Azərbaycanın tanınmış jazz-pianoçusu Salman Qəmbərov lideri olduğu Bakustic Jazz Triosu ilə Almaniyanın Osnabrük şəhərində keçirilən Morgenland Festivalında çıxış edir. Musiqiçilərimizin müxtəlif konsertlərdəki çıxışları iyunun 20-də başlanıb, 29-na kimi davam edəcək.
“İlk öncə, iyunun 20-də suriyalı vokalçı Dima Orşo ilə üzərində bərabər işlədiyimiz CD-nin təqdimatı oldu. “Hidwa. Lullabies for Troubled Times” (Hidva. Ağır günlərin laylaları) adlanan bu CD dünya beşik nəğmələrindən ibarət idi ki, mən də ora bir Azərbaycan laylası daxil etmişdim. Sonra isə iyunun 23-də Bakustic Jazz Triosu ilə Osnabrükun Blue Note jazz klubunda çıxış etdik.
Bundan başqa bu gün, iyunun 26-da müxtəlif tərkibli qrularla və bir daha ayın 29-da, bu şəhərin baş orkestri Osnabrücker Symphonieorchester ilə çıxışlarım gözlənilir. Bu çıxış üçün alman bəstəkarı Wolf Kerschek simfonik orkestrlə iki piano üçün xüsusi bir əsər yazmışdır.” – Salman Qəmbərov AzLogos-a bildirib.
Jazz-pianoçu, bəstəkar və musiqişünas, respublikanın xalq artisti Salman Qəmbərov 1959-cu ildə Bakıda anadan olub, 1990-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Bakı Musiqi Akademiyası) bəstəkar və musiqişünas ixtisası üzrə bitirmişdir.
Böyük bir sənət yolu keçmiş və Azərbaycan musiqisində özünəməxsus yeri olan sənətkar demək olar ki, bütün yaradıcılığını jazz musiqisinə həsr etmişdir. Bakustic Jazz Triosu da məhz Salman Qəmbərovun təşəbbüsü ilə 1996-ci ildə Bakıda yaradılmışdır. Kollektiv mövcud olduğu illərdə dünyanın bir çox nüfuzlu festivallarında çıxış edib.