“Bizi öldürməyən şey bizi daha güclü edir”
F.Nietzsche
Qısa yazacam bu dəfə, çox qısa.
Biz mübarizə, savaşlar, əzablar, dəhşətlər, eyni zamanda böyük ruh yüksəkliyi və müstəsna eyforiya, bayram içində yenidən doğuluruq.
Bu dəfə Siyasi Millət kimi.
Doğuluş hər zaman əzablarla müşayiət olunur. Bu da normaldır. Bizim yenidən doğuluşumuzu isə məğlubiyyətimiz, dərin milli təhqiredilmə hissi, uzun illər Azərbaycana qarşı edilmiş olmazın həqarət, müharibəni uduzmuş xalqın əzikliyinin müşayiəti ilə keçdi.
1988-ci ildə hazırlıqsız, sovetin fağır bəndəsi olan bizlər, hər anlamda hərtərəfli hazırlaşmış düşmənin təcavüzü sırasında folklor xalqı idik. Yeri gəlmiş, bu ifadə Mixeil Saakaşviliyə aiddir – gürcülər haqda deyib bu sözü. Amma bizə də aiddir və o zaman üçün çox doğru təsnifatdır, düşünürəm. Heç bir inciməksiz.
Amma bu hadisələrdən sonra artıq Azərbaycana bütün dünya tərəfindən münasibət tamamilə dəyişəcək. Bütün qonşularımız, bütün dostlarımız, bütün düşmənlərimiz, bütün neytrallar dəmir milli iradə gördülər bu dəfə qarşılarında. İndi bizim yanımızda olmaq istəyən çox olacaq, əlbəttə, qalibin yanında olurlar və qalibləri mühakimə etmirlər. Necə ki, 26 ildir bizim xahişlərimizə, sülh çağırışlarımıza, minnətimizə rəğmən bütün beynəlxalq və insani qanunlara tüpürüb heç üzümüzə də baxan olmadı.
Bu illər ərzində bizim dövlət və istənilən ölkə başçılarımız ilə ritorika yalnız bu olub: “Uduzmuş tərəfsiniz, diz üstə çökün, təslim olun, dediklərimizi şərtsiz qəbul edin, yalvarın ki, axırınıza çıxmayaq”. Bizə deyilənlərin aşağı-yuxarı qısa özəti bu idi.
Bu gün hörmətli müəllifimiz Yalçın İslamzadənin bir statusunda bu fikri gördüm: “Bundan sonra bəzi dostların “Arxetipik azərilər” kitabı haqqında təriflə bəhs etməyəcəklərinə ümid edirəm. O kitab bir çox baxımdan tənqid oluna bilər, bu gün baş verənlər isə orada yazılanların səhv olduğunun faktoloji sübutudur”.
Lakin “Arxetipik Azərilər: Mentalitetin Simaları” əsəri səhv deyildi, bu fikirlə əsla razı ola bilmərəm. Çünki mərhum professor Həsən Quliyev bu kitabı 1990-cı ildə yazıb, o zaman biz həqiqətən folklor xalqı idik və bu bir alimin obyektiv müşahidələrinə əsaslanan elmi-populyar ədəbiyyat idi. Qeyd etməliyəm ki, o əsər həmin dövrdə bizim bir çoxlarımızın gözünü açdı, ən azından bizim nəslin insanları cəmiyyətimizi fərqli optikadan görə bildi.
1-ci Qarabağ müharibəsindəki məğlubiyyətimiz və dərin mənəvi böhran bizim intellektualların (xüsusən o zamankı biz, gənclərin) cəmiyyətimizi dərindən tədqiq obyektinə çevirməyə sövq etdi. Acınacaqlı postmüharibə dövründə böyük refleksiyalar oldu, yalnız bu savaşda yox, ümumiyyətlə cəmiyyət kimi məğlubiyyətimizin səbəbləri araşdırıldı, həm ictimai təfəkkürdə, həm ən yeni ədəbiyyatımızda, həm də ümumi kültür proseslərində. Çünki biz bununla barışa bilməzdik və yenidən doğuluşumuz üçün öldürücü tənqid, kritik baxış çərçivəsindən öldürücü katarsisə gəlməli idik. Və bunlar tədricən, çox-çox yavaş baş verdi.
Hazırda, elə bu günlərdə biz əzablar, məşəqqət və eyni zamanda böyük eyforiya, ruh yüksəkliyi içində Siyasi Millət kimi yenidən doğulmaqdayıq. İndi, bax bu dəqiqə, bir zamanlar kinoşünas Sevda Sultanovanın çox dəqiq təsbit etdiyi həmin o azərbaycanlı super-etnosu doğulmaqdadır, bütün əziz və doğma xalqları ilə, olmazın rəngarənglikdə, müxtəlif etnosların yaraşıqlı palitrasında. Bu günlərdə müxtəlif etnoslara mənsub olan Azərbaycan vətəndaşları sosial şəbəkələrdə öz dillərində vətənlərinə dəstəklarini yazdı və bu, olmazın gözəl səhnə idi. Bir hamımız özümüzü vahid bir sivilizasion-kültür məkanının bir parçası kimi hiss edir və qardaşlıq ideyası ətrafında Siyasi Millət olaraq birləşmişik.
Bizi artıq hansısa dılğır qatilin Gəncəyə, mülki əhalinin üzərinə raket atması çəkindirə bilməz. Zamanında qatil Sarkisyan demişdi ki, “biz Xocalını azərbaycanlıları qorxutmaq üçün etdik”, fikirləri o vaxtlara getməsin, indi bununla yalnız əksinə nail ola bilərlər.
Dərin böhran hər zaman hər hansı bir cəmiyyətdə ya tamam məhvə səbəb olur, ya da böyük intibaha. Necə ki, Friedrich Nietzsche “Götzen-Dämmerung” essesində yazmışdı: “Bizi öldürməyən şey bizi daha güclü edir” (Was uns nicht umbringt, macht uns stärker).
Siyasi Millət, obyekt olan folklor xalqından fərqli olaraq – subyektdir. Fəlsəfədə obyektdən fərqli olaraq subyekt — dərk edən, düşünən və fəliyyət göstərən (kəslər) və eyni zaman fəaliyyət daşıyıcısı anlamına gəlir.
Fərq bundadır.