Norveçdə yaşayan yazar Gunel Mövludun avtobioqrafik “Düşərgə” romanı “Apostrof“ nəşriyyatında işıq üzü görüb.
“Düşərgə” romanı müəllifin işıq üzü gorən ilk nəsr əsəri olsa da, yazılma xronologiyasına görə ikinci romanıdır. Müəllifin bir il əvvəl qələmə aldığı “Qorxu” adlı romanı hazırda Norveç nəşriyyatlarının birinin sifarişi ilə norveç dilinə çevrilməkdədir və payızda dərc edilməsi planlaşdırılır.
Gunel Mövlud 1981-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub, ibtidai orta təhsili Rusiyada alıb. Qarabağ müharibəsi nəticəsində 1993-cü ildə köçkün düşdüyü üçün qalan orta təhsili 5 fərqli məktəblərdə almağa məcbur olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. “Kino+”, “Alma” kimi yaradıcı gənclik qəzetlərində müxbir kimi fəaliyyətə başlayıb, sonralar köşə yazarı və publisist kimi tanınıb. Azadlıq Radiosunda köşə yazarı, Meydan TV–də bloq redaktoru və publisist kimi fəaliyyət göstərib. BBC–nin Bakı ofisi üçün “Cənubi Qafqazın tabuları” adlı jurnalist layihəsini yaradıb.
2008-13 illər ərzində 3 şeir kitabı dərc edilib. Şeirləri rus, ingilis, alman, gürcü, erməni, ukrayna və norveç dilinə çevrilib.
2016-cı ildə ICORN beynəlxalq təşkilatının “Azad Şəhər” layihəsi çərçivəsində Norveçin Levanger şəhərinə qonaq yazıçı qismində dəvət edilib. Norveçdəki ədəbiyyat festivallarında, poeziya gecələrində, qadın haqları ilə bağlı tədbirlərdə uğurla iştirak edir və bu ölkənin mətbu orqanlarında yazılarla çıxış edir. Norveç PEN–inin üzvüdür.
Qəddar, öldürücü bir realizm. 1993-cü ilin dəhşətli yayı. Qanlı etnik müharibə nəticəsində doğma yurdlarından, evindən–obasından qaçqın düşmüş, taleləri bir kütlədə, Azərbaycanın cənubunda çöllərdə, cəhənnəm istisində tələm–tələsik qurulmuş düşərgədə qarışmış minlərlə adam. Qapqara karmanın hökmü ilə cəhənnəmi yaşamağa sürüklənmiş adamların timsalında təsvirəgəlməz miqyasda insan faicəsi və paralel olaraq ifrat-bayağı, addımbaşı müdhiş dalanlarla dolu “Düşərgə“ adında bir labirint-karvanal.
Müəlliflə söhbətdən:
”Əsərdə darmadağın olmuş xeyli insan taleyi var. Müharibədən, insanların əlacsızlığından istifadə edən əclaflar, düşərgədə oğlan uşaqlarının zorlanması, qadınların aldığı pambıq pullarını kişilərin aparıb fahişələrə xərcləməsi, qızların menstruasiya günlərində yaşadığı zülümlər, az sayda kitab oxuyan adamlara edilən lağlağılar, düşərgədə nəzarətsiz qalmış, çadırında kişi olmayan qadınların zorlanması, qaçqınlara nümayəndə seçilənlərin özbaşınalıqlarının təsvirləri var…“
Həmin dövr Azərbaycan tarixindən, yəni 1993-cü ilin yayından yaddaşımızda nələr qalıb? Gəncə qiyamı, Surətin tankları, Heydər Əliyevin Bakıya gəlişi, Elçibəyin Kələkiyə qaçışı, qızğın parlament debatları, Ağdərənin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının işğalı. Böyük hərbi və ictimai kataklizmlər, qüdrətli dövlətlərin regiondakı geosiyasi iştahları, azğın hakimiyyət davası, həriscə vəzifə bölgüsü və total siyasi-mənəvi pozğunluq. Bunlar bəlli.
Yaxşı, bəs “kiçik insanlar”, hərbi səbatsızlığın günahsız qurbanları, milyonların statistikası içində itmişlər, həyatı qumara qoyulmuş, siyasi alverin obyektinə çevrilmiş kütlələrin adsız insanları – onların taleləri kimsəyə məlumdurmu?
Romandan parça:
“Su növbələrində ancaq qadınlar dayanırdı, çox vaxt onların arasında buna görə dava da düşürdü. Kasıblıq, şəraitsizlik, aclıq bir yana qalsın, allahın suyunu belə növbəylə əldə etmək qadınların hövsələsini daraldır, əsəblərini gərirdi. Elə ki dava düşdü, onlar inanılmaz qəddarlıqla bir-birinin saçlarını yolur, üzünü cırmaqlayır, əl-qolunu dişləyir, hətta paltarlarını cırıb əyinlərindən çıxarırdılar. Bütün bunları isə bir qayda olaraq, çoxmərtəbəli söyüşlər, vahiməli qarğışlar müşayiət edirdi.
Həmin vaxt cəmi on iki yaşım olsa da, mənim də əsəblərim korlanmışdı. Musluqdan həm özümüz, həm də nənəm üçün su götürməli olurdum. Nə vaxt lazımi qədər su götürə bilməsəm, nənəm məni yaxşıca danlayır, anam isə başıma bir-iki qapaz çəkib:
– Maymax köpəkqızı, xalxın qızlarını dəyirmana ölü salırsan, diri çıxır, – deyirdi.
Danlanmayım, döyülməyim deyə su götürərkən sərt olmalı, növbəmi kimsəyə verməməliydim. Bir dəfə növbə üstündə elə öz kəndimizdən olan bir qızla dalaşdım. O, məndən bir neçə yaş böyük olardı, düşərgədə həmin yaşda qızlara “ərrik qız” deyirdilər. Yaşca məndən böyük olmasına baxmayaraq, davada əli yoxmuş. Pişik cəldliyi ilə onun üz-gözünü cırıb saçlarını yola bilmişdim. Xalatının yaxasını cıranda qızın məməsi küpürü köhnəlmiş lifçiyindən çölə çıxdı. Yazıq, yaxasını tutub çadırlarına qaçdı. Həmin axşam qızının qolundan tutub çəkə-çəkə bizim məhəlləyə gətirən anası Eyzan xala nənəmə o ki var şikayətlənmişdi.
Nənəm qadının könlünü “uşaqdı, nə qanır o?” kimi sözlərlə alıb geri yollayandan sonra bizə sarı çevrilmiş və belə demişdi:
– Lap əcəb eləyib! Fağıra əppək yoxdu bu dünyada…
Bu cür davalardan cəmi bir neçə gün sonra bir-birini döyüb-söyən, qarğayan, az qala, qanına qəltan edən qadınlar barışır, heç nə olmamış kimi qonşuluqlarını davam etdirirdilər. Çünki düşərgədə hər gün o qədər əcaib hadisə baş verirdi ki, hər şey sürətlə unudulurdu…”
Romanda cərəyan edən hadisələri bir növ “kiçik insanların” xronikası adlandırmaq olar.
Çağdaş Azərbaycan tarixinin ən təlatümlü, ən fəlakətli bir zamanında qəddar taleyin hökmü ilə sosial həyatın dibinə atılmış bu insanların öz torpaqlarında, yaşadıqları məskənlərindəki modus vivendi – yəni oradakı ənənəvi həyat tərzi və bununla əlaqəli “abırlı” obrazları tamamilə dağıdılmış, baş vermiş fəlakətlərin nəticəsində bütün mövcud kültür və ictimai laylar, ləyaqət və ədəb anlayışları aradan yerli-dibli silinmiş, nəticədə bütün müqəddəs kitablarda allahın surəti ilə yaradıldığı iddia edilən, monoteistik dini baxışlara görə əşrəfi-məxluqat olan insan övladının tamamilə qorxunc və eybəcər-müdhiş sifətləri üzə çıxmışdı.
Bu səbəbdən əsərdə kifayət qədər qabarıq şəkildə verilən bir sıra mənfi insani keyfiyyətlər oxucunu əsla təəccübləndirməməlidir. Müharibə yalnız hərbi əməliyyatlar, ölümlər və itkilər, dəhşət və faciələr deyil, eyni zamanda sındırılmış talelər və bu fonda aşınmış insan mənəviyyatıdır. Maraqlıdır ki, çağdaş Azərbaycan ədəbiyyatında bu mövzular indiyə kimi yetərincə işlənilməyib.
Müəlliflə söhbətdən:
“Romanda feminist xətt başlıca deyil, amma bu yöndə bir çox mesajlar verilib. Lakin bu feniminstik notlar əsərdə aktivizm ruhunda deyil, çox orqanik tərzdə alınıb. Çünki qaçqın düşərgəsində əsas yük qadınların üstünə düşürdü, başlıca fədakarlığı qadınlar edirdi. Qadınlar qızmar günəş altında qəpik-quruş uğrunda pambıq yığır, cəhənnəm istisində yemək bişirir, gigiyenanın əslən mövcud olmadığı şəraitdə paltar yuyur, eyni zamanda gizlin yaşamalı, nəzərə çox çarpmamalı, səs-səmirsiz olmalı idilər. Kişilərinsə işi-gücü yalnız domino çırpmaq, kart oynamaq, vaxtı boş-boşuna keçirmək idi, çox zaman da bunları qazılmış tualetlərin önündə edirdilər.“
“Düşərgə” həm ideya, həm də ifa cəhətdən bütün arxitektonikası ilə memuaristika romanıdır.
Bu əsərdə Günel Mövlud həmin dövrün qaçqın düşərgəsindəki məşum realizmini az qala lap kiçicik detallarına kimi, sanki böyüdücü şüşə altından oxucuya təqdim edir.
Alman dilində Weltschmerz adlı bir termin, anlayış mövcuddur. İki kökdən – Welt (“dünya”) və Schmerz (“ağrı”) – ibarət olan bu söz “Dünya(nın) ağrısı” anlamını verir. İlk dəfə XVIII əsr alman yazıçısı Jean Paul tərəfindən işlədilmiş bu ifadə (dünya ağrısı, dünya kədəri) əslində pessimist təfəkkürdür, bəşər və onun taleyi barədə ümidsiz düşüncələrində xəyal qırıqlığı keçirən yazarın və fikir insanının melanxoliyasının ifadəsidir.
Bu anlamda çox maraqlıdır ki, qaçqın düşərgəsində baş verənlər romanda 12 yaşlı bir qızın optikasından, oxucunun gözləri önündə sanki bir kino lenti kimi canlandırılan müdhiş səhnələr onun uşaq (eyni zamanda qəflətən yetkinləşməyə məcbur edilmış bir insan) baxış bucağından verilir.
Romandan parça:
“Yeməkləri “kirəqaz” deyilən, mazutla işləyən kustar plitədə bişirirdik. Həmin kirəqazları qaçqınlara İrandan gələn humanitar təşkilat paylamışdı. Kirəqazlardan çadıra dəhşətli isti ilə bərabər güclü mazut qoxusu yayılırdı. Bu qoxunu kirəqazın üstündə hazırlanmış yeməklərin dadında aydın hiss etmək olurdu. Əhalinin düzgün yandırıb-söndürməyi hələ öyrənə bilmədiyi kirəqazlar həftədə, ayda bir dəfə alovlanır, çadırlardakı əşyalar od tutub yanmağa başlayırdı. Bəzən adamlardan da xəsarət alan, hətta yanıb ölənlər olurdu. Biz belə yanğınlar barədə çox vaxt uzaqdan eşidir, arabir isə özümüz də onun şahidinə çevrilirdik.
Kirəqazın qurbanlarından biri də anamın qohumu, iyirmi dörd yaşlı, iki uşaq anası Güllü idi. O, çadırın içindən qəfil, bütün bədənini alov bürümüş halda, çığıra-çığıra çıxıb qaçmağa başlamışdı. Qonşu qadınlar, kişilər yerdəki ədyalları, döşəkcə əvəzi sərilmiş köhnə pencəkləri qapıb Güllünün arxasınca götürülmüş, yaxalayıb yerə yıxmışdılar, əllərindəki şeyləri onun üstünə ataraq birtəhər alovu söndürmüşdülər. Güllünü Bakıya aparmışdılar, üç gündən sonra ölüm xəbəri gəlmişdi. Həmin vaxt Güllünün əri hələ də davam edən müharibədə idi, buna görə də, yetim qalan iki körpə oğlunu düşərgədə, qonşuluqda yaşayan əmiləri və əmisi arvadı himayəyə götürmüşdü.”
Əsərin problematikası yalnız qapalı məkan, bir növ Terra incognita olan düşərgə çərçivəsində məhdudlaşmır, həmin illər Azərbaycanındakı ümumi qürub atmosferinin, tənəzzül ab-havasının təsviri də verilir. Əslində isə həmin atmosfer o dövrdə yenicə dağılmış və total insan faciələri ilə müşayiət olunan bütün sovet imperiyasının nəhayətsiz məkanlarında baş verirən fəlakətli proseslərin ifadəsi id.
Müəlliflə söhbətdən:
“Həmin dövr ölkənin də ən kasıb zamanları idi, sovet vaxtı yaradılmış infrstruktur da süqutunu yaşayırdı. Azərbaycanda insanlar ən adi, elementar ehtiyaclarını – çörəyi, ərzağı, gigiyenik vasitələri böyük növbələrdə, basabasda məşəqqətlə əldə edə bilirdi. Ən elementar şəraitdən belə məhrum edilmiş insanlar daima həyat uğrunda mübarizə aparmalı idilər. Ölkənin özü həmin dövrdə böyük bir düşərdəni xatırladırdı. Vəziyyət zamanla, çox-çox sonralar dəyişdi, gənclər düşərgəni tədricən tərk edib şəhərlərlə köçdülər və qaçqın düşərgələrində yalnız qocalar və imkansızlar qaldı.“
Romandan parça:
“….Bu, o vaxt idi ki, köçkünlərin bir-birinə qonaq getməsi əməlli-başlı fədakarlıq tələb edirdi; üstəlik, həmin illərdə təkcə qaçqınların, köçkünlərin deyil, bütün ölkənin ən yoxsul zamanları idi. Rayonlarda, şəhərlərdə insanlar saatlarla, bəzən günlərlə çörək növbəsinə dayanır, bəzən bu uzun növbələrdən belə əliboş qayıdırdılar. Ən vacib ərzaqlar, ən ucuz gigiyenik vasitələr böyük çətinliklə tapılırdı. Rayonlar, şəhərlər arasında normal nəqliyyat belə yox idi. Yollar bərbad, avtobuslar sınıq-salxaq, gəliş-gediş haqqı isə bahaydı. Bütün bu çətinliklərə baxmayaraq, müxtəlif rayonlarda, şəhərlərdə, düşərgələrdə, dövlət idarələrində məskunlaşmış köçkünlər bir-birlərinə qonaq getməyə imkan tapa bilirdilər. Belə səfərlər zamanı qonaq gələn də, qonaq qarşılayan da, adətən, dədə-baba yurdlarını, doğma evlərini, keçmiş günlərini xatırlayır, bol sovqatla qonaq getdikləri, ürəklə, min cür naz-nemətlə qonaq qarşılaya bildikləri vaxtların xiffətini çəkirdilər.”
Keşməkeşli düşərgə həyatının gur dövrləri və tədricən sönükləşməsi romanda məharətlə işlənib. Burada qızğın tarixi-siyasi hadisələr fonunda bir neçə nəslin: yaşlı nəsil olan müəllifin nənə və babasının, orta nəsil kimi ana və atasının, eyni zamanda gənc nəslin də taleyini izləyə bilərik.
Talelərin bolluğu ümumiyyətlə romanın rəngarəng palitrasının başlıca məhvəridir: müharibənin, köçkünlüyün darmadağın edib 180 dərəcə dəyişdirdyi talelər, onlardan üz çevirmiş qədərini dəyişmə gücü tapan dəvəçi Səmayə, yaxud Hüsran müəllim və onun düşərgədəki səfil həyata sürüklənmiş ailəsi bu qəddar müqəddəratı qəbul edə bilmir, mənəvi aşınmada hətta ideal ailə münasibətləri də deqradasiyaya uğrayır.
Həyatının sonuna yaxınlaşan dövrdə amansız qədərin hökmü ilə qəflətən dalana dirənmiş taleyi ilə üzləşən yaşlı nəsilin aqibəti isə müstəsna üzücüdür, çünki onlar artıq sağ ikən ölümə məhkum edilib.
Romandan parça:
“Köçkünlük, yaşadıqları yarıac-yarıtox həyat babamı daha da əsəbi etmişdi. Onun kəndimizdəki şuxluğundan, zarafatcıllığından heç bir əlamət qalmamışdı. İndi babamın tək dərdi nənəmi, balaca dayımı və özünü dolandırmaq idi. Xalalarım hələ kənddə ikən ərə getmişdilər. Qoyunlarını satmağa məcbur qalandan sonra babamın həyat eşqi ölmüşdü. Qoyun sürüsünün, illərlə ona yoldaşlıq edən Toplan və Tərlan adlı iki yekəpər itinin, ucsuz-bucaqsız, yaşıl çöllərin xiffəti babamı qaraqabaq, acıdil qocaya çevirmişdi. Babamın çoban həyatından qalan tək xatirəsi, toppuz başı parıldayan çomağı otağın bir küncünə söykənib, qalmışdı. Hərdən, axşamlar qonşuluqdan it hürüşməsi eşidiləndə, babam uzun illərin vərdişi ilə, yerindən sıçrayaraq, çomağını götürüb, cəld çölə çıxırdı. Ömrünü dağlarda, gül-çiçəyin arasında mahnı oxuyaraq, təmiz hava udaraq keçirən babam indi qısılıb qaldığı bu iki otaqda sanki qəfəsə salınmış pələng idi. O, səhərlər oyanır, köhnə ülgüclə üzünü qırxır, əl-üzünü yuyub bir stəkan çay içir, kəndin kövşənlərinə çıxıb gəzişirdi. Hardasa qoyun otaran bir adam görəndə gedib onunla danışmağa cəhd edir, özünün keçmiş çoban həyatından, şəxsi sürüsündən, heyvanları bu yaxında satmağından danışırdı.”
Keçən əsrin 90-cı illərində baş vermiş fəlakətlər, Azərbaycanın cənub-qərb ərazilərinin işğalı, labüd ölümdən yaxa qurtarmış qaçqın axınlarındakı insanların kollektiv və fərdi faciələri, dövlət çevrilişi cəhdləri, baş verən köklü hərbi-siyasi kolliziyalar və tektonik iqtisadi-mənəvi böhran 00-cılar nəsli adlandıra biləcəyimiz yazıçıların yaradıcılığının başlıca əksinə çevrildi. Müstəqillik dövrü ədəbiyyatının bu simaları – Seymur Baycan, Əli Əkbər, Günel Mövlud və b. – onlardan öncəki, sovet ədəbiyyatının təqdim etdiyi “ideoloji istixananın” ilıq imtiyazları çərçivəsində yetişmiş nəslindən tamamilə fərqli, məşhur self-made man ifadəsinə uyğun, yəni tamamilə öz-özünü yetişdirmiş fərdlər kimi ədəbi meydana gəldilər.
Onların kimsəyə xoş gəlməyəcək qələmi iti, sərt və acı idi, Əli Əkbərdə bu öldürücü ironiyanın bomba kimi partlayan qəhqəhəsi, Seymur Baycanda hədsiz-bucaqsız melanxoliya, Güneldə isə sərhədsiz qadın dirənişi-üsyanı kimi interpretasiya ediləcək üslub və tərzlərlə peyda olanda bunun yalnız və yalnız “Dorian Gray portreti”nin effekti olduğunu bir kimsə düşünməmişdi.
“Düşərgə” romanının sonunda müəllifin öz taleyinin də qısa bir xronologiyasi var.
12 yaşlı qız uşağı qədərin acı hökmü ilə Dantenin cəhənnəminin alleqoriyası olan bu “Düşərgə” adlı məchul məkandan özünü necə xilas edəcək? Müqəddaratın “alın yazısı” kimi verdiyi bu karmik tilsimi necə pozacaq və xilasını necə tapacaq?
Bu mübhəm sualların cavabları romanda bəlkə də yeganə işıqlı və ümidverici səhifələrdir.