Seymur Baycan çox gözəl yazmışdı bu haqda neçə il öncə. “Bizim qırmızı xəttimiz” adlanırdı, ictimai təfəkkürdən bəhs edən o esse.
Bu mövzuda, Azərbaycan publisistikasında bənzəri olmayan, dəfələrlə sitatlara daşınmış bu esse “Eyni hərəkətə başqa-başqa adların qoyulduğu, başqa-başqa rənglərin və mənaların verildiyi bir cəmiyyətdə yaşayırıq” cümləsi ilə başlanır və cəmiyyətdə heç bir qırmızı xəttin olmadığından bəhs edirdi.
Dediklərində tam haqlı idi Seymur, doğrudan da toyda “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” – deyib kəsdiyimiz o məşhur Qırmızı Lentdən başqa heç bir qırmızı xəttlərimizin olmadığı da alt şüurumuzda hamımıza məlum idi. Publisist də bizim bu kütləvi təhtəlşüurumuzu sanki bir psixoanalitik kimi görə bilmiş, qələmə alaraq dilə gətirmiş və ictimai müzakirəyə çıxarmışdı.
O zamandan 5 ilə yaxın bir müddət keçir və bu müzakirə zaman-zaman davam etməkdə idi. Bəzi adamlar, yazarlar, yaşlı nəslin nümayəndələri Seymuru təkzib etmək istəyir, bunun üçün gücənir, hıqqanır, amma ortaya həmin esse kimi tutarlı bir əks-arqument qoya bilmirdilər. Səmimiyyət və ehtirasları ilə istənilən cəmiyyətin təfəkkür barometri rolu oynayan gənclik də bu müzakirədə tamamilə Seymurun tərəfində idi. Çünki o bəlli həqiqətləri dilər gətirmiş, başdan-ayağa xəstə cəmiyyətin dəqiq diaqnozunu verə bilmişdi və ən başlıcası – bu müzakirədə çoxlarından fərqli olaraq tam səmimi idi. Qısası haqlı idi Seymur, “Bizim qırmızı xəttimiz” iddiasında.
Lakin bu günlərdə məlum oldu ki, bu belə deyilmiş.
Məlum oldu ki, bu cəmiyyətdə kimlərinsə “Qırmızı xətti” mövcud imiş və bu iddialarında bu insanlar çox səmimidirlər. Və bu anlamda Seymurun “Azərbaycan böyük bir teatra bənzəyir” fikri görünür yanlış imiş.
Bu günlərdə «Müsəlman Birliyi» Hərəkatının sədri, toplum içində kifayət qədər nüfuzlu, hazırda həbsdə yatan 34 yaşlı ilahiyyatçı Taleh Bağırzadənin bir çıxışının audio yazısı yayıldı. Orada ilahiyyatçı açıq mətnlə deyir ki, onların “ağası”, “qırmızı xətti” İranın Ali Ruhani lideri ayətullah Əli Xameneyidir.

Çıxışda ilahiyyatçı onu da qeyd edib ki, «müxalifəti aldatmırıq, onlara demişik ki, biz rəhbərçiyik. Xameneyi ağa bizim rəhbərimizdir, müxalifətdən də istifadə edirik. Onlar da sağ olsunlar, bunu qəbul elədilər və bizə tribuna verdilər. Amma onlar bizim qırmızı xətti çox yaxşı bilir…»
Çətin ki, kimsə bu audio yazının saxta olduğunu iddia edə. Bu yazı həqiqidir, reallıq da belədir, bizim cəmiyyətdə kifayət qədər çox insanın fikrini ifadə edib bu sözlərilə ilahiyyatçı.
Çox maraqlıdır ki, bu audio yazının üzə çıxması məhz bu günlərdə, İranın Ali Ruhani liderinin məlum “Qafqazların İran torpağı” olması bəyanatından cəmi bir neçə gün sonra baş verdi. Deyəcəklər ki, məqsədsiz deyil – əlbəttə, kim dartışacaq ki, bu fikri?
Eyni zamanda cəmiyyətdə o “qırmızı xətti” olan insanların kifayət qədər çox olmasını, bu ideya ətrafında sıx birləşməsini, böyük nüfuza malik olmasını, söz sahibliyinə, mənəvi üstünlüyə haqlı iddiasını kim mübahisələndirə bilər?
“Elə bir dəyər varmı ki, o dəyərə heç kim toxuna bilməsin?” – soruşurdu haqqında bəhs etdiyimiz essedə müəllif.
Varmış Seymur bəy, varmış. Və bunu sən də, biz də, başqaları da çox gözəl bilirdilər. İndi isə öz dilindən də eşitdilər. Bununla nəsə dəyişəcəkmi?
Əslində belə görünür ki, cəmiyyət buna möhtacdır. Qırmızı xəttlərə. İstənilən qırmızı xəttlərinin çoxdan pozulduğu toplumun bunlara rəğmən qırmızı xətti mövcud olan adamları alqışlaması da tam təbiidir, burada təəccüblənəcək bir şey də yoxdur.
O da bir həqiqətdir ki, insan gərək hər şeyi öz gözü ilə görsün, yoxsa inanmayacaq.
Biz də gərək hər şeyi gözümüzlə görək.







