Keçən yazımda toxunduğum məsələlər barədə ayrıca yazı yazacağımı demişdim. Bu dəfə Quran ayələrinin tarixiliyi mövzusuna toxunmaq istəyirəm. Hesab edirəm ki, bu mövzunu bir az açmaqda fayda var.
Quranın ehtiva etdiyi məsələlər nazil olduğu dövrdə demək olar ki, müzakirə mövzusu olmamışdır, çünki vəhyin xitab etdiyi insanlar hansı ayənin hansı poblemlə bağlı nazil olduğunu gözəl bilir; istər dil, istərsə də ayənin anlaşılmasında heç bir problem yaşamırdılar. Ancaq vəhy qapısının bağlanmasından sonra Quranın iki qapaq arasına alınması və hadisələrin üzərindən xeyli zaman keçməsi, üstəlik İslam mədəniyyətinin xarici ünsürlərlə qarışması və ortaya çıxan saysız-hesabsız problemlər, dini mətnlərin başa düşülməsində bir çox maneələrin yaranmasına səbəb olmuşdur.
Quran İslam təliminin əsas istinad mənbəyi olduğu üçün nazil olduğu dövrdən bu günə kimi mənasının və məğzinin başa düşülməsi istiqamətində bir çox faəliyyət həyata keçirilmişdir. Bu fəaliyyət zəngin mədəni və elmi irsin ortaya çıxmasına zəmin yaratsa da, Quranın başa düşülməsi və müsəlmanlar tərəfindən yaşadıqları cəmiyyətlərə tətbiq edilməsi ciddi problemləri də bərabərində gətirmişdir.
Bu və buna bənzər hallar zaman-zaman Quran mətninin tarixiliyi məsələsinin gündəmə gəlməsinə zəmin yaratmış, müasir dövr İslam mütəfəkkirlərinin əsərlərində bu mövzular geniş şəkildə müzakirə edilmişdir. Mənim fikrimcə, tarixilik məsələsi bir düşüncə yox, hər bir insan övladı üçün dəyişməz reallıqdır. Bu səbəbdən də çalışmaq lazımdır ki, tarixilik aspekti Quranın tarixin məzarlığında dəfn edilməsi, yararsız bir kitaba çevrilməsi kimi anlaşılmasın.
Quran mətninin tarixiliyi məsələsi Roger Garaudy, Mahmud Məhəmməd Taha, Həsən Hənəfi, Məhəmməd Arqun və Məmməd Abid əl-Cabiri kimi mütəfəkkirlər tərəfindən geniş müzakirə olunmuş və bu fikir mübadiləsi Fəzlurrəhman tərəfindən daha geniş müstəviyə, diqqət mərkəzinə gətirilmişdir.
Hindistan yarımadasından Seyid Əhməd Xan və Çıraq Əli Quranda ibadət və adət-ənənənin bir-birindən ayrı başa düşülməsi məsələsində maraqlı fikirlər irəli sürüblər. Seyid Əhməd Xan dünyəvi və dini olmaqla Quran ayələrini iki hissəyə bölmüşdür. Bu bölgüyə əsasən Quran dinin tək doğru və orijinal qaynağıdır və insanlığa lazım olacaq universal prinsipləri özündə ehtiva edir. Ancaq o, başdan sona qədər din ehtiva etmir. Quran bir çox məsələlərə, dünyəvi mövzulara da diqqət çəkir, ancaq bu mövzuların Quranda olması, dini olduqları mənasına gəlmir. Din əsasən iman, ibadət və əxlaq mövzularını əhatə edir, şəriət və hüquq isə dinin əslini təşkil etmir. Bu səbəbdən də sabit deyil, hər zaman dəyişikliyə ehtiyac duyur.
Roger Garaudynin də bu mövzu ilə bağlı fikri diqqət çəkir. O deyirdi ki, Quran köləliyin hakim olduğu bir cəmiyyətə nazil olub. Bu təqdirdə dini mətnlərdə (Quran və Sünnə) o dövrün hakim sosial şəraitinin əks olunması təbiidir. Yəni Quran bəndə və Yaradan (Allah) həqiqətini o insanların qəbul etdikləri kölə və onun sahibi anlayışı üzərindən izah edir. Ancaq bu o demək deyildir ki, Quranda keçən bu izah faktiki köləliyin geri qaytarılmasına xidmət edir. O, Allahı razı salmaq üçün belə bir düşüncənin hakim ola biləcəyinə əsla inanmır. Garaudiyə görə Allahın razı olduğu həyat, formallıq üzərində bina edilmiş həyat deyil. Quran hər şeydən öncə dini-əxlaqi bir mesajdır və təməl hədəfi iman, yaxşılıq, təqva, dürüstlük, mərhəmətə sahib olan fərdin yaradılmasıdır. Qurana bağlılıq oğrunun əlinin kəsilməsi, qadına kişinin aldığı mirasın yarısının verilməsi kimi məsələlərdən daha üstün bir düşüncə və yanaşma tələb edir.
Bu və buna bənzər fikirlər, bir çox məsələlərdə razılaşdığım sudanlı mərhum mütəfəkkir, Nümeyri höküməti tərəfindən edam edilən, hətta qəbri belə olmayan Mahmud Məhəmməd Tahada (ölümü 1985) da var. Taha hesab edirdi ki, Quranın əsas mesajı Məkkə dövrünə aiddir. Bu dövr dəyişməyən, universal, tarixüstü mesajlar ehtiva edir. Tarixi, dəyişən mesajlar isə Mədinə dövrünün ayələridir. Məkkə dövründəki ayələr inanc və əxlaq, Mədinə dövrü ayələri isə sosial sabitlik və hüquqla bağlıdır. İslamın və Quranın şəriət və hüquq, əxlaq və iman prinsipi deyə iki fərqli kateqoriyaları var. Bu fərqli mesajların aksiologiya baxımından diqqətlə mütaliə edilməsi vacibdir.”
Çox təəssüf ki, İslam tarixində din və şəriət sinonim anlayışlar kimi qəbul edilmişdir. Ancaq şəriət dinin özü deyildir, üstəlik təməl ünsürü də hesab edilə bilməz. Çünki sabit deyil, dəyişkəndir, tarixidir. Mədinə dövrünün hökmlərlə bağlı ayələri bu günün reallığında tətbiq edilməyə əlverişli deyil.
Məkkə dövrü ayələri bu gün istədiyimiz və ümid etdiyimiz insan xarakterinin formalaşmasına imkan yaradan, hər nə qədər müqayisə qüsurlu olsa da, Friedrich Nietzschenin ifadəsi ilə desək “übermensch” (üstün insan), bizə görə isə yüksək əxlaqi dəyərlərə malik insan yetişdirməyi hədəfləyən prinsipləri özündə ehtiva edir.
Nəticə olaraq onu da qeyd etmək istərdim ki, bu gün mövcud olan hakim fikir Quranın nə dediyinin açıq-aydın olduğu, üzərimizə düşən vəzifənin Allahın əmr və qadağalarına görə yaşamağın vacibliyi düşüncəsidir. Ancaq bu iddia ritorik olaraq cazibəli görünsə də, praktik həyatda ona iman edənlərin qarşısına bir çox ciddi problemlər çıxarır, qarşımızda duran müasir dünyanın reallıqlarına vicdanla, at eynəyini gözlərimizdən çıxararaq baxmaq zərurəti yaradır. Türkiyəli məşhur ilahiyyatçı Mustafa Öztürkün təbiri ilə desək: “Quranı başa düşmək bir metod problemidir və bunu mütləq təslimiyyət düşüncəsi ilə izah etməyə çalışmaq suyu daha da bulandırmaqdan başqa bir şey deyil. Təəssüf ki, müsəlmanlar olaraq təslimiyyəti anlamağın, dərk etməyin önünə qoyduğumuz üçün bəzən tarixi həqiqətlərə adekvat yanaşmada problem yaşayırıq. Çünki şiə imamət mifologiyası və sünni səltənət ideologiyasından başqa bir həqiqət görməyən on beş əsirlik İslam tarixi, mütləq təslimiyyətin və səmimiyyətin nəticəsində bir çox faciələrin səhnəsinə çevrilmişdir.”
İsitifadə edilən ədəbiyyat:
Mustafa Öztürk. Kuranı kendi tarihinde anlamak. Ankara 2017.
Roger Garaudy. Entegrism. İstanbul 1995.
Mahmud Muhammed Taha. Er-Risaletüs-saniye minel-Islam.