Gəlir bölgüsündə qeyri-bərabərlik səviyyəsinin ölçülməsi ilə bağlı olaraq ən çox “Cini indeksi”nin adını eşitsək də, yoxsulluq və gəlir qeyri-bərabərliyi sahəsində ən çox tanınan müəlliflərdən biri Branko Milanoviç “Qlobal bərabərsizlik” (Global inequality) kitabında sinfi mənsubiyyətin və ölkə amilinin iqtisadi bərabərsizliyə təsirini ölçmək üçün “Theil indeksi”ndən də istifadə edib və ortaya maraqlı nəticə çıxıb.
Məlum olub ki, 20-ci əsrə qədər insanın zəngin və ya kasıb olmağına təsir edən əsas amil onun doğulduğu ailə, daha doğrusu, ailəsinin mənsub olduğu sosial sinif imiş. Araşdırmada 19-cu əsrin ortalarında sinfi mənsubiyyətin gəlir səviyyəsinə təsiri 80 faiz, doğulduğun ölkənin təsiri isə 20 faiz səviyyəsində qiymətləndirilir. 20-ci əsrdən etibarən isə vəziyyət əksinə dəyişməyə başlayıb və artıq əsrin ortalarında doğulduğun ölkənin gəlir səviyyəsinə təsiri 80 faiz səviyyəsinə yüksəlib.
Başqa sözlə, əgər, 19-cu əsrdə “şanslı doğulmaq” istənilən bir ölkənin aristokrat ailəsində doğulmaq idisə, artıq şanslı doğulmaq üçün ailənin yox, ölkənin statusu mühüm rol oynayır. Ona görə də, yaşadığınız ölkədəki maliyyə vəziyyətiniz və həyatınız sizi qane etmirsə, bunu düzəltmək üçün ölkədə turist kimi yaşayıb, olub-bitən hər şeyə laqeyd yanaşmaqla, gecə-gündüz ölkədən “qaçmaq” barədə planlar qurmaq yox, elə öz yaşadığınız ölkəni daha yaşanılacaq vəziyyətə gətirmək üçün səy göstərmək daha asan yoldur. (Bütün fəaliyyəti ancaq başqa ölkəyə getmək planları qurmaq və bunu reallaşdıra bilmədiyi üçün özünün də, yaxın çevrəsinin də, qanını qaraldan dostlara kiçik bir təsəlli – dünya əhalisinin 97 faizi doğulduğu ölkədə yaşayırmış).
Bu vəziyyət sol ideologiyalar üçün də maraqlı çağırışdır əslində, çünki, bir tərəfdən həmin ideologiyaların əsas “dərdi” olan sosial sinif fərqlilikləri yaxşı həyat qurmaq üçün artıq o qədər də mühüm rol oynamır, amma, müəllif həm də qeyd edir ki, ölkədəki gəlir bərabərsizliklərinin azaldılmasının ən uğurlu yollarına təhsil səviyyəsinin artırılması, minimum əmək haqqının və sosial transferlərin yüksəldilməsi qədər ölkədə işçi hüquqlarının qorunması və həmkarlar təşkilatlarının effektiv fəaliyyəti də daxildir.
Yuxarıda qeyd edilən yolları Azərbaycan misalında yoxlasaq, deyə bilərik ki, sol ideologiyaların Azərbaycanda işçi haqlarını qorumaq üçün resursu yoxdur. Bu yaxınlarda açıqlanan məşhur Pisa testinin nəticələrinə görə azərbaycanlı şagirdlərin 77 ölkənin iştirak etdiyi proqramda öz ana dilində oxuduğunu anlamada 67-ci, riyaziyyatda 54-cü, təbiət elmlərində isə 66-cı yeri tutduğunu nəzərə alaraq, yaxın illərdə təhsil səviyyəsinin artması ilə də ölkədə gəlir bərabərsizliyinin azalacağını deyə bilmərik. (Çox təəssüfverici və təəccüblüdür ki, Pisa nəticələri nədənsə ictimaiyyətdə heç bir reaksiya və müzakirə doğurmadı). Təhsillə bağlı onu da qeyd edək ki, zəngin və yoxsul gəlir qrupuna aid edilən iki ölkədə çalışan fəhlələrin gəlirləri arasında 11 dəfə, daha ixtisaslı işlərdə çalışan işçilərin gəlirləri arasında 6 dəfə, mühəndislərin gəlirləri arasında isə 3 dəfə fərq olduğu ortaya çıxır. Yəni, yoxsul ölkənin kasıbı, zəngin ölkənin kasıbından 11 dəfə daha kasıbdır. Bu hal iqtisadi miqrasiyaya tələb yaradan əsas amillərdən biri hesab edilir.
Təklif edilən digər həll yolu ilə bağlı isə ölkədə yenilik var. 2019-cu ildə minimum əməkhaqqı səviyyəsinin və təqaüdlərin yüksəldilməsindən sonra 2020-ci ilin büdcəsində sosial xərclər əhəmiyyətli dərəcədə artıb. “Əgər 2015-ci ildə həm dövlət büdcəsi, həm də Sosial Müdafiə Fondu vasitəsilə əhalinin sosial müdafiəsinə, eləcə də büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqlarına ümumilikdə 7.0 mlrd. manat və ya bu 2 büdcənin ümumi xərclərinin 36%-i qədər vəsait yönəldilmişdisə, 2020-ci il üçün həmin xərclər 13.4 mlrd. manat və məcmu xərclərin 44.1%-i səviyyəsində proqnozlaşdırılıb.
Sosial xərclərin artmasının ortaya çıxardığı maraqlı bir yenilik də ondan ibarətdir ki, əvvəlki illərdə əsas xərc istiqaməti dövlət investisiyaları olduğu üçün, böhranlı illərdə hökümət həmin investisiyaların ixtisarı hesabına maliyyə vəziyyətinin sabitliyinə təsir edə bilirdi, ancaq, indi əsas xərc istiqaməti əhaliyə ödənişlərlə bağlı olduğu üçün, yaşana biləcək böhran zamanı hökümətin həmin xərcləri azaltmağa risk edə biləcəyi məntiqli görünmür.
Büdcədə əhalinin azgəlirli hissəsinə edilən ödənişlər artsa da, onu da qeyd etmək lazımdır ki, Azərbaycanda həmin qrupdan olan insanların digər bir ciddi gəlir mənbəyi olan xaricdən pul köçürmələrində ciddi azalma var. 2019-cu ilin 3-cü rübündə qeydə alınan nəticələrə görə, bir öncəki ilə nəzərən Azərbaycana göndərilən pul vəsaitlərinin həcmində 21 faiz azalma qeydə alınıb.
Azərbaycanda gəlir bərabərsizliyinin azaldılması üçün yollar axtarmaqdan öncə, əslində Azərbaycanda gəlir bərabərsizliyinin hansı səviyyədə olduğunu bilmək lazımdır. Əfsuslar olsun ki, Statistika Komitəsi bir çox başqa mövzuda olduğu kimi, bu mövzuda da, keyfiyyətli məlumatlar hazırlamır və ya yayımlamır ki, real vəziyyət bilinsin. Ancaq, müxtəlif alternativ hesablamalarla mövzuyla bağlı təsəvvür yaratmaq mümkündür. Məsələn, Dünya Bankı ekspertlərinin Azərbaycanda ali təhsillə bağlı tədqiqatında qeyd edilir ki, Azərbaycanda şəhər ərazilərində yaşayan ən zəngin 20% əhalinin 40%-nin, əsasən kəndlərdə məskunlaşan ən yoxsul 20% əhalinin isə 11%-nin ali təhsil almaq imkanı var. Yəni, ali təhsilə əlçatanlıqda ən zənginlərlə ən yoxsullar, arasında fərq 4 dəfəyə yaxındır. Eyni qurumun səhiyyə ilə bağlı araşdırmasında isə məlum olub ki, Azərbaycanda ən zəngin 10 faizlik əhali qrupu ilə, ən yoxsul 10 faizlik əhali qrupunun tibbi xərcləri arasında 8 dəfə fərq var. DSK-nın ən son məlumatına görə muzadla çalışanlar arasında orta əmək haqqı məbləğinin Bakıda 789 manat (ən yüksək), Qaxda isə 259 manat (ən az) olması və ya miqrasiya məlumatlarına əsasən aparılan başqa bir araşdırmada 2008-2018-ci illərdə ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən, 25-34 yaş arası isə ali məktəb bitirən hər üç sakindən birinin ölkəni tərk etməsi kimi faktlar Azərbaycanda da gəlir bərabərsizliyi ilə bağlı ciddi problemlərin olduğunu göstərir.
AMEA İqtisadiyyat İnstitutunun 2016-cı ildə Azərbaycanda Cini indeksi ilə bağlı hesablamasında qeyd edilir ki, illik gəlirləri 3511 dollaradək olan əhalinin 0,1%-lik hissəsinin orta illik gəlirləri ölkədə yaranmış gəlirlərin 0,02%-ini, illik gəlirləri 5016 dollaradək olan əhalinin 6,5 %-lik hissəsinin orta illik gəlirələri ölkədə yaranmış gəlirlərin 2,3%-ini, illik gəlirləri 6688 dollaradək olan əhalinin 37,5%-lik hissəsinin orta illik gəlirləri ölkədə yaranmış gəlirlərin 17,2%-ini, illik gəlirləri 10032 dollaradək olan əhalinin 46,2%-lik hissəsinin orta illiik gəlirləri ölkədə yaranmış gəlirlərin 28,4%-ini və nəhayət illik gəlirləri 10032 dollardan çox olan əhalinin 9,8%-lik hissəsinin orta illik gəlirləri isə ölkədə yaranmış gəlirin 52,7%-ini təşkil edir. Yəni, kölgə iqtisadiyyatının təsiri olmadan, rəsmi rəqəmlərlə belə ölkədəki ən varlı 9.8 faizlik əhali qrupunun ölkədəki bütün gəlirlərin yarısından çoxuna sahib olduğu görünür.
Məsələnin qlobal miqyasına qayıtsaq, qeyd edə bilərik ki, 1988-2008-ci, yəni, Berlin divarının dağıdılmasından, Qlobal Maliyyə Böhranına qədərki, ”qloballaşmanın çiçəkləndiyi” dövrdə müxtəlif gəlir qrupundan olan insanlar üçün fərqli təsirlər meydana çıxıb. Məsələn, qloballaşmadan ən çox fayda əldə edən hər 10 nəfərdən 9-u Çin, Hindisdan, Tayland, Viyetnam və İndoneziya vətəndaşlarıdır. Qeyd edilən qrupdan olan insanların gəlirində həmin dövr ərzində 2-3 dəfə artım qeydə alınıb.
Həmin zaman müddətində qloballaşmanın populyarlaşmasınadək zəngin hesab edilən ABŞ və Qərbi Avropa ölkələrinin orta sinifinə daxil olan insanların real gəlir səviyyəsi isə demək olar ki, eyni səviyyədə qalmışdır. Qloballaşmadan ən çox fayda götürən digər bir əhali qrupu isə dünyanın ən zəngin 1 faizlik hissəsini əhatə edən “super zənginlər” qrupudur. Bu qrupdakı əhalinin də böyük əksəriyyəti həmin qərb ölkələrində yaşayır. Deməli, qloballaşma inkişaf etmiş ölkələrdə orta və zəngin sinif arasındakı gəlir bərabərsizliyinin ikincilərin xeyrinə artmasına səbəb olmuşdur.
Kitabda gəlir bərabərsizliklərinə təsirləri baxımından müharibələrlə bağlı da maraqlı yanaşma var. Belə ki, müəllif qeyd edir ki, sənaye inqilabınadək müharibələr əhali arasında qeyri-bərabərsizlikləri azaldan bir hadisə idi, çünki, həmin dövrdə müharibələr hakim sinifdən tutulan vergilər və digər ödənişlər hesabına maliyyələşdirilirdi. Müasir dövrdə bu prosesi ABŞ-ın İraqda apardığı müharibə üzərində analiz edən müəllif qeyd edir ki, artıq keçmişdəkinin əksinə, müharibələr inkişaf etmiş ölkələrdə gəlir bərabərsizliyinin daha da artmasına səbəb olur. Çünki, o tip müharibələr aşağı gəlirli əhalinin canlı qüvvəsi və orta təbəqənin vergiləri hesabına aparılır. Müharibə şəraitində hərbi sənaye məhsullarına tələb artdığı, bu tip müəssisələrin də zəngin təbəqədən olan insanlara məxsus olduğu üçün, həmin şirkətlərin gəlirlərində də artış müşahidə edilir ki, həmin artış gəlir bərabərsizliyinin həcminin artmasına səbəb olur.