İkinci yazı
Yazının əvvəlini buradan oxuya bilərsiniz.
Qısa xatırlatma: Makkartizm – ABŞ-da 1940-cı illərin sonundan 1960-cı illərin əvvəllərinədək davam edən repressiv prosesin adıdır. Təşəbbüskarı Birləşmiş Ştatların respublikaçı senatoru Cozef Raymond Makkarti (1908-1958) idi. Proses mahiyyət etibarilə SSRİ-dəki “Qərb agenti” axtarışlarından heç nə ilə fərqlənmirdi: hədəf kimi seçilənlər kommunist olmaqda, SSRİ-yə heyranlıq duymaqda, rəğbət bəsləməkdə günahlandırılırdılar. Üstəlik, bir qayda olaraq, ortada konkret heç bir dəlil və sübut yox ikən!
Makkartizmdən ən böyük əziyyət çəkənlərdən biri, heç şübhəsiz, Çarli Çaplin idi. Çaplin həmin vaxt artıq dünyada əfsanəvi sənətkara çevrilmişdi, onu Birləşmiş Ştatlardan Yaponiyaya, Fransadan Çinəcən böyük bir coğrafiyada uşaqdan böyüyə hər kəs tanıyırdı. Lakin hətta bu da onun Anti-Amerika Fəaliyyətləri Komitəsinin qurbanlarından birinə çevrilməsini əngəlləmədi. Komitə Çaplini uzun müddət təqib etdi, sorğu-suala tutdu və…
Yaxşısı budur, lap əvvəldən başlayaq.
Hələ 1942-ci ilin yazında faşist Almaniyasına qarşı müharibədə SSRİ-yə kömək komitəsi onu San-Fransiskoda çıxış etməyə dəvət edir. Çaplin dəvəti məmnuniyyətlə qarşılayır. Çıxışına isə kommunistlərin müraciət forması olan “Yoldaşlar” sözü ilə başlayır və zaldan gurultulu alqışlar qopur. Zal sakitləşən kimi Çaplin sözünə davam edir: “Mən məhz bu cür də demək istəyirəm – yoldaşlar! İnanıram ki, bu gün zalda çoxlu rus var və onların həmvətənlərinin hazırda necə qəhrəmancasına vuruşub həlak olduğunu bilirəm. Ona görə də sizə yoldaş deməyi özümə şərəf hesab edirəm”. Çaplin çıxışının sonunda o vaxtkı prezident Ruzveltə minlərlə teleqram yollamağı təklif edir ki, Avropada faşistlərə qarşı ikinci cəbhə açsınlar.
İki ay sonra ona radio ilə həmkarlar ittifaqlarının Nyu-Yorkda təşkil etdiyi mitinqə müraciət ünvanlamasını təklif edirlər. Çaplin yenə ikinci cəbhəni açmağa çağırır və deyir ki, müttəfiqlər 1943-cü ilin payızında qələbə çalmağa çalışmalıdırlar: “Zavoddakı fəhlələr, tarladakı fermerlər, gəlin, bu məqsəd naminə işləyək və vuruşaq!” Çikaqoda keçirilən mitinqə isə Çarli “Yaşasın bizim sovet müttəfiqimiz!” sözləri ilə başlayan nitqini yollayır, ardınca da Nyu-Yorkdakı “Rusiya incəsənəti üçün” xeyriyyə tədbirində nitq söyləyir.
Elə həmin vaxtlardan ABŞ-ın qatı kapitalist dairələrində Çaplinə qarşı münasibət tamamilə dəyişir: əfsanəvi aktyor onların gözündə “gizli kommunistdir”, vəssalam!
Müharibənin davam etdiyi müddətdə və sonralar Çarli SSRİ-yə xoş münasibətini nümayiş etdirir və beləcə özünün “gizli kommunist” obrazını daha da gücləndirir. Əslində isə onun Sovetlər Birliyinə rəğbətində həlledici rolu bu ölkənin Hitler ordusu ilə savaşı oynayırdı. Çaplin nasismə və onun liderinə nifrət edirdi. Bu münasbətini “Böyük diktator” filmində açıqca ortaya qoymuşdu. Deyilənə görə, Hitler “Böyük diktator”a iki dəfə baxıb, hər ikisində də tək olub, bu səbəbdən də filmi necə qarşıladığını kimsə bilmir. Bilinən bircə odur ki, “Böyük diktator” faşizmə qarşı mənəvi-psixoloji müharibədə mühüm rol oynamışdı.
Nə isə, mövzudan uzaqlaşmayaq.
Elə ki Birləşmiş Ştatlarda “kommunist ovu” başladı və dəxli olub-olmadan adamları “sovet casusu” çıxarmağa başladılar, əlbəttə, ilk yada düşənlərdən biri Çaplin oldu. Baxmayaraq ki, hələ makkartizmə start verilməmişdən əvvəl Çarli SSRİ-yə xoş münasibətini gizlətməsə də, kommunist olmadığını dilə gətirmişdi. Məsələn, filmlərindən birinin premyerasından sonra əsər qalmışdı bir tərəfdə, jurnalistlər onun ideoloji baxışlarını sorğulamağa girişmişdilər. Ondan siyasi görüşlərinin nə olduğunu soruşduqda Çaplin belə cavab vermişdi: “Mənə elə gəlir, bizim dövrdə öz siyasi mənsubiyyətini müəyyən etmək asan deyil… Mənim heç bir siyasi baxışım yoxdur. Heç bir partiyanın üzvü olmamışam, heç vaxt səs verməmişəm”. Ardınca kommunist olmadığını söyləmiş, kommunistlərə rəğbəti olub-olmadığı barədə suala isə yetərincə aydın cavab vermişdi: “Kommunitlərə rəğbətim varmı? Bunu da yenə dəqiqləşdirmək lazımdır… Müharibə vaxtı SSRİ-yə rəğbətim olub. Bu ölkənin bizim ümumi düşmənimizin (nasistlər nəzərdə tutulur – E.A.) qarşısını aldığını düşünmüşəm”.
Lakin heç nə Çaplini makkartizmin hücumlarından qorumağa kifayət etmədi. Öncə ABŞ-da onun yeni filmlərini izləməyə gələnlərin sayı azaldı, haqqında mətbu tənqidlər intensivləşdi. Ardınca isə Amerika əleyhinə fəaliyyətdə günahlandırıldı və haqqında cinayət işi açıldı. O, komissiyaya teleqram vurdu: “Mən kommunist deyiləm. Mən sülh tərəfdarıyam”.
Ancaq nə xeyri?
1948-ci ilin yazında ABŞ-ın daxili kәşfiyyat vә hüquq-mühafizә orqanı olan Federal Təhqiqatlar Bürosunun əməkdaşı Çaplinin evinə gəlir. Sorğu-sual başlayır. Çaplin kommunist olmadığını dəfələrlə təkrarlamalı olur. Sitat: “Ömür boyu heç bir təşkilata üzv olmamışam… Lakin yox, bəlkə də, olmuşam… Deyəsən, işləmək üçün Aktyorlar ittifaqına üzv olmalıydım…” Sovet casusu olmaqda ittiham edilən alman bəstəkarı Hans Eyslerlə dostluğu barədə isə bunları deyir: “Onunla ziyafətdə başqalarının vasitəsilə tanış olmuşam”.
Dörd illik təqiblərdən, təzyiqlərdən, sorğu-suallardan cana doyan Çaplin 1952-ci ildə ABŞ-ı tərk etmək məcburiyyətində qalır. Əks halda azadlığını da, sərvətini də itirmək an məsələsi idi.
Əfsanəvi aktyor Birləşmiş Ştatlardan gedərkən makkartizm artıq ciddi ictimai etirazlara səbəb olmuşdu. Hələ iki il öncə Respublikaçı senatorlardan Marqaret Smit senatda “Vicdan Deklarasiyası” başlıqlı çıxış etmiş, tənqidi fikirlərə, alternativ düşüncəyə, müxtəlif fərqli baxışlara dözümlü yanaşmanı ABŞ-ın mənəvi zənginliyi və amerikan ruhunun özülü adlandırmışdı. Bu makkartizmə ilk açıq hücumdu və sonradan başqa etirazlara da yol açdı. Mətbuat səhifələri insanların fikrini, dünyagörüşünü hədəf alan bu repressiv prosesə qarşı amansız tənqidlərlə dolub daşmağa başladı. Nəticədə proses səngidi; repressiyaların memarı Cozef Raymond Makkarti öncə siyasi-basqıçı gücünü, çox çəkmədən – 1957-ci ildə isə həyatını itirdi.
Makkartizm tarixə qovuşsa da, ABŞ demokratiyasının alnında “qara ləkə” olaraq qalır. Çünki bu prosesin qurbanlarından, onların ailələrindən hələ də rəsmi üzr istənilməyib, yaşanan rüsvayçılıqlara görə maddi və mənəvi təzminat ödənilməyib. Baxmayaraq ki, artıq bunu tələb edən də yoxdur.
Makkartizm eyni zamanda bir sadə həqiqəti də ortaya çıxardı: istənilən ölkədə repressiv prosesləri durdurmağın əsas yolu həmin ölkələrdəki sağlam dairələrin müqavimət gücüdür. Hər bir cəmiyyətin ictimai-siyasi basqılardan qurtuluşu ona dirənmək, ona boyun əyməmək, nəyin bahasına olursa olsun etiraz ruhunu yaşatmaqdır. Bu dirəniş, bu müqavimət olduqca təzyiqlər, təhdidlər bəlli müddətdən sonra öz təsirini itirir, tədricən mənasızlaşır, əhəmiyyətsizləşir və bir gün mütləq yoxa çıxır.
Necə ki bir zamanlar Sovetlər Birliyində kütləvi repressiyalara yol açan məhz cəmiyyətdəki müqavimətsizlik, təslimçilik idi. Total basqılara qarşı nəinki dirəniş yoxdu; hətta insanlar öz xilaslarını başqalarının sürgün edilməsində, güllələnməsində görürdülər. Ən yaxın dostlarının belə üzünə duraraq, onlar haqda “etirafedici” ifadələr verərək öz həyatlarını, karyeralarını qorumağa çalışırdılar.
Yəqin buna görə biz indi ötən yüzilliyin iki siyasi qütbündən biri – SSRİ haqqında keçmiş zamanda danışırıq. Digər qütb – ABŞ isə Marqaret Smitlərin cəsarəti və “Vicdan Deklarasiyası” səbəbindən hələ ayaqdadır. Sizin onu bəyənib-bəyənməməyinizdən asılı olmayaraq!