Təbii artım bütün canlılara, o cümlədən insana, həyatın davam etməsi üçün DNT-nin verdiyi əmrdir. Bütün dövrlərdə insanların övlad sahibi olmaq istəmələri buna görədir. Hətta bu sahə ciddi gəlir gətirdiyi üçün tibb elminin xüsusi diqqətindədir. İnsan, sosial varlıq olduğuna görə min illər boyu DNT-nin bu əmrini yerinə yetirmək üçün özünə nişan-toy kimi teatral adətlər yaradıb. Libaslar dəyişib, ziynət əşyaları düzəldib, marşlar bəstələyib və s. Xülasə, bu adi təbiət hadisəsini insan, həyatının ən dəyərli hadisəsinə çevirib. Lakin, məsələnin məğzi dəyişməyib, bütün həngamə iki nəfərin cütləşib topluma yeni üzvlər verəcəyini elan eləməsinə görədir. Teatrallığın məqsədi isə öz mahiyyət sferasını genişləndirib.
Əvəllər toy mərasimlərinin məqsədi yalnız, cəmiyyətə “bu adamlar bundan sonra subay deyil” mesajını ötürmək idi. Sonralar bu məqsədə, dəbdəbənin dərəcəsinə görə cəmiyyətdə güvən qazanmaq, depozitə qoyulmuş pulları geri yığmaq elementləri də əlavə olundu.
Hazırda, sosial şəbəkələrin geniş yayıldığı dövrdə 400-500 nəfər insanın vaxtını alıb, onları iki fərdin ailə vəziyyətinin dəyişməsini elan eləmək üçün bir yerə toplamaq ağlasığmaz iş olsa da, keçən iki aya qədər hər gün rastlaşdığımız adi hadisə idi.
Dəbdəbəli toyları dəbdə saxlayan bir digər məsələ insanların güvən duyğusunun zəif olmasıdır. Özgüvəni daxili aləmdə, bilgidə tapa bilməyən toplumların nümayəndələri bunu maddiyyatın nümayişində tapır. Çünki toplumun gözündə toxunulmaz olan maddi zənginlikdir. Dəyərlərin mahiyyətə yox formaya görə verildiyi belə cəmiyyətlərdə bahalı əşya kimi bahalı toy da güvənilən, toxunulmaz adam olmaq üçün eyni funksiyanı daşıyır.
Mənəvi dəyərlər maddi dəyərlərlə bərabərləşdikcə bəzi xalqlar bu mənasız işə vaxt və pul itirdiyini qəbul edib ondan imtina elədi. Deyim ki, bu imtina üçün həm də iradə lazımdır.
Cünki toy, təkcə kino, kitab, hər hansı sənət növünü hobbi eləməyən gənc xanımların özlərini, zövqlərini təqdimat mərkəzi; itlərə pişiklərə xidmət göstərmək kimi məşğuliyyəti olmayan yaşlı xanımlara söz-söhbət yığıb bir həftə vaxt öldürmək vasitəsi deyil.
Toy həm də hər ailənin aylıq gəlirinin yarısını, bəzən hamısını 30-40 il müddətinə onun bunun büdcəsinə depozitə qoymaq maşınıdır. Uzun illər sonra bu payladığını bir gün övladının toyunda yığmaq intizarıdır. O toylara verilən borcu geri alanda hansısa problemi həll eləmək xəyalıdır.
Hər halda Mövlud Süleymanlı “xalqımın toy kimi adəti var” deyəndə təkcə “burdan eşidib, burdan oynamağı” nəzərdə tutmurdu. Bir insan ömrünün gündəlik planlarına ciddi təsir edən, büdcəsinə nəzarəti əlində saxlayan adətdən danışırdı.
Bu adət Şadlıq evləri, müğənnilər, bərbərxanalar, toy nişan dekorasiyası ilə məşğul olan sektorun işçilərinin də həyatını nizamlayır. Dinin tələb elədiyi aylarda bu sektorlarda işlər iflic vəziyyətinə düşür. İşçilərin maaşlarında kəsirlər yaranır.
Bundan başqa dəbdəbəli toy həm də bahalı “al-ver”dir, borc-xərclə alınan qızıl-ziynət, kreditlə alınan bahalı ev əşyalarıdır.
Nəticədə bu toylardan qazanclı çıxan kimdir? Toya nəmər salan qonaqlar, yığılan nəməri restoranla cehiz yaxud ziynət əşyası borcu arasında bölüşdürən toy yiyələri, yoxsa toya gələnlərə yenidən borclanan gənc cütlük, yaxud çəkilən xərcin 30-40 faizi qədər gəlir götürən valideyinlər? Belə cüzi fayda üçün bütün ailəni illərlə məhrumiyyətlərə məruz qoymağa dəyərmi?
Son aylarda həyat tərzimizi dəyişən virus qadağaları toy sektorunda çalışanları, o cümlədən toy edib xərclədiyi pulları geri yığacağını gözləyən valideyinləri də narahat elədi. İşin bəlkə də yaxşı tərəfi ondadır ki, toylarla bağlı qadağalar hələ də davam edir. Çünki heç bir azərbaycanlı 20-30 nəfərlə toy eləyib bir ömür gözlədiyi kapitaldan özünü məhrum eləmək istəmir.
Əslində toylarla bağlı qadağalar adətimizdə dəyişiklik eləmək, daha rahat həyat tərzinə keçmək üçün bir şansdır. İctimai iradə olsa, müəyyən təbəqə xərclədiyini yığmaqdan imtina eləsə, dəbdəbəli toy adətimizin təməli zədələnər, gələcək gənc ailələri toylara pul xərcləmək boyunduruğundan qurtarar. Dolayısıyla evlənmək asanlaşar.
Dostoyevski Cinayət və Cəza romanında deyirdi “Ağıl kömək etməsə – şeytan kömək edər.” Bəklə də koronavirus bizi ağlımızın xilas etməyə gücü çatmadığı toy kimi adətimizidən xilas edəcək şeytanın özüdür.