Bildiyimiz kimi iki həftə öncə, 31 martda Türk Şurasının qeyri-rəsmi zirvə görüşü çox rəmzi bir nöqtədə, Qazaxıstanın Türkistan şəhərində baş tutub. Tədbirdə Türk Şurası ölkələrinin rəhbərləri, eyni zamanda Türkmənistanın başçısı, bir də müşahidəçi qismində Macarıstan iştirak ediblər.
XX əsrin əvvəllərində Pantürkist ideyalarının yaranışından yüz il sonra baş tutmuş bu zirvə görüşünü həmin fikrin gerçəkləşməsi yolunda ilk real addım kimi qiymətləndirmək olar.
Əslində ölkələrin istənilən birliyi, böyük coğrafi ərazilərin logistik və iqtisadi anlamda birləşməsi alqışlanası haldır. Bu anlamda Türk Şurası gələcəkdə həqiqətən böyük işbirliyinə nail olarsa yaxşı olar.
Lakin məsələyə tarixi-siyasi prizmadan baxsaq nə görürük? Etnik anlamda birləşmə cəhdləri kimlərdə olmayıb? XIX əsrin romantik ideyalarından qaynaqlanan panslavizm, pangermanizm nəyə gətirib çıxardı?
Panslavizm romantik təsəvvür kimi XIX əsrin ortalarında peyda olub, Avropada dövləti olmayan (istər qərbi, istər cənub) slavyan xalqlarının Rusiyanın himayəsi altında yek bir dövlət qurmanı nəzərdə tuturdu, amma hamıya tezliklə aydın oldu ki, qərbdə bu, ümumiyyətlə mümkün olmaz, ən başlıcası polyaklar bunu heç zaman qəbul etməyəcək, ardınca çexlər və slovaklar da bu ideyanı rədd etdilər. Cənubda Rusiya bu ideyalar naminə Osmanlı imperiyası ilə toqquşdu, türklər üçün fəlakətli 1877-78 Balkan müharibəsində qalib gəlib Serbiya və Bolqarıstanı tam müstəqil etdi. Amma Bolqarıstan müstəqil dövlət olandan cəmi 10 il sonra onların Rusiya ilə münasibətləri artıq soyuyur, qərbə üz çevirirlər, I Dünya Müharibəsində isə bolqarlar ümumiyyətlə alman və Osmanlı tərəfdə olub süngüləri ruslara qarşı çevirirlər.
Panslavizmin ideyasının süqutu isə bu gün gözlərimiz qarşısında baş verir. Ruslara ən yaxın xalq hesab edilən Ukrayna onlara əsrlərlə rəqib hesab edilən Türkiyə ilə müttəfiq olur. XIX əsrdə bunu kimsə eşitsəydi axmaq zarafat olduğunu düşünərdi. Amma həyatı heç zaman hesablamaq olmaz, necə deyərlər, never say never.
Qaynaqlarını alman romantizmindən alan Pangermanizmin taleyi daha pis olub, çünki bu, “ölü doğulmuş uşaq” idi. Nasistlərin zamanında rəsmi doktrina olsa da Avropada heç bir “german” dövləti onlara dəstək olmadı, əksinə İngilitərə onun baş düşməninə çevrildi, Hollandiya və Norveç güclü müqavimət göstərdilər, Danimarka səssiz nifrətdə boğuldu, İsveçrə və İsveç isə neytral qaldı. Almanlara hay-hayla qoşulmuş Avstriya da məğlubiyyətin havası gələn kimi “məni zorlayıblar, xəbərim olmayıb” havasına keçdi, sonda elə bu üsulla canını da çox əla qurtardı – nə işğal edilib xaraba qoyuldu, nə bölündü, nə Holokostda və başqa bəşər əleyhinə cinayətlərdə ittiham edildi, hər şey atdı almanların üstünə, çıxdı aradan. Afərin, bacarana can qurbandır deyiblər.
Bu ideyaların Şərqə uzantısı XX əsrin ortalarında özünü panərəbizm hərəkatında göstərdi. Bunun yeganə nəticəsi Ərəb Dövlətləri Liqası, bir də Birləşmiş Ərəb Respublikası (Misir-Suriya-İraq) oldu ki, onun da ömrü çox qısa çəkdi. İndi ərəb dövlətləri arasındakı münasibətlərə qısaca göz atmaq kifayətdir ki, məsələnin nə yerdə olduğu anlaşılsın.
Türk Şurası isə romantizmdən tam uzaq, sırf praqmatik maraqlar üzərində qurulmuş məsələyə bənzəyir və görünür ki, Avrasiyanın önəmli hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Şübhəsiz ki, bu birləşmədə çox böyük güclərin marağı var (görünür ki, həm də Çinin balanslaşdırılması üçün edilən növbəti addımlardan biridir), əks halda bu layihə ortaya gəlməzdi. Süveyş kanalında baş vermiş qəzadan sonra kontinental dəmir yolu daşımalarının yeni əhəmiyyətə minməsi və Türkiyənin Mərmərə dənizində yeni kanal qazılması ideyası da bu məsələlərə işıq tuta bilər.
Qısaca onu demək olar ki, XIX əsrin romantik ideyalarından fərqli olaraq sırf iqtisadi və logistik əsaslarda birləşmə çox da realdır və bəzi şərtlər altında baş tuta bilər. Ən yaxın zaman bunun nə qədər gerçək ola biləcəyini göstərəcək.
P.S. Qeyd eləmək vacibdir ki, baş tutacağı halda Azərbaycan bu layihənin “Buzqıranı” olacaq – həm coğrafi, həm logistik, həm də Türkiyə ilə Mərkəzi Asiya arasında mediator rolunda.