Əli Əkbərin “Emiqrant” romanı müasir “Odisseya” əhvalatıdır. Söhbət, təkcə əsərin qəhrəmanı Rüstəm Avşarın sanki tanrının əliylə nizamlanan həyatından – çətin sınaqlarla qarşılaşmasından və edamlardan möcüzəli qurtuluşlarından getmir. Söhbət, həm də müəllifin təhkiyəsini mifoloji tonallıqda strukturlaşdırmaqdan, fentezisayağı estetikadan gedir. Doğrudan da, əsər bioqrafik olmasaydı, personajları haqda məlumatlı olmasaydım, onu yunan və roma miflərinin bədii emalı, fentezi janrının elementlərinin dekonstruksiyası kimi qəbul edərdim. Fakt isə odur ki, yazıçı oxucunu bədii-estetik çərçivə daxilində yazılmış sənədli gerçəkliklə üz-üzə qoyur…
Amerikalı araşdırmaçı, mifoloq Cozef Kempbell “Min üzlü qəhrəman” əsərində o nəticəyə gəlir ki, bütün miflərdə qəhrəmanlar səyahət edir, uzun yol gedir, mürəkkəb vəziyyətlərdən, sınaqlardan keçirlər. Və bu zaman səyahət daha çox ruhi, mənəvi məna daşıyır. Qəhrəmanlar qeyri-müəyyən, gözlənilməzliklə dolu səyahət zamanı yenilənir, təcrübə toplayır, seçimlərini edirlər və s.
Rüstəm Odissey kimi yoldadır. Düzdür, Odisseyin yolçuluğu on il çəkmişdi və məqsədi evinə, ailəsinə dönmək idi. Rüstəmin isə mühacirət yolçuluğu ömürlüküydü və onu sadəcə, qəhrəmanın fiziki məkan dəyişikliyi istəyi ilə məhdudlaşdırmaq doğru deyil. Əslində “Emiqrant” mənəvi, ruhi kamilləşməyə, yenilənməyə can atan, stixiyasında fasiləsiz hərəkət dayanan insanın hekayətidir. Bu mənada Rüstəmin yolçuluğu məkanla konkretləşmir – çünki yolçuluq daim yetkinləşməyə can atan ruhunda, şüurundadır.
Əsrin əvvəllərində ailəsi İrandan Bakıya gələn, burada doğulan, 1930-cu illərin repressiyasından Cənuba qayıtmağa məcbur olan və maddi yüksəlişinə baxmayaraq, uzun illər sonra hər şeyindən keçərək Şimala gizli yolla qayıdan Rüstəmin Bakı sevgisi heyrət doğrurur:
“Bakıda yaşamaq, bakılı olmaq böyük nemətdir. Bakıda yaşamaq fərqli arxitekturaların şahidi olmaq, onlarla ünsiyyətə girmək imkanı deməkdir. Bunlar mənim üçün qiymətsiz şeylər idi. İllər boyunca, mən bu şəhərə həm də onun təkrarsız binalarını görmək üçün can atmışdım.”
Lakin ailəsindən keçmək ona asan başa gəlmir, həmişə addımlarını analiz edir və özünə hesabat verirdi: “Onlar (yəni ailəsi-S.S) mənim Tehranda olduğumu düşünürlər, mən isə onlara xəbər vermədən İrandan qaçıram. Özüm öz gözümdə alçalırdım, bağışlanmağa layiq olmayan nankorun, ödləyin biri olduğumu düşünürdüm”.
Bütün hallarda Rüstəm üçün Bakı sevgisindən də üstün dəyərlər vardı ki, onun nə olduğu zamanla romanın ayrı-ayrı passajlarında aydınlaşır: o, azadlıq, daim yeni fikir əraziləri axtarşındaydı. Sovet Bakısında yaşayanda qadağalara baxmayaraq, İranda yaşayan ailəsi ilə əlaqə qurmağa bir haqqı olduğunu dilə gətirməyi, formalaşan tənqidi düşüncəsi, sovet rejiminə məyusluğu, övladlarının insana dəyər verilən toplumda yaşamasını arzulaması onun tükənməz azadlıq sevdasından qaynaqlanırdı.
“Emiqrant” ruhuna görə qarışıq əsərdir. O mənada ki, bir qism epizod və diskussiyalar eyni zamanda fanilik və doğru bildiyin dəyərlər uğrunda mübarizə əzmi aşılayır.
“Emiqrant” həm də iç-içə girmiş və qırılan əhvalatlar, çeşidli xarakterlər və onların hekayələri, müxtəlif, qəfil zaman dönüşləri və dəyişən coğrafi əraziləri əhatələməsi baxımdan ilk baxışda qarışıq təəssüratı yaradır. Bununla romanın estetik və dramaturji pintiliyinə eyham vurmuram. Əksinə, Əli Əkbər çoxluq, qarışıqlıq içində azmır, nəqldə qırılmalar struktur, dramaturji diktəylə baş verir, personajlar dramaturji çıxılmazlıqda ilişib qalmır, onlar ədəbi missiyalarını yerinə yetirib, sonra harasa yoxa çıxırlar. Müəllifin öz mətnindən danimarkalı müxbirin mətninə, Rüstəm Avşarın xatirələrinə qəfil keçidləri əsərin ümumi ahəngini tamamlayır.
Əli Əkbər təmkinlə və tədricən qəhrəmanın taleyini pazl kimi, səliqə ilə mozaika texnikasında yığaraq keçmişi, indini və gələcəyi bir araya gətirir.
Ümumiyyətlə, Əli Əkbər provokativ, spesifik yumora malik yazıçıdır. Onun mətnaltı yumorunda – amansız həqiqətlə həssas, əxlaqi sinizm eyni anda birləşir. Və provakativ yanaşması, yumor spesifikliyi ilə o, ədəbiyyatımızda tək və yad kimi oyundankənar görünür. Sözsüz ki, Azərbaycan ədəbiyyatını təmsil edir, amma bu ədəbiyyatın nümayəndələri, yaradıcı çevrələr, birliklər, nəşrlər ilə təmas etmədən, qaynayıb-qarışmadan; emqirasiyaya getmədən xeyli əvvəldən özünü mühitdən təcrid edərək və snob görüntüsü yaradaraq. Romançılıq texnikası və süjet qurmaq bacarığı ilə zənnimcə mübahisəsiz ustadır. Onun emosiyaları gərən, düşüncəni qıcıqlandıran peripetiyalarının təmkinli, uyğun, dəqiq ifadəsi oxucuda emosional və bədii şok yaradır.
Əli Əkbərin mühüm bir üstünlüyü daha var, o, soyuqqanlı yazır, emosiyalarını havayı xərcləmir, neytrallığını – obrazlara, hadisələrə münasibətdə duyğu məsafəsini qoruya bilir. Eyni səciyyəni müəllifin nəsrimizin ən yaxşı əsərlərindən biri olan “Gilə” uzun hekayəsi də daşıyır.
“Emiqrant” roman epopeyadır. Avşarların üç nəslinin hekayəsi ilə tanış oluruq və onların həyatının fonunda 1938-ci ilin Bakısından Pəhləvi İranına, Xiyabani hərəkatına, Pişəvəri dönəminə, müasir Bakıya və Kopenhagenə, oradan 1950-ci illər Bakısına və müasir İrana, dövrümüzün cürbəcür aktual siyasi problemlərinin içinə düşürük. Çağdaş Azərbaycanın siyasi-sosial, estetik-ekoloji təzadlarına, absurd normalara Kənanın, Merlenin gözü ilə baxırıq.
Üstəlik, müxtəlif hissələrdə fotoqraf Cahangir Yusif, onun obyektivinə tuş gələn, xəstəlikdən əziyyət çəkən hansısa Firuzə, təcridxanada intihar etmiş Rizvan adlı gənc, cənubi azərbaycanlılarla yaxınlaşan Mikayıl Müşfiq, Rüstəmə vaxtilə mənzil almaqda kömək etmiş Heydər Əliyev, Rüstəmin kinostudiyada işlədiyi dönəmdə tanış olduğu Həsən Seyidbəyli və onlarla başqa tanınan və tanınmayan obrazlar gəzişir. Bədii nəql tarixi hadisələrin təsviri ilə qırılaraq yerini sənədli xronikaya verir. Bütün bu zəruri dokumentallıq qəhrəmanın daxili vəziyyətini, addımlarını əsaslandırmaq, izah etmək üçündür.
Bu maraqlı detaldan isə heç cür yan keçə bilmirəm. Rüstəmin həyatında mühüm yer tutan, kinostudiyada operator işləyən Vladimir Zbudski haqda kiçik araşdırma etsəm də, haqqında nəsə tapmadım. Lakin onun operatoru olduğu Axundovun 150 illiyinə həsr olunmuş sənədli filmi (1962) izlədim. Həmişə sovet dönəminin filmlərinin titrlərində, sadəcə soyadı yazılan isimlər mənə maraqlı olub.
Həmin adamlar haqda məlumatlar yoxdur, kimliklərini bilmirik və onlar məşhur filmdə deyilidiyi kimi, sadəcə statistikadır. “Emiqrant”da belə bir statistik informasiyanın hekayəlləşdiyini gördüm və təkcə buna görə yazıçıya təşəkkür düşür.
“Emiqrant” bu gün istər kinoda, istər ədəbiyyatda tendensiyaya çevrilməyən intellektual romandır. Çünki əsərin qəhrəmanları intellektuallardır. İncəsənət, siyasi-tarixi, ictimai-mədəni söhbətlər təklif olunan vəziyyətlərdə yerinə oturur. Rüstəmin oğulları nevroloqlar Məsud və Səid alzheimer (Rüstəm qocalıq dönəmində alzheimer olmuşdu- S.S.) ataları ilə bağlı yaşadıqları təcrübəni bölüşür və kədərli hekayədən alınan nəticə budur: insan yaddaşını itirəndə bioloji varlığa çevrilir.
Yuxarıda dediyim kimi “Emiqrant” “Odisseya”dır. Odisseyin yolçuluğuna mane olmaqdan ötrü Zevs dənizdə fırtına qoparır. Və ya onu dəniz allahı Poseydonun qəzəbindən qorumaq üçün köməyə ilahə Afina gəlir. Rüstəmin həyatı belə sınaq-qurtuluş epziodları ilə zəngindir. Təbrizdə edamın tam yerinə yetirildiyi anda atasının dostu, məscidin axundu Molla Nağı onu xilas edir, ailəsi Təbriz küçələrində tam ümidsiz qaldığı halda xeyrixah, ipək bir qarıyla rastlaşırlar və maraqlıdır ki, bu sınaq və qurtuluş onun nəvəsi Kənanı da müşayiət edir: İranda ağır cəzadan xilas olunmasında babasına vaxtilə xəyanət etmiş dostu Qurbanın oğlu Hüseynin də rolu olur.
Postsovet dövründə aktuallaşmış, bədii ədəiyyatda az işlənən milli identifikasiya məsələsi romanın əsas polemik xətlərindən biridir. Bu məsələ milli kimliyini soğrulamaq şəklində olmasa da, xatirə-xiffət ruhunda “Gilə” əsərində də yer alıb. Milli, mədəni kimlik, hara aid olmaqla bağlı suallar Avşarlar nəslinin bütün nümayəndərlini düşündürür.

Ata Əli 1930-cu illərdə düşünür: “Görəsən mənim vətənim haradır? Mənim vətənim İrandırmı? Yoxsa ailəmin xoşbəxt olduğu yerdirmi? Bəlkə eləcə bu evdir, bu məhəllə, bu qonşulardır?”
XX əsrin ortaları oğul Rüstəm düşünür: “Deməli, mən Bakıda da yarımçıq insan kimi yaşayacaqdım, çünki bir parça mən, həmişə Təbrizə meyl edəcəkdi”.
21-ci əsrdə nəvə Məsud: “Biz də Bakıda doğulmuşuq, bu şəhərdə böyümüşük və özümüzü iranlı yox, azərbaycanlı hesab etmişik. Ölkəndən uzaqdasansa, ikisindən biri baş verir – ya vətənini unudursan, ya da ona normadan artıq bağlanırsan. Qızıl ortanı tapmaq, hər məsələdə olduğu kimi, çox çətindir”.
21-ci əsr, Danimarkada doğulub böyüyən nəticə Kənanın düşüncəsi: “Mən nə oralıq, nə də buralığam – mən aralıq adamam. Özümü Azərbaycana aid edə bilmirəm, çünki valideynlərimin, babalarımın təcrübəsi məndə yoxdur. Əslində, Danimarkaya da çox aid edə bilmirəm. Valideynlərim mənim qulaqlarıma danimarkalı uşaqların eşitdiyi sözləri pıçıldamayıblar. Danimarkalı körpələrə ötürülən kodlar mənə ötürülməyib. Atamın, anamın həyat tərzi ilə Avropa həyat tərzi arasında mental baxımdan ziddiyyət yoxdur, məişətimiz danimarkalıların məişətindən heç nəyi ilə fərqlənmir.
Amma yenə də mənim valideynlərim öz kodlarını Azərbaycandan alıblar, mənə də onları ötürüblər”.
Müəyyən qənaət və cavablar olsa da, bütün hallarda sual açıqdır: Vətən nədir, haradır, milli identifikasiyanı necə həll etməli, insan hara daha çox aiddir: vətəninə, ya özünü tapdığı, rahat hiss etdiyi yerə?
“Emiqrant” həm də bu sualları ilə əhəmiyyətlidir.