I
Ağ Partiyanın ofisinə getməli idim. Hələ karantindən əvvəl onları ziyarət edəcəyimə söz vermişdim – həm Tural Abbaslı, həm də onun müavini Əhəd Məmmədli ilə köhnədən qalan yaxşı münasibətlərim var. Bir tərəfdən də Sevda Sultanova və Aygün Aslanlı AzLogos üçün Turaldan müsahibə götürəcəkdi, mən də düşündüm ki, onların məndə hər zaman maraq oyadan müsahibə texnikasını iş başında canlı izləyim.
Pandemiyaya görə metro hələ bağlıdır. Əhmədlidən Turalgilin yeni ofisinə – Lider TV-nin binasına getmək üçün üç avtobus dəyişməli idim. Taksi götürməkdən başqa yolum qalmamışdı.
Sən demə, Lider TV-nin maddi vəziyyəti acınacaq vəziyyətdə imiş, dövlət də onların binasını əllərindən alıb, 10 müxalifət partiyasına ucuz qiymətə ofis kirayə verib. Ağ Partiyaya da binanın 5-ci mərtəbəsində geniş dəhlizə açılan dörd otaqlı ofis ayrılıb. Anladığım qədəri ilə, partiyaların ofislə təmin edilməsi iqtidar-müxalifət dialoqu çərçivəsində atılan addımlardan biridir. Partiyaların ofislərində İnternetə çıxışla bağlı problemlər hələ qalır, amma onların da həll ediləcəyi artıq deyilib.
Mən Ağ Partiyanın ofisinə gəlib çatanda Tural orada deyildi, İnternet televiziyalarının birində deputat Elman Nəsirovla canlı debatda idi. Əhəd başda olmaqla partiyanın başqa funksionerləri İnternet yaxşı tutan otaqda yığışıb debatı izləyirdilər. Debat moderatorun nəzarətindən çıxmışdı, ona qaraqışqırıq demək daha doğru olardı. Elman Nəsirovun Sən Milli Şurada olmusan! Sən Müstəqil Azərbaycan Universitetində oxumusan! Sən pulla partiya almısan! kimi hayqırtılarını eşidib ovqatım təlx oldu, təzyiqim oynadı. Ürəkbulanmamı bir təhər sıxıb dəhlizə çıxdım.
Elman Nəsirov İdarəçilik Akademiyasında mənim müəllimim olub. Onda da YAP üzvü və hökumətin siyasətinin fəal müdafiəçisi idi, amma mənim yaddaşımda adekvat, məlumatlı, təmkinli bir müəllim kimi qalmışdı. Ona görə də Elman Nəsirovun çıxışlarını bu gün görəndə hər dəfə, hər dəfə inkisari-xəyal yaşayıram.
Elman müəllim əslən cəlilabadlıdır, kasıb ailədə böyüyüb, öz iradəsi hesabına ağır yoxsulluğun məhrumiyyətlərinə sinə gərib, yaxşı təhsil alıb, elmlə məşğul olmağa başlayıb. ABŞ-ın daxili və xarici siyasəti üzrə ixtisaslaşıb və öz sahəsini çox gözəl bilir. Bürokratik dildə desəm, Elman Nəsirov yaxşı kadrdır – yaxşı kadrlardan isə yaxşı istifadə eləmək lazımdır. Yaxşı kadrları xərcləmək bağışlanmaz günahdır. Deputat olandan sonra Elman Nəsirovun keçdiyi müdhiş metamorfoz isə, təəssüf ki, banal xərclənmə prosesindən başqa bir şey deyildi.
Elman müəllim haqqında lirik ricətə görə üzr istəyirəm. Bu yazıda məqsədim əslində Turaldan danışmaqdır.
II
Tural Abbaslı 18 yaşından siyasətdədir, ona görə də siyasətlə, ictimai həyatla bir balaca maraqlanan hər kəs onu çoxdan tanıyır. Mən tusovkada olduğuma görə Turalı həm də şəxsən tanıyırdım – daha çox salam və sağ ol səviyyəsində. Turalla daha yaxından tanışlığımız isə 2013-cü ildə qəribə bir vəziyyətdə baş tutmuşdu.
Bir tədbirdən sonra uzun küçə ilə aşağıya doğru addımlayırdıq, yolboyu Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlik məsələsi üstündə Tural və Milli Şura üzvü olan başqa bir gənc siyasətçi qızğın mübahisə edirdi. Tural özü də Milli Şuranın üzvü olduğuna görə ictimai çıxışlarında partiya xəttindən kənara çıxmazdı, amma şəxsi söhbətlərdə tənqidlərini də açıq deyərdi. Turalın fikrincə, İbrahimbəyovun namizədliyi uğursuz və baş tutmayacaq addımdan başqa bir şey deyildi. Milli Şura onu namizəd seçməklə özünü dalana dirəyəcəkdi və qiymətli vaxtını itirəcəkdi. Onun opponenti, əlbəttə ki, razılaşmırdı, xeyli əks arqument gətirirdi. Həmin söhbətdə Turalın dediklərinin nə qədər düzgün olacağını bir neçə aydan sonra hamı görəcəkdi. İndi isə tusovka Bakıda Rüstəm, gəl! qışqırırdı və Tural azlıqda idi.
Birdən söhbət necəsə gəlib Suriya hadisələrinin üstünə çıxdı. Turalın ötəri dediyi bir dərin müşahidə məni heyrətləndirdi. Mən insanları bəlkə yaxşı tanıya bilmirəm, amma onlar öz fikirlərini deyirlər, yoxsa kimisə tutuquşu kimi təkrarlayırlar – bunu dərhal sezirəm. Turalın dediyi də şübhəsiz onun özünün gəldiyi qənaət olmalı idi.
Çox güman, Turalın dediyini mən çoxdan internallaşdırıb öz fikirlərim içərisində əritmişəm və indi mənə öz fikrim kimi gəlir. Ona görə də Turalın həmin fikrini heç cür təcrid edib sitat kimi yadıma sala bilmirəm. Təkcə onu deyim ki, Tural sünnidir, mən şiəyəm, bu baxımdan Suriya hadisələrində hər ikimizin razılaşacağı fikir həqiqətən də dərin olmalı idi.
Ondan sonra hər dəfə tusovkada Tural haqqında söhbət düşəndə dost-tanışdan çaşqınlıqla soruşardım – siz niyə Turala molla, taliban deyirsiz ki? – məni qane edən cavabı isə heç vaxt almazdım.
Bu cavabsız sualın izi ilə səyahətim məni yavaş-yavaş nəinki Turalla, həm də onun yaxın silahdaşı, ondan daha mühafizəkar, daha dindar, daha ənənəçi Əhədlə də dostlaşdırdı.
III
Axşam məhəllə dükanına siqaret almağa düşmüşdüm. Təzə maşınını yumaq üçün üç çılpaq qızla qonaqlıq təşkil edən, onlara meyxana oxutduran biznesmenin əhvalatı bütün Bakıda gündəm olan vaxtlar idi. Dükana yığışan qonşular da hər biri öz açarında bu mövzunu müzakirə edirdi.
Bu vaxt dükana bir cavan oğlan daxil oldu. Ştuçnı siqaret alacaqdı, qulağı təsadüfən dükanda gedən söhbətlərə sataşdı. Ağzından od buraxan əjdaha görmək istəyən varsa, gəlsin Əhmədlidə həmin oğlanı tapıb danışdırsın. Düz iki dəqiqə bu cavan oğlanın ölkədə baş alıb gedən əxlaqsızlıq, pozğunluq, milli-mənəvi dəyərlərin aşınması, ləyaqətin itməsi haqqında qəzəbli mülahizələrini dinləməli olduq.
“Açın TikToku, baxın, görün cavan qızlar, uşaqlar nə oyun çıxardırlar, əxlaqsızlıq necə baş alıb gedir!”
Bu yerdə dükançımız müştərinin iki dəqiqəlik monoloqunu pozub fağır səslə TikTok nədir ki? soruşdu. Cavan oğlan udqundu.
TikTok sözünü mən də ilk dəfə həmin bu filippikada eşitmiş oldum.
Cavan oğlan başımızı ağrıtdığı üçün üzrxahlıq edib gedəndən sonra dükançıdan onun kim olduğunu soruşdum. Məhəllədə heç vaxt görməmişdim, hərçənd bütün ömrümü burada yaşamışam.
“Savadlı oğlandır,” – dükançımız dedi, – “Universiteti qurtarıb, indi də iş tapa bilmir.”
Bir sözlə, youth bulge. Sonra da onu müşayiət edən youth unemployment.
Azərbaycan dilinə necə tərcümə edəcəyimi bilmədiyim bu termin – hərfi tərcümədə gənclər qabarıqlığı – ölkənin demoqrafik strukturunda gənclərin payının kəskin artmasını ifadə edir. Vaxtında gənclərin ehtiyacları qarşılanmasa, onlar işlə təmin edilməsə, onlara perspektiv yaradılmasa, bu artım özü ilə iqtisadi, sosial və son nəhayətdə siyasi təbəddülat gətirir.
Hələ 1980-cı illərin sonlarına doğru ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi təkcə Azərbaycan SSR-də müşahidə olunan youth bulge əsasında bizim yaşayacağımız xaotik, keşməkeşli hərc-mərclik illərini ümumi sözlərlə öncədən təxmin edə bilmişdi. MKİ həmin sənədin məxfilik qrifini götürərək İnternetdə yerləşdirib, istəyənlər axtarıb oxuya bilər.
Bu gün də Azərbaycan gənc ölkədir. Əhalinin hər üç nəfərindən biri 14-29 yaş arasında yeniyetmə və gənclərdir. Bu gənclər müstəqil həyata atılarkən onları dəstəkləməli olan təsisatlar isə yetərli deyil. Təhsilin səviyyəsi hər kəsə aydındır, peşə təhsili ümumiyyətlə yerlərdə sürünür. Gənclərin ixtisaslı işçi qüvvəsinə inteqrasiyasını təmin edəcək və ya onların öz bizneslərinə başlamasına yardım edəcək mexanizmlər adekvat deyil. Onların mədəni və sosial həyatı üçün ölkənin təklif etdikləri ancaq kafe, restoran, çayxana və toyxanadır. Rusiya, Türkiyə bazarları doyub, bu ölkələrə köçüb həyata sıfırdan başlamaq da çətinləşir. Gənclərin həyatdan böyük gözləntiləri var, cəmiyyət isə onları tez-tələsik evləndirməkdən başqa ciddi bir iş görmür.
Bir sözlə, ölkədə gözləntiləri doğrulmayan böyük bir gənclər ordusu var. Turalın bu gün artan populyarlığının bir səbəbi də onlardır.
Tural uzun müddət Müsavat partiyasının Gənclər təşkilatının sədri olub, birbaşa gənclərlə işləyib. Gəncləri yaxşı tanımaqla bərabər, onların dərd-sərindən xəbərdardır, onların dilində danışır, onların arzu və istəklərini dilə gətirir. Marksın dediklərini parafraz etsək, Azərbaycanda gənclər özlərini təmsil edə bilmirlər, onları kimsə təmsil etməlidir. Tural da onları təmsil etməyə çalışır.
(Bir dəfə də Tural fenomenini izah etmək üçün – onda hələ populyar deyildi – Marksdan yoxsa Hobsbaumdan sitat gətirmişdim deyə tusovka məni möhkəm linç edib, amma neynək, yenə də risk edim.)
Bəlkə də buna görə Tural bu gün TikTok və Instagram kimi gənclərin və yeniyetmələrin toplaşdığı sosial şəbəkələrdə ən populyar insanlardan birinə çevrilib. TikTok hesabım olmadığı üçün özüm yoxlaya bilməmişəm, amma mənə dediklərinə görə TikTok-da Turalın bəzi videoları 800 min baxış toplayır.
Bilmirsən, TikTok-un keçdiyi yola baxasan, yoxsa Turalın keçdiyi yola.
IV
Mən Turalla daha yaxından tanış olmağa başlayanda, Tural da öz silahdaşları ilə Ağ Partiyanı qururdu. Onda hələ partiyanın adı bəlli deyildi, Tural hər axşam öz balaca dəstəsi ilə çayxanada yığışıb yüzlərlə, minlərlə xırda-xuruş işləri müzakirə edirdi.
Mən də tez-tez o çayxanada olurdum deyə maraqlı bir ritualımız yaranmışdı. Bir gün Turalgil mən oturan masaya çay göndərirdilər. Növbəti gün mən onlar oturan masaya çay göndərirdim. Tez-tez mən də onlarla otururdum, ölkənin siyasi və ictimai həyatını müzakirə edirdik. Bəzən müəyyən məsələlərdə onlar mənim rəyimi soruşurdu, bəzən mən onların rəyini soruşurdum. Turalgil onda özlərinə komanda yığmağa çalışırdı. İndi xatırlayıram ki, deyəsən bu komandaya qoşulmaq təklifi mənə heç vaxt ciddi ünvanlanmamışdı. Çünki mən də, onlar da yaxşı anlayırdıq ki, ideoloji baxımdan eyni müstəvilərdə deyilik.
Bunu mütləq qeyd etmək lazımdır: Ağ Partiyanın açar adamları mühafizəkar və dindardır. Üstəlik, öz dindar və mühafizəkar dünyagörüşlərini gizlətmirlər. Onların təbliğ etdiyi, tərəfdarı olduqları siyasət də mühafizəkar dəyərlərin, ənənələrin üzərində dayanır. Turalgil bəzən özlərini Avropadakı xristian-demokratların müsəlman qarşılığı kimi təqdim etsələr də – deyəsən bu təqdimat da Türkiyədə Erdoğanın siyasi arsenalından götürülüb – mənim ağlıma daha çox Kayzer və Veymar Almaniyalarının başlıca mühafizəkar siyasi qüvvəsi olan Deutsche Zentrumspartei gəlir.
Mənim müşahidələrimə görə, bu gün Turalın arxasınca partiyaya gələn gənclərlə yanaşı, ölkənin bəzi sünni mühafizəkarları da Ağ Partiya ətrafında konsolidasiya olmağa çalışırlar. Doğrudur, partiyanın funksionerləri arasında şiələr də, aqnostiklər də var, amma Ağ Partiya, Əhədin öz sözləri ilə desəm, Türk-İslam təfəkkürünə mənsub olan dava adamlarının birləşdiyi partiyadır. Buradakı dava sözü də bizim öyrəşdiyimiz dava-dalaş mənasında yox, Türkiyədə işləndiyi kimi, qayə, amal, ideal mənalarındadır. Ağ Partiyanın Erdoğandan və onun AK Partisindən təsirlənməsi göz qabağındadır və özləri də bunu fəxrlə nümayiş etdirir.
Ölkəmizdə İslamın, xüsusilə də sünni İslamın nə qədər fərqli çalarları olduğunu, gənclərin İslamı yenidən kəşfini, bizim tusovkanın ələ salıb ciddi qəbul etmədiyi dəyərlərin əslində gənclərin həyatında necə əhəmiyyətli rol oynadığını əyani görmək üçün Ağ Partiyanın ofisinə baş çəkməyə, onların funksionerləri ilə tanış olmağa dəyər. Doğrudur, ölkədə dini mövzuda istinad edəcəyimiz sanballı sosioloji araşdırmalar yox dərəcəsindədir, amma sabah belə bir araşdırma bizim ortastatistik gəncin bir öncəki nəsillərdən daha mühafizəkar olduğunu aşkara çıxarsa, heç təəccüblənmərəm. Bir də məsələnin bu yazıda əhatə etmədiyim şiə tərəfi var axı.
İkinci Qarabağ müharibəsində hərbçilərin çəkdiyi həvəskar videolarda çoxsaylı azan, namaz səhnələri, Allahu Əkbər sədaları, digər dini simvolika Azərbaycanda bir çoxları üçün təəccüblü oldu desəm, yanılmaram. Doğrudur, araq və donuz kababı səhnələri də kifayət qədər var idi, amma bu videolar daha dominant deyildi.
Azərbaycanda həqiqi demokratik seçkilər olsa, mühafizəkar elektoratın neçə faiz yığacağını deyə bilmərəm, amma ölkədə, xüsusilə də gənclər arasında dinin rolunun artdığını iddia etsəm, yəqin çox da şişirtmərəm. Köhnə və yeni müxalifət, vətəndaş cəmiyyəti, tusovka bu tendensiyanı mürgüləyib, ona görə də Ağ Partiyanın bugünkü populyarlığı bir az onlara cığallıq kimi gəlir.
V
Tural mənim yaxamdakı Xarıbülbül nişanına baxıb bu çox böyükdür, yaxşı görsənmir, sənə bunun bir az balacası lazımdır dedi və öz pencəyinin yaxasındakı Xarıbülbül nişanını çıxarıb mənə verdi. Bir dənə də üstündə ağ hərflərlə Ağ Partiya yazılmış təzə qara maska – amma mütləq taxmalıyam xəbərdarlığı ilə.
AzLogos-a müsahibəsindən sonra Turalın axşam bir İnternet televiziyasına da müsahibəsi olacaqdı. Tural ofisə gəlib çıxana qədər isə başqa bir İnternet televiziyası imkan tapıb Əhəddən kiçik müsahibə almışdı. Bir günə dörd müsahibə. Turalın və Ağ Partiyanın bu günlərdə standart rutini adlandırsam, mübaliğə etmərəm.
Tural son dövrlər populyarlıq qazanmağa başlayandan sonra haqqında ən çox səslənən irad onun populist olmasıdır. Tural həqiqətən də populistdir, inkar edə bilmərəm. Amma tusovka bu gün Tural haqqında populistdir deyəndə, bu kəlmənin içinə ən pis mənaları qoyur: Tramp, radikal sağ, Konqresi basanlar… Yəni bizim də populistimiz Tural Abbaslıdır. Populizm sözü bu mənasında həm də sağlam qüvvələrin ona qarşı mübarizə aparmalı olduğu imperativini ehtiva edir. Tural hələ ofisində İnternet problemini həll etməyib, amma indidən sağlam qüvvələrdən çıxdaş edilir.
Məsələnin bu formada radikal qoyuluşu mənim fikrimcə kökündən yanlışdır, bunu hər imkanda deyirəm; amma mənim də köşə yazdığım bu saytdakı kiçik guşəmdən başqa ictimai fikrə heç bir təsir imkanlarım yoxdur.
Tural Abbaslını və Ağ Partiyanı karikaturalaşdıranlar, populist və erdoğançı damğası vurub bəsitləşdirənlər əslində ən böyük pisliyi özlərinə edirlər.
Tural Erdoğandan copycat deyil, Tural Azərbaycan mühitində və Azərbaycan materialından özü özünü yetişdirmiş siyasətçidir. Ağ Partiyanın mühafizəkarlığının köklərini də Azərbaycanda görməzdən gəldiyimiz mühafizəkarlıqda axtarmaq lazımdır.
Turalın və silahdaşlarının öz sabit ideoloji ustanovkaları var və bu ideologiya Azərbaycanda cəmiyyətin müəyyən bir kəsiminə xitab edir. Dediyim kimi, əlimizdə sanballı sosioloji sorğular, yaxud azad və ədalətli seçkilərin nəticələri olmadığına görə biz bu sosial bazanın nə qədər böyük olduğunu bilmirik. Amma bu sosial bazanın real olduğunu da inkar edə bilmərik.
Birdəfəlik anlamaq lazımdır ki, əhalisinin ən azı 96%-i özünü müsəlman hesab edən bir ölkədə Tural kimi siyasətçilər həmişə olacaq. Hətta həqiqi demokratik mühitdə daha çox olacaq. Biri millətçi-dindar, biri dindar-millətçi; biri daha mötədil, biri daha radikal; biri şəriət istəyəcək, biri istəməyəcək; biri sünniləri başına yığacaq, biri şiələri təşkilatlandıracaq.
Azərbaycanda həqiqi demokratiya istəyənlər onun həm də bu qaçılmaz tərəfini qəbul etməlidirlər.