Hiss edirəm ki, Mədəniyyət Nazirliyinin Kinematoqafiya şöbəsinin tənqidə ciddi ehtiyacı var…
Keçən ilin avqustunda rejissor Rüfət Həsənov sözügedən şöbənin rəhbəri təyin olundu. R.Həsənov istedadlı və maraqlı rejissordur, mövzulara yanaşması özünəməxsusdur, cəsarətlidir. Onun kino şöbəsinə rəhbərliyini təqdir etmişəm, dəstəkləmişəm. Həm də ona görə ki, proqressiv və yenilikçidir, sadə manerası, ritorikası ilə məmur stereotipini qırmağa çalışır. İnanıram ki, onun rəhbərlik etdiyi şöbə ilə bağlı yazımda yer alan tənqid və təkliflər şöbənin kino siyasətini, fəaliyyətinin səmərəliliyini, şəffaflığını stimullaşdıracaq.
Nazirlik bu ilin yanvarında elan etdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələrinin müsabiqəsinin məqsədini belə bəyan edir: “Məqsəd milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməkdir”.
Cəlbedici səslənir və üstəlik çox tanış gəlir. Yadıma düşür ki, illərdir nazirlik cürbəcür layihələr, müsabiqələr həyata keçirəndə həmişə oxşar gəlişigözəl fikirlərdən istifadə edib. Amma niyəsə (hərçənd, niyəsini bilirik və bu barədə dəfələrlə yazmışıq) müsabiqələrin kinoprosesə, istehsalata faydası çox az olub.
Diqqəti əsasən müsabiqənin şərtlərinə çəkmək istəyirəm. Çünki suallarım var və ümumiyyətlə, yazım daha çox kino şöbəsinə ünvanlanmış suallardan ibarət olacaq.
Qeyd edilir ki, müsabiqə üç kateqoriyada (qısametrajlı bədii, sənədli və animasiya filmi) keçirilir. Və qalib olacaq bədii filmə 50 min, sənədli filmə 25 min, animasiyaya isə 100 minə qədər pul ayrılacaq. Bura qədər hər şey sanki aydın görünür. Aydın olmayan büdcənin öncədən təyin edilməsidir. Ssenarilər qalib gələndən sonra büdcənin təsidqlənməsi daha məntiqliydi ki, çəkiləcək filmin istehsal xərci konkretləşsin. Bir halda ki büdcə öncədən təsdiqlənib, o zaman, tutalım, film 50 minə yox, 24 minə başa gələcəksə, pulun qalan hissəsi necə olacaq? Düzdür, təqdimatda deyilir ki,”layihələrin büdcəsi və ya təxmini smeta dəyəri Müsabiqə Komissiyası tərəfindən yoxlanılır”. Amma “Şərtlərə uyğun gəlməyən büdcələrdə dəyişiklik edilə bilər” çoxmənalı, şübhəli səslənir. Bunu elə-belə havadan qeyd etmirəm. Çünki rejissorlar mediaya açıqlamaqdan çəkinsələr də, pərdəarxası söhbətlərdə köhnə rəhbərliyin vaxtında filmə ayrılan büdəcədən kəsintilərin (yeyintilərin) olduğunu, yəni ayrılan pulun tamlıqla filmin istehsalına yönəldilməməyindən həmişə şikayətləniblər. Hətta AStar tv-də yayımlanan verilişində müəllif Ülvira Qarayeva məsələ ilə bağlı R.Həsənova sual ünvanlayır:“nazirliyin sifarişi ilə çəkilən filmlərin istehsalı zamanı pulun bir qismi itirdi. Siz nazirliklə rejissor kimi işləyəndə bu halla rastlaşmısızmı”. R.Həsənov birbaşa sualdan özünü itirmiş kim görünür, yayınmağa çalışır və səmimi görünməyən cavab verir: “Sözün açığı detalları bilmirəm. Filmi çəkəndə maddi tərəflər mənə maraqlı deyildi”.
Köhnə təcrübəni nəzərə alaraq, kino şöbəsi necə, hansı şəkildə təminat verir ki, büdcədə kəsintilər olmayacaq? Sənədlədə əks olunan rəqəmlər gerçəkliyi əks etdirəcəkmi? Layihənin maliyyə hesabatı ictimaiyyətə açıqlanacaqmı? Yaxşı olardı, qalib ssenarilər çap edilsin, büdcəsi açıqlansın ki, büdcədə şişirtmənin olub-olmaması aydınlaşsın.
Başqa bir məsələ müsabiqənin qəbul şərtləri ilə bağlıdır. Müsabiqədə dövlət studiyaları və müstəqil prodüser mərkəzləri yalnız hüquqi şəxs statusunda iştirak edə bilər. Müstəqil fəaliyyət göstərən müəlliflər isə fiziki şəxs qismində müsabiqədə iştirak edə bilməzlər. Onlar layihələrini istehsalatla məşğul olan qurumlar vasitəsilə təqdim etməlidirlər.
Fərdi qaydada şəxslərin müsabiqədə iştirakının qarşısının alınması layihənin obyektivliyini şübhə altına alır. Çünki istedadlı biri prodüser şirkətlərini tanımaya, əlaqəsi olmaya bilər. Və yaxud prodüser mərkəzi yalnız tanıdığı, əməkdaşlıq etdiyi birinin ssenarisini qabağa itələyəcək. Beləcə, nazirlik anlamsız məhduddiyyətlərilə rəqabəti, seçim imkanlarını aşağı salır. Halbuki, proseduru sadələşdirmək tamamilə mümkündür. Fiziki şəxs hansısa studiya ilə müqavilə bağlayıb, filmin istehsalını hüquqi müstəvidə tənzimləyə bilər. Yəni burada çözülməyəcək nəsə yoxdur. Əgər gələcəkdə tammetrajlı bədii filmlərin müsabiqəsi elan ediləcəksə, yenə analoji şərtlər qoyulacaqsa, yenə istedadlı insanlar müsabiqədən kənarda qalacaq. Çünki ssenari yazanların sayı normal bədii film çəkə biləcək studiyaların sayından çoxdur.
Hərçənd, bu ilin fevralında İTV-də yayımlanmış “Sabaha saxlamayaq” proqramında R.Həsənov iddia edirdi ki, layihənin mövcud formatı (yəni məhz dövlət studiyalarının və prodüser mərkəzlərinin müsabiqəyə qatılması) istehsalat prosesini, özəl sektoru stimullaşdıracaq, kinosənayeyə təkan verəcək. R.Həsənovun bu fikrinin qarşısında ironik bir gülüş işarəsi atmağa məcburam.
Dövlət maliyyəsi hesabına dövlət və özəl şirkətlərin istehsalatını stimullaşdırmaq istəyiriksə, film mütləq gəlir gətirməli, heç olmasa, daxili bazarda kassa yığmalıdır. Yaxud beynəlxalq festivala gedəcəksə, orada satılmalıdır ki, gəlir gətirsin. Beləliklə, dövlətin verdiyi pulu geri qaytarsın, üstəlik, əldə edəcəyi qazancla növbəti layihəsini maliyyələşdirə bilsin və nəticədə istehalat funksionallaşsın. Fakt isə bundan ibarətdir ki, nazirliyin vaxtilə özəl şirkətlərlə birgə çəkdiyi və eyni zamanda dövlət studiyalarında istehsal olunan heç bir film bugünədək daxili bazarda kassa yığmayıb. Onların əksəriyyəti rəflərdə tozlanıb. Festivala gedən filmlərimiz olsa da, yüksək məbləğə satılan bədii məhsullarımız olmayıb.
Elə həmin verilişdə prodüser Orxan Mərdan haqlı vurğular edir: “Dövlətin pulunun kinoya xərclənməsinə hayıfım gəlir. Hər hansı müsabiqə formasında və ya hər hansı formada. Ki, sadəcə dövlət öz büdcəsindən pul versin ki, al bu 100 mini xərclə. Dövlət pay verir. Kinonun inkişafı birmənalı şəkildə əldə olunan gəlirdən asılıdır”.
Hələ başqa nüans da var. “Böyük qayıdış” tammetraj yox, qısametrajlı filmlər müsabiqəsidir. Qısametrajlı filmlər istehsalata təkan verirmi? Bir qayda olaraq, qısametrajlı filmlər kinoteatrda göstərilmir. O zaman burda hansı stimullaşdırmaqdan söhbət gedir? Qısametrajlı filmlər adətən festivalda iştirak edə, uzağı, orda nəsə mükafat ala və xarici telekanallara satılmaqla qazanc gətirə bilər. Bunun üçün isə yüksək keyfiyyət tələb olunur. Əks halda bu müsabiqəyə xərclənən pul növbəti dəfə havaya sovrulmuş olacaq. Ona görə dövət hər qısametrajlı filmə xərclənəcək pulu geri qaytarmağı istehsalçıdan tələb etməlidir. Nəhayət ki, kinematoqrafçılarımız müftə pul yeməyi, ələbaxanlığı tərgitməlidirlər.
Bundan başqa, sözügedən müsabiqədə qalib olacaq ssenarini çəkmək üçün bacarıqlı rejissor seçilməlidir. Başqa məsələ isə odur ki, müasir dünya kinosunda müharibə mövzusunda film çəkmək risqlidir, çünki çox istismar edilib. Ona görə müharibə hekayəsi son dərəcə maraqlı traktkovka tələb edir. İsrail, keçmiş Yuqoslaviya kimi müharibə mövzusunda uğurlu film çəkmək üçün nazirlik yaradıcı azadlığa, şəffaf maliyyələşməyə təminat verirmi? Yoxsa, o müəllifləri özünün senzurasından keçirəcək? Senzura amilini təsadüfən vurğulamıram. Dəfələrlə rejissorlarımız nazirliyin absurd senzurasına məruz qalıblar.
Yaxınlarda eşitdiyim məsələdir. Gənc kinematoqrafçı Amil Məmibəylinin müharibə mövzusunda çəkdiyi “Titrəmə” (film müharibədən öncə çəkilib-S.S.) qısametrajlı filmi kino şöbəsinin yeni rəhbərliyinin müdaxilələrinə məruz qalıb. Arqumentlərdən biri bu olub ki, Azərbaycan əsgəri zəif göstərilə bilməz. Tanış mənzərədir. Çingiz Rəsulzadənin “Kuklalar” (2010) filminin final səhnəsinin nazirlik tərəfindən senzuraya məruz qalması yada düşür. Həmin səhnədə yeniyetmələrdən biri, cəbhədə yoldaşları hücuma keçən zaman səngərdə qorxur və dəhşət içərisində başını əlləri arasına alaraq ağlayır. Sabiq məmurlar eynilə indiki prqoressiv məmurların üslubunda irad tutmuşdular:
“Azərbaycan əsgəri ağlaya bilməz”. Ç.Rəsulzadə də haqlı sual vermişdi: “Sıravi Raynın xilası” filminin dörd epizodunda amerikalı əsgər ağlayır. Necə olur ki, o, ağlaya bilir?”.
2010-cu ilin məmurlarını necəsə anlaya bilərəm. Çünki yaradıcı adam deyildilər. Lakin yaradıcılıqla məşğul olan adamın başqa bir yaradıcının ideyasına, konsepsiyasına kobud müdaxiləsini anlamaqda çətinlik çəkirəm. Təkcə bu fakt onu göstərir ki, Qərbdə təhsil almağın, xarici dil bilgilərini mənimsəməyin, nitqdə ingiliscə terminləri işlədib peşəkar görünütüsü yaratmağın yeniliyə açıq olmaqla heç bir əlaqəsi yoxdur. Ona görə, senzura məsələsi bir şəkildə həll edilməlidir. Amma daha yaxşı olardı ki, nazirliyin kino şöbəsi ləğv olunsun. Bütün səlahiyyətlər yaradılacaq Kino Agentliyinə verilsin. Agentliyə isə, məsələn, Orxan Mərdan kimi istehsalatı bilən təcrübəli, bu sistemin içindən yetişən işgüzar bir adam təyin olunsun.
Müsabiqə şərtlərində daha sonra göstərilir ki, müraciət edən qurumlar son üç il ərzində fəaliyyət göstərməli və audiovizual məhsul istehsalı ilə məşğul olmalıdır. Son üç ilin bir ili pandemiyaya görə iflic olub. Kommersiya (əsasən komediya janrı) filmlərini çıxsaq, ümumən, ciddi kino istehsalatı azalıb. Bundan başqa, R.Həsənov AStar kanalındakı müsahibəsində özü-özünü təkzib edir. Yəni bir tərəfdən müsabiqə qaydalarında üç illik şərt qoyulur, digər tərəfdən isə bəyan edir: “Bizdə özəl şirkətlər var ki, son on-on beş ildə fəal deyildilər. Bu da (yəni müsabiqə) fürsət yaradır ki, onlar daha fəal iştirak etisnlər ki, sənaye formalaşsın”. Əgər R.Həsənovun nəzərdə tutduğu şirkətlər fəal olmayıbsa, istehsalat olmayıbsa, onda niyə üç il məhdudiyyəti qoyulur? Bəlkə 5 il film çəkməyən şirkət var? Ümumiyyətlə, son üç il nəyin göstəricisidir, keyfiyyətin ya kəmiyyətin? Obyektivlik naminə nazirlik müsabiqədə iştirakına icazəsi verilən dövlət studiyaları da daxill olmaqla bütün studiyaların son üçillik fəaliyyəti haqda ətraflı məlumat verməlidir.
Üçüncü mərhələ – pitçinq, yəni müəlliflərin layihələrinin təqdimatı, əsaslandırmasıdır. Pitçinq prosesi necə olacaq? O, video formatda təqdim olunacaqmı?
Layihədə diqqəti çəkən daha bir detal vardı. Yazılır ki, texniki imkanları nisbətən məhdud olan film istehsalçıları üçün çəkiliş avadanlığı və cihazlarının icarəsi və təminatı işlərində dövlət studiyası olan “Azərbaycanfilm”in avadanlıqları bazar qiymətləri və əlçatanlıq prinsipi ilə təklif olunur. Dövlət studiyasının avadanlıqlarının kirayəyə verilməsindən əldə olunan gəlir hara gedəcək? Bu gəlirin hesabatı veriləcəkmi?
Bundan başqa, bir neçə mənbədən dəqiqləşdirdiyim məlumata görə, R.Həsənovun “Debüt” studiyasına rəhbər olduğu dönəmdə (bu 2019-2020-ci ilin avqustunu əhatə edir) quruma 300 min manat pul ayırlıb. Bu, indiyədək həmin studiyaya ayrılan ən böyük vəsaitdir. Studiyanın keçirdiyi 9 master klas, həmçinin, bir neçə təlim proqramı 300 min manatın fonunda çox kiçik məbləğdir. Vəsaitin qalan hissəsi nəyə xərclənib? Və niyə dövlətin nəhəng “Azərbaycanfilm” kinostudiyasında “Debüt”ə yer tapılmır və studiya şəhərin mərkəzində ofis kirayə edərək, dövlət büdcəsindən icarəyə əlavə pul xərclənir? Hansı əsasla?
Digər suallar:
– 2019-cu ilin martında dövlət başıçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının 3-cü bəndində deyilir:
“Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın”.
Beş milyon nəyə və necə xərclənib?
– 2020-ci ilin dövlət büdcəsinə isə Azərbaycan kinosunun inkişafı üçün 7,5 milyon manat vəsait ayrılıb. Bu vəsaitə hansı işlər görülüb?
– Hazırda “Azərbaycanfilm” kinostudiyasında iki tammetrajlı film çəkilir: Elçin Musaoğlunun “Məryəm” və Vaqif Mustafayevin ”Fəryad-2”. Adıçəkilən filmlərin pitçinqi keçirilibmi və hər birinə nə qədər vəsait ayırlıb?