28 il əvvəlin dünənki günü Laçın işğal edildi. Yenə də həmişəki kimi çox deyildi, çox ağlandı-sızlandı, çifayda. Zamanın qəddar çarxı da amansızca fırlanmağında. Həmin günü çox yaxşı xatırlayıram, bəlkə də bu artıq yaş fenomenidir, olub-keçmişlər sanki kino lenti tək adamın gözləri önündən ötüb keçir…
Şuşanın verilməsindən cəmi 10 gün keçmişdi ki, Laçının da alınması xəbəri gəldi. Amma əvvəlkilərdən fərqli olaraq, bu dəfə kimsə bunun çox da fərqinə varmadı. Bəlkə ona görə ki, həmin gün hamımız Bakının küçələrində idik, özü də dərindən-dərin eyforiyada.
Bundan bir neçə gün öncə, 14 mayda eks-prezident Ayaz Mütəllibov tərəfdarlarının köməyi ilə hakimiyyətə geri dönməyə cəhd etdi, o zaman Ali Sovetdəki çıxışında tribunadan “lazım olsa diktatura da quruluacaq” kimi şeylər vəd etsə də, sabahısı, 15 mayda geniş kütlələr və hərbi texnikanın belində gedən silahlı dəstələr artıq küçələrdə idi. Cəbhə xəttindəki çox ağır krizis halında onları (silahlıları) Bakıya kim yığıb gətirmişdi – indiyə kimi naməlumdur. Biz o zaman tələbə idik, hamılıqla Ali Sovetin üzərinə olan yürüşdə iştirak etdik, hətta gülləbaran başlayanda Xarici Dillər İnstitutunda oxuyan dostumuz Ruslan əlləri ilə başını tutub: “Vəssalam, başladı Gürcüstan variantı” (1992-ci ilin yanvarında Gürcüstanda o zamankı prezident Zviad Qamsaxurdiyanın devrilməsi tələbi nəticəsində Tiflisdə baş vermiş vətəndaş müharibəsi nəzərdə tutulur) — qışqırdı, qardaşım Samirsə artıq Ali Sovetin içərisində idi. Şükür ki, onda atışma çox qısa çəkdi və o zaman cəmi bir qurbanla ötüşdük. Bizi qarşıda nələrin gözlədiyi, neçə-neçə qurbanlar olacağı heç ağlımıza da gəlmirdi.
Laçın alınan həmin o məşum gün də Parlament binasının önündə yığışmışdıq. Böyük bir kütlə, ətrafımızda da cəhbə xəttindən gətirilmiş həmin o silahlı dəstələr, hərbi texnika…
O zamanın söhbətləri qulaqlarımda indiyə kimi cingildəyir.
- Əşşi, bu işləri qaydasına qoyaq, sonra hamsını geri alacağıq.
- Siz başa düşmürsünüz, bizimkilər Laçından ona görə çıxıblar ki, sonra ətrafdan zərbə vursunlar.
- Başlıcası hakimiyyəti ələ almaqdır, problem Qarabağda deyil, Bakıdadır.
- Mütəllibov Rusiyanın adamıdır, gərək Rusiyanı buradan qovaq, sonrası yaxşı olacaq.
- Əsas qoy Cəbhə gəlsin, oturuşsun, başqa işlər hamısı düzələcək.
- Yox e, Heydər Əliyev gəlməsə düzəlməyəcək heç nə.
- Eybi yoxdur, nemeslər Moskvaya kimi gəlib çıxmışdı, sonra nə oldu? Erməni kimdir ki? Vaxt da bizə işləyir.
Həmin dövr insanlarımızdakı sadəlövhlüyü çatdırmağa heç bir yazı, ədəbiyyat, film kifayət etməz. Sovetin fağır bəndəsi olan azərbaycanlılar taleyin belə böyük zərbələrinə əsla hazır deyildilər, qarşılarında da kimin durduğundan əsla xəbərsizdilər.
Bu mövzuda 25 illik düşüncələrimi geniş “100 illik müharibə?” yazısında qeydə almışam, maraqlananlar daxil olub baxa bilər. Bu dəfə tamam başqa bir məsələdən bəhs etmək, icazənizlə uşaqlıq xatirələrimi bölüşmək istəyirəm.
***
Uşaqlıqda oyuncaqlarımdan ən sevimlisi metaldan düzəldilmiş reaktiv atıcı qurğusu olan maşın, rəsmi adı “БМ-13” olan məşhur sovet “Katyuşa”sı idi. “Katyuşa” uşaqlıqdan müharibə filmlərində izlədiyim və hədsiz qürur hissi keçirdiyim bir silah növü idi. “Nemesdərdə onnan olmuyub” – bunu “başı çıxan” bizimkilər hər zaman vurğulayırdı, mən də təbii ki, inanırdım.
Almanların ruslar arasında “eşşək” ləqəbi (atəş zamanı çıxardığı səsə görə sovet əsgərləri ona belə bir ad qoymuşdular) ilə məşhur olar Nebelwerfer (alm. – dumanatan) raket sistemi haqda sonralar eşidib öyrəndim. Sovet “Katyuşa”sı ilə birlikdə Nebelwerfer ilk kütləvi istifadə olunan raket sistemlərindən idi. Hər iki silah vasitəsilə atılan raketlər düşmənin canlı qüvvələrini böyük ərazi çevrəsində məhv edirdi.
Nəsə, həmin o “Katyuşa”nı valideynlərimə haçan, necə aldırdığımı xatırlamıram, evimizdə necə peyda olduğunu da bilmirdim, bildiyim bircə o idi ki, bu oyuncağı çox xoşlar, hər gün onunla oynardım. Ən çox xoşladığım xüsusiyyətlərindən biri də bəlkə onu heç bir vəhclə sındıra bilməməyim idi, çünki çox möhkəm metaldan düzəldilmişdi. Bütün oyuncaqları uşaqlar qırır, onun daxili anatomiyasını bilmək üçün bunu edirlər, amma “Katyuşa”nı nə illah edirdimsə sınmırdı, ora-bura çırpmaqdan metalının tünd yaşıl rəngi tədricən ovulsa da, təkərləri (onları da çıxara bilmirdim, çox möhkəm düzəldilmişdi) azacıq yeyilsə də qırılmırdı.
Günlərin bir günü nəhayət böyük səylərdən sonra “Katyuşa”nın raketatan qurğusunu kuzovundan ayırıb qopara bildim, bundan sonra çevrildi adi yük maşınına. Həmin o gurultulu şöhrət arealı olan qorxunc silah davamlı səylərimlə sadə bir “qurzavoya” çevrildikdən sonra cəlbediciliyini tamam itirdi. Bilmirəm, bəlkə də böyümüşdüm artıq, oyuncaqlar sadəcə maraqlı deyildi?
***
Hərdən mənə elə gəlir ki, təsadüfün təsadüfü nəticəsində əlimizə keçmiş bu dövlət də həmin o “Katyuşa” oyuncağı kimi bir şeydir bizim cəmiyyət üçün. Dövlətin nə olduğundan xəbərsiz, onun yaradılması üçün əsrlərlə necə çabaların, fədakarlıqların (bir çox Avropa dövlətləri: İtaliya, Almaniya, Polşa, Yunanıstan və s., onlar bir yana, lap elə Ermənistanın özü) edilməsindən tamamilə bixəbər bir kütlə olan bizlər üçün.
Az qala bütün postsovet tariximiz bunun bir sübutudur – dövlət bir oyuncaqdır ki, taleyin hökmü ilə təsadüfən keçib əlimizə və tam infatil olan bu cəmiyyət ha gücənir, israrla onu dağıtmaq istəyir amma yenə də sınmır, dağılmır. Üstünün rəngi pozulur, böyük bir hissəsi (20%) qopub düşür, çoxları üçün cəlbediciliyini itirir, “elita”sı isə ona sadəcə firma, “kaprativ”, qısası bazar yeri kimi baxır (elementar son ayda baş verənlərə, gurultulu həbslər və partapart açıqlamalara diqqət edin), amma yenə də var, mövcuddur.
Bu yaxınlarda tanışlardan biri ilə söhbət edirdik, “müəllim, mənim üçün bu ölkə, dövlət, ümumiyyətlə Azərbaycan barədə təəssüblər azalıb, çünki Azərbaycanın o boyda gücü var, pulu var, bunlarsa biznes kimi baxır ona, özlərinə firma hesab edir elə bil. Bu boyda gücü olan dövlətdirsə, onun məmurları ona istismar yeri kimi baxırsa, ehtiyacın dibində olan bizlər nə təəssübü çəkəcəyik, necə çəkəcəyik?” – deyib sual etdi mənə. Dediklərində də tam haqlı idi bu vətəndaş…
Sındıra bilmədiyimiz oyuncaqdır bizim üçün əlimizə təsadüfən keçmiş bu dövlət. Nə olduğundan xəbərsiz, anlamsız bizlər üçün. Nə qədər çalışsaq da sındıra bilmədiyimiz oyuncaq. Zatən təsadüfən ələ keçən şeyin heç qədri də bilinməz.
Ortaya çıxan yeganə təsəlli müstəsna bəxtli millət olmağımızdır. Mövcud potensial və təfəkkür tərzi ilə bu oyuncaq bizim əlimizə əslində keçməməli idi ki, yenə də keçib və indiyə kimi də sınmır.