AzLogos-da yayımlanan “Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi” məqaləsində ünvanlanan suallardan biri bu idi: “2019-cu ilin martında prezidentin verdiyi sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinə ayrılan beş milyon manat nəyə və necə xərclənib?”
Məsələ ondadır ki, sözügedən sərəncamın icrasına uyğun olaraq nazirlik 2019-cu ildə kinematoqrafçılara dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan eləmişdi. Müsabiqədə qalib gələn bəzi ssenarilər çəkilsə də, əksəri ekranlaşdırılmayıb. Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılıb və sonradan Əbülfəz Qarayevin nazir olduğu dönəmdə hansısa səbəblərdən qapanb.
Gənc müəllif Cavid Zaidovun “Nərgiz” ssenarisi də birinci müsabiqədə tammetrajlı bədii film layihəsində qalib gəlib. Lakin C.Zaidovun sözlərinə görə, ssenarinin maliyyələşməsi ilə bağlı nazirliyiə müraciət etsə də, nazirlik konkret cavabdan yayınır. Onunla bu mövzuda müsahibəni təqdim edirik.
Sevda Sultanova: Cavid, nazirliyin elan etdiyi müsabiqənin nəticələrində belə bir fikir yer alır: “Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulmuşdur”. Buradan aydınlaşır ki, qalib gələn bütün ssenarilər çəkilməyəcək, yəni bütün filmləri istehsalata buraxmaq üçün yetərli imkanlar yoxdur. Bu halda sizin iddianız nə qədər haqlıdır?
Cavid Zaidov: “Nərgiz” ssenarisinin büdcəsi kinoya ayrılan vəsaitə adekvatdır. Rüfət Həsənov hələ “Debüt” studiyasının rəhbəri olanda filmin büdcəsi hesablanmışdı. 18 faiz vergi və 5 faiz studiya xərclərini çıxanda filmə xərclənəcək təmiz büdcə 450 min manat edir. Bundan başqa ssenari müharibədən sonrakı yeni reallığa, dövlətin kino siyasətinə də tamamilə cavab verir.
Konkretləşdirək, ssenari nədən bəhs edir?
Ssenari kamança üzrə təhsil alan Nərgiz adlı qızın həyatı, onun hədəfləri haqdadır. Qəhrəmanın əsas məqsədi Şuşada baş tutacaq Xarı Bülbül festivalında iştirak etmək və qalib gəlməkdir. Mən 2020-ci ilin əvvəlindən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə əməkdaşlıq etməyə başladım və ssenaridə milli koloriti gücləndirdik. İkinci Qarabağ Müharibəsindən sonra isə bu hekayə tam olaraq yerinə oturdu. Ssenarinin üstünlüyü budur ki, güclü qadın obrazı var, qadın qəhrəmanın öz ayaqları üstə durmaq bacarığı universal dəyərdir. Şuşada Xarı Bülbül festivalına qatılmaq məqsədi Nərgizə çox güclü hədəf verir, bu da qəhrəmanın xarici hədəfini (outer goal) sanballı edir. Ümumiyyətlə, bu, yazdığım ən ağır ssenarilərdən biri idi. Və müsabiqədə qalib gələn ssenarilər içərisində “Nərgiz” günümüzün Qarabağ mövzusuna, xüsusilə də qələbəmizə uyğunlaşdırılmış yeganə ssenaridir. Film həm də Azərbaycan musiqisini təbliğ edir. Burada Azərbaycan musiqisi tərənnüm olunur, milli musiqi ilə yanaşı xarici musiqi əsərləri də səslənərək kamançaya adaptasiya olunacaq.
İkincisi, mən debütant rejissoram. Təhsil Nazirliyinin vasitəsilə Böyük Britaniyanın Vestminster Universitetində kinoşünaslıq ixtisası üzrə oxumuşam. Daha sonra Mehriban xanım Əliyevanın, 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti olaraq Təhsil Nazirliyinə göndərdiyi tövsiyə məktubu sayəsində 2013-2016-cı illərdə London Film Məktəbində kinorejissorluq ixtisası üzrə magistr pilləsində təhsil almışam. Xaricdə təhsil almağıma dövlət üst-üstə 280 min manat investisiya qoyub. Və mənim investisiyanın qarşılığında musabiqədə qazandığım filmi çəkmək iddiam tam təbiidir.
Nazirliyin ssenarini reallaşdırmamaq üçün arqumenti nədən ibarətdir?
Nazirliyin kino şöbəsi mənə birbaşa cavab vermir, qarşımı müxtəlif bəhanələrlə almaq istəyir. Rüfət Həsənovun iddialarından biri budur ki, 2019-cu ildə ssenari müsabiqəsi qeyri-effektiv yolla seçilib. Yəni həmin müsabiqə müasir standartlara cavab vermir. Halbuki, Rüfət özü həmin komissiyada olub və hətta mənim ssenarimə səs verib. Üstəlik, prezidentin sərəncamının icrasına uyğun olaraq keçirilmiş müsabiqənin nətciələrinə hansı hüquqi bazayla pitçinq metodu tətbiq edilir? Rüfət təklif edir ki, bu ssenariylə 2021-ci ilin ortalarında baş tutacaq tammetrajlı filmlərin pitçinqinə qatılım. Sual verəndə ki, qalib gəlmiş ssenari niyə pitçinqdə iştirak etməlidir, cavab verə bilmir. Deyir ki, indi siyasi kurs dəyişib, 2019-cu ildə qalib gələn filmlər başqa mövzuda idi və indi əsas mövzu Qarabağdır. Mən də nazirliyə yazdığım məktubda qeyd etmişəm ki, “Nərgiz” Qarabağla əlaqəli mövzudur.
Başqa arqument odur ki, ssenarini yazmısansa, bu, o demək deyil ki, rejissoru da sən olmalısan. Bu, divara sıxılmışlıqdan əmələ gələn cavabdır. Çünki belə müddəa yoxdur ki, ssenarist filmi çəkməməlidir. Elə idisə, onda niyə Elçin Musaoğlu, Pərviz Həsənov, Mirbala Səlimli də ssenarist olaraq qalib gəlmiş və filmlərinin rejissoru kimi təsdiq olunmuşdurlar? Bir də ki, dövlət mənə 280 manat yatırımı boşuna qoymayıb.
Bir məsələ də var ki, bu müsabiqədə Elçin Musaoğlunun qalib olmuş “Məryəm”i pitçinq olmadan istehsalata buraxılıb. Əgər Rüfət Həsənovun dediyi kimi bu müsabiqə qeyri-effektiv idisə, onda niyə “Məryəm” istehslata buraxılır? Və üstəlik, bildiyim qədərilə mövzu da Qarabağ deyil.
Elçin Musaoğlu müasir Azərbaycan kinosunun əhəmiyyətli rejissorlarından biridir və buna qədər iki filmi – “40-cı qapı” və “Nabat” nazirlik tərəfindən tam maliyyələşdirmişdi. “Məryəm”ə gəlincə, arqument budur ki, onun filmi müştərək layihədir. Əli Səttar Quliyevin ikinci müsabiqədə qalib gəlmiş və artıq çəkilmiş tammetrajlı “Olimpiya” filmi də pitçinqdə olmayıb.
Birinci müsabiqə çərçivəsində Pərviz Həsənovun, Mirbala Səlimlinin filmləri istehsalata buraxıldı. Sonradan adəçəkilən filmlərin istehsalatı dayandırıldı və yalnız Elçin Musaoğlunun “Məryəm”i yenidən bərpa olundu. Hətta bildiyim qədərilə Pərviz Həsənovla Mirbala Səlimlinin filmlərinin hər birinə 200 min manata qədər pul xərclənib. Və sonradan niyəsə sabiq nazirin qərarı ilə bu layihələr bağlanıb.
Dəqiq informasiyam olmasa da, bilirəm ki, filmlərin hazırlığına ciddi büdcə xərclənib. Amma yaxşı olardı ki, bu barədə o rejissorların özləri danışsınlar. Bilirsiniz, Rüfət Həsənov tutduğu vəzifəyə görə, Azərbaycan kino viziyonunu dövlət səviyyəsində nizamlayan bir şəxsdir. Lakin mən Rüfət Həsənovun iş prinsipləri haqda ətraflı danışmaq istəyirəm ki, məsələ aydın olsun.
Müharibə təzə bitmişdi, Rüfət mənə zəng vurdu ki, sənə Fərman Salmanovla bağlı sənədli film vermək istəyirəm. O vaxta qədər Fərman Salmanovun ancaq adını eşitmişdim, başqa məlumatım yox idi. Təklif olanda ilk bu sual ağlıma gəldi ki, niyə məhz mənə verir? Yəqin “Nərgiz” ssenarisi ilə bir növ dəyiş-düyüş etmək istəyir ki, mən onu çəkməyim. Soruşdum ki, “Nərgiz” ssenarisi necə olacaq? Dedi ki, bunu çək, gələn il də Nərgizi çəkərsən. İki gün sonra Rüfət yenə zəng elədi ki, sənədlərini hazırla ver, “Salnamə”nin rəhbəri Nazim Hüseynovla görüş. Çünki film orada istehsal olunacaqdı. Yenə ssenarimlə bağlı sual verəndə, dedi ki, 2021-ci ilin ortalarında tammetrajlı filmlərin pitçinqi olacaq, orada iştirak edərsən: “Sən Londonda oxumusan, sənin üçün pitçinq heç nədir”. Bu, Rüfətin manipulyativ ifadələrindən biridir ki, Londonda oxumusan. Bunu vurğulamaqla demək istəyir ki, mən özümü xüsusi hiss edim və “hə” deyim. Belə manipulyativ davranışları Rüfət sistemli edir. Mənim Fərman Salmanov haqda sənədli filmindən imtina etməyimin ciddi səbəbləri var.
Fərman Salmanov haqda filmin ssenari müəllifi Ramiz Fətəliyev idi. Senarini oxudum. Rüfətə dedim ki, birdən ssenarini onunla yenidən işləmək istəsəm və ya özüm tək yenidən işləsəm necə olacaq? Dedi ki, ssenari ilə nə istəyirsənsə elə. Yəni istəyirsən müəlliflə birlikdə onu dəyiş, istəyirsənsə özün təkbaşına özün bildiyin kimi. Fərman Salmanov haqda film dövlət sifarişiydi. Məni təəccübləndirən Rüfətin dövlət sifarişi olan bir filmə başdansovdu yanaşmasıydı. Axı, belə bir film bu mövzunu özünə yad bilməyən, məlumatlı, təcrübəli bir adama verilməlidir. Fərman Salmanov ikonik fiqurdur, hazırda Rusiya iqtisadiyyatının qayəsini təşkil edən Sibirdə neft yataqlarını kəşf emtiş adamdır. İcitmai şüurda model rolu oynayan bir adam haqda filmi kimə gəldi sırımaq nə deməkdir? Onu doğrultmasaydım necə olacaqdı? Rüfət özü də buna cavab verə bilmirdi ki, film hansı auditoriya üçün nəzərdə tutulmalıdır: Azərbaycan yoxsa Rusiya? Son nəticidə imtina elədim. Layihə də bağlandı.
Yeri gəlmişkən, müsahibə öncəsi dediniz ki, sizin xətti prodüser olduğunuz başqa bir sənədli filmə də laqeyd münasibət göstərilib?
2019-cu il nazirliyin köhnə komandasının vaxtında Yusif Şeyxov “Böyük müharibənin unudulmuş səhifəsi” sənədli filmini çəkirdi, hadisələr İkinci Dünya müharibəsini əhatə edirdi. Cənub koridorundan silah sursat daşınırdı və bu, Azərbaycandan keçirdi. Burada Azərbaycan vətəndaşlaının xüsusi rolu olmuşdu. Film də bundan bəhs edir. Arxiv materialları üzərində qurulan film idi. Şeyxov mənimlə əlaqə saxladı, Londona gəldi, arxivdə materialları seçmək və çəkilişlər üçün. Elə alındı ki, Rüfət şöbə müdiri təyin olunandan sonra filmi qəbul etmədi. Və mənə zəng vurdu ki, gəncsən, sən Şeyxovu bu layihədən kənarlaşdır və özün bu sovet qoxusu gələn sənədli filmindən müasir tamaşaçıya maraqlı olacaq bir film işlə. Əslində çox kobud şəkildə dedi, mən yumşaq ifadə etməyə çalışdım. Dedi ki, təzədən montaj elə, Londonda təhsil almısan, bilirsən, necə montaj edəcəksən. Mən Londonda necə film çəkməyi öyrənmişəm. Amma bilmirdim ki, bu, mənə müstəsna hüquq və səlahiyyət verir ki, başqa müəlliflərin filmlərini onlarla hesablaşmadan istədiyim kimi dəyişim. Amma Rüfət bunu bilirmiş. Rüfətin problemlərdən biri odur ki, Amil Amalın filmində olduğu kimi, digər rejissorların filmində rejissorluq eləsin. Bu isə mənim üçün qəbuledilməzdir.
Rüfətin Yusif Şeyxovun filmiylə bağlı yeganə şərhi bu idi ki, filmdən sovet kinosunun iyi gəlir. Ona dedim ki, səni nə qane eləmirsə onları mənə yaz. Demədi. Şeyxovla razılaşma əsasında filmdə kadrarxası səsi və qrafikanı işləyəcəyimi dedim. Çünki o, layihənin müəllifiydi, uzun zaman araşdırmışdı və bütün detalları bilirdi. Yəni adam nə istədiyini bilirdi. Bundan başqa subtitrləri ingiliscə hazırlayıb onu Kristofer Allays adlı titr dizaynerinə göndərdim. O, Mayk Linin bütün filmlərinin titr dizayneridir. Hətta filmin satılma potensialı da vardı. Çünki sanballı idi, vizual baxımdan da. İspan-İsveçrə prodüseri Naço Qarsiya da bu filmə maraq göstəmişdi. Email yazışmalarımız var. Tamamlama işlərini görmək üçün 20 min manat çərçivəsidə büdcə tərtib olundu. Amma uzun müddət Rüfətdən səs çıxmadı. Sonra da dedi ki, bütün pulu kinostudiyanın maddi texniki bazasına xərclədiyimizdən layihəni bağladıq. Və filmi heç bir dəyişiklik etmədən qəbul elədi. Halbuki narazı idi. Əgər doğrudan da filmin qayğısına qalırdısa, niyə “pul olmadı” deyərək layihəni bağladı. Əminəm ki, Fərman Salmanovla haqda filmin taleyi də eyni olacaqdı. Süründürərək, əsaslandırmadan qəbul etməyəcəkdi və əsas vermədən Şeyxova qarşı etdiyi eyni metodikanı mənə də tətbiq edə bilərdi.
Rüfət Həsənovun kino siyasətini əsasən dost çevrəsinin maraqları üzərində qurması haqda xəbərlər dolaşır. Mümkündür ki, bu amil sizin filminizin reallaşdırmasına əngəl törədən səbəblərdən biri olsun?
Bunun bariz nümunələrindən biri Orxan Abbasovun “Debüt”ə direktor gətirilməsidir. Orxan Fransada təhsil alıb. Onun istedadına şübhəm yoxdur. Amma maraqlısı odur ki, o, həm “Debüt”ün direktorudur, həm də “Azərbaycanfilm”də istehsal olunan iki böyük büdcəli filmin quruluşçu operatorudur. Ölkədə bu qədər peşəkar operator ola-ola niyə məhz Orxan bu iki filmin operatorudur? Ola bilərmi ki, burada Rüfət Həsənovun dost lobbiçiliyi öz rolunu oynasın? Siz də məqalənizdə yazmışdınız ki, əgər hər filmə Orxan 2-4 ay vaxt sərf etsə, onda “Debüt”ə kim rəhbərlik edəcək? Əgər onu əvəz edəcək adam varsa, o niyə təyin olunub? Mahiyyəti nədir? Məqalənizdə yazmısınız ki, dövlət büdcəsindən “Hummer” alınıb. Əgər “Hummer”i şəxsi büdcəsi ilə alıbsa, təkzib verilsin. Çünki 2020-ci ildə ölkəmiz həm pandemiya ilə bağlı çətin iqtisadi şəraitdə olub, həm də müharibə ilə əlaqədar büdcəyə böyük güc düşüb. Heç bir film də çəkilməyib ki, deyək, Orxan orada çalışıb. Bəlkə də “Debüt”də maaşlar BP ilə müqayisə olunandır. Qısası, əminəm ki, yüksək səviyyədə istək olarsa, həmin “Hummer”in şəxsi və ya büdcə hesabına alınmasına asanlıqla aydınlıq gətirmək olar. Bəlkə də nazirliyin yeni normativində “Debüt”, “Salnamə”, “Azərbaycanfilm”in rəhbərlərinin xidməti maşını “Hummer” olmalıdır. Amma əgər belədirsə, onda niyə başqalarının xidməti maşınları sadə markalardandır.
Məndə olan məlumata görə, 2019-cu il müsbiqəsində qalib gələn ssenarilərin qonorarı hələ indi ödənir. Sizə ödənibmi?
Mənə də zəng olunub. Müəllif hüquqlarını məndən almaq istəyirlər ki, qonorar ödəmişiksə, deməli ssenarini satmısınız. Yəni müəllif hüquqları bizə məxsusdur. Mən ssenarini satmağı yalnız o zaman planlaşdırıram ki, Nazirlik Prezidentin 1007 saylı sərəncamının 2-ci bəndindəki filmi istehsala buraxması ilə bağlı məsələyə aydınlıq gətirsin və müəlliflik hüquqları məndə qalsın. Rüfət Həsənovun 600 minlik bir məsələni vergilərlə birlikdə 19300, vergilərdən sonra isə 13000 manata həll etmək istəyi gözləniləndir. Mən də öz tərəfimdən lazımi ilkin hazırlıq işlərini görmüşəm.
Cavid, ola bilər ki, nazirlik lahiyəni maliyyələşdirməsin. Sonadək gedəcəksinizmi? Yadıma gəlmir ki, hansısa rejissor kino şöbəsinə sizin kimi ictimai etraz eləsin və filmi uğrunda açıq mübarizə aparsın.
Bəli, axıra kimi getməkdə qərarlıyam. Nazirliyin mənə verdiyi qeyri-qənaətbəxş cavabdan sonra Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova məktub yazmışam. Kərəm Həsənov nazirliyə məktub ünvanlayaraq, mənim işimin ilkin araşdırılmasını istəyib. Mən nazirlikdən bununla bağlı cavab gözləyirəm. Yəni məktublaşmalarla bağlı proses çox dərin mərhələdədir. O səviyyədə ki, hətta nazir Anar Kərimov da durumdan birbaşa xəbərdardır.
Mən “Nərgiz” filminin həm kinomuza kiçik də olsa töhfə verəcəyinə, həm də ölkə xaricində satıla biləcəyinə inanıram. Əlbəttə şərtləndirilmiş tələblər yerinə yetiriləcəyi halda. Üstəlik, “Nərgiz” filmi lazimi səviyyə və keyfiyyətdə çəkiləcəksə, xaricdə distribusiya olması ilə bağlı da ilkin razılıq əldə etmişəm. Çünki bu debüt film üçün optimaldır: büdcə aşağıdır, motiv hazırda dünyada və ölkəmizdə aktualdır, yəni qadınların öz güclərini dərk edərək hüquqları uğrunda mübarizəsidir. Azərbaycan musiqisinin təbliği, özəlliklə də kamançanın təbliği (mənə Londonda bir neçə dəfə Paracanovun “Narın rəngi” filminə görə kamançanın erməni musiqi aləti olması deyilib), üstəlik, Qarabağın Azərbaycan olması ilə bağlı yumşaq güc mesajı göndərilir.
Əminəm ki, işin bu qədər müşkülə çevrilməsində Rüfətin şəxsi mövqeyinin, hətta nazirə belə manipulyativ hesabatlarla təsirinin də rolu olub. Odur ki, mübarizəmi sonuna kimi aparmaq əzmim var.
Bu, həm özüm üçün, həm də gələcəkdə təkrar oluna biləcək analoji halların qarşısının alınması üçün vacibdir. Yaradılacaq Kino Agentliyi Rüfət və dostları klubuna aid olmamalıdır, azad rəqabət və meritokratiya üzərində qurulmalıdır. Belə olan halda bizim hər birimiz bacarığımıza uyğun milli kinomuza töhfə verə bilərik.
Söhbətləşdi: Sevda Sultanova