Bu yaxınlarda sosial şəbəkələrdə Üzeyir Hacıbəylinin Bakı Musiqi Akademiyasının qarşısındakı məşhur heykəli ilə bağlı “evdə qal” mesajı verən kollaj şəkil paylaşılmışdı.
Əslində, son günlər bir çox ölkələrdə bu tipli məzəli fotolar hazırlayaraq, insanları evdə qalmağa səsləyir, dəstək olurlar. Dünyanın heç bir yerində bu, əsla mənfi qarşılanmır. Amma bizdə Üzeyir bəyi sevənlərin hissləri necə təhqir olundu, necə coşdusa, ciddi şəkildə etiraz olaraq bir müraciət hazırlayıb sosial şəbəkələrdə paylaşdılar və məsələyə nöqtə qoydular.
Əlbəttə ki, müəllifi məlum olmayan bir şəklin fonunda təəssübkeşlik edərək mədəni dəyərlərin qoruyucusu olmaq nə asan! İti qələmi, satirası olan Üzeyir bəyin özü, görəsən, bu zarafata necə reaksiya verərdi? Yəqin ki: “Əfəndilər, bu qədər təlaş etmənizdə bir lüzum görməyib diqqətinizə çatdırmaq istəyirəm ki, bu virus bəlası bitən kimi qayıdıb dinməz- söyləməz yerimdə oturacağam. Heç şübhəniz olmasın.” – deyib keçərdi. Amma yaratdığı Bakı Musiqi Akademiyasının uzun illərdir böhran vəziyyətində olmasını, birmənalı şəkildə, ürək ağrsı ilə qarşılayacağına əminəm.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının sələfi olan Azərbaycan Dövlət Konservatoriyası 1920-ci ildə xalq komissarlığı maarif şöbəsinin qərarı ilə açılmışdır. Bir çox ilklərin müəllifi olan Üzeyir bəyin əhəmiyyətini sözlə ifadə edə bilməyəcəyimiz bu tarixi fəaliyyəti cəmiyyətin yaradıcı potensialının üzə çıxmasında, milli düşüncənin yaranmasında, bir millət kimi formalaşmağımızda müstəsna rol oynamışdır. Qısa bir zaman ərzində dünya səviyyəli ifaçı, bəstəkar nəsli yetirmiş Konservatoriyada (o zaman belə adlanırdı) təhsilin təşkili məsələlərinin hansı zəhmət bahasına başa gəldiyi məlum məsələdir. Yerli mütəxəssislərin olmaması səbəbindən Üzeyir bəy Rusiyadan bir sıra tanınmış musiqiçiləri – violonçel ifaçısı L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev (Bakı musiqi məktəblərindən biri onun adını daşıyır), qoboy ifaçısı V.Knyazkov, valtornaçı və nəzəriyyəçi S.Berolski, görkəmli pianoçu M.R.Brenner, Azərbaycan musiqişünaslıq məktəbinin yaranmasında böyük xidməti olan, N.S.Çumakov, A.Zeynallı, F.Əmirov, S.Hacıbəyov, C.Cahangirov kimi bəstəkarlar yetişdirən B.İ.Zeydmanı Bakıya dəvət edir.
Öz məramını “Vəzifəyi-musiqiyyəmizə aid məsələlər” adlı məqaləsində belə izah edir: “Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onu həqiqətən nəcib və nəfis bir sənətialiyyə məqaminə yetirib, bu yolla ümum üçün yeni bir mənbəyi-zövq və mənşəyi-feyz açmaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək.”
İllər keçdikcə BMA keçmiş SSRİ məkanının ən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilir. İndi təsəvvür edin, bu təhsil ocağının yaranmasından yüz il keçdikdən sonra bir sıra dairələrdə yenidən xaricdən mütəxəssislərin dəvət olunması barədə söhbətlər gəzir. Çoxları kadr çatışmazlığından şikayət edir. Maddi və mənəvi sıxıntılar çəkən dəyərli müəllim və ifaçıların vətəni tərk edərək xaricə üz tutması, həmçinin, istedadlı gənclərin xaricdə təhsilə üstünlük verməsi də çılpaq fakt olaraq ortadadır. Bütün bunların fonunda qəbul imtahanları zamanı tələblərin çox aşağı olması, müəyyən fənlər üzrə dərs saatlarının azalması, müasir ədəbiyyatla kifayət qədər təmin edilməyən kitabxana, çağdaş maddi-texniki bazanın, müasir musiqi kafedrasının, tələbələrin ümumi bilik səviyyəsinin qənaətbəxş olmaması və hökm sürən ruh düşkünlüyü…
Sizcə Üzeyir bəy bu durumu görüb nə deyərdi?!
2000-ci ildə Konservatoriyanın bölünməsi, Milli konservatoriyanın yaranması necə?! Üzeyir bəy xalq çalğı alətlərinin, milli musiqi ənənələrinin Avropa musiqi sistemləri ilə sintezinə çalışaraq, onların yanaşı tədrisini vacib bilirdi. Bunu bir çox məqalələrində də qeyd edir. Düzdür, Milli Konservatoriya ixtisasların sayını artıraraq caza qədər tədris edir. Bu zaman da musiqi sahəsi üzrə təhsil alanların sayının süni şişirdilməsi problemi üzə çıxır.
Bir tərəfdən də, günü-gündən sayı artan fəlsəfə və elmlər doktorları. Xanəndə, xalq çalğı alətləri ifaçılarından başlamış ifası ilə sözünü deməyə qadir olmayıb, özündə elmi iş bacarıqları kəşf edən pianoçu və digər alət ifaçılarına qədər hamı elmi dərəcə almaq arzusundadır. Təəssüf ki, ixtisasca musiqişünas olanlar arasında mənasız, heç bir elmi yeniliyi olmayan, qeyri-aktual dissertyasiya müəllifləri də o qədərdir ki… Dəyərlər sistemində ciddi tənəzzülün olması səbəbindən çox rahat şəkildə heç bir zəhmət çəkmədikləri, iqtidarında olmadıqları dərəcənin, bir parça kağızın bəxş etdiyi xoşbəxtlik hissi ilə musiqi ictimaiyyəti içərisində dolanır, hörmət sahibi ola bilirlər.
Əminəm, Üzeyir bəyin qanını çox qaraldacaq məsələlərdən biri də orta təhsil pilləsinin arzuolunmayan vəziyyəti ola bilərdi. Əvvəllər əksər musiqi məktəbləri (Bülbül adına orta ixtisas musiqi məktəbi və G. Şaroyev adına 35 saylı musiqi məktəbi istisna olmaqla) yeddi illik musiqi təhsili verir, daha sonra davam etmək istəyənlər mükəmməl baza bilikləri aldıqları Asəf Zeynallı adına Musiqi Texnikumuna (buradakı acınacaqlı durum, tələbələrin səviyyəsinin çox aşağı olması ayrıca müzakirə mövzusudur) daxil olmalı, yalnız buranı bitirdikdən sonra BMA-na sənəd vermə hüququ qazanırdılar. Yüksək səviyyəli peşəkarların yetişdirilməsində, məhz illərlə cilalanmış 3 pilləli təhsil sisteminin böyük rolu var.
Hal-hazırda isə bir çox məktəblər 11 illik təhsilə keçsə də, tədrisin təşkilində problemlərin olması danılmazdır: bəzi fənlər üzrə tədris proqramlarındakı boşluqlar, dünya musiqi mədəniyyətinin yeni istiqamətlərinin, XX əsr bəstəkarlarının yaradıcılığının kifayət qədər öyrənilməməsi, yeni dərs vəsaitlərinin olmaması, pedaqoji yanaşmanın dövrün tələbləri ilə ayaqlaşmaması və sair. Pedaqogika demişkən, karantin dövrü uşaqların təhsildən qalmamaqları məqsədilə “online” təhsillə bağlı məktəblərə müəyyən tapşırıqlar, göstərişlər verilib. İndi “Facebook”u, “İnstagram”ı açan kimi bu dərsləri görmək mümkündür. Bir sıra müəllimlərin potensial olaraq, 60-70-ci illərin Araz radiosunun aparıcısı üslubunda danışıq tərzinə malik olması, sünilik, qeyri-səmimilik, daha ağıllı və səlis nitqinin olmasını nümayiş etdirmək istəyi və sair, müxtəlif “challenge”lərin təşkili, italyansayağı balkon konsertləri, məcburi kreativlik axtarışları da bu günümüzün qəribəliklərindəndir. Bütün dünyada olduğu kimi, yaradıcı təşəbbüsə istinad edildiyi müddətdcə bu tip fəaliyyətin özündə, əlbəttə ki, heç bir problem yoxdur, dirijor Fuad İbrahimovun Kamera Orkestri ilə , “Clarte” kvartetinin, müxtəlif ali və orta musiqi məktəblərin fədakar müəllim və tələbə-şagird heyətinin təşkil etdiyi səmimi çıxışlarında olduğu kimi.
Karantin dövrü daha bir məsələni qabarıq şəkildə biruzə verdi. Bir sıra adlı-sanlı opera teatrlarının, konsert salonlarının, muzeylərin qapılarını “online” istifadəçilərin üzünə açmaqları ilə də yadda qalacaq. İstər-istəməz paralellər aparmalı olursan. Odur ki, teatrlardakı vəziyyət, repertuar kasadlığı, yeni rejissor yanaşmalarına, yeniliklərinə həsəd qalmağımız, səs rejissorlarının olmaması səbəbindən tamaşaların və ümumiyyətlə, klassik musiqi konsertlərinin keyfiyyətli video-səs yazısı problemini də qeyd edim.
Əslində, əlavə ediləsi çox mətləblər var. Amma elə yuxarıda qeyd etdiklərim dəfələrlə müzakirə, açıq məktub, müxtəlif araşdırmalara, tənqidi məqalələrə səbəb olacaq əhəmiyyətə malik məsələlərdir. Qeyd etdiyim problemlərdən əksəriyyətin xəbəri var, amma hamı bir çox səbəblərdən susmağa, görməməzlikdən gəlməyə çalışır. Səbəb tənqid yox, tənqidəbənzər kiçik bir qeyd, mülahizənin belə dərin təlatüm və kataklizmlərə səbəb olmasıdır. Televiziya, mətbuat orqanları, istənilən təhsil ocağı, kafedralardakı müzakirələr zamanı, hətta sosial şəbəkələrdə belə, sağlam tənqidin olmaması böyük durğunluğa gətirib çıxarıb. Halbuki, Üzeyir bəy bir çox yazıları, xüsusən, 1920-ci ilə qədərki məqalələrində tənqidin vacibliyini, onun üsulunu şəxsi nümunəsində dəfələrlə sübut etmişdir: “İntiqad (kritika) lazımdır, amma daha dalaşmaq lazım deyil. Bizim binəva camaat elə pis öyrənibdir ki, indi intiqad ilə dalaşmaqda heç bir fərq və təfavüt qoymurlar; çünki yazıçılarımızı həmişə şəxsiyyət üstündə dalaşan görüblər.”
İndi, musiqi cameəsinin əziz insanları! O şəkilə görə təhqir olunan hisslərinizi anlamağa çalışıram, amma buna qəzəbləndiyimiz və ən əsası qəzəbimizi ifadə etdiyimiz qədər digər problemləri də işıqlandırmağa cəhd etsəydik, bəlkə də vəziyyət başqa cür olardı. Sizcə, sadalanan problemlər, bütün həyatını, varlığını bizim yolumuzda fəda edən Üzeyir bəyin şəxsiyyətini daha azmı təhqir edir?!