Seksual əlaqə gözləntilərinə və sevginin imkansızlığına psixoanalitik baxış
Freyddə seksuallıq mövzusu insanın mahiyyətinin nədən ibarət olduğu barədə sualla başlayır. Onun üçün insan – öz bədənini yük kimi daşıyan məxluqdur. Biz, danışan məxluqla daha çox ləvazimat bildirən terminlərlə qavranılan bədən arasında bərabərlik işarəsi qoya bilmərik. Bədən – bizim sahib olduğumuz bir şeydir, amma eyni zamanda o, sadəcə idarə etdiyimiz, dünyada hərəkət etməyimizə kömək edən maşın deyil. Özü-özlüyündə bədən hisslər və yaşantılar, həyatdakı yerimiz və varlığın mənbəyidir, ona qulluq etmək və onunla necəsə yola getmək lazımdır.
Tibdə və biologiyada tələbat adlanan bir məfhum var. Bu məfhumun köməyilə bədənin qorunması üzrə işi canlı proses kimi təfəkkür etmək qəbul olunub: ona hansısa fiziki şərtlər, qida lazımdır. Başqa sözlərlə, ehtiyacların ödənilməsi tələb olunur. Biz onların aktuallığı haqqında mərkəzi sinir sistemi tərəfindən ötürülən qıcıqlanmaların xüsusi formaları sayəsində xəbər tuturuq. Ödənilmiş tələbat artıq qıcıqlanma mənbəyi olmaqdan çıxırsa, deməli, psixi baxımdan tələbatı məmnuniyyətsizlik anlarına uyğun olaraq yaranan narazılıq hissinin müşayiət etdiyi maksimumlara və məmnunluğun yaratdığı razılıq hissinin müşayiət etdiyi minimumlara malik dalğa kimi təsəvvür etmək mümkündür. Freyd bu son dərəcə ənənəvi tibbi paradiqmadan çıxış edir.
Körpə dünyaya gələndə xüsusi bir vəziyyətdə – tam inkişaf etməmiş olur (hətta Freyd “yarımçıqdoğulmuş” sözündən istifadə edir) və onun bədəninə qulluq edəcək, tələbatlarını ödəyəcək başqa birinə ehtiyac duyur. Psixoanalizdə bu ilkin başqasını ana adlandırırlar. Amma Freyd bir məqama da diqqət yetirir: bioloji tələbatların ödənilməsinə can atmaqdan əlavə, körpədə həm də bədənlə bağlı olan, amma tələbatın adətolunmuş və aydın məntiqinə sığmayan başqa bir şey – yəni məmnuniyyətin başqa formaları da var. Məsələn, körpə barmağını sormaqdan həzz alır, hərçənd bu zaman heç bir tələbatını ödəmir. Beləcə, Freyd güman edir ki, tələbatlarla birbaşa bağlı olmayan, amma onlar vasitəsilə ötürülən “fərqli” bir həzz mövcuddur: başlanğıcda sormaqdan alınan oral həzz qida ehtiyacının ödənilməsi ilə bağlıdır, ancaq sonra sanki müstəqilləşərək ondan (qida ehtiyacından) ayrılır.
Biz artıq dedik ki, tələbat və onun ödənilməsini psixoloji baxımdan dalğaların köməyilə təsvir eləmək mümkündür: məmnuniyyətsizlik və narazılığa müvafiq olan gərginlik zirvəsi və dalğanın yatışı – tələbatın ödənilməsi və həzz var. Ancaq Freyd fərqli həzzi təsvir edərkən həzzə canatmanın xüsusi bir formasını ortaya çıxarır. Bu forma sözügedən məntiqə sığmır və insanı əbədi məmnuniyyətsizliyə məhkum edir. Freyd bunu şiddətli həvəs, meyl adlandırır və kifayət qədər bəsit izah edir: əgər tələbat – konkret bir zərurətin təmin edilməsinə can atmaqdırsa, meyldə biz belə praqmatik məqsəd, hədəf görmürük. Meylin məqsədi – ümumiyyətlə, məmnunluq və həzdir.
Çoxlarının da bildiyi kimi, Freyd meylin üç növünü müəyyənləşdirmişdi: oral, anal və fallik. Bu meyllər körpənin başqası ilə – ana və ya onu əhatə edən personajlarla qarşılıqlı münasibəti kontekstində üzə çıxır. Paradoks ondan ibarətdir ki, əslində, bu meyllər həzzə nail olmaq üçün partnyor qismində başqasına ehtiyac duymur.
Oral meylin paradiqması – özü-özünü öpən ağızdır. Mahiyyətcə bu, autoerotik həzdir. Anal meyl də öz bədənindən başqasının – o, bu əlaqəyə tədricən daxil olsa da, daha çox əngəl rolunu oynayır – iştirakı olmadan istifadə etmək imkanıdır. Son nəticədə deyə bilərik ki, Freydin müəyyənləşdirib təsvir etdiyi meyllərin bir bədəni digərinə itələyən şeylə heç bir əlaqəsi yoxdur.
Seksuallığa qayıdaq. Dedik ki, burda dil problemi var: biz seksuallığı bilavasitə cinsi münasibətlərlə əlaqələndirməyə alışmışıq. Amma Freyd tamamilə başqa şeydən danışır. Onun üçün seksuallıq – insanın, Freydin meyl adlandırdığı hər şeyin öhdəsindən gəlmək cəhdidir. Onu məmnun etmək, ümumiyyətlə, mümkün deyil. Körpə üçün səciyyəvi olan bu tələbatın ikili xarakteri yetkin yaşda da qorunur. Həqiqətən, yetkin insan cinsi həzz almağa can atır, bununla mübahisə etmək gülüncdür. Amma cinsi əlaqə zamanı alınan həzdən başqa, seksuallıq və seksual meylin freydsayağı anlamda ödənilməsi də mövcuddur.
Yetkin insanlar üçün seksuallıq ilk növbədə seksual əlaqə terminləri ilə təfəkkür etdiyimiz şeydir – bizim hamımız üçün seksuallığın modeli başqası ilə əlaqə qurmaq cəhdidir.
Amma artıq gördüyümüz kimi, meylin əsl mahiyyəti – autoerotizmdir. Belə çıxır ki, meyli başqa insanla əlaqə qurmaq üçün istifadə edəndə hansısa əlavə iş görülür, əlavə səy göstərilir. Fransız psixoanalitiki Jak Lakan məşhur «seksual əlaqə mövcud deyil» cümləsində məhz bunu ifadə edir. O demək istəyir ki, seksuallıq əlaqə qurmaq üçün nəzərdə tutulmayıb və seksual münasibət sadəcə dildə mövcuddur – dil sözügedən imkansızlığı kompensasiya edir. Freyd göstərir ki, insan üçün hər üç meyl onun öz bədəni ilə bağlı olsa da, insan onları uzlaşdırır və dil zincirinə daxil edərək onların əsasında elə bir konstruksiya qurur ki, bu, başqasına istiqamətlənmiş seksual meyl görüntüsü yaradır.
Hərçənd seksual münasibətlər mövcud olmasa da, sevgi modeli mövcuddur. Seksuallıq iki nəfəri nəzərdə tutur: mən və başqası – o başqası ki, həmişə mənim həzzimə əngəl rolunda çıxış edir, amma eyni zamanda hərdən mənim istəyimin səbəbinə çevrilə bilər. Sevgidə isə belə deyil, o, ikini birə çevirir. Sevginin idealı birdir, vahiddir. Sevginin əsas fantomlarından biri – bir olmaq xəyalıdır. Biz sevəndə gözləyirik ki, ikimiz də eyni şey barədə düşünəcəyik, eyni şeyləri hiss eləyəcəyik, bir-birimizin fikirlərini oxuyacağıq və s. Əslində isə digər tərəf hər zaman uzaq olur və ən yaxşı halda mənim arzumun səbəbindən başqa bir rol oynamır. Mənə onun bədəni lazım deyil, o, mənə ideya kimi kifayətdir. Bədən sadəcə mane olur, buna görə, məsafəli münasibətlər tez-tez xeyli intensiv yaşanır – burda ideallaşdırmaq üçün daha çox imkan var. Digər tərəf arzunun obyekti, səbəb kimi çıxış edir – mən təxəyyülümdə onunla nələr edə bilərəm? Mən öz bədənim və öz xəyallarımla təkbətək qalıram. Mən istədiyimi eləməkdə sərbəstəm, amma digər tərəf yanımda peyda olan kimi hər şey mürəkkəbləşir.
Zənnimcə, intizar, gözlənti ilk növbədə təxəyyüllə əlaqəlidir. Seksual münasibətlər üçün məyusluq səciyyəvidir – xüsusən də ilk münasibətlər üçün. Bu, Parisə ilk dəfə gəlməyə bənzəyir. Bir tərəfdən ciddi şəkildə özünü aldadılmış hiss eləyirsən. Digər tərəfdən sənə elə gəlir ki, bütün bunları artıq görmüsən. Hər dəfə Eyfel qülləsinin şəklini görəndə sanki Parisə səfər etmiş kimi olursan. Amma həqiqətən, gedib o şəhərə çıxanda məyusluq keçirirsən. Tez-tez seksual görüşdən sonra da, təxminən, eyni şey baş verir: adama elə gəlir ki, aldanıb, əslində hər şey başqa cür ola bilərdi: Doğrudanmı, uzun müddət təsəvvür elədiyim, xəyalını qurduğum şey budur? Bu gözlənti və məyusluğun öhdəsindən gəlməkdən ötrü müəyyən davranış strategiyası qurmaq lazım gəlir. Bu, nəfsini saxlamaq, imtina strategiyası, ya da əksinə, aqressiv şəkildə yeni partnyor axtarışı strategiyası ola bilər. Əslində, nevroz adlandırılan şey elə bu gözləntinin öhdəsindən gəlmək üsulu, məsələn, pasientin qismən gözlədiyi və psixoanalitikə onunla işləməyə icazə verdiyi şeydir.
Freydin qadın pasientlərinin bir çoxu histeriklər, yuxarı təbəqəyə mənsub ədəbli qadınlar olub. O deyirdi ki, histeriya üçün – təxəyyüldə çılğın seksual həyatla kompensasiya olunan yoxsul seksual həyat səciyyəvidir. Freyd seksuallıq barədə danışmağın belə, qəhrəmanlıq sayıldığı XIX əsrin xanımlarını belə təsvir edirdi. Freydin analitik kimi fəaliyyətə başlamasına məhz xəyali həyatımızın daha çılğın olması imkan vermişdi. Analitik kimdir? Analitik özünü qulaq qismində, seksual həyatın, partnyorun mövcudluğunu yerli-dibli qəbul etməyən qatında partnyor qismində təklif edən şəxsdir. Analitik, təcrübədən keçirilməsi mümkün olmayan və dilə gətirilə bilməyən şeylər barədə danışmağı təklif edir. Ümumiyyətlə, psixoanalizi mümkün qılan şey məhz budur.
Yaxşı, bəs Freydin kəşf elədiyi meylləri iki bədəni birləşdirmək üçün necə istifadə etməli? Bundan ötrü işləmək lazımdır. Hətta onların köməyilə özün üçün münasibətlərdə, iki bədənin əlaqəsində həzz perspektivi də yaratmaq olar. Bunün konstruksiya qurmalısan. Əslində psixoanalitik anlamda fantazm – həmin meylin məmnuniyyətsizliyinə ayrılan yerdir. Onun qurulması qeyri-şüuri şəkildə baş verir və tez-tez biz fantazmla beynimizi işğal etmiş bir şey kimi üzləşirik. Təsadüfi deyil ki, Lakan qeyri-şüurini böyük başqası ilə eyniləşdirir. Hətta deyə bilərik ki, böyük başqası – mənim üzərimdə hökm sahibi olandır.
Lakan sosial əlaqələr nəzəriyyəsi kimi qəbul edə biləcəyimiz diskurslar nəzəriyyəsi hazırlamışdı. Cəmiyyətimizdə dil vasitəsilə sosial əlaqələr qurmağın müxtəlif formaları var. Sosial əlaqələrin təməl formalarından biri ağa diskursu adlanan və dominantlığa, hökmranlığa əsaslanan sosial əlaqədir. Bu tip sosial əlaqə qeyri-şüurinin necə işlədiyini anlamaqdan ötrü paradiqmadır. Mənim üçün öz qeyri-şüurim ağanın yerini nəzərdə tutan instansiya qismində çıxış edir. Bu ağa mənə xas olan, başqaları ilə münasibətdə məni subyekt kimi təsbit edən həzz üsullarını müəyyənləşdirir. Bu mənada fantazm qismən məni idarə edən və yönləndirən şeydir.
Meylin konstruksiyası qeyri-şüuri baş verən bir şeydir və mən bunu öz-özünə var olan bir şey kimi qəbul edirəm. Hətta bir qayda olaraq, meyllərimin necə yarandığı və sıralandığı barədə əhvalat da danışa bilərəm. Mən bu barədə felin məchul növündə danışıram: başıma gələnləri, başqasının məni nə hala saldığını söyləyirəm, halbuki bunun arxasında mənim öz işim gizlənir.
Bu halda Freydin arxeoloqun işinə bənzətdiyi quruculuq, analiz lazımdır. Mən, artıq baş tutmuş bir konstruksiya ilə müəyyən mexanizmə malik bir şey kimi tanış oluram. Buna görə də sözügedən fantazmı dekonstruksiya edə, onun fundamental məqamlarını sual altında qoya, onu özümünküləşdirə bilərəm. Və bu, sosial əlaqələr və seksual münasibətlər daxilində başqa mövqe tutmaq perspektivi açır.
Elə insanlar var ki, keçmişlə, sanki onların həyatını qapalı dairəyə, artıq baş vermiş bir şeyə çevirmiş hadisəylə yaşayırlar. Məsələn, mən, bəxti gətirməmiş bir ağa haqqında fikirləşirəm: o, həyatını təhlükə altında qoyan bir yığın fiziki problemlərlə doğulub. Günaşırı bu «taleyin ədalətsizliyi» vəziyyəti ilə üzləşən ağa tükdən asılı həyatına dözməyin bir yolunu tapır: o, artıq ölmüş biri olmaq qərarına gəlir. Beləcə, həyatı ilə barışır və ölüm artıq onu narahat etmir. Böyüyəndən, çoxsaylı uşaqlıq xəstəliklərini geridə qoyandan sonra da özünün ölü kimi var olmaq üsulunu qoruyur. Günlərin bir günü özünə qadınla münasibətin mümkün perspektivləri barədə sual verəndə görür ki, bu məsələ də təxəyyülündə artıq hər həll olunub: o, heç vaxt partnyoruna heç nə verə bilməyəcək, zira onun bədəni heç bir işə yaramır. Sual olunur: O, bilmədiyi, amma gözlədiyi, intizarını çəkdiyi gələcəyi, o zaman ölçüsünü necə geri qaytara bilər?
Psixoanalitik Mixail Straxov
sex.syg.ma