Məlum “toy serialı”nın və Azərbaycan bloqosferasının ən məşhur yeni blogeri, akademik Ramiz Mehdiyevin yazılarının ictimaiyyətdə böyük rezonans doğurduğu bu günlərdə, başqa müstəvilərdə də müstəsna maraqlı hadisələr baş verir.
Avqustun 24-də Qarabağ separatçılarının “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan qəflətən sensasiyalı bəyanatla çıxış etdi. Bir zamanlar cinayətkar Qarabağ klanının, Koçaryan-Sarkisyan hərbi səhra komandirləri rejiminin əsas liderlərindən biri olmuş, sonra isə həbsə atılmış bu odioz tipin yenidən dilə gəlməsi gərək ki, heç də təsadüfi olmayaydı.
İlk öncə Babayan, 2016-cı il olaylarının pərdəarxasından danışaraq deyib ki, o zaman Azərbaycan ordusunun mifik “Ohanyan müdafiə xəttini” dağıtdığı hücumundan dərhal sonra Prezident İlham Əliyev Kremllə danışığında, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini tərk etməyəcəyini Rusiya rəhbərliyinə açıq şəkildə bəyan edibmiş.
Bundan başqa Samvel Babayan Dağlıq Qarabağı Azərbaycanla birləşdirən və separatçıların “bufer zona” adlandırdıqları, işğal olunmuş beş rayonun azad edilməsi barədə Ermənistanla Azərbaycan arasında gizli Paktın hazırlanması barədə danışıb, deyib ki, saziş layihəsinin mətninə əsasən, Ermənistan Dağlıq Qarabağ ətrafı beş rayonun işğaldan azad edilməsi və silahsızlaşdırılması öhdəliyini öz üzərinə götürübmüş. Bu bəyanatdan belə anlamaq olar ki, tərəflər artıq sülh müqaviləsi üçün yol xəritəsi hazırlayıbmış. Lakin sonra erməni tərəfi bundan boyun qaçırıb.
Növbəti epizod Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyevin bəyanatında öz əksini tapıb. Hikmət Hacıyev faktiki olaraq Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun 14 iyulda “Exo Moskvı” radiosuna verdiyi müsahibədə qeyd etdiyi məqamları təkrar edib.
Polad Bülbüloğlu o müsahibəsində demişdi ki, 2018-ci ilin aprelində Ermənistanda “məxməri inqilab” baş verən zaman erməni tərəfi bizə diplomatik yollarla xəbər çatdırıb ki, lütfən bu dövrdə heç bir münaqişəyə yol verilməsin, ölkədə (yəni Ermənistanda) daxili proseslərin sona yetməsi gözlənilsin. Çünki inqilab nəticəsində iqtidara gələcək yeni rəhbərlik öz hakimiyyət şaqüllərini qurmalı, yeni kadrlarla dövlət strukturlarını yaratmalıdır. Bundan sonra isə 30 ildən çox uzanan və bütün regionun atmosferini zəhərləyən konflikti həll etmək üçün artıq yeni platformada danışıqlara başlamaq olar.
Polad Bülbüloğlunun keçən aykı müsahibəsindən də, Hikmət Hacıyevin bu günlərdəki bəyanatından da belə məlum olur ki, Azərbaycan tərəfi ermənilərin bu xahişini anlayışla qarşılayıb və qonşu ölkədəki bu proseslərin bitməsini gözləyib ki, iki dövlət arasında sülh danışıqlarına əsas yaransın. 30 ildən çox uzanan bu konflikt zamanında həqiqətən sülh tərəfdarı olan Azərbaycan istənilən imkanı hər zaman qiymətləndirib və bu dəfə də qonşu ölkədəki krizisdən istifadə edərək hərbi əməliyyatlara başlamayıb. Əksinə, həmin dövrdə hətta cəbhə xəttində gündəlik baş verən xırda toqquşmalar, snayper atəşləri də kəsilib. Azərbaycan bu zaman kəsiyində özünü verdiyi sözə uyğun centlmensayağı aparıb.
Əslində bu, tamamilə məntiqi cəhd idi, çünki ən elementar insani məntiqlə – biz, yəni hər iki xalq, istənilən halda qonşuyuq və bəşər tarixində də istənilən müharibə sonda sülhlə bitir, bitməlidir. Ermənistanda 1998-ci ildə hakimiyyətə gəlmiş Qarabağ səhra komandirlərinin cinayətkar klanı isə öz legitimliyini, erməni cəmiyyətindəki mənəvi üstünlüyünü məhz Azərbaycan torpaqlarının işğalında görürdü və onların devrilməsi, qonşu ölkənin siyasi səhnəsindən getməsi konfliktin sülhlə həll edilməsinə illüzor olsa belə, hansısa kiçik ümidlər verirdi. Əlbəttə ki, böyük qan tökülməsini kimsə istəməz, “ən pis sülh, ən yaxşı müharibədən üstündür” deyimini rəhbər tutan Azərbaycan iqtidarı da qonşu ölkədə hakimiyyətə gələcək qüvvələrə şans verməyi qərara aldı və ən elementar insani məntiq bunu deyirdi ki, qarşı tərəf də bunu nəzərə almalıdır.
Lakin məlum olduğu kimi, bu cəhd də tamamilə nəticəsiz qalıb. “Məxməri inqilab” nəticəsində iqtidara gələn və ölkədə islahatlara başlayan yeni Baş nazir Paşinyan Ermənistanda yerini bir az rahatladan kimi daşnaklardan daha ötə daşnak oldu, hətta “Qarabağ – Ermənistandır və nöqtə” kimi Azərbaycan tərəfini qıcıqlandıracaq təhrikedici bəyanat verdi. Qonşu ölkənin yeni, “demokratik təfəkkür” ideyalarına iddialı rəhbərliyi ona tərəf səmimi olaraq uzadılmış əlləri havada qoyaraq bir daha sübut etdi ki, Ermənistanda iqtidarda kimin olmasının Qarabağ məsələsinə heç bir təsiri yoxdur. Belə olan halda Azərbaycana sülh danışıqları üçün artıq heç bir şans tanınmır.
Qısaca olaraq, Samvel Babayanın dediklərini bizim rəsmilərin verdiyi bəyanatlarla tutuşduranda belə məlum olur ki, 1994-cü ildən bu günə kimi nə BMT-nin məlum qərarları, nə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan mənasız danışıqlar, nə də ikitərəfli razılaşmalar, yəni Rusiyanın çətiri altında (məs., Prezident Medvedevin zamanında, 2008-ci ilin payızında imzalanmış Mayndorf deklarasiyası, 2014-də Soçi danışıqlarının nəticələri və s.) birgə verilmiş qərarlar, hətta yuxarıda qeyd edildiyi kimi, 2018-də Ermənistanda baş verən “məxməri inqilab” zamanı sırf humanist anlamda onların xahişləri və sonrakı əməlləri belə heç bir işə yaramır, qarşı tərəf verdiyi sözü tutmur və hətta başqa tərəflərin iştirakı ilə imzaladığı şərtlərə də əməl etmir, beynəlxalq qanunlardan isə danışmağa dəyməz. Beləcə, qarşımızda heç bir qaydaya əməl etməyən, prinsip gözləməyən, bütün beynəlxalq və insani qanunlara tüpürən bir rəqib durur.
Açığını desək, belə bir şəraitdə havadan barıt qoxusu gəlir və bir daha konstatasiya etmək olar ki, mövcud şərtlərdə müharibə heç bir halda bizim seçimimiz deyil.
Bir il öncə “100 illik müharibə” məqaləsində qeyd etmişdim ki, “regiondakı hərbi-siyasi reallıqlar elə bir dalana dirənib ki, hazırda buradan hansısa real bir çıxış yolu görünmür. 30 ili artıq başa vurulmuş qarşıdurmada tərəflərin mövqeyi getdikcə daha da kəskinləşib. Bu illər ərzində dəfələrlə edilmiş cəhdlərə rəğmən nə vətəndaş sülhpərvər təşəbbüsləri, nə müxtəlif sülh platformaları, nə də dövlət tərəfindən edilmiş sülh cəhdləri real faydalara gətirib çıxarıb. 10 il əvvəl Türkiyənin cəhd etdiyi “futbol diplomatiyası” və Zürich protokolları da tamamilə nəticəsiz qaldı. İndiki prizmadan bütün bunlar artıq sadəcə müstəsna sadəlövhlük kimi görünməkdədir.”
Azərbaycan rəsmilərinin hazırkı davranışı buna çox bariz işarədir, yeni Xarici İşlər naziri Ceyhun Bayramovun Moskva səfərində kifayət qədər, rəsmi Bakının indiyədək səsləndirmədiyi kəskin bir tərzdə işğal altında qalmış torpaqlarımız haqdakı bəyanatları, eləcə də adı yuxarıda hallandırılmış Hikmət Hacıyevin Rusiya Müdafiə naziri Seygey Şoyqunun Bakıda Azərbaycan Prezidentinin sorğularına verdiyi cavabların tamamilə əsaslı olaraq bizim tərəfi qane etməməsi barədəki sözləri də buna dəlalət edir:
“Ermənistan münaqişənin hərbi həllinin olmadığını deyirsə, ilk növbədə, işğala son qoymalıdır. Son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir. Bu məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti qarşısında da qaldırılıb. Müxtəlif istiqamətlərdə Rusiyadan yüklərin daşınması həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir. Rusiya tərəfinin açıqlamaları bizi tam qane etmir. Suallarımız açıq qalmaqda davam edir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv şəkildə silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin.” (Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev).
Bunlara paralel olaraq Bakıda baş verən məlum “toy olayları” da açıq-aşkar Rusiyanın ölkəmizdəki məlum əsaslarına dərin zərbə vurmuşdur – bunun başqa adı ola bilməz. Belə görünür ki, Azərbaycan hakimiyyətinin Tovuz döyüşlərindəki gedişatdan sonra səbri tamamilə tükənib və şimal qonşumuzun konflikitin həllində hansısa, lap azacıq da olsa pozitiv roluna ümidləri birdəfəlik kəsilib. Bu səbəbdən rəsmi Bakı istər Ermənistana, istərsə də şimal qoşumuza qarşı çox kəskin bir ritorikaya keçib. Görünür ki, Ramiz Mehdiyev və məlum toy ətrafında baş verənləri də məhz regionda gedən böyük geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi nəzərə almaq gərəkdir.
Burada Rusiyanın, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin nədən Ermənistana hərbi daşınmalar etməsi kimi naiv suallar səsləndirməyin heç bir mənası yoxdur. Bu məsələdə şübhəlilərə və sualı olanlara qısaca onu qeyd etmək kifayətdir ki, bu ölkə Rusiyanın həm ikitərəfli qaydada, həm də ODKB (yəni “Putin NATO”-su) çərçivəsində rəsmən hərbi-siyasi müttəfiqidir, vəssalam.
Eyni zamanda bu günlərdə Ermənistan Müdafiə naziri David Tonoyanın qonşu ölkədə nizami orduya paralel olaraq könüllülərdən ibarət “xalq ordusu” yaratmaq haqdakı layihəsi artıq parlamentə təqdim olunub. Tonoyan bu layihəsini onunla əsaslandırır ki, yaxın zamanda başlaya biləcək böyük müharibədə Azərbaycanla Türkiyə birgə çıxış edə bilər və buna qarşı Ermənistanın nizami ordusu təklənməməlidir.
Gözlə görünən budur ki, Türkiyənin son zamanlar regiondakı xüsusi fəallığı erməni tərəfi dərindən narahat edir. Əlbəttə ki, bu, Rusiya və Türkiyə arasında uzun illərdir ki, Yaxın Şərqin müxtəlif nöqtələrində (konkret olaraq Suriya və Liviyada) davam edən geosiyasi qarşıdurmasının artıq Qafqazlara olan uzantısıdır. Bu anlamda Ermənistana Rusiyadan dayanmadan, mütəmadi davam edən hərbi hava daşınmaları fonunda öncəki günlərdə Azərbaycanda səfərdə olmuş Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın “Anadolu” agentliyinə verdiyi müsahibəsi xüsusi diqqətəlayiqdir:
“Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil.” (Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar)
Aydındır ki, bu addımı ilə Ermənistan 90-cı illərdəki kimi bütün dünyadan (Suriya, Livan, İordaniya və Fələstin və s. düşərgələrdə məşq keçmiş) erməni terrorçularını yenidən Qarabağa yığır. Lakin bu dəfə çətin ki, onlar döyüş zamanı hansısa əhəmiyyətli dönüş edə bilər, sadəcə bilməyimiz gərəkdir ki, belə olan halda onların itkiləri bizimkindən şərti olaraq “100 min nəfər” az olacaq.
Belə bir praktikaya nasist Almaniyasının aqoniyası dövründə, 18 oktyabr 1944-cü ildə Volkssturm formasında müraciət edilmiş, yəni ölkənin 16 yaşdan 60 yaşa kimi bütün mülki kişi əhalisi (bir qədər sonra tamamilə yeniyetmələrdən (13-16 yaş) təşkil olunmuş Hitlerjugend də bura əlavə edildi), bunlardan başqa qadın könüllülər (nasizim ideologiyasının qatı maskulin dominantası şəraitində) də bu “xalq ordusuna” cəlb edilmişdilər, lakin bunlar, ölümə məhkum edilmiş III Reich üçün xilas olmadı.
Əslində, 90-cı illərdə bütün dünyadan Qarabağa vuruşmağa gəlmiş erməni terrorçularının da müharibənin gedişində elə bir rolu olmadı. 1992-ci ilin yayında Əsgəran ətrafında erməni terrorçularının bütöv bir “Arabo” (yəni ki, “ərəblər”, Livan və Suriyadan Qarabağa yığışmış bu terrorçular dəstəsi Gəncə özünümüdafiə batalyonunun komandiri Mehman Ələkbərovun başçılğı ilə Həsənqaya adlı ərazidə məhv edilmişdi) batalyonu, həmçinin məşhur terrorçu Monte Melkonyan da 1993-ü yayında bizimkilər tərəfindən məhv edilmişdi. Qeyd edək ki, həmin dövrdə ordumuz əsasən təlim keçməmiş könüllülərdən formalaşdırılmışdı, hazırkı Azərbaycan ordusunun hazırlığı ilə müqayisə edilə bilməz. Terrorçular, görünür, bu dəfə böyük itkiləri ört-basdır etmək üçün anonimlərdən ibarət “top əti” rolunu oynamalıdır.
Yuxarıda qeyd edilənləri nəzərə almalıyıq, çünki Qarabağda aparılacaq əməliyyat da zatən dünyaya anti-terror əməliyyatı kimi təqdim olunacaq.
Bu hadisələr sonda həqiqətən də böyük müharibəyə gətirib çıxaracaqmı, ya yox – indi bunu kimsə deyə bilməz. Lakin neçə gündür sosial şəbəkələrdən səsi kəsilməyən toy sədaları altında ətrafa barıt qoxusu saçılır və bu da, günümüzün danılmaz reallığıdır.