Hər hansı bir sahədə mövcud olan problemləri aradan qaldırmaq üçün ən vacib məqamlardan biri həmin məsələnin həlli ilə bağlı illüziyalardan uzaq durmaqdır. Məsələn, Azərbaycan iqtisadiyyatının resurs asılılığı məsələsinə baxsaq, görərik ki, ortastatistik azərbaycanlıların əksəriyyəti hesab edir ki, “neft olmasa gül kimi yaşayarıq, hər şeyimiz var”. Amma nəzərə almaq lazımdır ki, dünya ticarətində müqayisəli üstünlüklər məfhumu (Müqayisəli üstünlük — hər hansı bir ölkənin və ya ayrıca sahibkarın digərləri ilə müqayisədə əmtəə və xidmətləri daha aşağı alternativ xərclə istehsal etmək bacarığıdır) önəmli yer tutur və hər hansı bir sahədə müqayisəli üstünlüklər əldə etmək elə də asan başa gəlmir və ciddi fəaliyyət tələb edir. Bu baxımdan Azərbaycan iqtisadiyyatının müqayisəli üstünlüklər yaratmaq potensialına sahib olan sahələri olsa da, reallıqda hazırda onların sayı çox deyil.
İlk baxışdan, daha qısa müddət ərzində gəlir qazandırması baxımından kənd təsərrüfatını və nisbətən turizmi fərqləndirə bilərik. Ancaq, xüsusilə turizm sahəsində qeyd etdiyimiz illüziyalardan uzaq olmaq lazımdır. Əgər biz iddia ediriksə ki, ən gözəl çimərliklər, ən möhtəşəm təbiət, ən zəngin tarixi abidələr, ən rahat otellər bizdədir, ən yaxşı halda özümüzü aldada bilərik. Azərbaycan turizm üçün kifayət qədər əlverişli potensiala sahib olan ölkələrlə əhatə olunub və həmin ölkələrlə rəqabət apara bilmək üçün tutarlı addımlar atmalıdır.
Maraqlısı odur ki, müasir turizm trendləri sadəcə dənizə, təbiətə, tarixi abidələrə əsaslanmır. Çantasını çiyninə ataraq, avtostopla səyahət edərək, hostellərdə qalaraq getdiyi ölkənin küçələri, mədəniyyəti ilə təmas etmək artıq səyahət üçün daha böyük motivasiyadır. Digər tərəfdən ekoturizm, camping, hiking də həmçinin. Bu trendin maraqlı yanı isə ondan ibarətdir ki, artıq bütün ölkələrin turizm potensialı var. Hər bir xalqın özünəməxsus tərəfləri olduğu üçün artıq turist cəlb etməkdə sadəcə gözəl təbiətə və ya zəngin tarixə sahib olmaq həlledici rol oynamır.
Burada vurğu turistlərin necə cəlb ediləcəyinə olmalıdır. Bu baxımdan ilk addım ucuz aviabiletlərin və vizasız səyahətin təmin edilməsi olmalıdır. Məsələn, bir faktı qeyd edək ki, 2019-cu ildə Azərbaycana Avropa Birliyi ölkələrindən gələn turistlərin ümumi sayı 136.5 min nəfər olduğu halda, Gürcüstana Avropa Birliyinin təkcə 2 ölkəsindən, Almaniya və Polşadan gələnlərin sayı 200 min nəfərə yaxındır. Azərbaycan Avropa Birliyi vətəndaşlarına viza rejimini ləğv etməklə, Gürcüstana səfər edən Avropa Birliyi vətəndaşlarının bir hissəsinin Azərbaycana da səfər etməsinə nail ola bilər. Amma miqrasiya təhlükəsi yaratmayan avropalılara bu şərait niyə yaradılmır hələ də sual olaraq qalır.
Rəsmi statistikaya görə ötən il Azərbaycana səfər edən turistlərin 70 faizi quru sərhədimiz olan dörd qonşu ölkədən gəlib. Ən çox turist qəbul etdiyimiz ilk iki ölkədən – Rusiya və Gürcüstandan gələnlərin ciddi bir hissəsini də yenə etnik azərbaycanlılar təşkil edir ki, onların səfərləri turizmdən daha çox “qohum-əqraba ziyarəti” xarakterlidir. Bunu həmin ölkələrdən gələn turistlərin xərclədiyi məbləğlərdən də görmək olur. Ötən ilə aid göstəricilərə görə bir turistin səfər müddətində xərclədiyi orta məbləğ 945 manat olduğu halda, Gürcüstandan gələn turistlər üçün bu rəqəm 373, Rusiyadan gələnlər üçü isə 696 manatdır. Viza və ucuz aviabilet məsələləriyə bağlı problemlər Azərbaycana səfər edən turistlərin coğrafi arealının dar olmasına və inkişaf etmiş, ödəməqabiliyyəti daha yüksək olan ölkələrdən daha az turistlərin gəlməsinə səbəb olur.
İqtisadi səmərəlilik baxımından ölkəyə gələn turistlərin sayı qədər onların xərclədiyi pulun miqdarı da önəmlidir. Son illərdə Azərbaycana gələn xarici turistlərin sayında artım müşahidə olunsa da, ardıcıl üç ildir ki, onların xərclədiyi vəsaitin həcmində azalma qeydə alınır. Əgər 2017-ci ildə beynəlxalq turizm xidmətlərindən ölkəyə daxil olan vəsait 3 milyard dollardan artıq idisə, 2018-ci ildə bu göstərici 13 faizə yaxın azalaraq 2.63 milyard dollar olmuşdu. Ötən il isə 2.53 milyard dollar səviyyəsində olub. Bəs turistlərə necə daha çox pul xərclətməli?
İl | Xarici turist sayı | Turizm gəlirləri (milyard dollar) | Adambaşına düşən məbləğ |
2014 | 2.297.804 | 2.43 | 1057 $ |
2015 | 2.006.176 | 1.67 | 832 $ |
2016 | 2.248.773 | 2.71 | 1205 $ |
2017 | 2.696.745 | 3.01 | 1116 $ |
2018 | 2.849.592 | 2.63 | 922 $ |
2019 | 3.170.400 | 2.53 | 798 $ |
Bunun bir yolu ödəmə qabiliyyəti yüksək olan ölkələrdən turistlərin gəlməsinə şərait yaratmaqdırsa, digər vacib məqam da turizm xidmətlərinin diversifikasiyası ilə bağlıdır. Azərbaycan turizmində “ərəb bumu” sadəcə bir neçə il çəkdi və artıq ərəb turistlərin sayı nisbətən səngiməyə başlayır, amma Türkiyədə artıq on ildən çoxdur ki, gələn ərəb turistlərin sayı və xərclədikləri məbləğlər artmaqdadır. Ərəb turistlərin niyə Türkiyəni seçməsi ilə bağlı araşdırmada üzə çıxıb ki, onların səyahət seçimlərinə təsir edən amillərdən biri keyfiyyətli və sərfəli səhiyyə xidmətləridir. Deməli, inkişaf etmiş turizm üçün həm də, inkişaf etmiş səhiyyəyə də malik olmaq lazımdır. Turistlərin seçiminə təsir edən digər bir amil də ucuz alış-veriş imkanıdır. Xüsusilə tekstillə bağlı. Deməli, inkişaf etmiş turizm üçün həm də, inkişaf etmiş yüngül sənayeyə malik olmalısan. Başqa bir ciddi sahə qastronomiya turizmidir. Yəni, sən ölkənə gələn turistə mərkəzi küçələrində Mado, McDonalds və pizza restoranları, küçə mətbəxi adına da başqa yerlərdə gördüyü maraş dondurması, şabalıd və ya dönər təklif etsən turisti təəcübləndirə bilməzsən. Amma görmədiyi, dadmadığı məhsulla ona daha çox pul xərclədə bilərsən.
Ərəb turistlərin seçiminə təsir edən daha bir orijinal səbəb isə türk serialları imiş. Həmin serialların çəkildiyi yerləri görmək istəyi ilə yanaşı, türk həyat tərzinə yaranan maraq və rəğbət də ərəbləri Türkiyəyə gəlməyə təşviq edirmiş. Deməli daimi gəlirli turizm üçün həm də, öz mədəniyyətini satmağı (serialların nə qədər sənət nümunəsi olması mübahisəlidir, o öz yerində) da bacarmalısan. Ərəb seqmenti üçün bunu serialla edə bilərsən, qərbli turist üçün də Sumqayıtda dağılmış zavodların birində rok festival təşkil edərək. Əgər bizim ərəb turistə meşədə kababdan və gecə həyatından başqa satmağa məhsulumuz və xidmətimiz yoxdursa, niyə onları bu xidmətlərdən istifadə etdiyi üçün qınamalıyıq? Bu baxımdan ölkəyə gələn turistlərin sayını artırmaq işin asan tərəfidir. İşin daha önəmli və bacarıq tələb edən yanı isə, onları daha çox vəsait xərcləməyə təşviq etməkdir ki, bu da sadəcə turizm sektoruyla bağlı fəaliyyətlə məhdudlaşmır, daha kompleks xarakter daşıyır və dəyər zənciri formalaşdırılmasını tələb edir.
Xatirinizdədirsə, bir müddət öncə Bakıda Parisdən daha çox beş ulduzlu otel olması faktı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Bakıda Parisdən daha çox beş ulduzlu otel olsa da, Parisin hər hansı bir sənət qalereyasındakı sərgidən əldə edilən vəsait Bakıdakı bütün muzeylərin illik qazancından daha çoxdur. Ona görə də, daha çox turist cəlb etmək üçün lazım olan şey daha çox beş ulduzlu otellər yox, alternativ xidmətlər və hekayələrdir.
Gürcüstanın keçmiş prezidenti M. Saakaşvili Sığnaqi şəhəriylə bağlı açıqlamasında demişdi ki, biz bu şəhərlə bağlı bir sevgi əfsanəsi “yaratdıq” və şəhərin turizm hekayəsini həmin əfsanənin üzərində qurduq. Nəticə isə gözləniləndən də yaxşı alındı, indi Gürcüstanda bir xeyli insan evlənmək üçün bu kiçik şəhərə gəlir və şəhərin gəlirləri turizmlə birlikdə artmağa başlayıb. Azərbaycanda isə yeni hekayələr yaratmaq yerinə, əldə olanlar da bir-bir məhv edilir. Məsələn Hacı Muradın Qaxda yerləşən qəbri və əsərdə hadisələrin baş verdiyi yerləri əhatə edən bir turla ədəbiyyat turizminə marağı olan bir xeyli Tolstoysevərin diqqətini cəlb etmək olardı. Amma hələ də təəccüblü şəkildə qeyri-müəyyən qalır ki, Hacı Muradın məzarının açılıb cəsədinin Dağıstana aparılması nə məsələ idi?
Azərbaycanın 3 böyük qonşusunun əhalisi birlikdə 300 milyondan çoxdur. Bu ölkələrdən birində spirtli içkilər qadağandır, digərində həddindən artıq vergilər səbəbindən çox bahadır, bir digərində isə çox sevilir. Əminəm ki, ucuz içki və əyləncə vədi ilə İran, Türkiyə və Rusiyadan daha çox turist cəlb etmək olar, nəinki zəngin tarix və gözəl təbiət vədi ilə. Və ya Stalindən Rəsulzadəyə, Karlis Ulmanisdən Andrey Vışinskiyədək bir xeyli məşhur insanın həbs yatdığı, haqqında əfsanələr dolaşan Bayıl həbsxanasını muzeyə çevirməklə azmı gəlir qazanmaq olardı?
Əfsuslar olsun ki, son illərdə buldozerlərə yem edilən çoxlu sayda tarixi və memarlıq əhəmiyyətli bina da, özləriylə birlikdə bir xeyli maraqlı hekayələr apardı və onları bərpa etmək artıq mümkün olmayacaq.