istehsalı stimullaşdırmalıdır. DGK-nın isə belə bir funksiyası yoxdur.
Mehdiyev öz müsahibəsində mobil cihazlarla bağlı maraqlı nümunə göstərdi. Onun sözlərinə görə, qaydaları dəyişdirmədən bu sahəni “ağ”a çıxartmağa nail olublar. Əslində, bu, daha çox mobil cihazların istifadə etdiyi şəbəkələrin köməyilə baş tutub. Amma hər bir halda maraqlı təcrübə idi. Yəni qaydaları dəyişdirmədən əlavə daxilolmalara nail olmaq mümkündür. Bəs, niyə indi bunu tətbiq etmədilər?
Məsələnin başqa tərəfi də var. Hər hansı əlavə vergi və ya gömrük rüsumunu tətbiq edəndə, ən azı, onun idarəçilik və nəzarət xərclərini də hesablamaq lazımdır. Misal üçün, ABŞ-da müvafiq poçt bağlamalarına dair məhdudiyyət 800 dollardır. Vaxtilə orada da bu limiti 200 dollara endirmək istəyirdilər. Amma hesablayanda məlum oldu ki, bu, ölkəyə qazancdan daha çox xərc gətirəcək. Yəni bunun üçün gərəkli olan izləmə sistemi, əlavə işçi qüvvəsi və s. xərcləri daha çox olacaq. Ona görə, 800 dolları seçdilər. Beləcə, xərclər optimal səviyyədə saxlanılacaqdı.
Azərbaycanda belə hesablamalar aparılırmı? Fikrimcə, yox. Komitə nümayəndələrinin sözlərinə görə, bu rüsumun tətbiqi üçün əlavə sistemlərin hazırlanması nəzərdə tutulur. Elə qaydalara “bir dəfə” sözünün əlavə edilməsi də əlavə izləmə sisteminin qurulmasını tələb edir. Düzdür, DGK sədri qaydalara şərh verərkən (ümumiyyətlə, deyəsən, Azərbaycanda hər hansı qanunverici və digər normativ aktlara bütün dövlət qurumları şərh verə bilir) dedi ki, “bir dəfə” – sadəcə “rahatlıq” üçündür və bu söz birləşməsi sadəcə “300”-ə aiddir. Yəni ay ərzində 300-ü keçmək olmaz.
Hər bir halda, əgər indi DGK 28 min şəxslə çalışırsa, bu rüsumun tətbiqi onu artıq yüz minlərlə insanla çalışmağa məcbur edəcək, hər poçt bağlamasına əlavə bəyannamə lazım olacaq. Üstəlik bütün məlumatlar vahid sistemə toplanmalıdır. O cümlədən rəsmiləşdirmə də əlavə vaxta ehtiyac yaradacaq (nə qədər sadələşdirilmiş olsa belə).
Bundan başqa qabaqlar bir sərnişin özü ilə 1500 dollara kimi rüsumsuz əmtəə gətirə bilərdi. İndi bu məbləğin 800 dollara qədər azaldılması nəzarətin gücləndirilməsinə gətirib çıxaracaq. Bu da əlavə vaxt tələb edir və müvafiq olaraq xərc kimi hesablanır. Əgər vergi xərcləri müvafiq gəlirlərin 7%-ni üstələyirsə, bu, artıq qeyri-effektiv vergi növü hesab olunur, onun ləğvi daha sərfəlidir. Yəni hardan baxsaq, sözügedən rüsumun tətbiqi mənasızdır.
Digər tərəfdən S. Mehdiyevin çıxışından onu da öyrəndik ki, Azərbaycan əhalisi sosial ehtiyaclarını təmin etmək üçün sərhədi keçməlidir. Onun sözlərinə görə, 300 dollar məhz Azərbaycan reallıqlarını nəzərə alaraq təyin edilib. Yəni bu qərar, vətəndaşlarımızın sərhədi keçib, qeyri-kommersiya məqsədli sosial ehtiyaclarını təmin edib qayıtması üçün verilib.
Biz də elə bilirdik ki, Azərbaycan inkişaf etmiş, əhalisinin sosial ehtiyaclarını özü təmin edən ölkədir…