AZƏRBAYCANIN MİLLİ TƏHSİL SİSTEMİNDƏ TÜRKİYƏNİN TƏHSİL OCAQLARI
Türkiyənin yumşaq güc siyasətinin bir parçası olaraq təhsil
Tarix boyu güc deyəndə hamının gözü önünə yalnız hərbi güc gəlirdi, son 100 ildə isə hətta neorealistlər belə gücün fərqli ölçülərindən bəhs edirlər. Artıq güc sadəcə hərbi deyil, həm də iqtisadi, coğrafi-demoqrafik və xüsusilə mədəni faktorlarla əlaqələndirilir. Neoliberallar bunu sərt güc (hard power) və yumşaq güc (soft power) deyə ayırırlar.
Sərt güc tətbiq edən dövlət qarşı tərəfi hərbi yolla, iqtisadi embarqolarla, siyasi münasibətlərin kəsilməsi ilə təhdid edir, yumşaq güc isə inandırma (persuasion) üsulu ilə həyata keçirilir və burada təsir altına düşən dövlət bəzən heç təsir altında olduğunun fərqinə belə varmır. Yəni, “könüllü” şəkildə təsirlənir. Neoliberalizmin banilərindən olan Joseph Nyenin dediyi kimi, bu gün artıq dünyada hərbi gücə edilən vurğudan uzaqlaşma tendensiyası hiss olunur. Lakin bu heç də hərbi gücün öz önəmini itirdiyi anlamına gəlmir. Məsələn, hər hansı münaqişənin birinci mərhələsini hərbi güclə həll edən ölkə, ikinci mərhələdə iqtisadi və yumşaq gücə üstünlük verə bilər.
Hər hansı bir ölkənin yumşaq gücü dedikdə onun mədəni, siyasi dəyərləri və bunları xarici siyasət aləti olan diplomatiya vasitəsilə istədiyi ölkədə yaymaqla öz təsirini qura bilmək bacarığı nəzərdə tutulur. Yəni, ölkələr mədəni diplomatiya ilə xarici ölkələrlə olan münasibətlərini mədəniyyət, sənət və təhsil proqramları vasitəsilə gücləndirərək gələcəyə yönəlik bir layihə həyata keçirmiş olurlar. Məsələn Soyuq Müharibə və ondan sonrakı dövrdə ABŞ-ın mədəni diplomatiyası, yumşaq güc istifadə bacarığı olduqca yüksək qiymətləndirilə bilər.
Bu mənada Türkiyə də yumşaq güc faktorundan bacarıqlı bir şəkildə istifadə edən ölkələrdən biri olaraq bilinir. 1992-ci ildə təsis edilən TİKA ilə Türkiyənin yumşaq güc siyasəti təşkilati bir forma almışdır (Sancak, 2016, s. 17-19 və Güzel, 2016, s. 346). Türkiyənin yumşaq gücü xüsusilə türk və müsəlman ölkələrə yönəlmiş iqtisadi layihələr, dövlət və qeyri-hökümət təşkilatları vasitəsilə həyata keçirilən maddi yardımlar, Türkiyə Qızıl Aypara Cəmiyyətinin yardımları, müxtəlif təşkilatlar vasitəsilə həyata keçirilən inkişaf proqramları (məsələn TOBB vasitəsilə Fələstində “Sülh üçün Sənaye” layihəsi), türk TV və filmlərinin dünyanın müxtəlif ölkələrində və dillərində yayınlanması, bir neçə dildə fəaliyyət göstərən dövlət əhəmiyyətli internet kanalları, 2010-cu ildə qurulan Yurtdışı Türklər ve Akraba Topluluklar Başkanlığı, və nəhayət Türkiyənin xarici ölkə vətəndaşlarına yönələn təhsil proqramları göstərilə bilər (Büyükgöze, 2016, s. 45-46 və Gültekin, 2015, s. 54-55).
1980-ci illərdə qurulan YÖK (Türkiyə Yüksekoğretim Kurulu) ilk dəfə 1983-cü ildə 5,4 min xarici tələbənin Türkiyədə təhsil almasına şərait yaratmış, 2020-ci ildə bu rəqəm 170 minə çatmışdır. Xüsusilə SSRİ-nin dağılması ilə sona çatan Soyuq Müharibə sonrası dövrdə Türkiyənin keçmiş SSRİ məkanına girmək, ən əsası keçmiş sovet ölkələri olan Türk cümhuriyyətlərinə mədəni təsirlərini yaymaq cəhdləri qabarmış, bu çərçivədə “21-ci əsr Türk əsri olacaqdır” fikri ilə yadda qalan Türkiyə prezidenti Turgut Özalın əmrilə 1992-ci ildə “Büyük Öğrenci Projesi” adlı proqram həyata keçirilməyə başlanmışdı. Proqram, Türkiyədə təhsil almaq məqsədilə keçmiş SSRİ ölkələrindən hər birinə illik 1400 nəfərlik ali təhsil və 600 nəfərlik orta təhsil, ümumi 2 min nəfərlik təhsil yeri ayırmışdır. 2012-ci ilədək bu proqram vasitəsilə 44 minə yaxın tələbəyə burs (təqaüd) verilmişdi.
Türkiyənin xarici tələbələrə ayırdığı təqaüd proqramları bir tərəfdən Türkiyə Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdisə, digər tərəfdən Gülen Camaatı başda olmaqla müxtəlif qeyri-hökümət təşkilatları vasitəsilə həyata keçirilirdi. 2012-ci ildə müxtəlif adlarla mövcud olan təqaüdlər (dövlət təqaüdü, hökümət təqaüdü, Türkiyə Diyanət Vakfının təqaüdü, Nazirlik təqaüdü, vs.) Türkiye Bursları vahid adı altında birləşdirilmişdir. 1970-80-ci illərdən etibarən Fətullah Gülenin ətrafında toplaşmağa başlayan Risale-i Nur təməlli islami camaat olaraq bilinən, türklərin bugünkü təbirilə desək FETÖ (Fətullahçı Terror Örgütü), 1990-cı illərdən etibarən Türkiyənin yumşaq güc siyasətində istifadə edilməyə başlamışdı. Lakin bu təşkilatın fəaliyyətinin Türkiyənin milli maraqlarına (yaxud Erdoğanın siyasətinə) gedərək ziddlik təşkil etməsi, fəaliyyətlərinin dini-mədəni çərçivədən çıxaraq siyasi bir forma alması, beynəlxalq xarici kəşfiyyat təşkilatları (xüsusilə CIA bağlantısı) və cinayətkar təşkilatlarla əməkdaşlıqlarının ortaya çıxması, ən son 15 iyul 2016 tarixində Erdoğanı devirmək üçün edilən dövlət çevrilişi cəhdində günahlandırılması isə onların fəaliyyətini sonlandırmağa səbəb olmuşdur.
Beləliklə daha öncə İslam Əməkdaşlığı Təşkilatına üzv olan 57 ölkədən 42-sində, həmçinin digər dünya ölkələrində ümumilikdə 2 mindən çox təhsil ocağı olan bu təşkilat (məsələn, bu gün Almaniyada 20-dən çox FETÖ məktəbi, ümumilikdə 300-ə yaxın FETÖ bağlantısı olan qurum var[1]) bir çox ölkələrdə fəaliyyətini durdumağa vəya məhdudlaşdırmağa məcbur olmuşdur. Vaxtilə Gülen camaatına aid olduğu bilinən təhsil ocaqları isə onların əlindən alınaraq 2016-cı ildə qurulan Maarif Vakfına verilir (Bayraklı ve Ulutaş, 2016, s. 1-3). Lakin bəzi dövlətlər buna etiraz edərək Gülen məktəblərinin fəaliyyətini davam etdirməsinə izn verir (məsələn Almaniya islami fundamentalizmi yayacağı “təhlükəsi” bəhanəsilə, əslində isə Erdoğanı dəstəkləyən mövqeləri artıracağından narahat olduğu üçün Maarif Vakfının ölkədə məktəblər açmasına tərəddüd etsə də Gülen məktəblərinə qadağa qoymur). Maarif Vakfı bugün Türkiyənin dövlət bağlantılı ən önəmli yumşaq güc alətlərindən biri hesab edilməkdədir. Hazırda 35 ölkədə Maarif Vakfına aid 300 təhsil ocağının varlığından bəhs edə bilərik. [2]
Türkiyə təhsil ocaqlarının Azərbaycanın milli təhsil sisteminə qatılması
SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə siyasi-iqtisadi sistem kökündən dəyişdiyi kimi təhsil sistemi də dəyişməyə başladı. Bu sırada Gülen camaatına bağlı təhsil ocaqları Azərbaycanda özünə yer etməyə başladı. İlk olaraq 1991-də Bakı və Naxçıvanda anti-Sovet çıxışları ilə tanınan “Zaman” qəzetini çapa buraxaraq bu vasitə ilə özünə dəstək qazanan Fətullahçılar “Fəza Gazetecilik” adı ilə qeydiyyatdan keçərək Azərbaycanda ilk xarici şirkətlərdən birini qurdular.[3] Elçibəy dövründə Türkiyə ilə hərtərəfli münasibətlərin genişləndirilməsi, elm-təhsil sahəsində əməkdaşlıq müqaviləsinin imzalanması sonrası Türkiyə Diyanet Vakfı 1992-1993-cü illərdə BDU-da İlahiyyat Fakültəsini açmış, 1994-cü ildən etibarən Türkiye Diyanet Vakfına aid Bakı Türk Liseyi və Türk Dünyası Araştırmalar Vakfına aid Özel Bakı Atatürk Kolleci, dövlətin yardımı ilə Bakı Türk Anadolu Liseyi fəaliyyətə başlamış, lakin dövlət yardımlarının yetəri qədər olmaması səbəbilə Gülən camaatına bağlı qurumlar da Azərbaycanda təhsil işinə cəlb edilmişdir. Həmin dövrdə Türkiyə hökümətinin bu qurumlara güvən duyması və dəstək göstərməsi Azərbaycanın da onlara güvən duymasına səbəb olmuşdu. Bu səbəblə 2016-cı ildə yaşanan dövlət çevrilişi cəhdi ilə əlaqələndirildiyi günə qədər Fətullah Gülən ilə bağlantılı təhsil qurumları Azərbaycanda fəaliyyətlərinə davam etmişdir. Lakin bu fəaliyyət xüsusilə 2009-cu ildə qəbul edilən “Dini Etiqad Azadlığı haqqında” qanundan sonra Azərbaycanın radikal dini qruplara, o cümlədən Nurçulara qarşı başlatdığı əməliyyatlar sayəsində zaman-zaman kəsintiyə məruz qalırdı.[4]
Məsələn, elə bu səbəblə Azərbaycandakı FETÖ-yə (Nurçulara) aid “Çağ Öğretim İşletmeleri”nin təhsil mərkəzləri (türk liseyləri) 2013-cü ildə dövlət nəzarətinə, daha dəqiq SOCAR-ın idarəçiliyinə verilmişdir. Maraqlıdır ki, Azərbaycanda həyata keçirilən bu əməliyyat Türkiyədə FETÖ-yə qarşı başlanan təqiblərdən (2013, dekabr) daha öncə olmuşdur. Daha sonra keçmiş türk liseylərinin əsasında “İstək Liseyleri” qurulmuş, türk personalın yerinə azərbaycanlı personal işə götürülmüş, həmçinin abituriyentlərin hazırlığı ilə məşğul olan Araz kursları bağlanmışdır.[5] Bu haqda ən sərt (çoxlarının etirazına səbəb olan) qərarlar isə dövlət çevrilişi cəhdindən sonra Azərbaycandakı Qafqaz Universitetinin Gülən hərəkatıyla əlaqəsi (onların xaricdəki ilk universitetidir[6]), ANS telekanalının isə Güləndən reportaj alması səbəblərilə bağlanmasıdır[7]. Eyni zamanda hərəkatla bağlantısı müəyyən edilən qəzetlərin və müxtəlif şəxslərin iş fəaliyyətlərinə son verilmişdir.
Ülkü ocaqları nədir və onların Azərbaycan təhsil sisteminə qatılma ehtimalı varmı?
Ülkü ocaqları ilk dəfə 1966-da Ankara Universitetinin müxtəlif fakültələrində açılan dərnək/klub tipli tələbə təşkilatları idi. Gedərək bütün Türkiyəyə və təhsilin digər səviyyələrinə yayılan bu təşkilat türk gənclərinin millətçi ruhda böyüməsinə və hətta zaman-zaman mitinqlər və qarşı görüşlü gənclərlə qarşıdurmalar zamanı aktiv iştirakçı olmalarına vəsilə olmuşdur. Vaxtilə Türkiyə Baş naziri İsmet İnönü ülkü ocaqlarını tənqid edən və radikallıqda günahlandıran açıqlaması (1970-ci il) ilə gündəmə gəlmişdir. Ülkücü gənclərin radikal formalaşmasında yay kamplarının xüsusi rolu var. Sol düşüncəlilər bu kampları komando adlandırırlar. Bu kamplarda gənclərə mənəvi və fiziki hazırlıq keçirilir, burada onlar fikri olaraq mübarizəyə hazırlandığı kimi fiziki döyüş qabiliyyətinə də yiyələnirlər (Koca, 2018, s. 93). Türkiyədə 1968-1980-ci illəri əhatə edən “şiddət illəri”ndə birbirini güllələyən, etiraz mitinqlərində bir-birinə görünməmiş şiddət göstərən qruplardan biri də məhz bu “hazırlıqlı” ülkücülər idi. Özünü ülkücü adlandıran gənclərin əsas təşkilatları sırasında Cumhuriyyetçi Köylü Millet Partiyasının gençlik kolları (gənclər təşkilatları) da vardı. Bu partiya daha sonra bugünkü MHP (Milliyetçi Hareket Partisi) adını almışdır. Məhz bu ülkücü qrupların birbaşa və dolaylı iştirakı ilə həyata keçirilən qətliamları aşağıdakı kimi sıralamaq olar (Kaleli, 2017, s. 89):
– Malatya qətliamı (17 aprel 1978) sünni şəriətçilər tərəfindən alevi məhəllələrə hücum edilib qətliamlar törədilmiş, 3 nəfər öldürülmüş, 30 nəfər yaralanmışdır.
– Maraş qətliamı (19-21 dekabr 1978) sünnilərin alevilərə hücumu nəticəsində 111 nəfər öldürülmüş, 176 nəfər yaralanmışdır.
– Çorum qətliamı (17-29 may 1980) – sünnilərin alevi və sol düşüncəli insanlara hücumu nəticəsində 59 nəfər öldürülmüş və 200-dən çoxu yaralanmışdır.
Erbil Tuşalp “Bozqurdlar” adlı kitabda ülkücü təşkilatların Türkiyədə 1974-cü ildən 1980-ci ildəki Çorum qətliamına qədər 220 hərəkat (ayaqlanma) həyata keçirib ümumilikdə 2 mindən çox fərqli görüşlü aydın insanın ölümünə səbəb olduğunu sənədlərilə birgə qeyd edir. Öner Yağcı “Dil Kaleminin Enstitüsü” adlı əsərində ülkücülər tərəfindən öldürülən aydınların adlarını çəkir (Kaleli, 2017, s. 96).
Ülkücülerin radikal fəaliyyətləri türk filmlərinə də yansımış, şəxsən izlədiyim “Hatırla Sevgili” adlı serialda isə millətçi gənclərin fəaliyyətləri (digər hadisələr fonunda) geniş şəkildə öz əksini tapmışdır.
Son olaraq qeyd edim ki, məhz bu ülkü ocaqları gənclərə millətçilik və vətənpərvərlik adı altında radikallığı, özündən olmayana qarşı sərt davranışı təlqin edərək heç də xoş olmayan nəticələrə səbəb olurlar. Təbii ki, yaşananların məsuliyyəti sadəcə ülkücülərin üstünə atıla bilməz, burda onlara qarşı çıxan digər radikal qrupların varlığı da ciddi rol oynamışdır. Lakin istənilən radikal qrupa, o cümlədən ülkücülərə də sivil cəmiyyətlərdə azad fəaliyyət haqqı tanınmamalıdır.
Facebook-da “Azerbaycan Ülkü Ocaqları” adlı səhifə vardır. Hazırda aktiv fəaliyyətdə olmasa da, daha öncəki (2012-2013) paylaşımlarından göründüyü kimi türk millətçiliyini və məhz bunu vurğuladığı üçün Elçibəy ideologiyasını təbliğ etməklə məşğul olub. “Türkün türkdən başqa dostu yoxdur!” sloqanına bürünən bu qrupun azərbaycanlı gənclər arasında bu yanaşmanı yayması Azərbaycanın milli maraqları baxımından heç də faydalı sayılmaz. Çünki Heydər Əliyev yolu bizə Azərbaycançılıq ideologiyasını, balanslı xarici siyasət xəttini və buna uyğun şəkildə gənclik yetişdirməyi məsləhət görür.
Azərbaycanda Ülkü Ocakları Eğitim ve Kültür Vakfı adlı qurum da fəaliyyət göstərir. Onların eyni adlı Facebook səhifəsinə qısa baxışdan göründüyü kimi bu qurum türk milliyətçiliyi ilə yanaşı Azərbaycan-Türkiyə qardaşlığını və əməkdaşlığını möhkəmləndirməyə xidmət edir. MHP rəhbəri Devlet Bahçelinin “Azərbaycanın Şuşa şəhərində Erdoğanın icazəsi və İlham Əliyevin razılığı olarsa “ülkü ocağı” quracağız”[8] açıqlaması, bir neçə gün öncə isə Şuşada 31 yanvar 2021 tarixində ilk məktəbin açılışını edəcəyi[9] son günlərdə fenomen olmuş, sosial medianın azərbaycanlı seqmentində aktiv müzakirə və mübahisə doğurmuşdur.
Ülkü ocaqlarındakı təhsil sisteminin mahiyyətinin Heydər Əliyev ideallarına uyğun olmadığını nəzərə alaraq onun yerinə Maarif Vakfına aid türk liseylərinin açılmasına icazə verilməsini daha məqsədəuyğun olduğunu hesab edirəm.
İstifadə edilmiş mənbələr
Bayraklı, E. ve Ulutaş, U. (2016). FETÖ`nün Anatomisi, 1. Baskı, İstanbul: SETA.
Büyükgöze, H. (2016). “Bir Etki Aracı Olarak Türk Yükseköğretiminin Yumuşak Güç Bağlamında İncelenmesi”, Yükseköğretim ve Bilim Dergisi, 6(1), 41-49.
Gültekin, H. (2015). Türk Dış Politikasında Kamu Diplomasisi ve Yumuşak Güç Kavramı, Yüksek Lisan Tezi, Beykent Üniversitesi, İstanbul.
Güzel, Ç.S. (2016). “Dış Yardımlarda Destekleyici Bir Unsur Olarak Kültürel Diplomasi ve Yunus Emre Enstitüsü Örneği”, Atatürk Üniversitesi İktisadi ve İdari Bilimler Dergisi, 30(2), 343-359.
Kaleli, L. (2017). Geçmişten Günümüze Dinsel Katliamlar, İstanbul: Berfin.
Koca, M. (2018). “68 Öğrenci Olayları ve Üniversitelerde Politik Şiddet”, Birey ve Toplum, 8(15), 87-109.
Sancak, K. (2016). “Yumuşak Güç Kaynağı Olarak Kültür ve Türkiye`nin Yumuşak Gücünde Kültür Faktörü”, Balkan ve Yakın Doğu Sosyal Bilimler Dergisi, 2(4), 16-26.
https://www.dw.com/en/turkish-schools-germany-erdogan-influence/a-51948242
https://www.sozcu.com.tr/2016/yazarlar/soner-yalcin/komsudaki-feto-1413314/
https://www.bbc.com/azeri/azerbaijan-38364869
https://www.hurriyet.com.tr/dunya/azerbaycan-ve-kambocyada-cemaat-okullari-kapaniyor-40156243
https://www.bbc.com/azeri/trending/2016/07/160719_ans-tv_trending
https://www.kocaelizirve.com/haber/6131418/ulku-ocaklari-baba-ocagi-susada-egitim-yuvasi-kuracak
https://www.facebook.com/ulkuocaklariazerbaycan/
Qeydlər
[1] https://www.dailysabah.com/turkey/germany-lavishes-associations-linked-to-feto-with-funding-report/news
[2] https://www.dw.com/en/turkish-schools-germany-erdogan-influence/a-51948242
[3] https://www.sozcu.com.tr/2016/yazarlar/soner-yalcin/komsudaki-feto-1413314/
[4] https://www.bbc.com/azeri/azerbaijan-38364869
[5] https://www.star.com.tr/dunya/fetonun-azerbaycandaki-lisesi-egitim-faaliyetini-durdurdu-haber-1361658/
[6] https://www.hurriyet.com.tr/dunya/azerbaycan-ve-kambocyada-cemaat-okullari-kapaniyor-40156243
[7] https://www.bbc.com/azeri/trending/2016/07/160719_ans-tv_trending
[8] https://www.kocaelizirve.com/haber/6131418/ulku-ocaklari-baba-ocagi-susada-egitim-yuvasi-kuracak