Bir neçə gün öncə AzLogos-da dərc edilmiş “Xankəndinə niyə girmədik?” adlı yazıma çox sayda şərh gəldi. Əslində, yazıda mövzuya uyğun, kifayət qədər aydın tarixi analogiya gətirilsə də, sual və etirazların sayı azalmadı, müəllifdən əlavə izahat verməsi tələb edildi.
Əlbəttə, çox yaxşı haldır ki, ölkə vətəndaşı bu cür məsələləri diqqətdə saxlayır və suallar yönəldir. Bu səbəbdən bir çox məsələlərə aydınlıq gətirmək zərurəti yaranır.
Məxfilik məsələsi
İlk öncə onu qeyd edək ki, bizim hakimiyyət qərarların qəbul edilməsində hermetik, yəni kipdir, görülən işlərin qərar mexanizmləri barədə kimsə xəbərdar olmaz. Əslində, hərbi məsələlərdə bu tip informasiyanı heç bir dövlət ictimailəşdirməz, misal üçün Böyük Britaniya II Dünya müharibəsindən 80 ildən çox zaman keçməsinə rəğmən, indiyə kimi o dövrə aid arxivlərinin çoxunu açmır, başqa bir çox dövlətlər də həmçinin. Bu, obyektiv reallıqdır.
Lakin eyni zamanda bir çox taleyüklü məsələlər cəmiyyətdə təbii suallar doğurur, bu səbəbdən bizə yalnız açıq mənbələrdəki informasiyaları təhlil edib məsələlərə hansı məntiqlə yanaşıldığını təxmin etmək qalır. Üstəlik, bu mənbələr hökmən müxtəlifliyi ilə səciyyələnməlidir, yəni bunun üçün həm yerli mətbuat, həm düşmən mediası, “həm beynəlxalq ictimaiyyətin səsi”, həm rəsmi bəyanatlar, həm də şərhlərdə deyildiyi kimi “tik-tok videoları”, yəni sosial şəbəkələrin monitorinqi diqqətdə tutulmalıdır. Proseslər diqqətlə izlənildiyi təqdirdə, sözügedən müxtəlif mənbələrdən əldə olunan məlumatlardan, qəbul edilmiş qərarların məntiqini anlamaq da çətin olmaz.
Cəmiyyətin gözləntiləri
Bir həqiqət var ki, bu dəfəki müharibənin gedişatını izləyən insanlarımız özlərini sanki İsrail dövlətinin vətəndaşları kimi hiss etməyə başlamışdı – bu lüksu hamımız yaşadıq, hiss etdik. Cəmiyyət artıq hər saniyə uğurlu əməliyyat, xoş xəbər gözləyir, az qala gündə bir şəhərin, bir rayonun alınmamasından əndişələnir, hətta gileylənirdi – sanki qarşımızda 27 il (!) boyunca döyüşə əsaslı şəkildə hazırlaşmış düşmən dayanmamışdı, irəliləyən ordumuzun üstünə eşalonlarla düzülmüş beton istehkamlardan, səngərlərdən od ələnmirdi, 80-ci illərin sonunda özümüz üçün fenomen kimi kəşf etdiyimiz erməni lobbisi isə sən demə bizimlə evcik-evcik oynayırmış, üstümüzə bütün beynəlxalq qüvvələri qaldırmayıbmış.
Orası da aydındır ki, xüsusilə son illərdə bunların baş verəcəyinə total inamsızlıq fonunda insanlarımız qələbəyə, intiqama, revanşa təşnə idilər. Özü də tək bizim cəmiyyətdə hakim deyildi bu inamsızlıq, bütün beynəlxalq “kompetent ekspertlər” də deyirdi ki, “problemin müharibə yolu ilə həlli mövcud deyil” – Tom de Vaalından tutmuş, bütün ATƏT həmsədrlərinə kimi. Yəqin, heç kimin yadından çıxmayıb?
Bu beynəlxalq ekspert rəyləri, onillərlə istər ATƏT-in Minsk qrupu, istər başqa vasitəçilər tərəfindən aşılanan “problemin müharibə yolu ilə həllinin mövcud olmaması” fikri Azərbaycana birbaşa basqı deyildisə bəs, nə idi?
Bütün bu səbəblərdən məsələlərə soyuq məntiqlə yanaşmaq zəruridir. Problemin hərbi tərəfini bizim müzəffər ordumuz şübhəsiz ki, həll edə bilərdi – bu, əməldə sübut olunmuş faktdır. Lakin məsələ bununla bitəcəkdimi, problem yalnız hərbi aspekt idimi?
Yox, təbii ki, bu məsələ sırf hərbi problem deyildi və aydın idi ki, Azərbaycan ordusunun irəlilədiyi hər gün, həmin o “beynəlxalq ictimaiyyət” tərəfindən ölkə rəhbərliyinə göstərilən təzyiq və ölkənin qarşılaşdığı risklər hiperbolik səviyyədə artmaqda idi. Əgər bu belə deyildisə, məsələ yalnız hərbi problem səviyyəsində idisə, o zaman sual olunur – biz nədən 27 il gözləməli olduq?
Azərbaycanı hansı təhlükələr gözləyirdi, tarix bizə nələri deyir? Bunlara cavab verməzdən öncə, postsovet məkanında separatizm probleminə qısaca göz atmaq gərəkdir.
Postsovet məkanında separatizm
Sovet İttifaqında ilk separatizm nümunəsi məhz Azərbaycanda, 1988-də Qarabağla başladı. Daha sonra oxşar proseslər Gürcüstanda, Moldovada, habelə Rusiyanın özündə və bir qədər sonra, artıq postsovet dövründə Ukraynada yaşandı. Doğrudur, sovetlərin tənəzzülü dövründə Orta Asiyada da etnik zəmində qanlı münaqişələr (Fərqanədə özbək-mesxeti türklərin qırğını, Oş şəhərində qırğız-özbək münaqişəsi və s.) baş verdi, lakin onlar separatizm xarakteri almamışdı.
Bu hadisələrin üstündən keçən 30 ildən artıq zaman yüksəkliyindən vacib bir faktı konstatasiya etmək gərəkdir ki, Qarabağ konflikti bütün postsovet məkanında (qeyri-metropoliya ölkəsində) həll edilməsi istiqamətində ən ciddi və uğurlu addımların atıldığı ilk konfliktdir – buna nə bir zamanlar örnək bildiyimiz Gürcüstan, nə Ukrayna, nə də Moldova nail ola bildi və çətin ki, yaxın gələcəkdə nail olsunlar.
Postsovet məkanında separatizm meyllərini öz ərazisində dəf edə bilən yeganə dövlət keçmiş metropoliya – Rusiya olub, lakin onlar da bunu çox çətinliklə edə bildilər. İlk öncə 1991-də Çeçenistanda separatçı general Dudayev müstəqillik elan edəndə, mərkəz bir neçə il gözlədi, məsələni çözmək üçün muxtar respublikadakı müxtəlif sxemləri, tayfa davalarını işə saldı, lakin nəticə hasil olmadığı üçün 3 ildən sonra böyük müharibə başlandı. 1994-də başlanan iri miqyaslı döyüş əməliyyatlarından rus ordusu böyük uğursuzluqla çıxaraq, 1996-da Xasavyurt anlaşması imzalandı. Buna, Rusiyanın məğlubiyyəti də deyilir.
Hadisələrin üstündən 3 il daha keçəndən sonra, 1999-un oktyabrında Çeçenistanda yenidən (həmin ilin avqustunda Basayev və Xəttabın Dağıstanın 2 kəndi – Çoban-maxı və Qara-maxıya hücumundan sonra) müharibə başlandı ki, bu əməliyyatlar da rəsmi olaraq 10 il, yəni 2009-cu ilə kimi davam etdi. Yalnız 2009-cu ildə, dövrün Rusiya prezidenti Medvedev Çeçenistanda anti-terror əməliyyatlarının və fövqəladə halın başa çatdığını rəsmi olaraq elan etdi.
Hazırda, Çeçenistan kifayət qədər “böyük miqdarda” suverenlik əldə edib, Rusiyanın tərkib hissəsidir, amma bu barışığı təmin etmək üçün çeçenlərlə danışıqlara gedilmiş, Kadırov faktorundan da yararlanılmışdı, çünki istənilən halda sonsuz qırğınlardan mümkün çıxış yolu bu idi. Lakin göründüyü kimi proses hətta Rusiya üçün də olduqca mürəkkəb olmuş və xeyli uzun çəkmişdi.
Digər postsovet ölkələrində isə oxşar problemləri uzun illər boyu həll etmək mümkün olmadı, hərçənd, Gürcüstan və Ukrayna uzun illər bizim cəmiyyət üçün örnək kimi qəbul edilirdi. Tarixi təcrübə göstərdi ki, nümunəvi olan bu ölkələr çox güclü və birmənalı beynəlxalq dəstəyə rəğmən, bu istiqamətdə hər hansı ciddi uğura imza atacaq imkana malik deyil.
Separatizmdən bizim qədər əziyyət çəkən Gürcüstanda aparılmış böyük islahatlardan sonra, 2008-ci ilin yayında prezident Saakaşvili Cənubi Osetiyada bu problemi çözmək üçün cəhd etdi və çox dərin bir uğursuzluğa düçar oldu. Həmin dövrdən sonra Gürcüstan bu problemin həlli istiqamətində heç bir cəhd göstərmir – hərçənd, konfliktin lap başlanğıcından onlara hər anlamda göstərilən beynəlxalq dəstəyin hətta kiçik bir hissəsi belə, Azərbaycana göstərilməmişdi.
Beynəlxalq çevrə və onun cəngəllik qanunları
Əksinə, əgər kimsə unudubsa, 20% ərazisi işğal edilməsinə rəğmən Azərbaycan erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən 907-ci düzəlişə məruz qalmışdı. Bizim üçün ən ağır və faciəli dövrdə qəbul edilmiş bu sənəddə Dağlıq Qarabağın Azərbaycan tərəfindən “işğalı”(!) və Ermənistana qarşı blokadası(!) vurğulanırdı. Nə qədər gülməli və ədalətsiz görünsə də, 1992-ci ildə “demokratiyanın beşiyi” tərəfindən qəbul edilmiş bu qərar, qəbulundan yalnız 19 il sonra, 2011-ci ildə qaldırıldı – yəni, artıq onların “Azadlığa Dəstək” Aktına ümumiyyətlə ehtiyacımızın olmadığı bir zamanda.
Bunlar əsla elmi-polulyar fantastika deyil, reallıqdır və müstəqilliyimizin bu 30 ilində cəmiyyətimiz “dünya birliyi” adlanan dairələrin necə idarə olunması barədə gərək ki, agah olaydı.
Bir daha vurğulanmalıdır ki, postsovet məkanında separatizmdən əziyyət çəkən ölkələrə, başda Gürcüstan olmaqla, həm Ukrayna, həm Moldovaya hər zaman birmənalı dəstək göstərildiyi, onların ərazi bütövlüyü “beynəlxalq ictimaiyyət” tərəfindən heç bir zaman sorğulanmadığı halda, mövzu Azərbaycan olunca istər jurnalist-ekspert çevrələrində, istər akademik dairələrdə, istərsə də beynəlxalq qurumlar səviyyəsində dodaq büzülüb, məsələnin “çox mürəkkəb” olması qeyd edilib, “mövcud reallıqların qəbul edilməsi” ifadəsi xüsusi işgəncə aləti kimi bizə qarşı istifadə olunub.
Azərbaycana edilən basqılar
Azərbaycana basqılar, İkinci Qarabağ müharibəsinin ilk günlərindən başlamışdı və bu basqını edənlər hansısa konkret bir ölkə yox, öz maraqları naminə və ermənilərin təhriki ilə bizə qarşı birləşmiş nəhəng bir cəbhə idi. İstər şimal, istər cənub qonşularımız, istərsə də əslində Avropa Birliyi və ABŞ bu cəbhəyə daxil idi. “Müharibənin dərhal dayandırılması”nı tələb edən bəyanatlar hər tərəfdən üstümüzə dolu kimi çaxırdı. Sanki bizim müharibədən başqa çıxış yolumuz qalmışdı.
Lakin bunlar kimi maraqlandırırdı? Hörmətli oxucular əvvəlki məqaləyə təxminən belə şərhlər yazırdılar ki: “Necə olur, Ermənistana basqı edilmir, işğalçı və etnik təmizləmə aparmış dövlət kimi ona sanksiyalar tətbiq olunmur, amma bizə, haqsızlığa məruz qalmış tərəfə sanksiya qoyulur, təzyiq edilir? ” İşin dramatizmi, cavabın elə sualın özündə gizli olmasıdır. Bəli, onlara edilmir, bizə isə edilir. Kiminsə buna şübhəsi varsa, bir daha yuxarı nəzər salsın, “907-ci düzəliş”in tarixini yaddaşında təzələsin. Yeri gəlmişkən, həmin konqresmenlər indi də iş başındadır və Joe Biden hakimiyyəti tam əlinə keçirəndən sonra, yenidən hərəkətə keçə bilərlər.
Digər tərəfdən, ermənilərin bugünkü fəlakətli məğlubiyyətinin səbəblərini bu illər ərzində buraxdıqları dərin səhvlərdə axtarmalıyıq. Onların işğalçı siyasəti, etnik təmizlik aparmaları sonda öz başlarında çatladı. 1991-də “müstəqilliyi”ni elan etdikləri gündən bəri keçən 30 il ərzində, erməni lobbisinin bütün cəhdlərinə rəğmən, bircə ölkə də “Sarsax respublikası”nı tanımadı və tanımayacaq. Biz tərəfdən isə əksinə, müharibəyə başlayanda haqlı tərəf olduğumuzu, ən azından formal olaraq, tanımağa məcbur oldular.
Bu gərginlik, müharibənin bütün gedişatı boyu davam etdi, məsələ ayrı-ayrı dövlətlərin bəyanatları ilə bitmədi, erməni lobbisi bütün dünyada “Recognize Artsakh“ (“Sarsağı tanı”) hərəkatını başlatdı, eyni adlı hashtag bütün sosial şəbəkələri bürüdü. Əgər buna nail olsaydılar, hansısa dövlət o günlərdə bu cinayətkar qurumu tanısaydı, proses domino effekti alar, vəziyyətimiz çox ağır olardı.
Basqılar o həddə çatmışdı ki, hətta məsələnin iki dəfə BMT Təhlükəsizlik Şurasında qoyulmasına cəhdlər edildi. Bu cəhdlərdən biri barədə dövlət başçısı İlham Əliyev öz nitqində demişdi ki, bu bəyanat layihəsi, BMT TŞ-nın qeyri-daimi üzvləri olan, Qoşulmama Hərəkatına üzv dövlətlərin (konkret İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası) israrlı və prinsipial mövqeyindən sonra rəsmən geri götürülmüşdü.
İkinci cəhd barədə isə biz qarşı tərəfin mediasından xəbər tutmuşduq – noyabrın ilk günlərində Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın, BMT TŞ-nın daimi üzvlərindən olan beş ölkədən birinin, konkret Böyük Britaniyanın həmin dövrdə Qarabağla bağlı vahid qərarın qəbul edilməsini əngəllədiyinə dair məyusluq dolu açıqlaması çox böyük rezonans doğurmuşdu.
BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı razılaşdırılmış qətnaməsinin müəllifləri əleyhimizə olan birləşmiş cəbhə – bədnam ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya və Fransa), buna mane olan isə Böyük Britaniya idi. Məsələyə veto qoyanın kimliyi də artıq sirr deyil – Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəsi, xanım Barbara Woodward. Bizim üçün böyük təhlükələrlə müşayiət olunan bu prosesin nəticəsi, erməni tərəfi üçün gözlənilməz ağır zərbə oldu.
Azərbaycana edilmiş bütün basqılardan təbii ki, cəmiyyət olaraq xəbərsizik. Hərçənd, hakimiyyət nümayəndələri bunlara eyham vururdular – Hikmət Hacıyev müsahibələrində bir neçə dəfə vurğulamış, prezident İlham Əliyev isə “bir gün hamısını danışacağını” vəd etmişdi.
Buna baxmayaraq, məsələnin necə gərgin bir xarakter aldığını, ölkənin hansı təhlükələrin astanasında dayandığını açıq mənbələrdəki məlumatlardan da təsəvvür etmək olar. Əgər reallıqdan tam uzaq düşmüş ermənilər israrla “27 sentyabrdan əvvəlki təmas nöqtəsinə” dönməyimizi tələb edirdilərsə, “dünya ictimaiyyəti” açıq-aşkar mesaj verirdi ki, ən azından keçmiş “DQ vilayəti” daxilindəki Hadrut və Şuşanı azad etməyimizlə razılaşmayacaq.
Çox doğru bir zamanda başlanmış və böyük uğurla aparılmış hərbi əməliyyatın, yuxarıda sadalanan bütün səbəb və faktorlar nəzərə alınaraq, doğru bir zamanda da dayandırılması zəruri idi.
Bu qərar, ilk növbədə ordumuzu daha böyük tələfatlardan saxladı – yaddan çıxarmayaq ki, məhz bu qərar sayəsində, çox təhlükəli relyefə malik 3 rayonu, düşmən bizə müqavimətsiz qaytarmalı oldu. Biz isə nəzarətə götürdüyümüz ərazilərdən bircə addım da geri çəkilmədik, əksinə, 28 il əvvəl itirdiyimiz sərhədlərimizi (Ermənistan və İranla) bərpa etdik, Üzeyir bəyin (eyni zamanda Natəvan və Bülbülün) güllələnmiş büstlərini isə dünən Şuşaya, doğma məkanına qaytardıq.
Hazırda proses diplomatik, eyni zamanda lokal anti-terror əməliyyatları müstəvisində aparılır və bundan sonra da aparılacaq. Bu günlərdə baş tutan Moskva görüşündən sonra bir daha bəlli oldu ki, Azərbaycanın heç bir məsələdə qarşı tərəfə güzəştə getmək fikri yoxdur və ölkəmizin bölgədə aparıcı rolunu təmin edəcək regional nəqliyyat infrastrukturlarının bərpası prosesinə, ən yaxın zamanda başlanılacaq. Bu layihələr həm işğal edilmiş ərazilərdə bərpa işlərini gücləndirəcək, əhalinin ora dönməsi prosesini stimullaşdıracaq ki, bu da yaxın illərdə qarşımızda duran əlahiddə vəzifələrdir.
İqtisadiyyat, logistika və demoqrafiya üzərindən regional dominasiyaya – məsələnin məğzi bundan ibarətdir.
Son olaraq
Odur ki, “Yox, biz gərək mütləq Xankəndinə girəydik. Nə olacaqsa olsun. Əslində heç nə olası da deyildi. Bu nə ikili standartlardır. Niyə onlara təzyiq yoxdur, amma bizə var…” kimi suallar, bağışlayın amma ən aşağı səviyyəli infantilizm, məzmunsuz narazılıq, mızmızalıq və daha keçib – düşüklükdür. Bəli, vəziyyət belədir və aydın deyil ki, bizim adamlar bu ikili standartların, ikiüzlülüyün, dünya supergüclərinin bizə qarşı qərəzinin acığını kimdən almağa çalışır? Başa düşüləndir, bunlar adama pis təsir edən şeylərdir, amma nəyəsə əsəbiləşəndən, məsələn yıxılıb qol-qıçını əzəndən sonra anasının, nənəsinin üstünə cumaraq onları təpikləyən, dişləyən ərköyün uşağın reaksiyası da çıxış yolu deyil və böyük adamların ifasında çox iyrənc görünür. Yəni, “Xankəndinə niyə girmədik?” deyibən, hökumətin üstünə şığımaq, onu dişləmək, təpikləmək, ağlaya-ağlaya “mənə maraqlı deyil bütün bu sadalanan faktlar və faktorlar, heç nə eşitmək istəmirəm, mənə Xankəndi ver! Ver mənə Xankəndi! Xankəndi istəyirəm!” qışqırmaq lazım deyil. İnfantilizm çox pis, bağışlanmaz günahdır. İnfantilizm adama “Bəli, Rusiya, ABŞ nəhəngdir, adamın anasını ağladarlar, amma mən ərköyün bəbəyəm və tələb edirəm ki, Rusiyanın, ABŞ-ın üstünə gedəsən! Sonu nə olursa olsun, amma sən get. Ürəyim belə istəyir!” dedirtir. Uzaq olun bundan. Ağıllı olun.
“Hakimiyyət Rusiyadan qorxdu, Xankəndinə girmədi”ni ağzında saqqız etmiş siyasi uğursuzlara, son istifadə müddəti bitmişlərə isə, nəsə deməyin özü beyhudədir. Necə deyərlər, onların işi Allaha qalıb.