Bu günlərdə meksikalı yazıçı Elena Qarro (Elena Garro) haqqında oxuyurdum. Oxuduqca da Qarronu niyə indiyədək tanımadığıma dair təəccübüm keçib getdi.
Elena Qarronun yazıçı karyerasını siyasət məhv etmişdi.
Bir anlığa ehtiyatsızlıq edib yazıçı olduğunu unudan və siyasətçi olması barədə xülyaya qapılan Qarro elə öz sağlığında unudulmuş və ömrünü yoxsulluq içində başa vurmuşdu.
Elena Qarronun ədəbi ulduzu 1963-cü ildə Gələcəyin xatirələri romanının dərci ilə parlayır. Hər kəs Qarronun ədəbiyyat panteonunda öz yerini artıq bərqərar etməsi qənaətinə gəlir. Qarro bu zaman həm də ictimai-siyasi fəallıq göstərir, kəndlilərin, hinduların və tələbələrin hüquqları uğrunda Meksikanın avtoritar hökuməti ilə mübarizəyə qoşulur. Həm istedadlı yazıçı, həm də mübariz qadın kimi Qarro bu illər ərzində şöhrətin zirvəsindədir.
Nəhayət, 1968-ci ilin tələbə etirazları. Qarro etirazçıların ön cərgəsindədir. Qəfildən, bəlkə də emosional gərginliyin diqtəsi altında Qarro mətbuat konfransı keçirərək ziyalıları məsuliyyətsizlikdə ittiham edir. Tələbələri qızışdırıb meydana çıxarıblar, amma özləri kənara çəkilib müşahidə edirlər!
Mətbuat alovun üstünə benzin tökür. Bir neçə günün içində müxalifət düşərgəsi Qarrodan üz çevirir. Tələbə hərəkatı qan içində boğulur. Günahkar həm də Qarrodur! – müxaliflər bir ağızdan təkrar edirlər. Bu pozucu tələbə hərəkatının ilhamvericisi həm də Qarrodur! – hakimiyyət israr edir.
Həm hökumət, həm də müxalifət tərəfindən təqibə məruz qalan Elena Qarro əvvəlcə ABŞ-a, sonra Avropaya könüllü sürgünə yollanır. Ömrünün geri qalan hissəsini Madriddə və Parisdə maddi ehtiyac içərisində keçirməli olur.
Ehtiraslar yatışandan sonra Meksikada hər kəs Qarronu yavaş-yavaş unudur. Qarro nadir hallarda ictimaiyyətin diqqət mərkəzinə gələndə isə daha çox keçmiş həyat yoldaşı Oktavio Pas (Octavio Paz) ilə passiv-aqressiv münasibətlərinə görə xatırlanır.
Oktavio Pas kinli və xırdaçı adam imiş. Mətbuat üçün pedant tərzdə yazdığı açıqlamalarda, məsələn, deyir: Qarronun özünün iddia etdiyi kimi 70 yox, 72 yaşı var. Bəzi insanları heç Nobel mükafatı da nəcibləşdirə bilmirmiş, Meksikanın ziyalıları dərindən köks ötürürlər.
Ölümündən bir neçə il öncə Elena Qarro vətəninə qayıdır, amma Meksika onu soyuq qarşılayır. 1996-cı ildə aldığı son iki mükafat da faktiki olaraq gecikir. Qarronun artıq 80 yaşı var, qocadır, xəstədir və ölümün astanasındadır.
Yalnız indi, Qarronun ölümündən onilliklər keçəndən sonra Meksikada onun şəxsiyyətinin və yaradıcılığının həqiqi qiymətini verməyə başlayırlar. Lakin bundan sonra lap möcüzə baş versə də Elena Qarronun həyatda ikən rastlaşdığı ədalətsizliklər heç zaman aradan qalxmayacaq.
Məni heç kəs yanlış anlamasın deyə bir daha vurğulayım: nəinki yaradıcı insanın, hətta ən sıravi vətəndaşın da ictimai-siyasi məsələlərə dair öz vətəndaş mövqeyi olmalıdır. Çünki sağlam cəmiyyətin təməlini sağlam düşüncəli vətəndaşlar, onların sağlam mövqeləri və bu mövqelərə uyğun sərgilədikləri ictimai-siyasi davranışları təşkil edir.
Hələ təxminən 2500 il əvvəl Perikl öz məşhur qəbirüstü nitqində Afina şəhər-dövlətinin niyə qüdrətli olmasına aydınlıq gətirmək üçün deyirdi:
“Biz, siyasətlə maraqlanmayan şəxs haqqında demirik ki, o, ancaq öz işlərilə məşğuldur; biz deyirik ki, onun ümumiyyətlə burada heç bir işi yoxdur!”
Elena Qarronun tarixçəsi bu qəliz məsələdə mübahisə və mülahizələr üçün bəlkə də ifrat nümunədir, amma bu ibrətamiz hekayənin ədəbiyyat və siyasət arasında müvazinəti itirən yaradıcı insanlara xəbərdarlıq olması şəksizdir.
Иностранная Литература jurnalının 2019-cu il iyun nömrəsində Elena Qarro haqqında getmiş geniş materialda bir az da ritorik tərzdə soruşurlar: görəsən bir yazıçının öz həyatını məhv etməsi və istedadının yalnız ölümündən sonra tanınması bahasına siyasətlə bu dərəcədə fəal məşğul olması nə qədər düzgündür?
Zümrüd xanımın iki yanlışı
Selcan Yağmurun səs-küylü məlum bəyanatından sonra Yeni Müsavat qəzeti onun anası, yazıçı Zümrüd Yağmurla əlaqə saxlayıb açıqlama almaq istəmişdi. Zümrüd xanımın cavabı çox sərt olmuşdu:
“Əvvəllər zəng edib mənim nə yeyib içməyimlə maraqlanmamısınız. Məni bu problemlərlə rahatsız etməyin. Bundan əvvəl yazmışdım ki, romanım bitib. Niyə o zaman daha qlobal məsələlərlə maraqlanmadınız?!”
Zümrüd xanım 1997-ci ildə Hüseyn Cavid mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri üzrə elmlər namizədi dərəcəsi alıb, ilk bədii kitabı isə hələ 1995-ci ildə işıq üzü görüb. Selcan Yağmur hadisəsinə kimi iki monoqrafiyanın və altı bədii kitabın müəllifi idi, jurnal redaktoru və nəşriyyatda elmi redaktor işləmişdi, 30 ilə yaxın müddətdə mətbuatda hekayələri və məqalələri dərc olunmuşdu.
Əgər Zümrüd xanım yeni roman yazdığını bəyan edəndən sonra mətbuatdan heç bir diqqət görmürsə, qəzəblənməyə tam haqqı var. Mətbuat Zümrüd xanımın ədəbi fəaliyyəti barəsində xəbər vermirsə, oxucular bu yeniliklərdən necə xəbər tutsunlar?
Selcan Yağmurun bəyanatından sonra yaranmış qalmaqal olmasaydı, mən də Zümrüd xanımın yeni kitabının – Qaranlığa şərqi söyləmək (2019) – nəşri haqqında xəbəri gözdən qaçıracaqdım. Necə ki, bundan öncəki iki kitabının nəşrindən uzun müddət xəbərsiz qalmışdım.
Azərbaycanda yaradıcı insanlar üçün şərait onsuz da eybəcərdir. Bu bataqlıqda bir balaca başını qaldıra bilən hər kəs yalnız öz iradəsi hesabına buna nail ola bilib.
Lakin konkret Zümrüd xanımla bağlı vəziyyətin belə hala gəlib çıxmasında onun öz yanlışları da az rol oynamayıb. Daha doğrusu, Zümrüd xanımın iki yanlışı.
Zümrüd Yağmur istedadlı şəxsdir, üstəlik, mənim anladığım qədəri ilə, hökumətlə yaxınlığı olan məşhur bir ailənin nümayəndəsidir. Əgər istəsəydi, bəlkə də bu əlaqələrdən yaxşıca istifadə edib öz istedadını körükləyər, müəyyən bir ali məqama yetişərdi. Amma Zümrüd xanım öz vicdanının səsinə qulaq asaraq tamam əks istiqamət götürdü, öz taleyini müxalifət düşərgəsinin taleyinə caladı.
Zümrüd xanımın əsl vətəndaş kimi öz vətəndaş mövqeyini daha üstün tutması, əlbəttə ki, təqdirəlayiq bir hal idi, amma onun birinci yanlışı da buradan başladı. Zümrüd xanım bir məqamda ədəbiyyat və siyasət arasında incə müvazinəti itirdi, öz yazıçı kimliyini siyasi kimliyinə tabe etdi. Artıq Zümrüd Yağmur yazıçı deyildi, indi o, populyar bir müxalif siyasətçinin həyat yoldaşı idi və populyar bir müxalifət partiyasının dəstəkçisi idi.
Zümrüd Yağmurun öz taleyini və istedadını qeyd-şərtsiz olaraq peşkəş etdiyi həmin müxalif cəbhə isə ilk çətin sınaq qarşısında onun bütün fədakarlıqlarının üstündən xətt çəkdi.
Qaranlığa şərqi söyləmək kitabının təqdimatında feminist və LGBT fəallarından tutmuş Nardaran dustaqlarının ailə üzvlərinə qədər cəmiyyətin geniş spektrinin təmsilçiləri iştirak edirdilər, amma kimlərin açıq-aşkar qayıb olduğunu mən yazmasam da, oxucular özləri başa düşəcəklər.
Zümrüd xanımın ikinci yanlışı onun bu qədər açıq siyasi romanlar yazmasıdır.
Qaranlığa şərqi söyləmək əsərinə yazdığı giriş sözündə Zümrüd xanım bu romanın ssenarisinin (sic) müəllifinin özü yox, Azərbaycanda nimdaş diktatura quranların olduğunu qeyd edir.
Kitabın annotasiyasında isə deyilir:
“Qaranlığa şərqi söyləmək” adlı romanda yazar yaşadığı ölkədə baş verən qanunsuzluqları, qurulan məhkəmələrin ədalətsizliyini, məmur-vətəndaş münasibətlərini, hakimiyyətin verdiyi gücü əldə saxlamaq üçün məmurun hər yola baş vurmasını, bütün bunlara etiraz edənlərin ağır şərtlərdə bir-birinə sarılmasını, eyni zamanda, toplumun baş verənlərə laqeyidliyini (sic) qələmə alıb.
Əsərin maraqlı kompozisiyası, oxunaqlı və sentimental dili də vəziyyəti xilas edə bilmir. Bu əsər romandan daha çox sanki bir siyasi pamflet təsiri bağışlayır və bu pamfletdə bədiilik arabanın beşinci təkəri rolunda çıxış edir.
Əlbəttə, dünya ədəbiyyatında siyasi roman fenomeni əzəldən mövcuddur. Bütün ədəbiyyat tarixi boyunca onun çox gözəl nümunələri yaradılıb və indi də yaradılmaqdadır.
Roman janrının ilk qaranquşu sayılan Don Kixot bəlkə bir növü özü də ilk siyasi romandır.
Dikkensin sosial bərabərsizlik haqqında romanları, Konradın müstəmləkəçilik haqqında əsərləri, Oruellin anti-utopiyaları, Steynbekin nəşr olunan kimi kommunist propaqandası damğası vurulmuş Qəzəb salxımları – bütün bunlar siyasi romana sadəcə bir neçə məşhur nümunədir.
Cənubi Afrikanın Nobel mükafatı laureatı olan hər iki yazıçısı – Nadin Qordimer (Nadine Gordimer) və C. M. Kutsi (J. M. Coetzee) də aparteid rejiminə qarşı açıq-aşkar mübarizə aparmaqla yanaşı, öz əsərlərində aparteid və irqi ayrı-seçkiliyi kəskin tənqid atəşinə tutublar.
Lakin burada bir vacib nüansı gözdən qaçırmaq olmaz – Dikkens və Oruell, Qordimer və Kutsi kimi yazıçılar öz siyasi fəaliyyətlərində birbaşa və aşkar siyasi olduqları qədər öz siyasi romanlarında ədəbi və bədii prinsiplərə bir o qədər sadiqdirlər. Bu qəbildən yazıçılar siyasi romanlar yazarkən müşahidə etdikləri, hətta mübarizə apardıqları zülmü və ədalətsizliyi distillə edir, onların essensiyasını aşkara çıxarır, sonra isə bədii təxəyyüllərindən keçirərək dövrün ictimai-siyasi hadisələrinə bədii kommentariya verirlər.
Ayrıca götürülən hər hansı bir zülm və ya ədalətsizlik ötəri fenomenlərdir, çox asanlıqla öz yerlərini başqa zülm və ədalətsizliklərə verirlər, amma bu zülm və ədalətsizliklərin əbədi paradında dəyişməyən bir şey var – onların hər biri üçün ortaq olan essensiyaları.
Böyük yazıçıların böyüklüyü öz şahidi olduqları zülm və ədalətsizlikləri statist qismində təsvir etmək deyil, onların essensiyasını aşkara çıxarıb bədii formada elə əbədiləşdirməkdir ki, sabah başqa kontekstdə başqa zülm və ədalətsizliklərə məruz qalan oxucular həmin əsərləri oxuyanda orada öz şəxsi hekayələrini görə bilsinlər.
Zümrüd Yağmurun Qaranlığa şərqi söyləmək adlı əsəri siyasi romanın məhz bu ayrılmaz xüsusiyyətini görməzdən gəlir. Zümrüd xanım öz şahidi olduğu ictimai-siyasi hadisələrə sadəcə ictimai-siyasi kommentariya verir. Eyni məsələ təzəlikcə özünü yazıçı kimi sınamağa başlayan hüquqşünas İntiqam Əliyev üçün də keçərlidir.
Belə davam edəcəyi təqdirdə 100 il sonranın azərbaycanlı oxucusu da Dikkensin və Oruellin əsərlərində öz həyat təcrübəsinə daha çox rast gələcək, nəinki Zümrüd xanımın və ya İntiqam müəllimin sırf yerli material üzərində yazılmış əsərlərində.