Son bir-iki ildir, tarix elminə maraq ciddi artıb. Bunun həm obyektiv (AXC-nin 100 illiyi), həm subyektiv (90-ci illərdə anadan olmuş insanlar cəmiyyətin tarixində öz rollarını başa düşməyə çalışırlar) səbəbləri var.
Tarix elminə marağın bu dərəcədə artması son dəfə 30 il əvvəl yaşanmışdır. O zaman, ölkə ilk dəfə idi ki, senzuradan qurtulurdu və insanlar öz tarixlərinə dair onlardan gizlədilən faktları öyrənməyə çalışırdılar. Birdən-birə elə vəziyyət yarandı ki, həm 30-cu illər repressiyaları barədə, həm inqilabdan əvvəlki mülklər barədə danışmaq problem yaratmırdı. Düzdür, bir çox hallarda bu mənasız faktların (əsasən də şayiələrin) ifrat dərəcədə şişirdilməsinə gətirdi, amma insanlar başa düşdülər ki, onların da ölkə tarixi ilə tanış olmağa hüquqları var. Hətta o dövrdə, Azərbaycanda ilk dəfə elmi-populyar kitablar dərc olunmağa başladı. Təəsüflər olsun ki, bu proseslər bir sıra səbəblərə görə dayandı. Yenə də, bir çox maraqlı sənədlər və kitablar dərc olundu, amma ümumən proses çox kiçildi və indiki dövrə kimi əsasən çox kiçik qrup insanı əhatə etdi. Müqayisə üçün deyək ki, 1991-ci ildə N. Yaqublunun “M.Ə. Rəsulzadə” kitabı 30 min, N. Nəsibzadənin “Azərbaycan Demokratik Respublikası” 50 min tirajla nəşr edilmişdisə, indiki dövrdə dərc olunan bir çox kitabların tirajı, heç min nüsxəni keçmir.
Nəticə etibarilə, cəmiyyətdən təcrid olunmuş vəziyyətdə tarixçilər öz “tarix elmi”-ni inkişaf etdirməyə başladılar. Bir çox hallarda bu elm təbliğat vasitəsinə çevrildi, çünki artıq nə müzakirə var idi, nə də cəmiyyət bu barədə agah idi. Bunun nəticəsidir ki, tarix elminə münasibət “bayağılaşdı” (aydın olaraq bunu, S. Baycanın AzLogos-da yayımlanmış “Tarixin bayağılaşması haqqında” essesində görmək olar: həm müəllifin tarixə münasibəti, həm də təsvir olunan vəziyyət baxımından).
Maraqlıdır ki, tarix elmi ilə məşğul olmayan insanlar da faktiki olaraq hesab edirlər ki, bu elm istiqaməti bayağılaşıb və onu, ciddi qəbul etmirlər. Hətta tarix elmini nəyinsə bir törəməsi hesab edirlər. Müvafiq vəziyyətin yaranmasında həm cəmiyyətin, həm də tarixlə məşğul olan insanların ciddi rolu var. Onlar da bəzən tarixə çox bəsit və bayağı münasibət nümayiş etdirirlər. Sonuncu dəfə biz bunu Gürcüstan ilə münaqişəyə dair Tarix İnstitutunun çıxışında gördük. Onlar tarixi proseslərə əsaslanaraq, monastırın Azərbaycana aid olmasını sübut etməyə çalışdılar. Bu isə tarixə çox bəsit yanaşmadır. Tarix heç bir halda indiki məqsədlərə işləməməlidir. Bu elmdir və bu elmin əsas məqsədi tarixdə baş vermiş hadisələri təhlil etmək və onları insanlar üçün təsvir etməkdir (hətta nələrinsə gələcəkdə təkrarlanmaması da bir məqsəd kimi tarix elminin qarşısında dayanmır – bu, elmin işi deyil, yalnız cəmiyyətin reaksiyasıdır).
Yeri gəlmişkən, Tarix institutunun istinad etdiyi elm istiqamətinin adı tarixi coğrafiyadır. Bir çox hallarda biz tarixi xəritələrə baxır və bu xəritələr əsasında nəyisə sübut etməyə çalışırıq. Reallıqda isə xəritələr, xəritəni tərtib edənin biliklərindən başqa bir şey ehtiva etmir. Buna baxmayaraq, coğrafiya və tarix elmlərinin kəsişməsində çalışan şəxslər bu xəritələri təhlil edərək, reallığı öyrənməyə çalışırlar. Misal üçün, Ptolemeyin xəritələri tamamilə səhv ola bilər, amma bu xəritələr Ptolemeyin və onun dövründəki İskəndəriyyə kitabxanasının məlumatlarını əks etdirirdi. Bu xəritələrin təhlili bizə o dövrü təsvir etməyə imkan verə bilər.
Beləliklə, tarixi coğrafiya tarixdən ayrılaraq, ayrıca bir istiqamət oldu. Məhz bu istiqamət üzrə işləyənlər keçmişdə mövcud olmuş sərhədlərin, şəhərlərin yerləşmələrini müəyyən edir. Tarixən bir çox şəhərlər nə indiki yerlərində yerləşirdilər (Bakıdan başlamış Gəncəyə kimi), nə də sərhədlər indiki kimi idi. Bəzən tarix kitablarında ölkələri ayıran sərhədləri bugünkü vəziyyəti nəzərə alaraq göstərirlər. Misal üçün, birdən-birə görürsən ki, sərhədi dağ sisteminin düz ortasından keçiriblər, ya da ümumiyyətlə tarixən məskunlaşmanın olmadığı ərazi üzrə hansısa bölgü aparınlar. Bütün bunlar tarixi coğrafiya elminə bizdəki laqeyd münasibətin nəticəsidir.
Tarixçilər bir çox hallarda coğrafiyadan xəbərsiz olurlar (ümumi anlayışlardan başqa) və müvafiq dövrün coğrafi vəziyyətini nəzərə almırlar. Onlar indiki coğrafi vəziyyəti keçmişə aid edir və bunun əsasında təhlillər aparırlar. Coğrafi vəziyyət dedikdə isə biz fauna, flora, iqlim və s. kimi faktorları nəzərdə tuturuq. Coğrafların əsas işi heç də xəritələri çəkib, dağlar barədə danışmaq deyil. Onların əsas işi iqlimi bərpa etmək, baş verən iqlim proseslərini müşahidə etmək və müvafiq olaraq bu iqlimə əsasən çayların, dənizlərin sərhədlərini və s. müəyyən etməkdir. Bu amillər isə daim dəyişib. Kimin indi ağlına gələ bilər ki, dəniz vaxtilə İçərişəhərdə yerləşən Cümə məscidinə kimi çatıb. Düzdür insanlar bilirlər ki, vaxtilə dəniz Qız Qalasına kimi çatırdı, amma bunu təsəvvür edə bilmirlər. Çünki Qız Qalasına dəniz çatırdısa, bu o deməkdir ki, bütün sahilboyu dəniz kifayət qədər ərazini tutmuşdu. Düzdür son onillikdə iqlim məsələlərinə maraq artıb, amma bu məsələlər haqda ya müxtəlif sahələrə aid olan ekoloqlar (bir çox hallarda ictimai aktivistlər), riyaziyyatçılar, iqtisadçılar, ya da siyasətçilər danışır. Coğraflar (iqlimşünaslar və s.) çox az hallarda maraq kəsb edirlər, çünki öz sahələrinə dair «şok faktlarla» çıxış edə bilmirlər (ümumiyyətlə alimlər hipotez və ya fərziyyələri şokedici kimi göstərməyə çalışmırlar). Hər bir araşdırma və müşahidə (heç bir dəyişikliyi ədədi və ya həndəsi silsilə ilə hesablamaq mümkün deyil) vaxt tələb edir, cəmiyyətin isə gözləməyə hövsələsi yoxdur.
Azərbaycandakı vəziyyət ikiqat pisdir. Bunu bir misal üzərində göstərmək olar. Belə ki, Qafqazın bir çox yerlərində “Yunan” adlı şəhər yerləşib. Onlardan biri də Qarabağda olub. Bu barədə məlumatı ərəb tarixçiləri verir. Onlar qeyd edirlər ki, Beylaqandan keçəndən sonra Yunan şəhərinə kimi çatmaq olar. X əsrdə yaşamış ərəb coğraf və səyyahları əl-İstəxri, ibn Xaukal və əl-Müqəddəsinin məlumatlarına görə, Yunan şəhəri Bərdə və Beyləqan arasında yerləşirdi və hər şəhərdən Yunana kimi 7 fərsəx və ya 1 günlk məsafə vardı. Bu gün, 7 fərsəx 50 kilometrə müqabildir. Əgər təsvir varsa, şəhərin dəqiq yerləşməsi əks olunubsa, o zaman onu tapmaq niyə çətin olsun ki? Amma burada biz problem ilə üzləşirik. Deməli həm Bərdə, həm Beyləqan X əsrdə məşhur və iri şəhərlər olub. Bərdə 943-cü ildə ruslar tərəfindən qarət ediləndən sonra öz təsirini itirdi, Beyləqan isə 1221-ci ildə monqollar tərəfindən darmadağın edildi. Bərdə bəzi səbəblərə görə eyni yerdə qaldı və hətta adını da saxlaya bildi, Beyləqan isə həm adını (indiki Beyləqan keçmiş sovxoz nəzdində qəsəbədir və köhnə Beyləqandan ən azı 20 km. məsafədə yerləşir), həm də yerini itirdi. İndi köhnə Beyləqanın adı Orənqaladır (Sökülmüş qala).
Orənqalada arxeoloji qazıntılar başlanarkən, məlum oldu ki, Bərdə və Orənqala arasında məsafə 60 km. təşkil edir. Ona görə, Orənqalanın ilk arxeoloqu İsaak Cəfərzadə (Qobustanı açan şəxs) təxmin etdi ki, məhz Orənqala qədim Yunan şəhəridir. Bu səbəbdən, Orənqaladan 60 km. şərqdə “Beyləqanı” axtarmağa başladı. Amma heç nə tapılmadı. Sonradan digər tarixçilər sübut etdilər ki, Orənqalanın özü məhz Beyləqandır. Nəticədə maraqlı bir fakt aşkarlandı. Deməli, həm Bərdədən, həm Beyləqandan 50 km məsafədə Yunan şəhəri yerləşibmiş, halbuki Bərdə və Beyləqan arasında 60 km. var. Ya, üç məşhur ərəb coğrafı və səyyahı yalan danışır, ya da hesablamalarda bir xəta var.
Bu vəziyyətdən çıxış yolu tapılmadığı üçün (ola bilməz ki, bütün ərəb mənbələri qeyri-düzgün məlumat versinlər), tarixçilər Yunan-ın axtarışlarını dayandırdılar. Sadəcə tarixi xəritələrdə Bərdə və Beyləqan arasında ortada (yəni hər şəhərdən 30 km məsafədə) Yunan şəhərini yerləşdirməyə başladılar. Bu yer isə Ağcabədi rayonunun şimal-şərqində yerləşir. Orada bir çox arxeoloji qazıntı aparılmışdır, amma şəhər tapılmamışdır.
Məhz bu məqamda, tarixi coğrafa ehtiyac var. İlk əvvəl, fərsəx deyiləndə müvafiq olaraq hansısa dəqiq rəqəm nəzərdə tutulmur. Fərsəx sadəcə 12 min addıma bərabər olan məsafədir. Addımlamaq sürəti isə yolun keyfiyyətindən asılıdır. Amma Azərbaycan şəhərləri arasında ərəb səyyahları tərəfindən göstərilən məsafələr dəqiq idi. Ona görə, göstərilən 14 fərsəxi (100 km) 8-9 fərsəx kimi (60 km) kimi başa düşmək düzgün deyil. Onlar 40% səhv edə bilməzdilər. Axı bu səhvlər digər şəhərlər arasında da müşahidə olunardı, halbuki ticarət yolları üzrə göstərilən məsafələr dəqiqdir, təkcə bu məsələdə nəsə üst-üstə düşmür.
Başqa tərəfdən, reallıqda şəhərlər arasında məsafələr xəritə üzrə yox, məhz yollar üzrə ölçülür. Ümumiyyətlə xəritələr heç vaxt estetik məna daşımayıb. Adətən xəritələr hansısa yol təsvirləri əsasında tərtib olunub. Qədim yunanlar dəniz yolları əsasında xəritələr tərtib edirdilər, ərəblər isə donanma istifadə etmədiklərinə görə, ticarət yolları üzrə təsvirlər yaradırdılar. Misal üçün, Bakı və Gəncə arasında avtomobil yolu ilə 358 km. məsafə var (qatarla 364 km), amma birbaşa olaraq xəritə üzərindən yol çəkilsə, məsafə 320-330 km-dən çox olmayacaq. Məsafə həm relyefdən, həm ətraf mühitdən asılıdır. Orta əsrlərdə isə bu daha da çətin idi. Heç bir halda orta əsrlərdə olan yollar nə düz xəttə oxşayırdılar, nə də dağların içi ilə keçirdilər. O dövrdə tunnel qazımırdılar, körpülərin də sayı çox az idi.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Yunan şəhəri heç də Bərdə və Beyləqan arasındakı düz məsafədə axtarılmalı deyil. Əvvəlcə, o dövrün ticarət yollarını təhlil etmək lazımdır. Elə də çətin olmayan hesablamalar nəticəsində məlum olacaq ki, Yunan şəhəri indiki Ağdama yaxın idi. Bu ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində bir şəhər tapılıb. Yerli əhali bu yerə “Gavurqala” (kafirlərin qalası) adı verib və bu şəhər, məhz Yunan-ın mövcud olduğu dövrdə (III-X əsrlərdə) mövcud olub. Burada xristianlığa (əsasən də pravoslavlığa) aid abidələr və kilsələr tapılıb. Beləliklə, çox da çətin olmayan hesablamarlardan sonra məlum olur ki, bizim bu gün Gavurqala adlandırdığımız yer, vaxtilə yunan şəhəri olub, bu səbəbdən də Yunan adını alıb.
Bizim tarixçilər isə bu tipli hesablamalar aparmır, çünki coğrafiyaya əhəmiyyət vermirlər. Onlar öz işlərinə ümumiyyətlə ciddi yanaşmayıblar və sadəcə bugünün xəritəsinə baxıb, yeri “müəyyən ediblər”.
Detallara məhz bu cür qeyri-ciddi, qeyri-elmi münasibətin nəticəsidir ki, tarix elmi bayağılaşır və insanlarda bu elmə maraq azalır.