Bu yazıda cəsarətli hesab etdiyim sənətkarlardan olan Marina Abramoviçin işlərindən və o işlərin məndə nə təəssürat yaratdığından qısa şəkildə yazacam. Əvvəlcə qeyd edim ki, mənim istifadə etdiyim “cəsarət” sözü tədricən və ya bir anda qoyulan çərçivədən kənara çıxa bilmək, bunun üçün cəhd etməyi ifadə edir.
Sənətə və sənətkara baxış hər cəmiyyətin özü üçün müəyyənləşdirdiyi mədəniyyətlərdən asılı olaraq dəyişir. Lakin sənətkarların bir çoxunun hədəfi insan təbiətini, mədəniyyətlərin insan təbiətinə təsirini hansısa yollarla göstərməkdir. Əgər sənətkarın göstərmək üçün istifadə etdiyi vasitə yaşadığı və ya əsərini izləyən digər cəmiyyətlərin mədəniyyətində müsbət qəbul olunursa, o zaman həmin sənətkar asanlıqla qəbul olunur. Lakin sənətkarın istifadə etdiyi vasitə onların mədəniyyətində tabular halındadırsa, əvvəlcə onu qəbul etmir, daha sonra əgər onun sənətini müsbət dəyərləndirən şəxslərin sayı artırsa, onu potensial təhlükə kimi görürlər. Cəmiyyətlərin potensial təhlükə kimi gördüyü şəxslərə nifrəti də böyük olur. Bu nifrət təhlükə hissinin törəməsidir. Lakin insanların hiss etdiyi təhlükə hissi də nəyinsə törəməsidir. Məncə, bu qorxunun törəməsidir. İnsanlar üçün sosial sabitlik, sərhədlərinin pozulmaması çox önəmlidir. Elə ki, o sərhədlərə kimsə bir az yaxınlaşır dərhal müdafiə mexanizmi ortaya çıxır. Bu müdafiə mexanizmi tabuları yaradır. Müxtəlif cəmiyyətlərdə müxtəlif tabular var, çünki qorxuları fərqlidir. Bu və digər fərqliliklər mədəniyyət fərqini yaradır. Amma harada yaşamasından asılı olmayaraq insanların bir çoxunun ortaq qorxuları, nifrət səbəbləri, sərhədləri, müdafiə mexanizmləri var. Bəzi sənətkarlar da məhz ortaq tabularımıza toxuna bilir.
Bu sənətkarlardan biri Marina Abramoviçdir. Bu qadın və sənəti haqqında müxtəlif fikirlər eşidə bilərsiniz: “Bədəninin sərhədlərini zorlayan qadın.”, “sənət üçün ölümün bir addımlığına gedən qadın”, “sənəti ilə əxlaq normalarını təhrif edən qadın” və s. Onu ilk dəfə “The Artist is Present” filmindən tanımışdım. Daha sonra sərgilərini, həyatını araşdıranda daha da təəccüblənirdim.
Hər yaratdığı, təqdim etdiyi sərgisi qeyri-adi, təhlükəli, həyatla ölüm arasındadır deyə bilərik. Amma bütün bunlarla nə deməyə çalışıb, niyə həyatla ölüm arasındadır? Niyə sərgilərinin bir çoxunda geyinmək ehtiyacı hiss etməyib? Niyə sərgilərinə gələnlərin bir qismi onu şeytan adlandırırdı?
“House with the ocean view” (Okean mənzərəli ev)- bu sərgisində 12 gün müddətində yemək yemədən, tualetə getmədən, heç kəslə danışmadan sərginin təşkil olunduğu qaleriyada yaşadı. Bu, əslində, həyata meydan oxumaq idi. Çünki, hər nə qədər öyrəşsək də, hətta bunu hiss etməsək də, qidadan asılıyıq. Dolayı yolla bu asılılıq digər bir asılılığı yaradır, tualet tələbatımız ortaya çıxır. Lakin biz insanların ən böyük tələbatı insanlarla ünsiyyətdir. Amma bizim bir çoxumuz bu tələbatlarımızın sərhədləri barəsində təcrübə yaşamırıq, bəlkə də bundan qorxuruq. Marina “Okean Mənzərəli Ev” sərgisində insanlıq adına bu qorxu ilə üzləşdi. Bəlkə də bu sərginin 12 gün davam etməsi bizə indiki insan halımızla heç vaxt bu tələbatlarımızdan qurtula bilməyəcəyimizi deyir. Amma yenə də bəşəri qorxularımızla üzləşmək, öz dözə biləcəyimiz həddi kəşf etmək bizi özümüzlə daha yaxından tanış edə bilər.
“Imponderabilia” (təxmin edilə bilməyən)-bu sərgisi sənət və qaleriya mərkəzlərində təqdim olunub. Sənət və qaleriya mərkəzlərinin girişində qadın və kişi lüt şəkildə üz-üzə yaxın dayanır və mərkəzə, sərgiyə gələn şəxslər qadın və kişinin arasından keçərək daxil olurlar. Keçən adamlar istər-istəməz onlara sürtünərək keçirdilər. Sərgilərinin bəzilərində bu qadın və kişi Marinanın özü və sevgilisi idi. Keçid rolunu xatırladan sərgidə qadın və kişinin qarşılaşması, üz-üzə gəlməsi cütlüyün açıqlamasına görə tanışlıqların həyatlar üçün keçid olmasına eyham vururdu. Şəxslər yaxınlaşan zaman gəlib keçən hadisələr, şəxslər ikisinə də toxunur, müvəqqəti olaraq, bəzən də tamamilə bir-birindən ayırılırlar. Qucaqlaşan, bir bədən olan zaman bəzi şeylərin gəlib keçməsi üçün ayrılmağa ehtiyac qalmır.
“Breathing in-Breathing out”(nəfəs al-nəfəs ver) – sənətçinin sevgilisi ilə həyata keçirdiyi növbəti iş idi. Bu iş Amsterdam və Belqradda nümayiş olunmuşdu. Cütlük burunlarını tıxayaraq ilk dəfə 19 dəqiqə boğulub huşları gedənədək dayanmadan öpüşərmüşdülər. Hava ala bilməyəcək həddə çatanda bədənlərinin hərarət və çırpıntılarının verdiyi ağrını izləyicilər sinələrindəki mikrafondan eşidirdilər. Bunun özü də bədən sərhədlərinin zorlanması idi. Ağrı və həzzin paralelliyi, birləşmə və ölümün vəhdəti kimi dəyərləndirmək olar.
“Great Wall”( Çin Səddi) -Marina və sevgilisi Ulay (Frank Uwe Laysipen) hər ikisi sənətkar idi və ayrılıqlarını da fərqli ifadə etdilər. Çin sərhəddinin əks tərəflərindən yola çıxırlar və 90 gündən sonra görüşdülər. Bu görüş onlar üçün artıq ayrılıq demək idi. Bəlkə də ayrılıqlarında belə birlikdə sonuncu dəfə nəysə ortaya qoymağa çalışmışdılar. Biz insanlar uzun müddət fərqli yollarla adaddımlayırıq və elə nöqtə olur ki, başqa insanlarla yollarımız kəsişir. Bu kəsişmədən sonra ya onlarla birlikdə addımlayır, ya da ayrılıb yenidən öz yollarımıza davam edirik. Lakin bu yollarda təcrübələr qazanırıq, bəzən də o addımlamaqdan yorulduğumuz yollar yeni zəfərlər üçün keçid olur. Görünür, Marina və Ulay da bir müddət sonra ayrılıb yollarına davam edənlərdən olub və o yol Marina üçün zirvəyə aparacaq keçid idi.
“Rhythm-0”(Ritim-0)-Sənətçinin ən təhlükəli, onu göz yaşlarına boğan sərgisi idi. Sənətçi lüt çəkildə stulda əyləşir və yanındakı masaya şərab, bıçaq, ətir, cilet, qamçı və s. kimi şeylər və “sənətçiyə bunlardan istifadə edərək nə istəsəniz, edə bilərsiniz” qeydi qoyulur. Sənətçi öz təcrübələrini bölüşərkən qeyd edir ki,” təzə başlayan zamanlarda insanlar saçımı, bədənimi sığallayır, öpürdülər. Lakin bir müddət sonra kəsici alətlərlə bədənimi cızmağa, qamçılamağa başladılar. Bu dözülməz idi və çox kədərləndim, sərgini yarımçıq qoymalı oldum.” Marina bu sərgisi ilə insanın vəhşi təbiətini ortaya çıxarmaq istəyirdi və istəyinə nail oldu. Hər nə qədər mədəni mühitlə, sosial qanunlarla əhatələnmiş olsaq da, çoxumuzun içində yatan bir vəhşi heyvan var. O vəhşi heyvan uyğun zamanı və uyğun məkanı gözləyir. Bəzən isə ömrü boyu doğru zamanı və doğru məkanı tapa bilmir, o vəhşi heyvanla birlikdə yaşayıb, birlikdə də ölür. Marina bir çoxuna ölmədən öncə bu heyvanı kəşf etmələri üçün şərait yaratdı.
“Balkan Baroque” (Balkan Barokkosu) – dünyadakı ən fərqli işlərdəndir. Qanlı heyvan sümüklərinin üstündə oturaraq sümükləri ətlərdən təmizləməyə çalışır, lakin istilik və havasızlıq artdığı üçün cəmi dörd gün dözə bilir. Bu işi ilə başda Balkan müharibəsi olmaqla bütün müharibələri lənətləyir, qarşı çıxır. Əti sümükdən ayırmağa çalışmaq, toplu cəsədlər əslində müharibənin acı həqiqətini göstərir. Sənətkar sözlə yox, görülə bilən, hiss edilə bilən şəkildə müharibəni fərqli-fərqli ölkələrin, mədəniyyətlərin insanlarına çatdırmaq istəyirdi.
3 ay davam edən “The Artist is Present” (Sənətkar aramızdadır) sərgisində saatlarla yerindən durmadan, heç nə yeyib-içmədən oturur və insanlar bir-bir onun qarşısında əyləşirdilər. Qarşısındakı hər kəs ilə bağ qurmağa çalışırdı, gözlərinə baxırdı. Bəzən bu baxışmalar göz yaşlarına səbəb olurdu, bəzən kimlərsə Marinanın ona aşiq olduğunu düşünürdü. Səbəb isə insanların özlərini dəyərli hiss etmələri idi. 3 ay müddətində 750.000-dən çox adam sərgiyə qatılmışdı, qarşısında oturmaq üçün növbə alırdı, növbə ala bilmək üçün gecələr binanın qarşısında yatırdılar. Bütün bunlar, əslində, o hissi, dəyərlilik hissini yaşamaq üçün idi. Hələ-hələ bunu bir sənətkar sənə yaşadıbsa, yəqin ki, çoxu üçün dəyəri ölçülməyəcək həddə olub. Marinanın keçmiş həyat yoldaşı deyir ki, “Marina ilə ilk dəfə tanış olanda öz-özümə dedim ki, bu qadın mənə aşiqdir, sonra anladım ki, bu qadın mənə yox, təbiətə aşiqdir. Yəqin qarşısında oturan insanlar da ilk dəfə mənim düşündüyüm kimi düşünürlər.”
Marina fərqli-fərqli insanların ruhuna xitab edirdi. Bədənini yenidən yaratmağa, ruhunu hiss etməyə çalışırdı. Fərqli-fərqli gənc sənətkarlarla işləyəndə onların da sənəti, gördükləri işləri hiss etmələri üçün əvvəlcə öz bədənlərini hiss etməli olduqlarını, kiməsə hansısa mesajı ötürmək istəyirlərsə, ən birinci özlərinin o mesajı tamamilə dərk etməli, hiss etməli olduqlarını deyirdi. Hər nə qədər çətin, ağrılı təcrübələr olsa da Marina bunları sevə-sevə edirdi.