15 iyun haqda bu il sosial şəbəkələrdə çox maraqlı təbəddülatlar baş verdi.
Kifayət qədər mübahisəli bu təqvim haqda cəmiyyətdə indiyə kimi yek bir fikir yoxdur desək, yanılmarıq. Maraqlıdır ki, ənənəvi olaraq bu təqvimi neqativ qiymətləndirən insanlar bu dəfə daha fərqli mövqelər sərgilədi.
Siyasi analitik Rəşad Şirin: “Yeni dövlətimiz artıq 30 illik bir dövrü bitirməkdədir. Bu dövrün bir neçə vacib nöqtəsi var. Onlardan biri də 15 iyundu. Siyasi qüvvələrin konsensusa gələrək müstəqilliyi qoruya bildiyi günlər. Burada həm Əbülfəz Elçibəyin, həm də Heydər Əliyevin rolu çox vacibdir. Xususilə də Elçibəyin öz iqtidarının məhdudluğunu anlayıb, qəbul etməsi və hakimiyyəti Əliyevə ötürməsi. Bəzi tərəfdarları bu hadisədən məyus olsalar da, indi bir çox insan anlayır ki, o durumda Elçibəyin ata biləcəyi ən rasional addım bu idi. Mənim özümün şəxsən Qurtuluş günü ilə bağlı fikrim əvvəllər neqativ idi. Amma illərin məsafəsindən baxdıqda insan daha yaxşı anlayır və fərqli mətləbləri görə bilir. Hər halda milli müstəqilliyimiz bizim üçün ən önəmli dəyərlərdən biridir və bunun uğrunda durmadan çalışmaq lazımdır.”
Meydan.TV-nin keçmiş direktoru Emin Milli: “Azərbaycanda siyasət haqqında çox romantik, infantil və buna görə də təhlükəli fikirlər çox yayılıb. Tarixdən düzgün dərslər də çıxarmağa tələsmirik. Rəşad Şirin kimi də siyasi elmi dərindən bilən, öyrənən, araşdıran dostlarımız bizə acı həqiqəti deyəndə isə biz bu romantik baxışlarımıza görə həqiqəti görmək istəmirik, əksinə buna qıcıqlanırıq.
Biz qəbul etmək istəmirik ki, dövlətlər zorun, gücün, qəddarlığın fundamenti üzərində qurulur. İqtisadi və siyasi islahatlar isə müxtəlif siyasi qüvvələrin, tərəflərin maraqlarını real güc nisbətinə uyğun olaraq təmin edilməsinin nəticəsində mümkün olur. Erkin Qədirli o gün Magna Carta-nın tarixi haqqında da yazılan statusunda bunu bizə bir daha xatırlatdı. Hər bir dövlət və cəmiyyət müəyyən inkişaf mərhələlərindən keçməlidir və ölkənin tarixi, onun istitusional tarixi, neft kimi həlledici faktorlar iqnor ediləndə uğur əldə etmək mümkün olmur.
Müxalifət bu gün xalqa nağıl danışır ki, biz bu reallıqda birdən uğurlu demokratik dövlət ola bilərik, hakimiyyət isə iqtisadi və institusional islahatların həyata keçirilməsi məsuliyyətindən yayınır, komfort zonasından çıxmaq istəmir. […]“
Tarixçi Altay Göyüşov: “Niyə Elçibəy hakimiyyətə Əliyevi çağırdı?
İki banal və ən əsas səbəb:
1-Əliyev o dövrdə, məhz həmin anlarda Azərbaycanda ən populyar siyasətçi idi. Cəbhədən üz çevirən xalq üzünü Əliyevə çevirirdi.
Kəlbəcərdən və Surətin qiyamından sonra tamamilə demoralizə olunmuş xalq deyirdi ki, yalnız böyük siyasi təcrübəsi olan Heydər Əliyev gəlib onu bu bəladan qurtara bilər.
2-Elçibəy hakimiyyəti öz bacarıqları çərçivəsində Surətin qiyamını yatırtmaq üçün hər şey etdilər, amma alınmadı. Kimsə əmrə tabe olmadı, kimsə dəstək vermədi, kiminsə də gücü, təşkilatçılıq bacarığı çatmadı. Əliyev də çağırıldı ki, gəlib həm ölkəni bu xaosdan xilas etsin, həm də Cəbhə rəhbərliyini Surətin mümkün, gözlənilən, qətiyyən gizlətmədiyi, açıq-aşkar səsləndirdiyi qisasından, cəzasından qurtarsın.”
***
Necə qiymətləndirilməsindən asılı olmayaraq şəxsən mənim üçün 1993-cü ilin yayı həyatımda ən dəhşətli yay olub. O dövrün gəncliyinin onurğa sütunu həmin yay qırıldı. Dərin milli təhqir hissinin 26 il ərzində keçməyən acı zəqqum tamı.
Həmin yay yaxşı xatirimdədir, konservatoriyada imtahanlar dövrü idi, başımda fırlanan apokaliptik fikirlərə baxmayaraq demək olar ki, hər gün gəlib imtahanlara daxil olur, suallara cavab verib nəsə danışırdım. İnstitut daxilində elə bir təlaş-filan yox idi, bayırda baş verən müdhiş hadisələr bir-biri ilə asta səslə, eyhamlı danışan bəzi müəllimlərdən başqa kimisə xüsusi maraqlandırmırdı. Mənim kursumda təhsil alanların hamısı gənc insanlardı, cəmi 21-22 yaşımız olardı. İmtahan keçirilən otaqların qarşısında siqaret çəkib ağıllı-ağıllı ordan-burdan danışan oğlanlar toplanmışdı, yanımızdan söhbətləşib-gülüşən, al-əlvan yay donlarında gözəl qızlar keçirdi. İnstitut divarları kənarında baş verənlər deyil, imtahan və nəticələri gəncləri narahat edirdi.
Əlbəttə, il ərzində baş verənlər çoxuna ağır təsir etmişdi, amma hər şeydən əvvəl biz gənc idik və irəlidə bizi gələcək gözləyirdi, o zaman belə düşünürdük — gənc insanlar hər zaman yaxşıya ümid edir, əks halda gənc ola bilməzlər. Deyəsən o zaman oralarda apokaliptik hisslər içində olan bircə mən idim. Güclü bədii təxəyyül yaxşı həyata xidmət etmir əslində.
“Kefin niyə pozulub?” — konservatoriyanın önündə, pillələrdə rastladığım Nərgiz adlı orqanist qızın sualı indiyə kimi xatirimdədir. Çalışıb izah etmək istəyəndə isə, üzümə çox çox gülümsədi: “Через 10 лет тут все будет хорошо и всё забудется, не веришь?” (Cəmi 10 il sonra burada hər şey yaxşı olacaq və hamısı unudulacaq, inanmırsan?)
10 il! Təsəvvür etmək belə çətindir. Həmin vaxt, həyatımın az qala yarısı qədər zaman edirdi 10 il. Küçələrdə, kabinetlərdə, döyüş meydanlarında, hərbi hissələrdə, kazarmalarda, danışıqlar keçən telefon kabellərində dövrün bütün idealları amansıcasına qətl edilir, qəddar reallığın çılpaq və soyuq sifəti qapqara dişləri ilə irişir, murdar qəhqəhəsini üzümüzə çırpırdı:
“Surət qalxdı, Elçibəy qaçdı.”
“Nəvahıda toqquşma olub, nə qədər adam ölüb.”
“Dünya şöhrətli siyasətçi qalıb qıraqda, çoban-çoluq düşüb ortaya! Baba, qurtar bizi!”
“Ağdam getdi, Füzuli getdi, Cəbrayıl getdi, Qubadlı getdi!”
İndi həmin hadisələrdən artıq əsrin dörddə biri qədər zaman keçib, o hadisələr nəinki unudulub, əksinə, bu barədə mübahisələr və ziddiyyətli fikirlər hər şeyin sanki indi baş verdiyi qədər aktuallığını saxlamaqdadır.
Dediyim kimi, həmin yay o dövrün gəncliyinin onurğası qırıldı, hərçənd ki, çoxlarının bundan xəbəri yoxdu. İnsanlar çox ağıllıdır, baş verənlərə indiffirent qalırlar. Əgər bu gün İsa peyğəmbəri gözümüzün qarşısında çarmıxa çəksəydilər, ən yaxşı halda bir günlük gündəm mövzusu olardı. İnsanların bu hərəkəti özünümüdafiə instinktindən doğur, ittiham da ediləsi deyil. İndiffirentlik kütlənin başlıca məziyyətlərindən biri olub, olacaq da.
***
Yuxarıda iqtibas gətirilmiş fikirlərin yanlış olduğunu düşünmürəm. Hətta onlardan daha irəli gedib əminliklə və tam səmimi deyə bilərəm ki, əgər Heydər Əliyev hadisələrin lap əvvəlindən hakimiyyətdə olsaydı, biz belə bir fəlakətli məğlubiyyətə məruz qalmayacaqdıq. Yəni 15 iyun və ona aparan yol olmasaydı ən azından ölkəmizin 20% işğalı mümkün olmazdı, minlərlə insanmız faciəli şəkildə məhv edilməz, milyonlarla insanımız evlərini itirməzdi. Ölkənin yalnız fizikası və çoğrafiyası, riyaziyyat və botanikası yox, mənəvi obrazı da bu qədər şiddətli zorakılığa məruz qalmazdı.
Eyni zamanda bu faciələr gətirmiş təqvim olmasaydı, əminəm ki, qarşı tərəf də bu ağlagəlməz məğlubiyyətlərimizdən ağlını tam itirib bunca sərməst olmaz, bütün region da bu səbəbdən sonu görünməyən çıxmaza dirənməzdi. Hətta bəlkə hansısa hipotetik sülh də mümkün ola bilərdi. Lakin bizim fəlakətli məğlubiyyətimiz qarşı tərəfin təmkinli və humanist təfəkkürlü insanlarına heç bir şans vermədi, əksinə ən çılğın daşnakların mövqeyini o cəmiyyətdə haqlı etdi. Bu haqda separatislərin başçısı Robert Koçaryan açıq mətnlə yazır.
15 iyun bunu da bizə bəxş etmiş təqvimdir, çünki facələrin sanki xəyali bir zəncirə düzülmüş halqaları məhz o zamandan başladı.
Heydər Əliyev şəxsiyyətinə münasibət fərqli ola bilər, amma bir daha qeyd edim: mənim şəxsi qənaətim budur ki, bizim üçün ən optimal variant onun lap əvvəldən hakimiyyətdə olması idi.
Lakin o hakimiyyətdə deyildi. Sadəcə deyildi.
İstənilən hadisənin maksimal obyektiv optikası yalnız belə bir sual ola bilər: “Kimin maraqlarına xidmət edir?”
Çox ciddi sualdır — “Kimin maraqlarına xidmət edir?”
***
Heydər Əliyev, cəmi iki il öncə, 1985-cı ildə partiya rəhbərliyinə namizədliyini dəstəklədiyi Qorbaçov tərəfindən, 1987-ci ildə bəlkə də həyatında hər şeydən üstün tutduğu vəzifəsindən uzaqlaşdırıldı, istefaya göndərildi, karyerasına son qoyuldu, buna dözə bilmədi, infarkt keçirdi, xəstəxanaya düşdü.
Azərbaycanda, Qarabağda 1988-ci ildə baş verən məlum təbəddülatlardan sonra onun ölkədəki varisi və bir növ canişini Kamran Bağırov may ayında vəzifədən uzaqlaşdırıldı (Ermənistan SSR-in baş katibi Dəmirçiyanla bir yerdə), onun yerinə Azərbaycandakı vəziyyətdən tamamilə xəbərsiz, komsomol lideri və Pakistanda səfir işləmiş Əbdürrəhman Vəzirov gətirildi.
Bununla da ölkədəki oturuşmuş trayb konqlomeratı dəyişdirildi, Əliyevə pambıq “pripiska”larını xatırladan məqalələr əvvəl mərkəzi, sonra isə yerli mətbuatda peyda oldu. Xatırladaq ki, oxşar proseslərdə Özbəkistanın keçmiş kompartiya sədri, məşhuri-cahan “pambıq kralı” Şərəf Rəşidov hələ 1983-cü ildə, Andropov dönəmində bu məsələlər səbəbindən başına güllə sıxmışdı. 1984-cü ildə Moskvadan Daşkəndə bu işləri araşdırmaq üçün komissiya gələndə isə hələ dünənə kimi Rəşidova sədaqət andı içənlərin hamısı bir ağızdan onu lənətləyir, ən ağır ittihamlarda adını hallandırırdı. Nəticədə Rəşidovun nəşi Daşkəndin mərkəzi meydanından (orada onun şərəfinə memorial kompleksinin inşası nəzərdə tutulurdu) eksqumasiya edildi və şəhərin ucqarında yerləşən bir qəbristanda torpağa tapşılırdı. Daha sonra ölkəyə gələn Qdlyan-İvanov komissiyası “özbək işi” adlı kriminal prosesə başladılar, respublikanın az qala bütün vəzifəli şəxslərinə cinayət işi açıldı, minlərlə adam məsuliyyətə cəlb edildi, çoxları intiharla canını qurtardı.
Heydər Əliyevi də bumu gözləyirdi? Azərbaycan “durğunluq illərində” pambıq “pripiska”sında Özbəkistandan heç də geridə qalmırdı. Amma taleyin işlərini kimsə bilməz. Qarabağ problemi nədən məhz 31 il bundan öncə başladı, bu qərarı kim və harada vermişdi? Bu suala təbii ki, heç bir zaman cavab tapılmayacaq. Amma burda da “Kimin maraqlarına xidmət edir?” sualı qulaqlarımızda əks-səda verir.
İttifaq miqyaslı təqaüdçü, istefada olan KGB general-mayoru və keçmiş “politbüro” üzvü autsayder olmağa öyrəşməmişdi. 20 yanvar hadisələri zamanı o artıq yenidən hərəkətə keçir və üç il əvvəl yoxa çıxdığı ictimai məkana yenidən qayıdır. Bu dəfə, həyatı boyu sədaqətlə xidmət etdiyi sovet quruluşunun tənqidçisi kimi. İdeologiya həqiqətən funksional insanlar üçün heç bir zaman baryer sayıla bilməz. Onlar üçün başlıca məsələ işlək olmaqdır, başqa şeylər formal xarakter daşıyır.
***
Heydər Əliyev 1990-cı ildə uzun müddət hakimiyyətdə olduğu Azərbaycana dönür. Ölkədə çox insan vəzifəsinə görə məhz ona borcludur. Ən azından 1967-ci ildə, ölkənin ilk azərbaycanlı KGB rəhbəri təyin olunduğu gündən istefaya göndərildiyi ana kimi, 20 il ərzində yetişmiş kadrların çoxu onun kadrlarıdır. Lakin İttifaq miqyaslı təqaüdçü burada gözlədiyi və layiq olduğu qəbulla qarşılaşmır, əksinə, məlum səbəblərdən Bakını tərk edib Naxçıvana yollanmağa məcbur qalır. Oradakı rəftardan da məmnun qalmır — minnətdarlıq hissi nə az insana tanış imiş… Onlara konkret hakimiyyət və güc lazımdır, başqa heç nə.
Keçmiş “politbüro” üzvü geri dönmək üçün lap kiçik addımlardan başlayır — Naxçıvandan deputat seçilir, amma Bakıda, o zamankı Ali Sovetdə uzun illərdən sonra ilk dəfə çıxış edən zaman təhqirlərlə üzləşir. Ali Sovetdə yerlərindən qalxıb onun üstünə qışqıranların çoxu elə onun özünün yetişdirdiyi kardlar idi. Daha sonra indilərdə adı hallanmayan yazıçı Bayram Bayramovun ona məşhur müraciəti — “Qarabağ heç zaman indiki kimi bizim olmayıb. Ay yoldaş (Heydər Əliyevə müraciət edirdi), səni oturdacam vertalyota, gedib baxarsan.”
Bayram Bayramovdan sonra Hacı Əbdül, ondan sonra başqaları, qısası hiyləgər və tədbirli Bəxtiyar Vahabzadədən başqa hamı. O zaman publik təhqir atəşinə tutulmuş bu yaşlı insanın hansı hissləri keçirdiyini təsəvvür etmək belə çətindir. Lakin tariximizin keçmiş səhifələrini və oradakı müstəsna vacib fiqurun başlıca motivasiyalarını anlamaq üçün çox vacibdir.
Əliyev şübhəsiz ki, revanş haqda düşünürdü. İlk dəfə bunu Ali Sovetin tribunasından 1991-ci ilin avqustunda İsa Qəmbər səsləndirdi və onun adını hakimiyyətə iddialılar sırasında çəkdi. Əliyev o zaman tələsik tirbunaya qalxıb təkzib versə də, bu bir həqiqət idi. Başqa cür ola da bilməzdi.
Revanş baş tutdu, özü də necə. Hamı yenildi, bütün danışanlar susdu, sonra alqış dedilər, tərif yağdırdılar. Çoxu indiyə kimi ətalətlə davam etməkdədir. Kimsə demişdi ki, tarixdə təkrar fars şəklində olur. Fərq etməz, insanlara yalnız güc və hakimiyyət gərəkdir.
Revanş bütün ölkəyə revanş oldu amma.
***
O dövrdən 1993-cü ilin 15 iyununa kimi keçən tarixdə çox ağ ləkələr var. Zatən o tarixin heç normal xronikası da mövcud deyil. Xocalıda baş verənlər nə idi, oranın icra hakimi hadisələrdən bir qədər öncə Naxçıvanda nə edirdi? Ermənistan nədən iki cəbhədə vuruşası olmadı? Süleyman Dəmirəl 1992-93-cü illərdə nə oyular oynadı, Naxçıvan o dövrdə nədən faktiki muxtar statusdan çıxıb az qala müstəqil xarici siyasət yeridir, Bakının icazəsi olmadan kredit də ala bilirdi? Daha nələr nələr.
Qaranlıq suallar çoxdan çoxdur. Amma hazırda bu qaranlıq tarixə fənər işığı tuta biləcək yeganə sual “Kimin maraqlarına xidmət edir?” sualıdır.
15 iyundan keçilmiş 26 illik tarixdə Azərbaycan dövlət kimi müstəqilliyini saxladı və intişarını tapdı, bu anlamda Rəşad Şirinin qeydi ilə razılaşmamaq mümkün deyil, amma o da bir həqiqətdir ki, həmin məşum təqvimdə kökü qoyulmuş faciələrin nəticələri indiyə kimi yenilməyib, vurulmuş dərin yaralar da sağalmayıb. Məğlubiyyətlərin acısı da bu illər ərzində keçmədi, alçaldılmış ölkə reputasiyasını da yenə bilmədik, elə günü bu gün ən yaxın münasibətlərimizin olduğu, dost saydığımız qonşu dövlət belə, bizə ərazi iddiası etməkdən çəkinmir. Əminəm ki, bunların da kökü həmin məşum tarixdə gizlənir.
Bir daha təkrar edim – əgər Heydər Əliyev bu hadisələrin lap əvvəlindən hakimiyyətdə olsaydı, biz belə bir fəlakətli məğlubiyyətə məruz qalmayacaqdıq.
Kaş ki, 15 iyun təqvimi tariximizdə heç mövcud olmayaydı.
P.S. “Güc hər zaman elə gücdədir. Və başqa heç nədə. Qədim Filmlərdə deyirdilər: “Güc həqiqətin olduğu yerdədir”. Yəni ki, onlar həmişə birgədir. Lakin bu, gücün həqiqət olduğu yerə gəlməsi səbəbindən deyil. Gücün olduğu yerə həqiqətin sürünərək gəlməsindəndir. ” (Viktor Pelevin, “S.N.U.F.F.”)