Soyuq müharibə dövründə iki tərəf arasındakı rəqabət vasitələrindən danışanda nümunə kimi, birinci “kosmik” yarışma, ardınca da hərbi sahədəki müxtəlif güc nümayişləri ağıla gəlir. Lakin həmin ərəfədə başqa sahədə də rəqabət atmosferi hökm sürürdü. Nisbətən gizli gedən bu yarışın, bəlkə də, əsas aparıcı qüvvəsi Amerika Mərkəzi Kəşfiyyat İdarəsi – CIA idi.
Pulitzer mükafatı laureatı, görkəmli tənqidçi Louis Menand həmin mübarizəni belə təsvir edir:
“Soyuq müharibənin bütün dünyada döyüş meydanları vardı və onlardan bəzilərində müharibə kifayət qədər alovlu aparılırdı. Ancaq əsas döyüş bölgəsi Qərbi Avropadaydı, orda ürəklər və ağılların müharibəsi gedirdi – ideya müharibəsi, imic müharibəsi, propaqanda müharibəsi.”
Soyuq müharibə illərində başda caz sənətkarları olmaqla Amerikaya xas müxtəlif mədəni tədbirlərə, xüsusilə, beynəlxalq turlara CIA tərəfindən maliyyə yardımı ayrılırdı. Stalinin başçılıq etdiyi Sovet İttifaqını tənqid məqsədi daşıyan “Heyvanıstan” kitabının animasiya versiyasının ərsəyə gəlməsi üçün göstərilən maddi yardım da istisna deyildi.
CIA tərəfindən ən yüksək səviyyədə istifadə olunan sənət növü təsviri sənət idi – daha dəqiq desək, İkinci Dünya Müharibəsindən sonra New York ətrafında çiçəklənməyə başlayan “abstrakt ekspressionizm” sənət hərəkatı.
Sovet İttifaqının çökməsilə soyuq müharibə də faktiki olaraq bitdi, geriyə sadəcə bu müharibənin haqq-hesabı qalmışdı. Sənət aləminə məlum idi ki, tezliklə üfüqdə etiraflar təzahür edəcək və bu gözlənti elə də çox çəkməyəcəkdi.
Araşdırmaçı jurnalist Frances Stonor Saunders, 1995-ci ildə “The Independent” üçün yazdığı məqalədə Amerikada təzahür edən müasir incəsənətlə CIA arasında vaxtilə necə bir əlaqə olduğuna dair bəzi məqamlara aydınlıq gətirmiş, bir neçə il sonra yazacağı “Who Paid the Piper?: CIA and the Cultural Cold War” kitabında isə bu məsələnin təfərrüatlarını daha ətraflı şəkildə paylaşmışdı. Məsələnin özü olduqca sadə idi: CIA müasir incəsənəti bir silah kimi istifadə etmişdi.
Təbii ki, plan birbaşa yox, dolayı yolla həyata keçirilmişdi. Çünki CIA, sənət üzərindəki himayədarlığının üzə çıxmayacağına əmin olmalıydı. Sola meyilli sənətkarların sovetlərə qarşı simpatiyasını nəzərə alsaq, əksini düşünmək imkansızdır – deməli, hətta istifadə olunan sənətkarların da baş verənlərdən xəbərləri olmayacaqdı. Soyuq müharibənin başlanğıcından etibarən ABŞ-ın mədəni qərargahlarından biri olan Müasir İncəsənt Muzeyində (MoMA) icra katibi kimi işləyən və beynəlxalq arenada anti-kommunist ictimai rəy formalaşdırmaq üçün CIA-in nəzdində qurulan bölməyə rəhbər təyin olunan Thomas Braden ziddiyyətli görünən bu halı belə şərh edir:
“Konqresin xaricə incəsənət ixrac etmək, simfoniyalar göndərmək, xaricdə jurnallar çıxartmaq və buna bənzər bəzi məsələlərdə bizimlə razılaşması çox çətin idi. Prosesin gizli şəkildə aparılmasının səbəblərindən biri də budur. Bir sirr olmalıydı. Açıqlığı təşviq etmək üçün gizli olmalı idik.”
Elə buna görə də, Berlin və Paris kimi şəhərlərdə CİA-in təşkil etdiyi sənət mübarizəsində ön cəbhə vəzifəsini yerinə yetirəcək intellektuallardan və sənətkarlardan ibarət Mədəni Azadlıq üzrə Konqres təsis olunur. Beləcə, CIA incəsənətlə bağlı materialları ilə məşhur olan yüzlərlə mətbuat orqanı vasitəsilə sənət mühitinə nüfuz etmək, müxtəlif sərgilər keçirmək (şübhəsiz ki, o dövrə aid ən məşhur sərgi “Advancing American Art” idi), habelə həmin sərgiləri tanıtmaq naminə beynəlxalq turların təşkili üçün maliyyə yardımları göstərilməsinin rəsmi yolunu da tapır. Francesə görə, bu canfəşanlığın arxasında sadə məntiq var:
“CIA onları niyə dəstəklədi? Çünki Sovet İttifaqı ilə aparılan propaqanda müharibəsində bu yeni bədii hərəkat – ABŞ-a aid yaradıcılığın, intellektual azadlığın və mədəni gücün sübutu olaraq göstərilə bilərdi.”
Lakin bu plan baha başa gələcəyi üçün CIA bütün yükü öz çiyinlərinə götürə bilməzdi. Odur ki, təşkilat insəsənətlə yaxından maraqlanan varlıları və muzeyləri də işin içinə qatmağa qərar verdi. İşin təbiəti etibarilə bu müttəfiqlik də üstüörtülü baş tutdu. Öz növbəsində sözügedən “səfərbərliy”in əsas konsepti qismində “abstrakt ekspressionizm” kimi bir cərəyanın seçilməsinin müəyyən səbəbləri var idi.
Əsas motiv ölkənin təmsil etdiyi dəyərlərə yaxın bir şey olmalı, ya da, başqa bir ifadə ilə, azadlıqlar ölkəsi olaraq bilinən Amerikanın özünə xas ruhunu daşımalı idi. Louis Menand, bu seçimin təmsiliyyət baxımından tam yerinə düşən bir tapıntı olduğunu qeyd edir:
“[…] “abstrakt ekspressionizm” muxtariyyət mənasına gəlirdi: dünyanı təmsil etmək məcburiyyətindən azad olan incəsənətin muxtariyyəti və ya fərdin azadlığı – sadəcə ABŞ-ın dünyanın hər yerində uğrunda mübarizə apardığı prinsiplər.”
Digər yandan, “abstrakt ekspressionizm” sovetlərin təşviq etdiyi “sosialist modernizm” cərəyanı ilə qarşılıqlı əlaqəyə girəndə rəqibinin sərtliyini və formallığını daha aydın göstərirdi. Ki, bu da özünün hədsiz dərəcədə sərt qəliblərinə uyğun gəlməyən hər şeyə (non-conformity) səriştəsiz şəkildə qarşı çıxan Moskvanın, sərbəstliyi və elastikliyi ilə seçilən cərəyanın öhdəsindən gəlməsini, az qala, mümkünsüz edirdi.
Moskvanın, rəqibin bu gedişi qarşısında çıxılmaz vəziyyətə düşməsi qaçılmaz idi, çünki məsələ sadəcə sənət cərəyanları ilə məhdudlaşmırdı, həmin üslublar müəyyən mənada təmsil etdikləri sistemi də ifşa edirdi.