Haqqında danışacağım layihə özünün sadəliyi və estetikası ilə göz oxşayır. Bu layihədən elə çox xoşum gəlir ki, hətta memarlarına paxıllıq da edirəm. Görəsən, itmiş, görünməz olan obyekti necə canlandıra biliblər, ilahi?! Layihənin investorlarına da böyük bir əhsən düşür. Elə zövqlərinə də söz ola bilməz.
Keçək layihəyə.
Loft Stildə olan bu biznesklass inşası binanın həqiqi tarixinə toxunma fürsəti verir. Layihəni incələdikcə memarların “Bolşevik” fabrikinin keçmişini və bu günün hərtərəfli araşdırdıqlarını görürük. Onlar bu layihədə müasir materiallar və müasir metodlarla orijinal detalları vurğulayan bir konstruksiya təqdim edirlər. Layihə çərçivəsində təmir ediləcək binaların sənaye görünüşü yüz il əvvəl olduğu kimi, indi də diqqəti cəlb edir. Bu, kompleksin mövcud quruluşuna uyğundur və paytaxtın tam mərkəzində komfortlu mənzillərlə birlikdə müştərilərə təklif olunur.
Kərpic, metal və şüşə əsas istifadə olunan materialdır. 9 nömrəli binanın ön tərəfi dəqiqliklə yenidən bərpa edilib və demək olar ki, heç dəyişdirilməyib.
Çərçivələr tarixi izləri bərpa edən kərpiclərlə əhatələnib.
Pilləkən isə ön tərəfin ən gözəçarpan elementi kimi qarşımıza çıxır. Şüşə fasadın içərisindəki pilləkən gecə saatlarında olduqca gözəl işıqlandırılır.
Binaların səhhətimizə və komfortumuza birbaşa təsiri var. Kəskin və titrək floresan işıqlarla işıqlandırılmış alçaq tavanlı gözləmə otağında özünüzü depressiv hiss edirsinizsə, deməli, memarlığın həm də psixologiyanıza təsir etdiyini idrak etmisiniz.
Amma bunun tam əksini də demək olar. Binalar xəstələrdən həkimlərə, tələbələrdən müəllimlərə, yaşlılardan gənclərə qədər özünə bağlı olan insanlara son dərəcə müsbət təsir edə bilir.
Kompleksin yerli kimliyini formalaşdıran daxili və xarici görünüşündə tarixi naxışlardan istifadə edilib. Memari motivlər özünü metal panellərin işlənməsi və axşam saatlarında parıldayan giriş çətirlərinin taxılmasında göstərir.
“Bolşevik” fabrikindəki mənzillər konsepsiyası, öz vaxtına və komfortuna dəyər verən şəhər sakinləri üçün inşa edilib. Bu kompleksdə müasir meqapolis sakininin ehtiyac duyduğu hər şey var. Vahid ərazi özündə iş mərkəzini, istirahət yerlərini, idman mərkəzini birləşdirir.
Kompleksdə müasir standartlara və dizayn üslubuna cavab verən landşaft ərazisi də var. Yaşıl zonalar və uşaq oyun meydançası “bolşevik” həyat tərzindən mesaj verir sanki. Bu lanşaft, xüsusən, şəxsi və işgüzar cəhətləri bir- birilə uzlaşdırır. Həmçinin kompleksin damlarında sakinlər üçün açıq hava istirahət guşələri yaradılıb.
Məsələ o qədər sadə tərzdə və incəliklə həll olunub və bu zaman bahalı materillardan çox istifadə edilməyib. Sadəcə zövq və peşəkarlıq! O şeylər ki, bizim əksər memarlarda və yekəqarın iş adamlarında əskikdir.
Binanın plan və kəsitlərini, eyni zamanda digər rakurslardan görünüşlərini təqdim edirəm.
Memar: IND Architect
Ərazi: 16212 m²
İl: 2018
Fotolar: Dmitry Chebanenko