Fotoqraf Rüstəm Hüseynovun “Qum dalğaları” silsiləsi hərarətli yayda Abşeronun çimərlik landşaftına həsr olunub.
R.Hüseynovun obyektivindən görünən ağ-qara qum barxanları və çimərlik xətləri yay mövsümünün rəngarəng kadrlarından daha koloritli görünür. Kəskin kontarst, zamanı dondurur, soyuq dənizlə Abşeronun, üzərinə adda-budda yovşan səpələnmiş qızmar qumlarının ziddiyyətli mənzərələrinə sənədli əbədilik təəssüratı verir. Hər bir kadra yandırıcı yay günəşi və duzlu dəniz küləyinin ab-havası hopub.
Ağ-qara asketik peyzajlara həkk olunmuş Xəzər sahili monumental xtonik sahəni xatırladır – orda zaman donub və əbədilik ötəriliyə qalib gəlir, məkanın ab-havası onun nadir qonaqlarından üstündür.
Dəniz və qum dalğaları, yaradıcı işlə məşğul olan külək, suda və qumda ləpələr, qırışlar, qum və dəniz dalğalarının inanılmaz bənzərliyi, bir növ, bir-birinə təmas eləyən paralel reallıqlardır.
İnsanı ovsunlayan və bir saniyə belə tərk eləməyən Təbiətin qüdrəti və gözəlliyinin dərki duyğusu, eyni zamanda dalğa səslərini gətirdiyi sakitlik… Sahillə toqquşarkən milyonlarla damcılara parçalanan növbəti ağ “quzu”.
Bir-birini əvəz eləyən kadrlar düşüncəni sehrləyir və gözəllik duyğusunu aktivləşdirir. Hərdən bütün bunlar, hadisələri başqa planetdə cərəyan eləyən sürreal bir yuxunun fraqmentlərini xatırladır. Yaxınlaşan fırtına qabağı dalğaların böyüdüyü buludlu sahilin fonunda tənha qayıqlar, sonsuzluğa uzanan balıqqulağılı-qumlu sahilə bağlanmış balıqçı barkası, tutqun səma qübbəsinə qovuşan sərin briz, təpələrin arxasından görünən və dövrün rudimentini xatırladan sovet “Fiat”ı, üzərində tullanmağa hazırlaşan kişi bədənləri dayanmış kimsəsiz beton körpülər, kürəyi döyməli, koloritli yekəpər tip, sahilə çırpılan dalğanın silmək üzrə olduğu sirli ləpir, batan günəşin qürub rəngləri arasından görünən buludlar və dalğalar – Rüstəm Hüseynovun obyektivindən görünən çimərlik lanşaftları belədir.
“Qum dalğaları” silsiləsi, fotoqraf Rüstəm Hüseynovun nöqteyi-nəzərindən, Abşeronun yay görüntülərini, nəsillər boyu yerli sakinlərin şəxsi-emosional xatirələrilə bağlı olan məkanları təcəssüm edir. Onlar hələ də tarixi və mədəni irs olaraq qalır, nəsillərin kollektiv qeyri-şüurisini təcəssüm etdirir və Abşeron çimərliklərini unudulmaz, parlaq kəhanət yuxularındakı kimi göstərir.