Ötən həftəsonu Fransanın Strasburq şəhərində, “Strasbourg l’Inclusive” adlı bədii və beynəlxalq ifadə yaradıcılıq sərgisi təşkil edildi.
Sərgi Strasburqun meydanı olan Kleber meydanındakı L’Aubette sərgi binasında keçirildi.
30 ölkədən olan incəsənət nümayəndələri (Fransa, Belçika, İspaniya, İtaliya, Almaniya, Ermənistan, Avstriya, Azərbaycan, Danimarka, Vyetnam, Suriya, Çili, Cezayir, Cənubi Amerika, Polşa, Braziliya, Rusiya, Hindistan və s.) öz sənət əsərləriylə beynəlxalq mədəni tədbirdə iştirak edərək, dünyada olan mədəni müxtəlifliyi təbliğ etdilər.
Sərgidə fotoqrafiya, floristika, heykəltəraşlıq, rəngkarlıq, əl sənətinin müxtəlif növləri, dekorasiya, qrafik dizayn, bəzək, moda kimi müxtəlif sənətkarlıq üsullarından istifadə edən incəsənət xadimlərinin əsərləri təqdim edildi.
Həmçinin, sərgidə iştirak etmiş modelyerlərin kolleksiyaları auditoriyanın böyük marağına səbəb oldu, tədbirə dinamika və rəng qatdı. İki gün davam edən sərgiyə strasburqlular böyük diqqət göstərdilər. Sərgiyə çoxlu sayda kolleksionerlər, fotoqraflar, jurnalistlər də dəvət olunmuşdu.
Sərgidə Azərbaycanı təmsil edən həmyerlimiz Aygün Ağayevanın sözlərinə görə, onun işləri də insanların gözündən yayınmır, maraqla qarşılanırdı. Aygün xanım bildirir ki, bu sərgi onun üçün böyük təcrübə idi və o, incəsənətdə artıq öz sözünü demiş dünya şöhrətli sənətkarlarla bir sərgidə iştrak etdiyi üçün qürurludur. Onun sözlərinə görə, sərgidən aldığı müsbət enerji, insanların heyranlığı və müsbət rəyləri onu daha da həvəsləndirərək yeni uğurlu işlərə və proyektlərə imza atmağa sövq edir.







