Neft sənayesi
İkinci dünya müharibəsində neftin milli iqtisadiyyatın inkişafı və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsindəki rolu çox vacib idi. Neftçilər müharibənin əvvəlində olduqca çətin şəraitdə işləməli olurdular. Müharibə Azərbaycan neft sənayesinin işində çoxsaylı çətinliklər yaratdı. Neftçilərin müharibənin ilk günlərində üzləşdikləri ciddi problemlərdən biri neft sənayesində işləyən çox sayıda işçi və mühəndisin müharibəyə getməsi idi. Məsələn, 1941-ci ilin altı ayında “Leninneft” trestində 22 rəhbər işçi olmaqla ümumilikdə işçilərin 45% -i cəbhəyə getmişdi. Bakının neft kollektivlərində orduya qoşulan işçilərin ümumi istehsal vəziyyətinə təsirini azaltmaq və əmək məhsuldarlığını artırmaq üçün hər bir fəhlə 2-3 nəfərin yerinə işləməyə başladı. Ancaq buna baxmayaraq müəssisələrdə kadr çatışmazlığını doldurmaq mümkün deyildi, çox sayda yeni işçi tələb olunurdu. Beləliklə, istehsal sahəsinə qadınlar və gənclər, hətta yaşlı təqaüdçülər gətirildi.
Müharibə dövründə qadın əməyi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Minlərlə azərbaycanlı qadın fabrikdə müharibəyə gedən həyat yoldaşlarını, oğullarını və qardaşlarını əvəz etməyə hazır olduqlarını bildirdi. Sabunçu rayonunda, müharibənin ilk günlərində 645 evdar qadın müəssisələrdə işləmək istəklərini ifadə etdi, onlardan 279-u dərhal işə qəbul edildi, qalanları isə traktorçu, sürücü, elektrik kurslarında qeydiyyata alındı. Müharibənin ilk altı yarım ayında on mindən çox qadın “Azneftkombinat” və “Narkomlegproma” sənaye obyektlərində işə başladı. 1941-ci ilin sonunda qadınlar neft sənayesində çalışanların yarısını təşkil edirdi. Beləcə qadınların və yaşlı təqaüdçülərin fədakar əməyi nəticəsində 20 dekabr 1941-ci ildə Azərbaycan neft sənayesi 1941-ci ildə neft və qaz hasilatının maksimum səviyyəsinə qalxdı. Azərbaycan neftçiləri 1941-ci ildə bütün müəssisələrdə neft və qaz hasilatı planını 102,2% yerinə yetirdilər. Ən yaxşı göstəricilərə bu trestlər nail olmuşdu: “Stalinneft” (116%), “Qaradağneft” (114.9%), “Əzizbəyovneft” (103.5%), Orconikidzeneft (102.8%).
Yüngül və yeyinti sənayesi
Müharibə illərində Azərbaycanın yerli sənaye müəssisələri 200-ə yaxın yeni məhsul növü üzrə ixtisaslaşmışdı. Müharibənin əvvəlində hərbi hissələrin göstərişi ilə yerli sənaye müəssisələri Sovet Ordusu əsgərləri üçün keçə çəkmə, əlcək və yun corab istehsalına başladılar. Əvvəllər məktəblər üçün mebel və istehlak malları istehsal edən mebel fabriki müharibə illərində maşın, cilalı və rəngli məhsullar istehsal edən kimya fabriki yanğınsöndürmə texnikası və inventarlar, müharibədən əvvəl ayaqqabı kremi üçün qalay qutuları hazırlayan müəssisə selüloz hissələrinin istehsalı üzrə ixtisaslaşdı. Müharibədən əvvəl, ictimai xidmətlər üçün istehlak malları istehsal edən metal fabriki ordu konteynerləri, yanğınsöndürmə texnikası, vaqon hissələri, xəndək sobaları istehsal etməyə başladı. Bundan əlavə, bu fabrikin yataqxanasında kamuflyaj torları, yanğından xilasetmə vasitələri də istehsal olunurdu. Gəncə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, Dağlıq Qarabağ Bölgəsi və digər şəhərlərdəki regional sənaye kompleksləri Sovet Ordusunun ehtiyacları üçün zəruri olan yeni növ geyim məhsullar olan palto, keçə çəkmə, toxuma materialları, qısa xəz paltolar, qulaqlıq və s. istehsalına başladı. Ölkənin altı rayonu kibrit istehsalı üzrə ixtisaslaşmışdı.
Fabrik və zavodlarda istehsalın çoxşahəli olması xüsusən geyim sahəsində artellərin önəmini artırmaqda idi. 2-3 arteldə birləşən Gəncənin xalça toxucuları yalnız 1942-ci ilin qışında cəbhəyə 1000 cüt yun corab və əlcək göndərdilər. Artel hərbi sifarişlərinin icrası ilə eyni vaxtda istehlak məhsulları istehsal etməli idi. Müharibə dövründə yüngül sənaye, toxuculuq, qida müəssisələrinin işçiləri üçün əsas vəzifə cəbhəyə gedən yoldaşların əvəzinə yeni kadrlar hazırlamaq idi. Bacarıqlı işçilərin və mühəndis kadrların kəskin çatışmazlığı özünü müharibənin ilk günlərindən hiss etdirdi. Xüsusi ixtisaslı kadr çatışmazlığı toxuculuq sənayesinin işində axsamalara yol açsa da yeni kadrların fədakarlığı ilə ümumi istehsalda azalma baş vermədi. 1943-cü ildə geyim sənayesində çalışanların sayı 1942-ci ilə nisbətən əhəmiyyətli dərəcədə azalsa da ümumi istehsal 11% artdı.
Müharibə, həmçinin qida sənayesində ixtisaslı işçilərin əhəmiyyətli bir hissəsinin itirilməsinə səbəb oldu. 1940-cı illə müqayisədə bu müəssisələrdə işləyənlərin sayı 1941-ci ildə 92,8%, 1942-ci ildə 76,5% və 1943-cü ildə 62,5% təşkil etmişdir. Nəticədə 1943-cü ildə işləyən işçilərin sayı 1940-cı illə müqayisədə təxminən 40% azaldı. Son dərəcə çətin vəziyyətdə bu iş yükü gənclərin və qadınların çiyninə düşdü. Müharibə illərində Azərbaycan SSR-in yüngül sənaye müəssisələrində çalışan işçilərin ümumi sayının 80%-dən çoxunu qadınlar təşkil etmişdir. Böyük Vətən müharibəsi başlamazdan əvvəl qadınlar Əli Bayramov makaron fabrikində işləyənlərin ümumi sayının 32%-ni təşkil etdiyi halda müharibə dövründə onların payı 77.4%-ə yüksəldi. 1941-ci ilin yanvarında “Bakxlebtrest” müəssisələrində çalışanların 19,2%-i qadınlar olsa da 1944-cü ilin yanvar ayında bu say 70.1%-ə yüksəldi. Qısa müddət ərzində qadınlar ən çətin peşələri mənimsəməyi bacardılar. Yeni qadın mexaniklərinin nəzarəti altında maşınlar fasiləsiz işləməyə başladı.
Qafqaz müharibəsi və Azərbaycan
1942-ci ilin əvvəlində Almaniyanın ani hücum taktikasının müharibənin gedişatına həlledici təsir göstərmədiyi aydın oldu. İndi həlledici olan şey ordunun əhval-ruhiyyəsi, bölmələrin sayı və keyfiyyəti, ordunun silahlanması, komandanlığın təşkilati imkanları və bəzi amillər idi. Arxa cəbhənin dəstəyi olmadan Sovet ordusu düşmənlə uğurla mübarizə apara bilməzdi. 1942-ci ilin yazında Sovet ordusu cəbhədən daha çox silah, döyüş sursatı, yanacaq alırdı. Bununla belə alman ordusu gücünü hələ itirməmişdi. Hitler, Bakı və Şimali Qafqaz neftinin SSRİ iqtisadiyyatının əsas dayağı olduğunu görürdü. Bundan başqa Ukraynanın itirilməsindən sonra SSRİ-nin taxıl mənbəyi kimi sadəcə Qafqaz və Kuban vilayəti qalmışdı. Qafqazın itirilməsi müharibənin ümumi gedişinə ciddi təsir göstərə bilərdi. Buna görə Hitler, 1942-ci ilin yay hücumlarının əsas hədəfi olaraq Qafqazı seçdi.
1942-ci ilin yayında nasistlər Sovet ordusuna qarşı “Edelveys” hərəkatını başlatdılar. Almanlar 25 iyul 1942-ci ildə Stalinqradı, 10 avqustda Saratovu, 15 avqustda Kuybışevi (indiki Samara) və noyabr ayı ərzində Moskvanı mühasirəyə almaq istəyirdi. Hitler Stalinqradın strateji bir nöqtə kimi ələ keçirilməsinə böyük əhəmiyyət vermişdi. İyul ayında almanlar dəfələrlə Stalinqrad şəhərinə girməyə çalışdılar, lakin hər dəfə Sovet qoşunlarının inadkar müqaviməti buna imkan vermədi. 23 avqust 1942-ci ildə almanlar nəhayət Volqaya çatdı və sentyabrın 13-dən etibarən şəhərdə qarşıdurmalar başladı.
Eyni zamanda almanlar Bakını ələ keçirmək üçün cənuba doğru irəliləməyə başladılar. 1942-ci ilin iyulunda Rostovu ələ keçirən alman orduları Şimali Qafqaza girdilər. Avqust ayında nasistlər Maykop və Krasnodar, sonra Mineralniye Vodi və Mozdoku ələ keçirə bildilər. Cəbhə xəttinin yaxınlaşması səbəbindən Zaqafqaziyada vəziyyət gərginləşdi. Sovet qoşunlarının müqaviməti nəticəsində nasistlər Qafqazın mərkəzi hissəsinin kəsişmələrində və Kuma çayının sərhədlərində dayandı. 20 avqust 1942-ci ildə gərgin hərbi vəziyyətlə əlaqədar Bakıda keçirilən partiya yığıncağında cəbhəyə neft məhsulları göndərmək üçün fasiləsiz iş sisteminə keçmək qərara alındı.
1942-ci ilin avqust, sentyabr və oktyabr aylarında Dövlət Müdafiə Komitəsinin “Qırmızı Bayraq” ordenini qazanan “Orconikidzeneft” trestinin 8-ci sektor işçiləri Qafqazı müdafiə edən Sovet ordusunun əsgər və komandir heyətinə belə bir məktub yazmışdı: “Bakı neft şəhəridir. Gecə-gündüz yüzlərlə müəssisə yorulmadan cəbhə üçün benzin, mazut, dizel və silah göndərir. Bu yüklərin ünvanı “Cənubun müdafiəçiləri” olan sizlərsiniz. Bu gün Bakı xalqının xilaskarı sizdən başqa heç kim ola bilməz. “
Cəbhənin Bakıya yaxınlaşması neft məhsullarının cəbhəyə göndərilməsində də ciddi problemlər yaratmağa başladı. Bu dövrdə Qafqazda müharibə getdiyi üçün neftin dəmir yolu vasitəsi ilə göndərilməsi təhlükəli idi və mütəmadi bombardmana məruz qalırdı. Bu səbəblə neftin Xəzər dənizi vasitəsi ilə göndərilməsi qərarlaşdırıldı. SSRİ-də su vasitəsi ilə daşınan yüklərin təxminən üçdə biri Xəzər dənizinə düşürdü. Bu, ilk növbədə dənizin neft sahələrinə, neft emalı zavodlarına və pambıq sahələrinə yaxın olması ilə əlaqədardır. Neft və neft məhsullarının Bakıdan Həştərxana və Krasnovodska fasiləsiz olaraq daşınması cəbhədə yanacaq sıxıntısının yaranmasına imkan vermədi. Beləcə, Azərbaycan neftçiləri və dənizçilərinin fədakarlığı müharibənin seyrinin dəyişməsi ilə nəticələndi. Stalinqradda ağır məğlubiyyətə uğrayan nasistlər bütün cəbhə boyu geri çəkilməyə başladı.
Hərbi sənaye kompleksi və digər yardımlar
Müharibə illərində Azərbaycan SSRİ üçün hərbi sənaye kompleksi baxımından vacib bir bölgə idi. Azərbaycan SSR-də 130-dan çox silah və sursat istehsal edilmişdir ki, bunlardan biri də “Şpagin” pulemyotu idi. Müharibə illərində Azərbaycan SSR sakinlərinin şəxsi ehtiyatlarından Müdafiə Fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl göndərildi. Bəstəkar Üzeyir Hacıbəyov tank qoşunları və hava donanmalarının yaradılması üçün Dövlət Fonduna 25 min rubl, Ağdam rayonunda yaşayan 90 yaşlı kolxozçu Səadət Nəcəf qızı isə 30 min rubl yardım etmişdir. 1942-ci ilin yazına qədər azərbaycanlılar Leninqrad şəhərinə 2 maşın kürü, 40 ton quru meyvə, 12 maşın pomidor püresi, şirəsi və digər ərzaq məhsulları, həmçinin dərman vasitələri göndərdilər. Leninqrad, Krasnodar diyarı, Stavropol diyarına dərman, qida və digər maddələr ilə əhəmiyyətli kömək edildi.
Dünya Müharibəsi illərində Bakıda və ölkənin hər yerində çox sayda hərbi xəstəxana quruldu. Rəsmi məlumatlara görə, Azərbaycan SSR xəstəxanalarının bir yarım milyon sovet əsgərinə xidmət etmək imkanları var idi. Xəstəxanalarla yanaşı, Bakıda da mühüm hərbi fabriklər var idi. Bakının Keşlə şəhərində “168” və “458” rəqəmləri ilə kodlanan iki təyyarə fabriki var idi. Davamlı işləyən bu fabriklərdə UTI-4 və Yak-3 qırıcı təyyarələr istehsal edildi. Bakıda Sovet ordusunun ən təhlükəli silahı olan əfsanəvi “Katyuşa” raketləri də istehsal olunurdu. Bu dövrdə Kirovabad şəhərində (indiki Gəncə) böyük bir təyyarə təmiri qurğusunun istismarına başlandı. Müharibə illərində burada Yak-3 qırıcıları istehsal edilirdi.
Humanitar yardım
22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən Sovet İttifaqını işğal etməyə başladığı günlərdə 40 mindən çox insan, o cümlədən qızlar (min nəfər) Azərbaycan SSR Hərbi Komissarlığına könüllü şəkildə cəbhəyə göndərilmək barədə müraciət etdilər. İyulun 4-nə qədər Bakı şəhərində 75.000, Gəncədə 10.000, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 7.000 nəfər xalq milisinə qoşulmaq istəyini bildirmişdi. 1941-ci ildə Azərbaycan SSR-dən ümumilikdə 186,7 min nəfər xalq milisinə qoşuldu.
Müharibənin əvvəlində böyük ərazilər ələ keçirildiyi üçün bu regionlarda yaşayan əhalinin təxliyyə edilməsi problemi yaranmışdı. Xüsusən də Qafqaz müharibəsi zamanı təxliyə edilənlərin bir hissəsi Azərbaycan SSR-ə gətirildi. 1 fevral 1942-ci ildə Dövlət Müdafiə Komitəsinin qərarı ilə 2745 nəfər, o cümlədən 114 rus, 65 ukraynalı, 2545 yəhudi, 13 polyak, Azərbaycan SSR-in Zaqatala, Jdanov (indiki Beyləqan), İmişli və Puşkin (indiki Biləsuvar) bölgələrinə təxliyyə edildi. Ümumilikdə müharibə ərzində Azərbaycana SSRİ-nin digər bölgələrindən 70 min mülki vətəndaş gətirilmişdi. Müharibə illərində 3,4 milyon əhalisi olan Azərbaycan SSR-dən cəbhədə 10 min qadın da daxil olmaqla 681 min şəxs iştirak etdi. Onlardan təxminən 350 mini müharibədən geri dönmədi. Müharibə illərində 400 mindən çox azərbaycanlı əsgər Sovet İttifaqının medalları və döş nişanları ilə təltif edilmişdir. Bu əsgərlər arasında 43 etnik azərbaycanlı (Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov və s.) Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Nəticə
Müharibə illərində Azərbaycan SSR-də SSRİ neftinin 80%-i istehsal olunurdu. Böyük Vətən Müharibəsi dövründə hərbi məqsədlər üçün cəbhəyə ümumilikdə 75 milyon ton neft göndərildi. Azərbaycanın müharibədə rolu barədə Sovet hərbi komandanlığı da yüksək fikirdə idi. Dörd dəfə Sovet İttifaqı qəhrəmanı olan Georgi Jukov müharibədə Azərbaycan neftinin rolunu belə qiymətləndirirdi: “Bakının neftçiləri cəbhəyə və ölkəyə vətənimizi qorumaq və düşməni tez məğlub etmək üçün lazım olan qədər yanacaq verdilər.” Sovet İttifaqının marşalı Konstantin Rokossovski isə belə deyirdi: “Qorxmaz pilotlarımızın hər döyüşündə, sovet tankçılarının hər hücumunda, nasist qüvvələrinə qarşı hər qələbədə müvəffəqiyyətin xeyli hissəsi Bakı neftçilərinə məxsusdur. “Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasiliy İstratov isə bu mövzu ilə bağlı çox daha qəti idi: “Azərbaycanın təbii sərvətləri olmasaydı, Böyük Vətən Müharibəsində qələbə qazana bilməzdik.”