“Taxt-tac oyunları”nın yaradıcılarını açıq-saçıq səhnələrin çoxluğuna görə dəfələrlə tənqid ediblər. Lakin “Buz və alovun nəğməsi” kitabının müəllifi Corc Martin hələ 2011-ci ildə Entertainment jurnalına müsahibəsində nəyə görə öz əsərinin ekranlaşdırılmasını “Böyük şəhərdə seks”, “Fahişəxana” və “Qızlar” kimi açıq-saçıq seriallar buraxan HBO şirkətinə etibar etdiyini açıqlamışdı. Martin demişdi: “Ekranlaşdırmanı məhz HBO-nun etməsini istəmə səbəblərimdən biri odur ki, qoy orda seks olsun.”
Martin istədiyini aldı. “Taxt-tac oyunları”nın hər yeni seriyası efirə çıxanda Pornhub portalının statistikası aşağı düşür. Bundan başqa, epopeya təkcə trafikə deyil, həm də istifadəçilərin fantaziyalarına təsir edir. Məsələn, beşinci mövsüm başa çatandan sonra çılpaq Serseyanın Kral Havanası küçələri ilə getdiyi fraqment dərhal servisə yüklənmişdi. Bu serial tərzində çəkilən pornovideolar isə çox populyardır. Pornhub hətta “Taxt-tac oyunları”na pornoparodiya da buraxıb.
Amma feministlərin və LGBT icmasının nümayəndələrinin narazılığının yalnız açıq-saçıq səhnələrin miqdarına görə olduğunu düşünmək yanlış olardı. Aktivistlər epopeya qəhrəmanlarının cinsi həyatının xarakterindən narazıdırlar. Onları narahat edir ki, serialdakı qəddarlıq bu qədər tələbat görür.
Sansa Stark problemi
Yəqin ki, ən güclü ictimai rezonansı beşinci mövsümün sonuncu seriyası yaratdı, orada Ramsi Bolton Sansa Starkı zorlamışdı. Bu səhnə ən qəddar səhnələrdən sayılır. Tənqid yağışı o qədər güclü oldu ki, yaradıcılar növbəti hissələrdə seksual zorakılıq səhnələrinin bir qədər yumşalacağına dair izləyiciləri əmin etdilər. Həqiqətən də altıncı və yeddinci mövsümdə qızların Sansaya qarşı zorakılığa oxşar şəkildə iradələrindən kənar seksə məcbur edildiyi epizodlar yoxdur.
Lakin maraqlıdır ki, məhz Ramsinin Starkların böyük qızına qarşı vəhşiliyi narazılıq dalğası yaratdı. Axı seksual zorakılıq mövzusu serialın bütün özəyindən qırmızı xətt kimi keçir. Serseya Lannister öz əri Robert Barateon tərəfindən zorlanmışdı. Sonradan isə “mənə fərqi yoxdur” deyərək, onun sevimli qardaşı Ceyme Lannister də eyni hərəkəti etmişdi. O, ölmüş oğullarının cəsədi olan kriptdə kraliçanı zorlamışdı. Və hətta “Taxt-tac oyunları”nın ən qüdrətli qadını, əjdahaların qoruyucusu Deyeneris də bu aqibətdən qurtula bilməmişdi.
Ola bilsin, Sansa və Ramsinin ilk toy gecəsi ilə əlaqədar izləyicilərin narazılığı onunla əlaqədar idi ki, Sansa ictimai patriarxat sistemində zülm görən və iradəsiz qadının ideal nümunəsi idi. Məsum qız onunçün biçilən gender rollarına itaətlə əməl edirdi: kişilərə dözürdü, sözə baxırdı və boyun əyirdi, lakin bütün qaydalara əməl etməsinə baxmayaraq, yenə də qurbana çevrildi.
Əgər hətta rütbəli qadınlar da seksual zorakılığa məruz qalırsa, adi ailələrdən olan qızların nə qədər aciz və köməksiz olduğunu sadəcə təsəvvür etmək olar. Məsələn, kxalasar Droqo tərəfindən fəth olunan kəndlərdə dotrakiyalılar qadınları zorlayaraq, onları şərəfləndirdiklərini deyirdilər. Onlar qadın bədənlərini layiqli mükafat kimi qəbul edirdilər və istədiklərini edə bilərdilər. Qızlara isə tabe olmaqdan başqa çarə qalmırdı, çünki imtina etsələr – öldürəcəkdilər.
Köstəbək şəhərindən tutmuş sir Petir Beylişin fahişəxanasına qədər Yeddi Krallığın fahişələri onları satın alanların göstərişlərinə sözsüz əməl edirdilər. Qızlar dəhşətli şeylər etmək məcburiyyətində idilər. Məsələn, Kral Coffrinin əmri ilə onlar bir-birilərini şikəst edirdilər, çünki o, Tirion əmisinin fahişələri ona “hədiyyə” kimi göndərməsindən sonra öz hökmlü üstünlüyünü nümayiş etdirmək istəyirdi.
Seks – hakimiyyət alətlərindən biridir. İlk mövsümlərdə Yeddi Krallıqda əsasən kişilər hökmran idi. “Taxt-tac oyunları”nın əsas intriqanı Beyliş serialın birinci mövsümündə fahişələrə müştəriləri məmnun etməyi öyrədərkən demişdi: “Mən onlarla döyüşməyəcəm, mən onları sikəcəm.” Bu saxta lezbiyan sevişmə səhnəsi serialı izləyənlərdə çoxlu suallar yaratmışdı. Bəziləri bunu lazımsız hesab etmişdilər, çünki bu səhnə süjetə birbaşa təsir etmirdi, süjetin inkişafına təkan vermirdi, sadəcə qadınların köməksiz və rəzil mövqelərini təsvir edirdi.
Yeri gəlmişkən, Çeçələ öz niyyətlərinə sadiq qaldı və ən əxlaqsız qəhrəman adını dəfələrlə isbat elədi. Yeddi mövsüm ərzində o, qadınların sadəlövhlüyü və köməksizliyi sayəsində sosial pilləkəndə yuxarı dırmaşırdı. Rütbə xətrinə o, sevmədiyi Liza Arrenlə evləndi, onu yataqda məmnun etdi, sonra isə onu öldürdü. Daha sonra isə ona güvənən Sansa Starkı amansız Ramsi Boltona ərə verdi ki, onun atasının dəstəyini qazansın.
Tədqiqatçı Aaron Xo “Taxt-tac oyunları”nda pornoqrafiya, postqadın və çılpaqlıq” əsərində qeyd edir ki, süjetdən əlavə, serialın yaradıcıları tərəfindən açıq-saçıq səhnələrdə istifadə olunan kinematoqrafiya üsulları da kişinin qadın üzərində hakimiyyətini vurğulayır.
Qəhrəmanların sevişdiyi əksər səhnələrdə tamaşaçı qadının yox, kişinin necə məmnun qaldığını görür. Çılpaq kişi bir qayda olaraq, ekranda tam boy-buxunu ilə arxadan göstərilir, çılpaq qadın bədəni isə hissə-hissə nümayiş olunur. Kamera onun döşlərində, yanbızlarında və ya qadının cəsarət və qüdrət nümunəsi olan kişiyə heyranlıqla baxan gözlərində dayanır.
“Taxt-tac oyunları”nda çılpaq kişi obrazı fetişləşdirilmir. Məsələn, altıncı mövsümün birinci və ikinci seriyalarında çılpaq Con Snou mistifikasiya edilir. Lüt Snounun intim yerlərini örtən kiçik əski ilə taxta lövhədə uzandığı səhnə Rennesans dövrünün italyan rəssamı Andrea Mantenyanın “Ölü İsa” rəsmini xatırladır, Conun bədənini əhatə edən sir Davos, Tormund və onun gecə qarovulundakı sadiq müttəfiqləri isə Mariya Maqdalina və İsanın şagirdləri ilə eyniləşdirilə bilər. Sadə dillə desək, Con Snou seksual obyekt deyil. Əksinə, bu səhnədə o, sanki məsih, üstinsandır.
Bəs Deyeneris?
Deyeneris Tarqarien – “Taxt-tac oyunları”nın azsaylı güclü və müstəqil qadın qəhrəmanlarından biridir, o, öz cazibədarlığının gücünü dərk edir və ondan fəal istifadə edir. Əjdahaların anası çılpaqlıq nümayişinə görə rekordçudur.
Maraqlıdır ki, o, hər dəfə ekranda çılpaq görünəndə daha da güclü olur, məsələn, əjdahalar yumurtadan çıxanda, Dotrakiya xalqı ona tabe olanda. Lakin o, nə qədər qüdrətli olsa da, nə qədər heyranlıq doğursa da, Con Snoudan fərqli olaraq, o, cazibədar qadın, seksual obyekt kimi qalır.
Serialın yaradıcıları Deyenerisin obrazını mistifikasiya etmir, əksinə, əllərindən gələni edirlər ki, əjdahalara və nəhəng orduya rəğmən, o, cazibədar qadın kimi qalsın.
Feministlər daha nədən narazıdır?
Əvvəla, elmi feminist və LGBT icması heteroseksual və eynicinsli münasibətlərin qeyri-mütənasib olmasından narazıdır. Serialda bir dənə də olsun lezbiyan sevgi hekayəsi yoxdur. Fahişəxanadakı səhnə istisna olmaqla.
İkincisi, serialda yalnız qadınların əlbir hərəkət etdiyi süjetlər olduqca azdır, lakin yalnız kişilərdən ibarət səhnələr isə çoxdur. Məsələn, Keytilin Stark və Brienna Tart xətti Tirion Lannister və Varisin hekayəsi ilə müqayisədə çox azdır.
Feministləri hiddətləndirir ki, bir çox qadın personajlar yalnız kişilərlə “əlaqədar” mövcuddur. Belə ki, İqritt və ya Şainin Con Snou və Tirion Lannisterlə tanış olmazdan əvvəlki həyatı tamaşaçılara təqdim olunmur. Aktivist Valeri Estel Frankel “Taxt-tac oyunları”ndakı qadınlar: güc, mütilik və müqavimət” əsərində qeyd edir ki, serialda cəmi dörd müstəqil qadın hekayəsi var: Deyeneris, Arya, Yara və Olenna, lakin kişi hekayələri – iyirmi iki ədəddir.
Son mövsümlərdə nə dəyişdi?
Finala yaxınlaşdıqca, qadınlar xeyli güclənir. Patriarxal quruluş tədricən dağılır. Serseya Dəmir Taxta sahib olur, Deyeneris Qulsatanlar Körfəzini fəth edir, Yara flota rəhbərlik edir, hətta ultrafeminin Sansa Con Snounun yoxluğu zamanı Vinterfell qəsrini idarə edir. Həmçinin, yuxarıda qeyd olunduğu kimi, seksual zorakılıq azalır, onun yerini xədim və keçmiş kölə qadının həssas yataq səhnəsi əvəz edir.
Fikir vermək olur ki, Şimali Amerika və Qərbi Avropa ictimaiyyətinin sosial gündəliyi ilə bərabər serialın nəqletmə xarakteri də dəyişir: eynicinsli nikahların leqallaşması, #MeToo hərəkatı və nəticədə nüfuzlu siyasətçilərin, biznesmenlərin və məşhurların qısnamalarda ittiham olunması.
Bu, müəllifin fikridir, yoxsa yeni auditoriya cəlb etmək üçün ictimai tələblərə uyğunlaşan plastik mediamətndir – sualı isə açıq qalır.
Darya Krutikova (Lenta.ru)
Tərcümə: Gülnarə Mehdiyeva