Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bu şəhərdə yaşayan Ata "Metsamor"u bağlamaq vaxtıdır Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza Hünərli Qadınlar Müvəqqəti Azərbaycan Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sağır nun – fağır nun

Fəxrəddin Hacıbəyli Fəxrəddin Hacıbəyli
., Kültür
23 Fevral 2021
MyCollages (2)
Paylaş

Azərbaycan dilində əlifba islahatı aparılması ideyası dahi mütəfəkkirimiz M.F.Axundovun zamanından başlayıb. Böyük maarifçi Yaxın Şərq xalqlarının mədəni geriliyinin səbəbini köhnə ərəb əlifbasında görürdü.

Axundov, hələ XIX əsrin ortalarından ərəb əlifbasından imtina etməyi və daha asan mənimsəniləcək, dilin fonetik tələblərinə cavab verən bir əlifbaya keçməyi təklif edirdi. Bu məqsədlə o, 1857-ci ildə fars dilində bir kitabçadan ibarət layihə tərtib edir. Mirzə Fətəlinin ilk təklifinə əsasən, hər bir səs (fonem) ayrıca hərflə ifadə olunmalı idi. Ərəb əlifbasının kasad, üç hərflik sait imkanı, saitlə zəngin, doqquz sait səsli türk dilinin fonetik tələbinə cavab vermirdi. Bu fərqlərə dair aşağıda misallar göstəriləcək.

Axundovun ikinci təklifi, sürətlə yazmağa mane olan nöqtə və ilmələrdən – ərəb əlifbasındakı “kəsrə”, “fəthə” və “damma”lardan imtina ilə bağlıydı. O, təklif edirdi ki, sözləri yaradan sait və samit səslər hərflərlə ifadə olunsun, nöqtələr atılsın. Sözlər, ərəb yazısı qaydasında olduğu kimi, “bitişən və bitişməyən hərflər” nəzərə alınmadan, tam ifadə olunaraq yazılsın ki, cümlənin içində sözün başlanğıcı və sonu bəlli olsun.

Hətta Axundov bu ideya ilə Osmanlı dövlətinə müraciət edir, hazırladığı qrafikanı da götürüb İstanbula gedir. 1863-cü ildə oradakı “Osmanlı Elm Cəmiyyəti”ndə çıxış edib öz təklifini irəli sürür, türk dilini ərəb əlifbasının məhdudluğundan xilas etmək üçün bir Türk dövləti olaraq Osmanlının təşəbbüs göstərməsini təmənni edir. Axundovun bu təklifi türk mətbuatında müzakirələrə səbəb olur. Şair Namiq Kamal xaric, türk mətbuatı və elm adamları bu islahat təklifinə qarşı çıxırlar.

Məlumdur ki, Osmanlı sekulyar deyil, dini dövlət idi. İnanc dilinin yazıldığı əlifba olaraq ərəb əlifbasının bir növ müqəddəs, hürufat mahiyyəti daşıdığına inanırdı. (Bu düşüncədə olanlar günümüzdə də ərəb əlifbasına – yəni “Quranın yazıldığı əlifbaya” qayıtmaqla bağlı təkliflər səsləndirirlər). O zamankı Osmanlı cəmiyyətində bu islahat – ərəb əlifbasından (Quran əlifbasından) imtina dinin sakrallığını zədələyən əməl, ən azından, buna cəhd kimi qiymətləndirilirdi. Bunu çar Rusiyasının məmuru, rütbəli idarə işçisinin irəli sürməsi də ideyanın reallaşdırılması üçün ən böyük əngəllərdən biri idi. Türk dilini saflaşdırmaq, onu ərəb-fars mənşəli leksikondan arındırmaq istəməyənlər mübahisələri qızışdırırdılar. Nəhayət, bu ideyaya qarşı çıxanlar – köhnə əlifbanın tərəfdarları Qafqazda olduğu kimi, Osmanlıda da qalib gəlirlər və Axundov İstanbuldan əliboş qayıdır.

Mirzə Fətəli, İstanbulda əlifbanın dəyişdirilməsi ilə bağlı fəaliyyətini öz tərcümeyi-halında bu şəkildə nəql edir:

“Əlifbanı dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi Fuad paşaya təqdim etdim, türkcə pyeslərimi və “Hekayəti-Yusif şah”ı göstərdim. Kitabça sədrəzəmin əmrilə “Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə”də tədqiq edildi, hər xüsusda onu məqbul tapdılar, təqdir etdilər. Lakin həyata keçirilməsini caiz görmədilər. Buna görə ki, yenə bu əlifba kitabçasında gəlmə tərkibində hərflərin bir-biriylə birləşməsi təb işi üçün çətinlik törədirdi. Dedim ki, bu surətdə köhnə islam əlifbasında tamam bir dəyişiklik etmək lazım gəlir, yəni islam əlifbasının hərfləri də avropalıların yazılarındakı hərflər kimi olmalı, yazı soldan sağa doğru yazılmalı, nöqtələr tamamilə atılmalı və hərflərin şəkilləri latın əlifbasından seçilməli, səsli hərflər tamamilə səssiz hərflərin yanınca yazılmalıdır. Xülasə, sillabi əlifbanı alfabeti əlifbaya çevirməli. Bu fikrin qəbulunda da İstanbul alim və vəzirləri müvafiqət göstərməlidirlər və İstanbulda yaşayan İran səfiri Hüseyn xanın mənə ədavəti də osmanlıların müvafiqət etməzliyini qüvvətləndirdi. Xülasə, məqsədimə çatmadan İstanbuldan qayıtdım. Lakin Osmanlı dövlətində keçmiş islam əlifbasını dəyişdirmək xəyalım qəbul olunmasa da, əlifbanı dəyişdirmək xüsusunda mənə təhsin fərmanilə Məcidiyyə nişanı bağışladılar. İstanbulda ikən Mirzə Hüseyn xandan bir çox acılıqlar gördüm ki, onların hamısını burada zikr etmək başağrısı olar. Bu adam keçmişdə öz dövlətinin Tiflis konsulu idi. Mənə ürəyində şiddətli ədavət varmış. Lakin mən onun ədavətindən xəbərsiz olub, onu öz dostum sanıb evində mənzil etdim. Axırda ədavəti meydana çıxdı və bütün Osmanlı vəzirləri yanında məni islam dini və dövlətinin bədxahı kimi nişan verdi. Məlum olduğu üzrə, mənə ədavətinin səbəbi pyeslərimin iranlıların çirkin əxlaq və adətlərini drama fənninin şərtləri üzrə həcv etməyim imiş. Bu adam drama fənnini və onun şərtlərini anlamadığından, dünya elmlərindən büsbütün bəhrəsiz olduğundan və hiyləgərlik, bəxillik, hirs və tamahdan başqa qabiliyyəti olmadığından, mənim iranlılara qarşı kin bəslədiyimi zənn edib. Onun ədavəti anlaşıldıqdan sonra evini tərk edib başqa yerdə mənzil tutdum“. (Maraqlıdır, aradan əsr yarıma yaxın zaman ötüb, amma o zamankı iranlı məmurlarla indikilərin türk dilinə və mədəniyyətinə münasibəti zərrəcə dəyişməyib, eyni düşmən münasibəti saxlayırlar…)

Axundov, artıq ömrünün sonuna yaxın ərəb əlifbasının dəyişdirilməsi ideyasından əl çəkir və diqqətini, bir neçəsi kiril qrafikası hərfləriylə dəyişdirilmiş yeni latın qrafikası üzərində cəmləyir. Böyük mütəfəkkirin 1878-ci ildə vəfat etməsiylə bu ideya yönündəki fəaliyyəti yarımçıq qalır.

***

Yeni əlifbaya keçid Axundovun vəfatından 40 il sonra baş tutur.

Birinci Cümhuriyyət illərində böyük reformistin əlifba ideyasının reallaşdırılmasına cəhd edilsə də, 1920-ci ildəki süqutdan sonra yeni əlifbaya keçid 3 il də yubanır. 1923-cü il oktyabrın 20-də Azərbaycan SSR rəsmi olaraq latın qrafikasına keçir. Daha 6 il yazışmalarda hər iki əlifbadan – latın qrafikalı yeni və ərəb mənşəli əski əlifbadan istifadə olunur. 1929-cu il yanvarın 1-dən etibarən ərəb əlifbasının istifadəsinə rəsmi qadağa qoyulur. Bu il həm də iri “kitabyandırma” prosesinə start verilir – ərəb əlifbasında yazmağı və yazılmış ədəbiyyatı ortadan qaldırmağı, yeni əlifbayla keçidi stimullaşdırmaq üçün…

Azərbaycan SSR-də latın qrafikasına keçiddən 5 il sonra yaranmış Türkiyə Cümhuriyyəti də latın əlifbasına keçir.

Bundan 10 il sonra Azərbaycanda daha bir “əlifba reformasiyası” həyata keçirilir. Bu dəfə latın qrafikasından kiril qrafikasına…

Ötən əsrin 30-cu illərinin ortalarına doğru soyuqlaşan Sovet-Türkiyə münasibətlərinin “çanağı” bu dəfə də şol (həmin) islahatla adı dəyişdirilib “azərbaycanlı” qoyulan qafqaz türklərinin başında çatlayır. Atatürklə Stalin arasındakı gərginlik 1938-ci ildə birincinin vəfatından sonra Sovetlərin Türkiyəyə ərazi iddialarınadək dərinləşir. Çox güman ki, anadolu türklüyü ilə qafqaz türklüyü arasındakı intellektual, mədəni bağları qoparmaq məqsədilə Türkiyə ilə (artıq) eyni əlifbadan, türk dili və kimliyindən, həmçinin də ora ilə assosiasiya olunan bütün əlamətlərdən imtina edilir. Nəhayət, 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti, 1940-cı il yanvarın 1-dən etibarən latın qrafikasından kiril qrafikasına keçmək haqqında qərar qəbul edir.

Kiril qrafikası əsasında hazırlanmış yeni türk əlifbalarında da çox ciddi fərqlər vardı. Bir çox hallarda eyni fonemlər ayrı-ayrı əlifbalarda müxtəlif işarələrlə ifadə olunurdu. Bu da Sovetlər daxilindəki türk dilləri arasında olan fərqlərin süni surətdə dərinləşdirməsinə, dialektlərin, fərqli səslənmə qaydalarının ortaya çıxmasına, dilin ümumi yapısının təhrifinə gətirib çıxarır.

Əlifba islahatları zamanı həm Azərbaycanda, həm də Türkiyədə müəmmalı şəkildə imtina olunan bir fonem və hərf də “kiçik nun” – “s(ə)ağır nun”, “nuni-səğir”dir (1938-ci ilə kimi ŋ kimi işlədilən bu hərfi ñ və ya ň kimi də qeyd etmək olar). Bir vaxtlar yazılı dilimizdə olmuş bu hərfin dili ağırlaşdırdığı, yanlış olaraq n səsini əvəz etdiyi əsas gətirilərək əlifbadan çıxarılıb. Bunu ədəbiyyat müəllimim mərhum Surxay müəllimdən eşitmişdim. “Sağır nun”u lövhəyə yazıb göstərmişdi də… Kiril əlifbasında kiçik n hərfinin “ayağı düyməlisi”… Böyük hərfi yoxdur, onunla söz başlamır. Sözün ya ortasında, ya da sonunda olur. O, bir növ cingiltili saitlərin kar qarşılığı kimidir, n və q-nın simbioz variantı, diftonq(u)dur – q-nın ğ-sı, k-nın g-sı kimi…

Hərf səsin qrafik işarəsidir. Hərf və əlifba yaranarkən bəlli bir dilin yazı və tələffüz qaydasına, qrammatik və fonetik tələblərinə cavab verəcək şəkildə formalaşır. Bir dili mükəmməl ifadə edən yazı qrafikası, əlifba digər bir dil üçün yararsız ola bilər. Bir dilin fonetik imkanlarını tam təmin etməməsi, əlifbanın ümumiyyətlə, yararsız olduğu anlamına gəlmir. Məsələn, ərəb əlifbasının 28 hərfi və həmin əlifba əsasında fars dilinin imkanlarına uyğunlaşdırılmış 32 hərflik fars qrafikası türk dilinin zəngin səs, fonemika imkanlarını qarşılamır. Bu, əsla o demək deyil ki, ərəb əlifbası kasaddır; o, sadəcə ərəb dilinin yapısına, imkanlarına, fonetik tələblərinə uyğun formalaş(dırıl)ıb və (yalnız) bu dilin fonetik tələblərini qarşılamaq üçün yetərlidir.

Ərəb əlifbası təkcə türk dilini tam olaraq əhatə etməyə yetmir, ancaq “doğma” ərəb dilini ifadə edir, özü də tam şəkildə… Məsələn, ərəb dilinin doğasına uyğun olaraq, S səsinin üç müxtəlif səsləniş variasiyaları var: “sə” (ﺙ), “sin” (ﺱ) və “sad” (ص) səs və hərfləri. Bu müxtəliflik ərəb dilinin leksik yapısına uyğun, fərqli səslənən sözləri ifadə etmək üçün yaradılıb. Əgər “sad”la yazılmalı sözü “sə” ilə yazsaq və tələffüz etsək, məna yanlışlığına səbəb olar. Məsələn, “samed” (dilin kökündən gələn qalın səslə) və “səməd” (dil-damaq səsi, incə “s” ilə) sözləri kimi: biri “sad” hərfiylə yazılır, qalın s səsi verir; “samed” sözünün mənası “ehtiyacı olmayan”, “möhtac olmayan” deməkdir (Qurandakı „İxlas“ surəsində keçir bu söz). Digər səslənişdə (səməd) isə tamam fərqli, “təzək” mənası verir. 

Türk dilində isə s səsinin ancaq bir variantı var, bu səbəbdən də bu səsin üç müxtəlif hərf, qrafik işarəylə ifadə olunmasına lüzum yoxdur.

Ərəb əlifbası Türk dilinin fonetik özəlliklərinə, tələblərinə cavab vermir. Sait səsləri ifadə etmək üçün kifayət qədər qrafik işarə yoxdur. Məsələn, dilimizdəki u, ü, o və ö səsləri ərəb əlifbasında yanlız bir hərflə – u və ya v səsini verən “vav” hərfiylə ifadə olunur. Ardıcıl olaraq, “olub” sözüylə “ölüb” sözləri də eyni yazılış şəklinə malikdr. Üzeyir bəy ərəb əlifbasının qüsurluluğundan bəhs edən bir felyetonunda bu məsələyə toxunur və yuxarıda verilmiş nümunələrə də müraciət edir. Əgər biz ərəb əlifbasıyla yazılmış bir məktub alsaq və orada “olum”la “ölüm”ün eyni şəkildə yazıldığı “dayımın oğlu olub/ölüb” kimi bir cümlə olsa, mətnin yazılışından başa düşməyəcəyik ki, dayının oğlu “olub”, yoxsa “ölüb”. Çünki hər iki söz eyni hərflərlə, eyni şəkildə yazılır. Məlumatı dəqiqləşdirmək üçün gərək əlavə bir soruşdurma aparıb, cümlədə məhz hansı fikrin yazıldığını təhqiq edək.

***

Dönək dilimizdən “düşürülmüş” başı bəlalı “nuni-səğir”ə.

Açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bu işarəyə Gəmiqaya-Qobustan əlifbasında da rast gəlinir. Həmçinin bu işarə Orxon-Yeniseydə, Şumerli türkdə də işlənib.

Əjdər Fərzəli, “Gəmiqaya – Qobustan əlifbası” kitabında[1] “sağır nun” işarəsi ilə bağlı araşdırmalarını təqdim edib. Müəllifin fikrincə, kiril qrafikasındakı N (H), “sağır nun” işarəsinin güzgü əksindən istifadə edilməklə yaranıb. Başqa əlifbalarda da həmin “bütov” “sağır nun”dan – N hərfindən istifadə olunub. “Sağır nun” ərəb əlifbasında “nuni-səqir” adı ilə dörd formada işlənir.

Gəmiqaya-Qobustanda “sağır nun” bir növ “yarım en” (N) – kəsilmiş nun – formasındadır. Bu sözün “səq” kodunun qəs – kəs – kəsilmiş açımı da bu fikri təsdiq edir.

“Sağır nun”, ərəb mənşəli hesab edilsə də, yuxarıda göründüyü kimi, məzmun daha qədim çağlardan xəbər verir. Dilçi mütəxəssislərin fikrincə, ana dilimiz “sağır nun” haqqında elmi təsəvvürləri itirməklə özünün qüdrətli imkanlarından birini ədəbi dil səviyyəsindən çıxarıb.[2]

“Sağır nun” çıxarıldıqdan sonra onun yerini doldurmalı olan N hərfi tam olaraq dilimizdəki bu səsi ifadə etmir, anlam yanlışlığına yol açır.

N və ñ (kiçik nun) eyni səs deyil, n “sağır Nun”un qarşılığı, əvəzedicisi ola bilməz. Bu, dilimizdəki hal (yiyəlik, təsirlik) və mənsubiyyət (ikinci və üçüncü şəxsin təki) şəkilçilərini ayıran əsas səs, dilimizə özəl fenomdur. Hər iki şəkilçinin sadəcə n-lə yazılması dilimizdə məna, anlam dəyişikliyi, qarışıqlığı yaradır. Məsələn: “ananın” və “anañın” sözlərini götürək. Birinci sözdəki “-nın” yiyəlik hal şəkilçisidir (ananın zəhməti danılmazdır), ikinci nümunədə “-ñın” mənsubiyyət şəkilçisidir ((səniñ)anañın zəhməti danılmazdır) və mənsubluq bildirir. Birinci misalda konkret şəxsə müraciət, xatırlatma yox, ümumi mənada, hansısa bir ananın zəhmətinin danılmazlığı ifadə olunur. İkinci misalda isə bu, artıq konkret şəxsə müraciətlə xatırladılır, deyilir, aid edilir…

Həmçinin təsirlik halda da ñ-nın n-lə yazılması, əvəzlənməsi doğru deyil, semantik yanlışlığa yol açır:
a) “Anañı unutma, məktub yaz” – ananın orduya yolladığı oğluna tapşırığı.
b) “Ananı unutdu poçtalyon” – oğlundan məktub almayan ananı və poçtalyonu kənardan müşahidə edən adamın qənaəti, mənzərənin nəqli təsviri.

Əgər “b” varantında n əvəzinə ñ yazsaq, bu, təsirlik hal şəkilçisi deyil, mənsubiyyət şəkilçisi olacaq, aid olduğu anlayışın, nəsnənin, sözün mənsubluğunu bildirəcək.

“Sağır nun” hazırda türkmən və qazax əlifbasında istifadə olunur. Bu səs onların nitqlərində, yazılarında da mövcuddur. Rəsmi əlifbada olmasa da, Rusiya daxilindəki yerli dialektlərdə də “sağır nun” var.

İnternetdə araşdırma edərkən rastıma “Yeddi Dövlət – Bir Millət Konseyi”nin təklif etdiyi 34 hərflik ortaq türk əlifbası layihəsi çıxdı. Burada da “sağır nun” ifadə edilib və açıqlama hissəsində 1929-cu ildə Türkiyədə və Azərbaycanda bu hərfdən imtina edildiyi bildirilib. Yəni bu hərfin dilə bərpası ilə bağlı təkliflər, cəhdlər və artıq reallaşmış nümunələr var…

“Sağır nun”un yoxluğu orfoqrafik və orfoepik yanlışlığa da yol açır. Bəzi bölgələrdə şifahi niqtdə istifadə olunan “vın, vin, vun, vün”, yaxud da “vı, vi, vu, vü” (“atañın-atavın”, atañı-atavı” kimi) şəkilçiləri də məhz “sağır nun”un dildən çıxarılmasının mənfi təsirlərindəndir. Onsuz da bu səs şifahi nitqdə var və dildən çıxmayıb, çıxarda bilməyiblər, ñ-li danışığa dair xeyli misal çəkmək olar.

Məsələn, Rəşid Behbudov bütün ifalarını, konkret olaraq “Ana” mahnısının sözlərini ñ kimi tələffüz edir: “ətriñi gül bilir, qədriñi el bilir” kimi. Əgər müğənni “ətriñi” əvəzinə “ətrini” şəklində tələffüz etsəydi, bu söz tamam fərqli anlam daşıyacaqdı. “Ətriñi” – mənsubluq bildirir, sözün sonundakı -ñi mənsubiyyət şəkilçisidir, konkret şəxsə, obyektə məxsusluq ifadə edir, yəni səniñ(n) ətriñ(n)i.

“Ətrini” sözündəki “ni” isə yiyəlik hal şəkilçisidir, “ətir” sözünün yiyəlik haldakı təsnifidir, ümumdir, yəni konkret deyil, mücərrəd anlamda nəyinsə, kiminsə ətrini bildirir.

Həmçinin çağdaş sənətkarlardan Zəlimxan Yaqubun yaradıcılığını misal çəkmək olar. Şairin özünün səsləndirdiyi şeirlərin hamısında “sağır nun” ifadə olunur və təbii ki, şeiri bu şəkildə deklamasiya edəndə olduqca axıcı və gözəl səslənir, semantik yanlışlığa da yol verilmir. Cümlənin səslənişi də, semantikası da yerli-yerində olur.

Kino aktyorlarından mərhum Şahmar Ələkbərov da rollarını səsləndirəndə bu səsi düzgün ifadə edirdi.

***

Hər bir dil öz yapısı, qrammatik quruluşu, fonetik özəllikləri və leksik zənginliyi baxımından unikal bir kültür hadisəsi, mədəniyyət abidəsidir. Başqa dillərdə olmayan bir səsə, fonemə malik olmaq həmin dilin nöqsanı, onu ağırlaşdıran qüsuru deyil, əksinə individual özəlliyidir. Haydeggerin diliylə desək, dil varlığın evidir. Hər şey, bizi əhatə edən bütün anlayışlar, adını və kəmiyyətini – “nə”liyi, “necə”liyini fərqləndirə bildiyimiz nəsnələr onun içərisindədir, onun əhatə etdiyi, qapsaya bildiyi ölçüdədir.

Hər bir dil özlüyündə müxtəlif çalarlardan yaranmış, ilmələrdən toxunmuş bir tablodur, dəyişkən, yaşayan (həm də yaşlanan və ölən) canlı bir vücuddur. Təkrarla: bütün linqvistik – fonetik, qrammatik, leksik, morfolojik özəllikləri və fərqlilikləriylə… Tablodan bir ilməni söksək, çıxarsaq, o, radikal şəkildə dəyişməz, amma tamlığı, bütövlüyü zədələnər. İlməsi “qaçmış”, bir yerində digərini tamamlamayan, uyğunsuz iki ilməsi calaq edilmiş xalça nə qədər dəyərli də olsa, qüsurlu olacaq. Şol (həmin) qüsur bəlkə də, naşı gözdən, yad nəzərindən yayına bilər, ilk baxışdan gözə çarpmayacaq qədər əhəmiyyətsiz sayılar, amma istifadə edildikcə, doğmalaşdıqca qüsurluluğu ortaya çıxacaq, getdikcə “qaçmış” ilmənin yerində iri bir dəlik, sökük oluşmağa başlayacaq və bu proses təəssüf ki, zamanla “dəliyin” daha da böyüməsinə gətirib çıxaracaq.

Necə ki, yuxarıda da səsləndirdiyimiz kimi, “sağır nun”un dildən atılmasının, fonetik vahid kimi dildə tətbiq edilməməsinin mənfi təsirləri artıq dilimizdə əcaib dialektik aşınmaların ortaya çıxmasına səbəb olub (“Əlini mənə bəstərəcik…” – “əlivi mənə…” (Bakı və Abşeron), “əlii məə…” (Mərkəzi Aran), “əlıı maa…” (Cənub-Qərbi regionlar). Bu hələ ki, “qaçmış ilmə”nin yerində görünən, o qədər də böyük olmayan, amma getdikcə genişlənən bir sökük yeri, “dəlik”dir. “Sağır nun”suzluq daha hansı əyilmələrə səbəb olacaq, onu dilimizin gələcək inkişafı göstərəcək.

Artıq bir neçə türkdilli ölkədə (Qazaxstan və Türkmənistan) bu ilmə, çalar dilə geri qazandırılıb, yeni əlifba layihələrində əsas hərf kimi qrafik işarəylə ifadə olunub. Demək, presedent var və proses bu səsin nəinki dildən tamamilə itməsinə, əksinə, yenidən dilə qaytarılmasına doğru irəliləməkdədir.

Bu səsin işlənmə arealına nəzər salanda görə bilərik ki, o, geniş ərazidə yaşayan və türk dilinin müxtəlif dialektlərində danışan xalqların gündəlik danışıq dilində mövcuddur. Evimizdə də bu dillə işləyən, dilçiliyə yaxın olan xeyli şəxs dilimizə xas olan “sağır nun”un əlifbaya qaytarılmasının, hərflə işarələnməsinin zəruriliyindən danışır. Digər yandan da hazırda türkdilli ölkə və xalqların ortaq ədəbi dil və yazı əlifbasının yaradılması yönündə ciddi fəaliyyətlər var, bir-birinin ardınca “Türksoy”un üzvü olan ölkələr kiril qrafikasından imtina edib, latın qrafikalı əlifbaya keçir. Görünən budur ki, bəzi güclərin qıcıqlanmasına, ortada xeyli maneələrin olmasına baxmayaraq, bu proses artıq dönüşü olmayan bir mərhələyə qədəm qoyub.

Yeni yaradılmış əlifba layihələrində sözügedən səs öz yerini alıb. Biz də türkdilli toplum olaraq bu prosesdən kənarda qala bilmərik və zənnimcə, bir vaxtlar yetərli olmayan arqumentlərlə, əsassız səbəblə əlifbadan atılmış “sağır nun” yerinə bərpa edilməli, ona yenidən linqvistik funksionallıq “vəsiqə”si verilməlidir.

 

[1] Ə. Fərzəli „Gəmiqaya – Qobustan əlifbası“, səh. 24, Bakı, 2010.

[2] Z.T.Hacıyeva, „Əski əlifba“, səh. 45, Bakı, 1989.

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

sev-2
.

Bu şəhərdə yaşayan Ata

08 Mart 2021
fs
.

“Metsamor”u bağlamaq vaxtıdır

08 Mart 2021
A5333AC7-3E9D-4257-AC6E-6DF5C5FC4667
.

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

08 Mart 2021
Bildschirmfoto 2021-03-07 um 21.49.17
.

Hünərli Qadınlar

08 Mart 2021
IMG_6444 2
.

Müvəqqəti Azərbaycan

07 Mart 2021
Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel