Millətlər Liqasındakı milli: Qrupdan çıxmasaq, faciə olmayacaq
Nəhayət UEFA Millətlər Liqasının ikinci mövsümünün püşkü atıldı. Əvvəldən bəlli olduğu kimi, C Liqasında mübarizə aparacaq yığmamızın rəqiblərinin adlarına aydınlıq gəlib.
Mətləbə keçməmişdən qeyd edim ki, ötən mövsüm D Liqasında, yəni ən zəiflərin arasında yarışan millimiz gözlənilənlərin əksinə olaraq qrupdan çıxa bilməmişdi və bu, Qurban Qurbanovun milli komandadakı qısa məşqçilik karyerasının sonu olmuşdu. Əlbəttə ki, təcrübəli mütəxəssislə federasiya arasında razılıq təkcə bu turnir üçün əldə olunmamışdı və mümkün uğursuzluq fonunda da davam etməli idi, amma etmədi. Bu, başqa söhbətin mövzusudur, əvvəlki yazılarımızda dəfələrlə bu məsələ haqqında yazmışam. Maraqlananlar oxuya bilərlər.
Gələk builki Millətlər Liqasına. Püşkdən əvvəl yığmaların mövcud reytinqinə əsasən səbətlər bölünmüşdü və Azərbaycan millisi gözlənildiyi kimi burada da ən zəiflərin sırasında, dördüncü səbətdə yer almışdı. Bu isə o deməkdir ki, qrupdakı hər üç rəqibimiz ən azından kağız üzərində bizdən güclü olacaqdı. Amma hər halda, güclülərin arasından da nisbətən uyğun rəqib düşə bilər ümidi ilə püşkü gözləyirdik ki, gözləntilərimiz o qədər də özünü doğrultmadı.
Komandamız bu tsikldə Lüksemburq, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq. Kifayət qədər çətin, nəinki qrupdan çıxmağın mümkün olduğu, düşünürəm ki, hətta ikinci yeri tutmağın belə müşkül olduğu bir dördlükdə yer almışıq.
Lüksemburq Avropanın “cırtdan”larından biri olsa da, son illər futbolu sürətlə inkişaf edən ölkələrdəndir. Mərkəzi Avropada ölkəsinin milli çempionatı da, klub təmsilçisi də, yığması da son illər gözlə görüləcək dərəcədə irəli gedib.
Kipr ənənəsi olan, maraqlı və rəqabətli çempionatı ilə fərqlənən ölkədir. Avropada at oynadanlardan olmasa da, heç kim üçün asan tikə də olmayıb. Monteneqro isə Yuqoslaviya futbol məktəbindən çıxma, futbolçuların Avropanın müxtəlif aparıcı çempionatlarında çıxış edən, inkişafda olan yığmalardan biridir.
Bizim günümüz güzəranımız isə heç üzə çıxarılası deyil. Təsəvvür edin ki, son Avropa Çempionatının seçmə mərhələsində cəmi bir xal yığan komanda ondan qabaq yuxarıda da bəhs etdiyimiz Millətlər Liqasının ilk mövsümündə qrupda qalmışdı. İki oyunda Maltaya qalib gələ bilməyən, Kosovo qarşısında darmadağın olan komandadan indi də nəsə gözləmək absurddur.
Bəs nə etməli? Təbii ki, güclü qrupa düşmüşük deyə indidən qaralar bağlayıb ağlaşma qurası deyilik. Amma günü bu gündən əməli fəaliyyətə keçmək lazımdır.
İlk olaraq milliyə baş məşqçi təyin olunmalı, onunla birlikdə hədəflər müəyyənləşdirilməli, irəliyə dönük planlar qurulmalıdır.
Əgər biz yeni gələcək baş məşqçidən yeganə tələb kimi bu qrupdan çıxmağı istəsək, bu, yanlış olacaq. Uzunmüddətli anlaşma ilə gələcək baş məşqçi elə bu turniri sınaq poliqonuna çevirməli, əlindəki oyunçu hovuzunu (hər nə qədər dayaz hovuz olsa da, istənilən halda nəsə tapmaq olar) və taktiki-texniki sxemlərini yoxlamadan keçirməlidir. Bu qrupdan çıxmamaq faciə olmayacaq, bir şərtlə ki, baş məşqçi işini düzgün qurub, gələcəyin komandasını formalaşdırmaq istəsin. AFFA rəhbərliyi də bu işdə ona texniki və təşkilati məsələlərdə kömək etməli, işinə müdaxiləyə yol verməməlidir. Daha əvvəl dəfələrlə sınaqdan keçirilmiş milliləşdirmə, tapşırıqla heyətə oyunçu saldırmaq, oyun planına müdaxilə və s. digər kənar amillər olduğu müddətdə nə baş məşqçidən, nə də yığmadan uğur gözləməyə dəyər.
Gələk digər məsələyə, bəs baş məşqçi kim olacaq? Hələlik bu barədə rəsmi açıqlama yoxdur, amma mətbuatda yayılan yüksək səsli söyləntilərə görə, AFFA italiyalı mütəxəssis Cianni De Byazi ilə anlaşıb.
Zəif komandalarda işləmək bacarığı olan və ortabab Albaniya yığmasını Avropa Çempionatının final mərhələsinə çıxarmış baş məşqçi bizim milliyə uyğun gələ bilər. Amma işləmək üçün material da lazımdır. Əlimizdə hazır futbolçular bir əlin barmağının sayı qədər olsa da, vaxt verib düzgün strategiya qurmaqla material da yaratmaq olar.
Nəticə etibarilə onu qeyd edim ki, baş məşqinin kimliyindən asılı olmayaraq yığmamızın bu qrupdan çıxması imkansız kimi görünür, amma bunu faciəyə etmək yerinə lehimizə çevirə bilərik.