Noyabrın 17-də gözlənilmədən çıxış edib KİV nümayəndələrinin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı suallarını cavablandıran Vladimir Putin, Rusiyanın 44 günlük II Qarabağ müharibəsində ağır məğlubiyyətə (daha doğrusu, on məğlubiyyətə) məruz qaldığını əvvəllər olduğundan daha ətraflı şəkildə etiraf etdi.
Putini təcili açıq müdaxiləyə məcbur edən birbaşa səbəb Yerevanda siyasi böhranın dərinləşməsi idi. Məlum olduğu kimi, noyabrın 16-da gecə Ermənistan prezidenti Armen Sarkisyan faktiki olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etmişdi. Belə bir seçki parlament tərkibinin radikal şəkildə dəyişməsinə, hazırkı hökumətin süqutuna və fəaliyyətdə olan baş nazir Nikol Paşinyanın istefasına gətirib çıxara bilərdi. Qeyd etmək lazımdır ki, son iki il yarım ərzində – Paşinyanın 2018-ci ilin aprel-may aylarında narıncı inqilab nəticəsində hakimiyyətə gəldiyi gündən bəri Putinin ardıcıl şəkildə çatmaq istədiyi hədəf bu idi.
Ancaq bu hədəfə, demək olar ki, çatdığı anda, cənab Paşinyanın həyatı – həm siyasi, ola bilsin, həm də fiziki – tükdən asılı vəziyyətdə qalanda Putin başa düşdü ki, son dərəcə həsrətlə gözlənilən hədəf reallaşarsa, bu, “yaramaz uşağın dərsini vermək” kimi təkəbbürlü istəyin təmin olunması ilə müqayisə edilməyəcək dərəcədə ağır bir fəlakət olacaq.
Putin KİV-in suallarını cavablandırarkən Ermənistanın baş nazirinə mənəvi dəstək məqsədilə, bəlkə, çox az adamın onun dilindən eşitdiyi bir sözdən istifadə elədi. O, ən azı, üç dəfə Paşinyanın erməni xalqı qarşısında “dürüst mövqe sərgilədiyini” söylədi və Ermənistan hakimiyyətində mümkün dəyişikliklərə qarşı sərt çıxış etdi: “Bu, intihar olardı… müharibə edən, ya da döyüş əməliyyatlarının canlanması təhlükəsi altında olan ölkə… özünü belə apara bilməz, o cümlədən hakimiyyətin təşkili sferasında da… cəmiyyəti daxildən parçalaya bilməz.. Mənə elə gəlir ki, bu, qətiyyən yolverilməzdir, qeyri-produktivdir və son dərəcə təhlükəlidir”.
Putin, heç sevmədiyi Paşinyanı niyə müdafiə etdi?
Səbəb – II Qarabağ müharibəsi gedişatında təkcə Ermənistana yox, həm də Rusiyaya vurulan son dərəcə ağır zərbə nəticəsində Paşinyanın, Putinin əleyhdarından bir anda onun məcburi müttəfiqinə çevrilməsi idi. Bu zərbə Kreml üçün daha ağrılı idi, çünki o, Türkiyənin hiss olunan dəstəyi ilə vurulmuş olsa da, bilavasitə Azərbaycan tərəfindən vurulmuşdu.
İlham Əliyev bir neçə il ərzində dəfələrlə bəyan etmişdi ki, o, Azərbaycanın ərazi bütövlüyü məsələsinin həllində özünü diplomatik vasitələrlə məhdudlaşdırmır və hərbi güc tətbiq etməyə hazırdır.
Müxtəlif beynəlxalq arenalarda mantra kimi təkrarlanan, sülh danışıqlarının alternativi olmadığı barədə sözlər söz olaraq qalmışdı. Təbii ki, Putin üçün bunda nə qeyri-adi, nə yeni bir şey yox idi. O özü də hərbi vasitələrdən geniş istifadə edirdi və istədiyi nəticələri məhz hərbi metodlarla əldə etməyə çalışırdı- Çeçenistanda, Gürcüstanda, Ukraynada, Suriyada, Liviyada. Amma bir var güc metodları ilə özün hərəkət edəsən, bir də var başda dövlətlər tərəfindən güc tətbiqinin obyekti olasan. Putin Türkiyə və Azərbaycanın hərbi potensialına o qədər saymazyana yanaşırdı ki, həmin potensial üzə çıxanda buna effektiv şəkildə mane olmağı (müqavimət göstərməyi) bacarmadı. O, sentyabrın 27-də Azərbaycanın açıq hərbi əməliyyatlara başlamasına qarşı çıxa bilmədi. Putin, Azərbaycanın Ermənistan üzərində güc üstünlüyü tamamilə aydın olanda da – bu, Əliyevlə Paşinyan arasında 19-20 oktyabrda baş tutan danışıqlarda xüsusilə diqqət çəkmişdi – hərbi əməliyyatları dayandıra bilmədi.
Hərbi əməliyyatlar noyabrın 9-da dayandırıldı – amma bu, qətiyyən guya müharibəyə “Putin müdaxilə edəndə” baş vermədi.
Putinin müsahibəsindən də göründüyü kimi, o, bu müharibəyə lap başdan – onun bütün gedişatı boyu “müdaxilə edirdi”. Hərbi əməliyyatlar yalnız noyabrın 9-da – Azərbaycan qoşunları Şuşanı azad edib Stepanakert üçün təhlükəyə çevriləndə və Ermənistan tam kapitulyasiya elan edib Azərbaycanın bütün şərtlərini qəbul edəndə dayandırıldı.
Putinin ilk üç məğlubiyyət bunlardır:
Birincisi, o, hərbi əməliyyatların başlamasına mane ola bilmədi.
İkincisi, o, müharibəni dayandırmaq istəyəndə də tərəflərə mane ola bilmədi.
Üçüncüsü, yekun olaraq hərbi əməliyyatlar “Putinin müdaxiləsi” sayəsində yox, onun müttəfiqinin kapitulyasiyası nəticəsində dayandırıldı.
Putinin məğlubiyyətlərinin siyahısı bununla bitmir. Bir şeyə də diqqət yetirmək lazımdır: Vladimir Putin, sözügedən müsahibədə müharibənin gedişatında Rusiya tərəfindən Ermənistana edilən hərbi köməkdən – əvvəlki bəyanatlarını təkzib edərək- danışıb:
“Yeri gəlmişkən, biz (siz indicə Türkiyənin rolunu, qeyri-formal silahlı qrupları xatırlatdınız) ondan çıxış edirdik ki, hətta belə ciddi hadisələr zamanı da güclərin tarazlığına riayət olunmalıdır. Və sizi əmin edirəm ki, Ermənistan özünü unudulmuş, atılmış hiss etmirdi. Rusiya bunun baş verməməsi üçün əlindən gələni etdi…
O ki qaldı Ermənistanın özünü tək hiss edib-etməməsinə – sizi əmin edirəm ki, Rusiya Federasiyası həm çoxtərəfli, həm də ikitərəfli öhdəliklər çərçivəsində, o cümlədən hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini bütünlüklə yerinə yetirirdi. Ki, buna görə də, Ermənistan rəhbərliyi, elə Paşinyanın simasında dəfələrlə öz minnətdarlığını bildirib və vurğulayıb ki, Rusiya öz öhdəliklərinə müvafiq olaraq, bu sferada bütün öhdəliklərini (tavtalogiyaya görə üzr istəyirəm) yerinə yetirir”.
Bu etirafın mənası nədir? Bu, o deməkdir ki, bir halda ki Ermənistan ağır hərbi məğlubiyyətə uğrayıb, deməli, Rusiya döyüş meydanında vəziyyətin dəyişməsi, ya da heç olmazsa, cəbhə xəttinin stabilləşməsi üçün kifayət qədər kömək eləməyib (ya da bu, keyfiyyətsiz, vaxtsız və qeyri-effektiv olub).
Bu, həm Azərbaycanın Ermənistandan daha güclü olması, həm də Türkiyənin Azərbaycana köməyinin Rusiyanın Ermənistana köməyindən daha effektiv olması deməkdir. Burdan belə nəticə çıxır ki, Azərbaycanın ən vacib müttəfiqi və sponsoru olan Türkiyə Ermənistanın ən vacib müttəfiqi və sponsoru olan Rusiyadan daha güclü çıxdı.
Bu, Putinin dördüncü məğlubiyyətidir.
Putinin beşinci məğlubiyyəti Qarabağ problemi ilə bağlı danışıqlar formatındakı dramatik dəyişikliklər idi.
Rusiya, hardasa 25 ildən çox müddət ərzində Fransa və ABŞ-la bərabər Dağlıq Qarabağ üzrə Minsk qrupunun üç həmsədrindən biri olub.
Hələ oktyabrın 1-də V.Putin, Qarabağla bağlı üçtərəfli bəyanatı Emmanuel Makron və Donald Trapmla bərabər imzalamışdı. 40 gün sonra isə o, artıq İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli bəyanat imzalayırdı. Putin öz iradəsini kiçik ölkələrə diqtə edən üç böyük dövlətin səlahiyyətli nümayəndəsindən Əliyev tərəfindən diqtə olunan mətnin korrektoruna çevrilmişdi: “Əslində, mən vasitəçi rolunu üzərimə götürməli oldum. Həm birinci, həm də ikinci liderlə danışırdım, onların tələblərini, mətnlə bağlı iddialarını dinləyirdim, hansısa dəyişikliklər edirdim, sonra bir tərəflə əlaqə saxlayırdım, onların istəklərini və tələblərini dinləyirdim, sonra bu halların digər tərəfdaşlar üçün əlverişliliyi haqqında birinci tərəflə məsləhətləşdirdim. Amma faktiki olaraq bu, bərabərhüquqlu, bərabər dəyərli, üçtərəfli iş idi”.
Putinin altıncı məğlubiyyəti noyabrın 9-da imzalanan üçtərəfli bəyanatda Qarabağın statusuna, hətta hazırkı status-kvo-nun qorunmasına dair hər hansı qeydin, işarənin olmaması idi:
“… (2013-cü ildəki təkliflərimizin) təməlində yekun statusu möhkəmləndirmədən Qarabağın status-kvosunun tanınması dayanırdı… Bəli, belə bir problem mövcuddur, Qarabağın yekun statusu tənzimlənməyib. Biz hazırda mövcud olan vəziyyətin – status-kvonun saxlanılması barədə razılığa gəlmişik. Sonra nə olacağına gələcəkdə, ya da bu prosesin gələcək iştirakçıları, rəhbərləri qərar verməli olacaqlar.”
Putindən fərqli olaraq, Əliyev bəyan edib ki, Qarabağ problemi tamamilə həll olunub, üstəlik artıq Qarabağın heç bir statusu yoxdur. Göründüyü kimi, Putin belə düşünmür. Əslində isə, 9 noyabr bəyanatında, həqiqətən, Qarabağın statusu ilə heç bir qeyd yoxdur.
Putinin yeddinci məğlubiyyəti noyabrın 9-da verilən üçtərəfli bəyanatın beşinci bəndidir – atəşkəsə nəzarət üzrə rusiya-türkiyə sülhməramlı mərkəzinin yaradılması. Halbuki bu, sülhməramlı əməliyyatların aparılması ilə bağlı baza prinsiplərinin kobud şəkildə pozulmasıdır. Həmin prinsiplərə əsasən, qonşu, üstəlik münaqişə tərəflərindən birinin ən mühüm müttəfiqi olan, həm də onunla müttəfiqlik münasibətlərini nümayişkaranə şəkildə vurğulayan və münaqişənin digər tərəfini güc tətbiqi ilə açıq şəkildə hədələyən ölkənin hərbçilərindən sülhməramlı qısmində istifadə etmək yolverilməzdir.
Artıq qeyd olunduğu kimi, burda əsas məsələ ondan ibarətdir ki, Rusiya iqtidarı nə vaxtsa Rusiya imperiyasının və ya SSRİ-nin tərkibinə daxil olmuş ərazilərdə türkiyəli hərbçilərin yerləşdirilməsilə əvvəllər heç vaxt razılaşmayıb. Ki, Türk qoşunları bu gün həm də NATO üzvü olan ölkənin hərbçiləridir. Əlbəttə, bu, o demək deyil ki, keçmiş Rus imperiyası və ya SSRİ-nin ərazisində heç vaxt xarici qoşunlar olmayıb. Məsələn, Böyük Britaniyanın, Kanada və Almaniyanın NATO-lu hərbçiləri 2017-ci ildən Baltikyanı ölkələrdədirlər. Lakin Kreml bu vəziyyəti nə qədər məqbul gördüyünü xatırlatmağı heç vaxt yaddan çıxarmırdı. Amma indi – Putinin bəyanatlarına rəğmən, Baltikada rotasiyon əsaslarla olan Britaniya, Kanada və Alman hərbçilərindən fərqli olaraq, türk qoşunları Azərbaycanda daimi əsaslarla qalacaq və Putin buna nəinki etiraz etməyəcək, hətta bu onun yazılı, indi isə şifahi razılığı ilə baş verəcək.
Səkkizinci məğlubiyyət Putinin, həm türk qoşunlarının mandatını, həm də onlar (Türkiyə tərəfinin) tərəfindən erməni tərəfinə (onlar başqa kimə nəzarət edə bilərlər ki?!) nəzarət məqsədilə istifadə olunacaq texniki vasitələri qəbul etməsidir:
“… Biz müştərək mərkəz yaratmaq barədə razılığa gəlmişik. Mərkəz pilotsuz uçan aparatlardan istifadə edəcək, həmin aparatların köməyilə təmas xətti boyu vəziyyətə birlikdə nəzarət edəcəyik, birlikdə məlumat alacağıq və müvafiq olaraq onları birlikdə analiz edərək reallıqda, onlayn rejimdə baş verənlərdən nəticələr çıxaracağıq”.
Başqa sözlərlə, Putin müharibə vaxtı, ən azı, yüzlərlə erməni hərbçisinin ölümünə görə məsuliyyət daşıyan türk dronlarının sülh dövründə də ermənilərə nəzarət etməsinə razılıq verib.
Putinin doqquzuncu məğlubiyyəti Azərbaycanın tamamilə yeni beynəlxalq statusunu dramatik şəkildə tanıması oldu. Həmin statusu “absolyut suverenitet” termini ilə təsvir etmək olar: “Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycanın, müttəfiqlərini özünün lazım bildiyi şəkildə seçmək hüququ var. Üstəlik bunu ona kim qadağan edə bilər?…
… Azərbaycan özünün, eləcə də bütün dünya ictimaiyyətinin Azərbaycan əraizləri hesab etdiyi əraziləri geri qaytarıb. Və bu baxımdan, bu işdə ona açıq kömək edən hər kəsi özünə müttəfiq seçməyə haqqı vardı… Aydın məsələdir ki, o, (müştərək mərkəz) Azərbaycanın müstəqil ərazisində yerləşəcək və Azərbaycanın müstəqil şəkildə qərar verərək mərkəzi harda məqsədəuyğun bilsə, orda yerləşdirməyə ixtiyarı var”.
Məlumdur ki, müstəqillik, suverenitet, əcnəbi mütəffiqlərin seçimi baxımından Putin Gürcüstanın, Ukraynanın, Moldovanın, Belorusun, hətta Baltikyanı ölkələrin də belə bir beynəlxaq status əldə etməsinə imkan verməmişdi. Amma Azərbaycana yaşıl işıq yandırdı.
Nəhayət, Putinin onuncu mğlubiyyəti Ərdoğan Türkiyəsinin tamamilə yeni beynəlxalq statusunu tanıması oldu. Artıq Rus hərbçiləri erməni tərəfin atəşkəs rejiminə riayət etməsini Türkiyə qoşunları ilə birlikdə nəzarətdə saxlayacaqlar: “Türkiyənin fəaliyyətini istənilən şəkildə qiymətləndirmək mümkündür, amma Türkiyəni beynəlxaql hüququn pozulmasında ittiham etmək çətindir…
O ki qaldı sülhməramlı missiyaya.. bəli, həqiqətən də, Azərbaycan da, Türkiyə də sülhməramlı əməliyyatlarda Türkiyənin iştirakının mümkünlüyündən danışıblar.
Biz razılığa gəlmişik ki, Azərbaycanın xahişi əsasında Türkiyə atəşkəs rejiminə əməl olunmasına nəzarət prosesində iştirak edəcək. Biz bunu Türkiyə ilə birgə edəcəyik…
… Türkiyənin rolunu dəyərləndirmək – mənim səlahiyyətlərimə daxil deyil. Fərqli insanlar, fərqli ölkələr bunu fərqli şəkildə dəyərləndirirlər. Hal-hazırda müxtəlif ölkələrin Türkiyə ilə münasibətləri fərqli şəkildə qurulur. Biz Türkiyə ilə Rusiyanın münasibətlərinin əsrlər boyu çəkən, hətta hərdən dramatikləşən tarixini bilirik.
…Bizim mövqelərimiz və yanaşmamış həmişə və hər şeydə üst-üstə düşmür, bəzən onlar diametral şəkildə ayrılır. Amma diplomatiya sənəti bundan ibarətdir – kompromiss tapmaq. Kompromiss isə tərəfdaşa hörmət üzərində qurulur”.
Başqa sözlərlə, Rusiya ilə münasibətləri uzun dramatik tarixə malik olan, fikirləri Rusiya ilə heç də həmişə üst-üstə düşməyən, rəhbərliyinin mövqeyi hərdən Putinin mövqeyi ilə diametral şəkildə haçalanan Türkiyə indi elə bir mövqeyə çatıb ki, Putini Türkiyəyə hörmətlə yanaşmağa məcbur edir. O qədər ki, Türkiyə ya birbaşa, ya da Azərbaycan vasitəsilə Putinə öz istəklərini, ya da ilkin məqsədlərini nəzərə almadan qəbul etməyə məcbur olduğu şərtlər diqtə edir.
Bu ağır məğlubiyyətin (bu on məğlubiyyətin) prinsiplərinə ayrıca qayıtmaq lazım gələcək.
Andrey İllarionov
Эхо Москвы