Ukrayna ayrıca dövlət kimi 1917-ci ildə Çar Rusiyasının dağılmasından sonra tarix səhnəsinə çıxdı. Faktiki 1 il Almaniyanın işğalı altında olan Ukrayna Xalq Respublikası mövcud olduğu 3 il ərzində hüquqi dövlət strukturu kimi formalaşmadı. Ukraynanın de-yure respublika kimi tarixi 1919-cu ilin martın 10-da RSFSR tərəfindən müstəqil dövlət kimi tanındığı dövrdən hesablanır.
Ukrayna dövləti SSRİ-yə daxil olan digər respublikalar kimi sərhədləri müəyyən etnik çərçivədə formalaşdırıldı. Lakin Polşaya məğlubiyyət Ukraynanın qərb hissəsinin təxminən 20 ilə yaxın Mərkəzi və Şərqi Ukraynadan ayrı qalması ilə nəticələndi. Ukraynanın 1934-cü ilə qədər paytaxtının onun şərq hissəsində olan, əsasən də ruslardan ibarət olan Xarkov olması “ukraynalı” xalqının formalaşmasına imkan vermədi. Paytaxtın Stalinin milli dövlət formalaşdırılması konsepsiyası çərçivəsində həmin il Kiyevə köçürülməsi yeni bir xalqın yaradılmasına öz töhfəsini verdi. Qərbi Ukrayna 1939-cu ildə Polşadan geri alındıqdan sonra ukraynalı denonimi çox fərqli düşüncəyə malik olan 2 xalq konqlomeratına çevrildi. Qərbi Ukrayna SSRİ dövründə hər zaman kommunizmə qarşı sərt münasibəti olan bölgə kimi, Şərqi Ukrayna isə loyalist kommunistlər kimi yaddaşlarda qaldı. Sovet dövründə yaşamış orta yaşlı şəxslərin Qərbi Ukraynada yaşayanlara ayrıca bir denonim (benderlər) adlandırması da məhz bu tarixi bölünmənin gətirdiyi nəticə idi. 1954-cü ildə Krımın Ukraynaya birləşdirilməsi ilə iki qütblülük daha da gücləndi. Krımın Şərqi Ukraynadan fərqi burada rusların mütləq çoxluq olması idi və bu baxımdan onlar heç vaxt özlərini ukraynalı denonimi içərisində görmədilər. İcra edilən bu qərar siyasi xarakterli idi və müasir dövrə hesablanmamışdı. Düşünülməmiş bu addımlar müasir dövrdə Ukraynanın tarixində faciəvi hadisələrin yaşanması ilə nəticələndi.
Krım məsələsi
1991-ci ildə Ukrayna müstəqil olduğu ərəfədə Krımın 2-ci dünya müharibəsi zamanı əlindən alınan muxtariyyət statusu yenidən geri verildi. Beləliklə, bu region müstəqil Ukraynanın tərkibinə muxtar respublika kimi daxil oldu. Krımın o dövrdə statusu çox böyük idi və oranın siyasətçiləri əhalisi ilə birlikdə Rusiya ilə birləşməyə can atırdı. 1994-cü ildə Krımın prezidenti seçilən Yuri Meşkov bu birləşmənin həyata keçməsi üçün Rusiyaya müraciət etsə də Ukrayna-Rusiya arasındakı konsensusa sadiq qalan Boris Yeltsin bundan imtina etdi. Rəsmi Moskva hətta 1 il sonra Ukrayna Radasının qərarı ilə Krım respublikasında prezidentlik vəzifəsinin ləğv edilməsi və eyni zamanda qurum səlahiyyətlərinin bir qisminin əlindən alınması ilə bağlı qərarına etiraz etmədi. Boris Yeltsinin bu “fədakarlığı” boş yerə deyildi. Ukrayna da bunun əvəzində 1994-cü ildə “Budapeşt memorandum”unu imzalayaraq nüvə dövləti iddiasından vaz keçdi. Memorandumun ikinci maddəsində Rusiya Ukraynanın suverenliyini tanıdığını və ona qarşı heç vaxt hərbi güc tətbiq etməyəcəyi ilə bağlı öhdəlik götürdü.[1] Krım bu məsələdə ayrıca nümunə kimi qorunub saxlanıldı. Burada Rusiya Federasiyasının Qara dəniz donanması yerləşirdi və 2001-ci ildə prezident Vladimir Putin tərəfindən təsdiq edilmiş dokrinada əsas yeri tuturdu. Bu sənəddə Qara dəniz donanmasının Sevastopoldakı bazasının uzun müddətə saxlanılması vəzifəsi qoyulmuşdu. 2010-cu il aprelin 21-də Viktor Yanukoviç və Dmitri Medvedev arasında Ukrayna-Rusiya münasibətlərinin geniş spektri, o cümlədən siyasi əməkdaşlıq, iqtisadiyyat və humanitar məsələlər üzrə mühüm danışıqlar aparıldı. Rusiya Ukraynaya hərbi bazaların Krımda saxlanması müqabilində ölkəyə ixrac edilən üçün qaz qiymətlərində endirim edəcəyi barədə təminat verdi. Həmin gün Rusiya və Ukrayna prezidentləri Rusiyanın Qara dəniz donanmasına aid Krım hərbi bazalarının icarə müddətinin 2017-ci ildən 2042-ci ilə qədər uzadılması haqqında “Xarkov sazişi”ni imzaladılar.
Seçkilərin Ukrayna identikliyində rolu
Ukraynanın 2014-cü ilə qədər sabit formada qalması Şərqi Ukrayna, Krım və Qərbi Ukrayna əhalisinin ortaq seçki marafonunda iştirakı, Mərkəzi Ukrayna ərazisində yaşayan əhalinin isə bu iki qrupun namizədləri arasında qalibi seçməsi ilə mümkün oldu. Qərbi Ukrayna əhalisi Rusiya ilə yaxınlaşacaq hər hansısa müqaviləyə qarşı idi və tamamilə Avropa İttifaqı çərçivəsində siyasətin aparılmasını müdafiə edirdi. Şərqi Ukrayna və Krım isə əksinə Rusiya ilə münasibətlərin genişləndirilməsi kursunun vacibliyinə inanırdı. Bu tipli qarşıdurmalar Ukraynada keçirilən bütün prezident seçkiləri zamanı müşahidə olunub.
1991-ci ildə keçirilən seçkilərdə Leonid Kravçuk 62 faiz səslə qalib gəldi. O zaman səslərin 23 faizini alan Vyaçeslav Çornovil sadəcə Qərbi Ukraynada[2] (Lvov, İvano-Frankovsk və Ternopol oblastları) dəstəkləndi. Bu seçkilərin əsas fərqi isə hər iki namizədin Qərb meylli olması idi. Sadəcə Çornovil bu məsələdə daha sağ siyasət yürütdüyü üçün ölkənin qərbində daha çox səs aldı. 1994-cü ildə keçirilən seçkilərdə isə mübarizə Rusiya meylli Leonid Kuçma və Qərb meylli Leonid Kravçuk arasında getdi. Mərkəzi və Şimal Şərqi Ukraynanın da dəstəyini alan Leonid Kuçma ikinci turda bu seçkilərin qalibi oldu.
1999-cu ildə keçirilən seçkilərdə isə bu dəfə iki Rusiya meylli namizəd yarışdı. Prezident Leonid Kuçmanın rəqibi Ukrayna Kommunist partiyasının namizədi Petro Simonenko idi. Qərbi Ukrayna əhalisi ənənəvi anti-kommunist mövqeyini bu seçkilərdə də nümayiş etdirdi. Seçkilərin nəticələrinə görə Kuçma Lvov oblastında 91,59, İvano-Frankovsk oblastında 92,30, Ternopol oblastında 92,17 faiz səs qazanır. Simonenko isə Krım (51,20), Xerson (52,88), Luqansk (53,87) bölgələrində dəstəklənmişdi.
2004-cü ildə keçirilən prezident seçkiləri isə Qərb və Şərqin ilk toqquşması kimi yadda qalır. Rusiya meylli “Regionlar” partiyası lideri Viktor Yanukoviçlə Qərb meylli Viktor Yuşşenko arasında gedən mübarizənin ilk turunda qalib müəyyən olunmur. Seçki ərəfəsində Yuşşenkonun zəhərlənməsi tərəflər arasında gərginliyi artırdı. İkinci turda seçkilərin nəticələrinə görə Yanukoviç qalib gəldi. Çox sayıda qanun pozuntusu ilə davam edən seçki prosesi sonrası Yuşşenko öz tərəfdarlarını küçələrə çağırdı. “Narıncı inqilab” kimi tanınan bu hadisələrdən sonra Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrini ləğv etdi. Yenidən keçirilən səsvermə nəticəsində Yuşşenko 51,99 faiz səs alaraq ölkə prezidenti oldu. Yuşşenko ən çox dəstəyi ənənəvi olaraq Lvov, İvano-Frankovsk və Ternopolda, Yanukoviç isə Luqansk, Donetsk və Krımda almışdı.
2005-2010-cu illərdə ölkəni idarə edən Viktor Yuşşenko əldə etdiyi populyarlığı get-gedə itirir. Bunun səbəbi həmin dövrlərdə Ukrayna iqtisadiyyatının zəifləməsi, Rusiya ilə təbii qaz böhranları, rüşvət qalmaqalları, eyni zamanda prezidentin dövlət büdcəsindən həddindən artıq lazımsız xərcləmələr həyata keçirməsində idi. Buna baxmayaraq, Yuşşenko 2010-cu ildə keçirilən prezident seçkilərində yenidən namizədliyini irəli sürür və 5,45 faiz səs alaraq ağır məğlubiyyətə düçar olur. Seçkilərdə əsas mübarizə Rusiya meylli “Regionlar” partiyası lideri Viktor Yanukoviçlə Qərb meylli “Timoşenko” bloku namizədi Yuliya Timoşenko arasında gedirdi. 6 il əvvəlki prezident seçkilərində olduğu kimi bu seçkilərdə də birinci turda qalib müəyyənləşmir. İkinci turda baş tutan səsvermə zamanı isə Viktor Yanukoviç cüzi fərqlə (48,95 faiz) prezident seçilir. Əvvəlki seçkilərdə olduğu kimi, burda da qalibi Mərkəzi Ukraynadakı əhalinin səsi bəlli edir. Prezident seçilən Viktor Yanukoviç ən çox səsi Donetsk (90,44 faiz), Luqansk (88,96 faiz) və Krımda (78,24 faiz), Yuliya Timoşenko isə İvano-Frankovsk (88,89 faiz), Ternopol (88,39) və Lvovda (86,20) almışdı.
Növbəti prezident seçkiləri isə 2015-ci ildə olmalı idi. Lakin 2014-cü ildə Yanukoviçin Rusiya ilə təbii qaz müqaviləsi çərçivəsində Avropa İttiffaqı ilə assosiativ anlaşmanı imzalamaqdan imtina etməsi Qərb meylli ukraynalıların küçələrə axını ilə nəticələndi. ABŞ və digər Avropa dövlətlərinin maddi və siyasi yardımı ilə ölkədə çevrilişin həyata keçirilməsi Şərqi Ukrayna və Krımda yaşayan insanlar tərəfindən səs hüquqlarının pozulması kimi dəyərləndirildi. Beləliklə, Krım və Şərqi Ukrayna (Donbas) konflikti başlandı.
Şərqi Ukraynada (Donbas) müharibənin başlanması
2014-cü ilin fevralında Ukraynada baş verən çevrilişdən sonra ölkənin şərqində və Krımda Rusiya meylli protestlər başlandı. İlk ciddi qarşıdurmalar Krımda yaşandı. Burada fevralın 24-də Kiyevdəki ssenari təkrarlandı, hökumət binalarını ələ keçirən anti-Maydan tərəfdarları Sevastopolda icra strukturlarını dəyişdirdilər. 3 gün sonra Rusiya xüsusi təyinatlılarının köməyi ilə etirazçılar Ukrayna meylli Anatoli Mogilev hökumətini istefaya göndərdilər. Sergey Aksyonov liderliyində qurulan yeni hökumət Ukraynanın yeni rəhbərliyini tanımaqdam imtina edərək Rusiyaya regionda sülhü yaratmaq naminə ordu göndərməsini xahiş etdi. “Xarkov sazişi”nə əsasən Krımda ordusu olan Rusiya martın 1-də bu təklifə müsbət cavab verərək yarımadada yerləşən az sayıda Ukrayna ordusuna məxsus hərbi hissələri mühasirəyə aldı. Müqavimət göstərməyən Ukrayna bölmələrinin 8 min əsgəri Rusiya hərbçilərinin tərəfinə keçdi. Martın 16-da Krımda keçirilən referendumdan 1 gün sonra Krım müstəqil respublika elan edildi. 2 gün sonra isə Krım Rusiyaya birləş(diril)di.
Krımda baş verən proseslər Şərqi Ukraynadakı etirazçıları daha da ürəkləndirdi. Rusiyanın siyasi və hərbi köməyinə arxalanan üsyançılar 2014-cü il aprelin 7-də Donetsk, Luqansk və Xarkov oblastlarında vilayət administrasiyasını ələ keçirərək burada milli respublika yaratdığını elan etdilər. Lakin 1 gün sonra Ukrayna xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Xarkov yenidən geri alınır. Mayın əvvəllərinə qədər davam edən lokal atışmalardan sonra ordu qruplaşması yaradan anti-Maydançılar mayın 11-də keçirilən referendumdan sonra Donetsk və Luqansk oblastları ərazisində Donetsk Xalq Respublikası (DNR) və Luqansk Xalq Respublikasının (LNR) qurulduğunu elan edirlər. Bu proses digər Ukrayna şəhərlərində davam edən şiddətli qarşıdurmalarla eyni zamanda davam edirdi. Əsas toqquşmalar baş verən ərazilər Odessa, Mariupol və Slavyansk idi. Odessada baş verən qarşıdurmalarda Ukrayna müasir tarixinin ən faciəvi hadisələrindən biri yaşandı. 2014-cü il mayın 2-də Odessa küçələrində Maydan tərəfdarları ilə anti-Maydan qrupları arasında çoxsaylı toqquşmalar baş verdi. Bu toqquşmalar Həmkarlar İttifaqları binasının qarşısında şiddətli atışma ilə nəticələndi. Daha sonra həmin bina yandırıldı, nəticədə binaya sığınan 42 nəfər anti-Maydan qrupu yanaraq həlak oldu. Bu qətliam Odessada 1918-ci ildən bəri ən qanlı vətəndaş qarşıdurması idi.
Ukrayna prezidenti Aleksandr Turçinov Donetsk və Luqanskda respublika qurulmasından sonra bu regionda hərbi vəziyyət elan etdi və dərhal ölkədə səfərbərlik başlandı. Ukrayna Silahlı Qüvvələrinin may-avqust ayında həyata keçirdiyi əməliyyatlar nəticəsində üsyançıların nəzarətində olan ərazinin ¼ hissəsi ələ keçirilir. Bu ərazilər içərisində Mariupol, Slavyansk, Kramatorsk, Artyomovsk, Severodonetsk şəhərləri var idi. Bu döyüşlər gedən zaman faciəvi bir hadisə yaşandı. Ukrayna Hava Qüvvələrinin ağır bombardmanına məruz qalan “DNR”ə kömək üçün Rusiya əraziyə “Buk” markalı zenit-raket kompleksi göndərdi. Lakin üsyançıların ilk hədəfi mülki təyyarə oldu. İyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan Malayziya Hava Yollarının təyyarəsi Torez şəhəri yaxınlığındakı ərazidə vuruldu. Bu hadisə zamanı təyyarədə olan 298 nəfərin hamısı həlak oldu. [3] Təyyarənin vurulması “DNR” və Rusiyaya qarşı ciddi informasiya müharibəsi ilə nəticələndi. Bu proses üsyançıların müharibədə ağır məğlubiyyəti ilə eyni dövrdə davam edirdi. Ukrayna bölmələri müharibənin taleyini həll edəcək planın icrası üçün avqustda Donetsk və Luqanskı mühasirəyə aldı. Lakin avqustun ortalarında “DNR” və “LNR” rəhbərliyində dəyişiklikdən sonra sonra əks-hücuma keçən separatçılar Ukrayna ordusuna ağır zərbə endirirlər. Nəticədə avqust ayında İlovaysk şəhəri yaxınlığında minlərlə Ukrayna əsgəri mühasirəyə düşdü. Avqustun 4-də baş verən döyüşlərdə 438 nəfər Ukrayna hərbçisi Rusiya sərhəddini keçərək təslim oldu. 3 gün sonra 800 Ukrayna əsgəri əsir götürüldü. Hücumu davam etdirən DNR və LNR qüvvələri Novoazovsk limanını ələ keçirərək Azov dənizi sahillərinə çatdı. Sentyabrda artıq döyüşlər iri liman və sənaye şəhəri Mariupol yaxınlığında başladı. Cəbhənin digər istiqamətində isə ən ağır döyüşlər Qorlovka şəhərində baş verdi. Avqustda mühasirəyə düşən “DNR” qüvvələri sentyabrda inadlı mübarizədən sonra halqanı yararaq Ukrayna bölmələrini şəhərdən uzaqlaşdıra bildi. Təşəbbüsü tamamilə itirən Ukrayna bölmələrini sıxışdıran “DNR” və “LNR” ordusu böyük qüvvələrlə hücuma keçməyə başladı. “DNR” lideri Aleksandr Zaxarçenko Kramatorsk, Mariupol və Slavyansk şəhərlərinin əsas hədəfləri olduğunu bildirir. Bunun üçün şəhərlərin ətrafına ağır artilleriya gətirildi. Vəziyyətin kritik olduğunu görən Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya müraciət edərək sülh danışıqlarına başlayır.
1-ci və 2-ci Minsk müqavilələri
Danışıqlar Belarusun paytaxtı Minskdə baş tutdu, burada Ukraynanı keçmiş prezident Leonid Kuçma təmsil edirdi. 2014-cü il sentyabrın 5-də Minskdə ilk atəşkəs sazişi imzalandı. Müqavilədə bütün girovların azad edilməsi, hərbi əsirlərin dəyişdirilməsi, həbs edilmiş etirazçılara amnistiya verilməsi və tərəflər arasında eni 30 kilometr olan bufer zonadan ağır artilleriya qurğularının çıxarılması nəzərdə tuturdu. Ukrayna həmçinin Donbassın bəzi ərazilərində özünüidarə haqqında qanun qəbul edəcəyinə söz vermişdi, lakin bu bu qərarını daha sonra ləğv etdi (Yekelchyk,2015:156). Atəşkəs imzalansa da müəyyən ərazilərdə müxtəlif intensivlikdə toqquşmalar davam etdi. 2014-cü ilin sonunda aparılan danışıqlarda tərəflər əsirlərin mübadiləsinə dair razılığa gəldilər. Dekabrın 26-da üsyançılar və Ukrayna hərbçiləri münaqişə zamanı ən böyük əsir mübadiləsini həyata keçirdi. Lakin yanvarın əvvəlində vəziyyət yenidən pisləşdi. “DNR” bölmələrinin Volnovaxa yaxınlığında avtobusu atəşə tutmasından hərbi əməliyyatlar yenidən başlandı. 2015-ci il yanvarın ortalarında Ukrayna qüvvələrinin nəzarətində olan Donetsk hava limanına nəzarət uğrunda şiddətli döyüşlər başlandı. “DNR” qüvvələri tamamilə təşəbbüsü ələ alaraq uğurlu əməliyyatlar həyata keçirdi. 2015-ci ilin fevralında Ukrayna bölmələri Debaltseve ərazisində mühasirəyə alındı. Ukrayna mətbuatında Stalinqrad statusu alan Donetsk hava limanındakı məğlubiyyət əsgərlərdə ciddi ruh düşkünlüyü yaratdı. Bu döyüşlərdə uğursuzluq Rusiyada dərinləşən iqtisadi böhran və sülh üçün Qərbin Ukraynaya diplomatik təzyiqi ilə eyni vaxta düşdü. 2015-ci il fevralın 11-də Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko ikinci Minsk razılaşması ilə bağlı razılığa gəldilər. Protokolu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, İsveçrəli diplomat və ATƏT nümayəndəsi Haydi Talyavini, “DNR” lideri Aleksandr Zaxarçenko və “LNR” lideri İqor Plotnitski imzaladı. Nominal sülh sazişi gərgin döyüşlərlə müşayiət olunurdu və yalnız fevralın 18-də Ukrayna qoşunlarının çıxarılması ilə müharibə başa çatdı (Yekelchyk, 2015:156). Yalnız bundan sonra hər iki tərəf atəşin intensivliyini azaltmağa, fevralın sonunda isə müqavilədə nəzərdə tutulan kimi ağır silahları təmas xəttindən geri çəkməyə başladı.
Minsk-2 protokolunu imzalayan Ukrayna faktiki olaraq məğlub oldu. Sazişin 13 bəndindən 8-i münaqişənin idarə olunmasına aiddir: Atəşkəs və ağır silahların təmas xəttindən çıxarılması (1-3-cü maddələr); hərbçilərə amnistiya (maddə 5); girovların və qanunsuz saxlanılan şəxslərin dəyişdirilməsi (maddə 6); humanitar yardım (maddə 7); Ukrayna ilə Donbas arasında sosial-iqtisadi əlaqələrin bərpası (maddə 8); bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın, habelə muzdluların Ukrayna ərazisindən çıxarılması (maddə 10-13). Protokoldakı digər bəndlər isə siyasi məsələlərlə bağlı idi.
Maddə 4: Donbasda seçkilər.
Ağır silahların təmas xəttindən çıxarıldıqdan sonra növbəti gün Ukrayna qanunvericiliyinə və 2014-cü ilin sentyabrında qəbul edilmiş xüsusi status haqqında müvəqqəti qanuna uyğun olaraq yerli seçkilərlə bağlı dialoq başlayacaq. Minsk-2 sazişi imzalandıqdan sonra 30 gündən gec olmayaraq Ukrayna Ali Radası xüsusi status haqqında müvəqqəti qanunun tətbiq ediləcəyi ərazini (təmas xəttinə əsasən) müəyyən edən qərar qəbul edəcək.
Maddə 9: Ukrayna hakimiyyəti tərəfindən Ukrayna-Rusiya sərhədinə “tam nəzarət”in bərpası prosesi.
Sərhədin Ukrayna nəzarətinə qaytarılması prosesi yerli seçkilərin keçirildiyi gündən başlayır və 2015-ci ilin sonuna kimi desentralizasiyanı nəzərdə tutan konstitusiya islahatı ilə tamamlanır.
Maddə 11: Konstitusiya islahatı.
2015-ci ilin sonuna qədər Ukraynanın yeni konstitusiyası hazırlanacaq. Onun əsas elementi Donbasın xüsusi xüsusiyyətlərini nəzərə alan “desentralizasiya” olacaq. Ukraynada 2015-ci ilin sonuna kimi xüsusi statusla bağlı “daimi qanunvericilik” qəbul edəcək. Bu qanuna daxildir: amnistiya; linqvistik öz müqəddəratını təyinetmə hüququ; yerli hakimiyyət orqanlarının prokurorların təyin edilməsində iştirakı; Ukraynanın mərkəzi orqanları ilə yerli hakimiyyət orqanları arasında “iqtisadi, sosial və mədəni inkişaf”a dair sazişlər; Donetsk və Luqansk vilayətlərinin sosial-iqtisadi inkişafına dövlət dəstəyi; Donbas və Rusiya Federasiyasının regionları arasında “transmilli əməkdaşlığın” dəstəklənməsində mərkəzi hökumətin köməyi; yerli parlamentlərin “xalq milis birləşmələri” yaratmaq hüququ; yerli parlamentlərin və seçilmiş vəzifəli şəxslərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin qarşısının alınması.
Maddə 12: Donbasda seçkilər.
Seçkilərlə bağlı məsələlər 2014-cü ilin sentyabrında qəbul edilmiş və DNR/LNR ilə razılaşdırılmış xüsusi status haqqında müvəqqəti qanun əsasında həll olunacaq. Seçkilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müvafiq standartlarına uyğun keçiriləcək.
Beləliklə, 2-ci Minsk sazişi ilə Ukrayna ilə “DNR” və “LNR” arasında müharibə başa çatdı. Münaqişənin bitməsi ilə 4,5 milyon insanın yaşadığı 16.000 km² ərazidə ayrıca dövlət strukturu formalaşdırılmağa başlandı.
2021-2022-ci illər Rusiya və Ukrayna gərginliyi
2015-ci ildə 2-ci Minsk sazişi imzalansa da Ukrayna tərəfi 30 gün sonra həyata keçirilməli olan “xüsusi status haqqında qanun”u qəbul etmədi. Bundan başqa, Ukrayna ölkəni federal respublikaya çevirəcək yeni konstitusiya layihəsinin qəbulundan da imtina etdi. Bu tədbirlərin həyata keçirilməsi faktiki olaraq Ukraynanı suveren ölkə kimi məhv edərdi. Ümumilikdə, Minsk sazişinin yerinə yetirilməsi “DNR” və “LNR”in muxtar respublika kimi Ukrayna tərkibində saxlasa da, iqtisadi və siyasi olaraq Rusiyanın himayəsində saxlayırdı. Ayrıca Donbasın özünüidarəetməsi digər regionlarda da oxşar istəklərə səbəb ola bilər və nəticədə mərkəzi hökumət parçalanmasına gətirə bilərdi. Minsk sazişinin xarici təsirləri də güclü idi. Konstitusiyadakı neytrallıq bəndi NATO-ya qoşulmağı qadağan edirdi. Bununla belə, “DNR” və “LNR” Rusiya ilə hərbi müqavilələr imzalama və ərazisində Rusiya hərbi bazaları yerləşdirmə hüququna malik idi. Bu da Ukraynanın Aİ-yə inteqrasiya ilə bağlı problemlər yarada bilərdi. Ukrayna Minsk-2 sazişi ilə faktiki olaraq Avropa İttifaqı ilə inteqrasiyaya zidd olan siyasi müddəalarla razılaşmışdı.
Ukraynanın Minsk-2 sazişinin şərtlərinin yerinə yetirməkdə istəksizliyi qarşı tərəfdə də özünü göstərdi. Sazişə uyğun olaraq 2015-ci ilin payız aylarında Donetsk və Luqansk ərazisində yerli idarəetmə seçkilər keçirilməli idi, lakin bu proses müxtəlif səbəblərlə 2017-ci ilə qədər uzadıldı. 2018-ci ildə keçirilən seçkilər isə sazişdə qeyd edilən maddəyə uyğun olmayan formada həyata keçirildi. Bu seçkiləri Ukrayna daxil, heç bir dövlət tanımadı. Rusiya isə burada yaşayan əhalinin hüquqi problemlərini həll etmək adı ilə regionda yaşayanlara pasport verilməsinə başladı. 2020-ci ildə Donbas əhalisinin 200 mini Rusiya pasportu daşıyırdı.
Ukrayna bu müddəları həyata keçirməkdənsə mövcud status-kvonu uzatmağa və hərbi gücünü artırmağa başladı. İlk olaraq müharibədən sonra iqtisadiyyatı düzəltmək lazım idi. Bunun üçün hələ müharibə davam edərkən Aİ Ukraynaya 760 milyon avro yardım ayırmışdı. Atəşkəs sazişi imzalansa da faktiki olaraq buna əməl edilmirdi. Lokal atışmalar 2021-ci ilin payızına qədər davam etdi. Bu ərəfədə regionda gərginliyi pik həddə qaldıran əsas vacib hadisə “DNR” lideri Aleksandr Zaxarçenkonun sui-qəsd nəticəsində öldürülməsi idi. Bu hadisədə rəsmi Moskva dərhal Ukraynanı günahlandırdı. Rəsmi Kiyev məsuliyyəti öz üzərinə götürməsə də ölkə elitasında bu xəbər sevinclə qarşılanmışdı. 2020-ci ildə Azərbaycanın Qarabağ ərazisində başladığı hərbi əməliyyatlar Ukraynada diqqətlə izlənildi. Azərbaycanın müharibədə qalibiyyəti Ukrayna siyasi elitasında eyni prosesin Donbasda həyata keçirilməsi mümkünlüyü haqqında fikirlər formalaşdırdı. Ukrayna hələ hərbi potensialını 2015-ci ildən etibarən gücləndirməyə başlamışdı. 2015-2018-ci illərdə hərbi məhsulların idxalı sürətlə çoxaldı, hərbi xərclər isə 2017-2020-ci illər ərzində artmağa davam etdi. Ukrayna Donbas müharibəsində üstünlüyünü daha da gücləndirmək üçün Türkiyədən “Bayraktar TB-2” zərbə dronlarını aldı.
2021-ci ilin oktyabr ayında 6 illik fasilədən sonra Ukrayna bölmələri ilk dəfə olaraq ağır silahları Şərqi Ukrayna cəbhəsinə çəkməyə başladı. 13 oktyabrda neytral əraziyə girən Ukrayna bölmələri Luqansk şəhərinin nümayəndəsi Andrey Kosyakı oğurladı. 26 oktyabrda Ukrayna ordusu atəşkəsi pozaraq Staromaryovka kəndini ələ keçirdi. Həmin gün bu kəndin ətrafında yerləşən “DNR” qüvvələrinə qarşı “Bayraktar” zərbə dronu tətbiq edildi. 1 gün sonra Ukrayna bölmələri Novomaryovka, Yakovlevka, Telmanovo məntəqələrini və Dokuçayevsk şəhərini bombaladı. Bütün bunlara cavab olaraq, Rusiya noyabr ayından etibarən Ukrayna ilə sərhəddə ordu yığmağa başladı. Noyabrın 21-də Ukrayna MN Rusiyanın bu ölkə ilə sərhəddinə 92 min nəfərlik ordu qruplaşmasını yığması barədə məlumat verir. Rusiya XİN təmsilçisi Mariya Zaxarova isə 1 dekabrda verdiyi məlumatda Donbas ilə təmas xəttində 125 min nəfərdən ibarət Ukrayna ordusunun toplaşdığını bildirir və gərginlikdə qarşı tərəfi günahlandırır. Ukrayna-Rusiya gərginliyi dekabrda Donbas konflikti çərçivəsindən tamamilə çıxdı və NATO-Rusiya qarşıdurmasına çevrildi. Hazırda bu gərginlik davam etməkdədir.
Nəticə
Beləliklə, ümumiləşdirilmiş formada Rusiya-Ukrayna gərginliyini Ukraynanın Donbası geri almaq üçün hərbi əməliyyatı və buna qarşı olan Rusiyanın reaksiyası kimi dəyərləndirmək lazımdır. Hazırda Avropa və ABŞ mətbuatında Rusiyanın Ukraynanı işğal etmək istəməsi kimi iddialar siyasidir və bunun olma ehtimalı minimaldır. Rusiyanın bu konfliktdə əsas istəyi Minsk-2 danışıqlarının həyata keçirilməsidir. Vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanın edəcəyi maksimum addım “DNR” və “LNR”in müstəqil respublika kimi tanınması və həmin əraziyə ordunun yeridilməsi ola bilər. Bütün bunların nə ilə nəticələnəyini isə gələcək göstərəcək.
[1] 1997-ci ildə Rusiya ilə Ukrayna arasında imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”də bu amil yenidən vurğulanır.
[2] Bu üç vilayət qeyri-rəsmi “Qalisiya” adlandırılır.
[3] 2016-cı ildə aparılan beynəlxalq araşdırmaya əsasən təyyarə üsyançıların nəzarətində olan “Buk” zenit-raket kompleksi ilə vurulub. Rusiya və “DNR” bu iddiaları qəbul etmir.
İstifadə edilən ədəbiyyat
Serhy Yekelchyk (2015) The Conflict in Ukraine: What Everyone Needs to Know