Sərt və bezdirici Koronavirus tədbirləri çərşivəsində cari ilin fevral ayının ilk həftəsində rəsmi açılışı planlanan Pekin 2022 Qış Olimpiya Oyunları dünya siyasi gündəmini zəbt edən beynəlxalq tədbirlərdən biri olub. Belə ki, artıq ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya və Yaponiya kimi böyük dövlətlər yarışların təşkil ediləcəyi ölkədə, yəni, Çində insan hüquqlarının mütəmadi olaraq pozulması və demoratik dəyərlərin qorunmaması kimi məsələləri əsas gətirərək yarışları diplomatik şəkildə boykot etdiklərini elan ediblər. Fevral ayının 4-dən başlayaraq 20-dək davam edəcək oyunlarda sadalanan ölkələrdən təkcə idmançıların iştirak edəcəyi, açılış mərasimində heç bir hökumət üzvünün olmayacağı vurğulanıb. Çin tərəfi isə bütün bu qərarların siyasi xarakter daşıdığını və ən əsası, uzun illərdən bəri formalaşmış olimpiyadaların dəyər və prinsiplərinə hörmətsizlik olduğunu qeyd edib.
Trampın sərt xarici siyasi kursunun davamı olaraq, Bayden administrasiyası da müntəzəm olaraq Çinə qarşı siyasi təzyiq rıçaqlarını artırmağa davam edir. Sabiq prezident dönəmində bu təzyiqlər özünü daha çox ticari-iqtisadi sferada (Çin mənşəli mallara tətbiq edilən əlavə gömrük idxal rüsumları, texnologiya şirkətlərinə qarşı tətbiq edilən sanksiyalar və s.) göstərirdirsə, hazırki administrasiya insan hüquqları və demokratik dəyərlər kimi universal məsələlərlə Çini sıxışdırmağa çalışır. Pekinin uzun illər ərzində tətbiq etdiyi tərəf tutmama, konfliktlərə qarışmama və istər qlobal, istərsə də regional güclərlə münasibətləri korlamama kimi balanslaşdırılmış xarici siyasət ənənəsinin əksinə olaraq son illərdə yeritdiyi sistematik və aqressiv ekspansiya siyasəti və geosiyasi/geoiqtisadi müstəvidəki həmlələri, habelə hərbi-stateji və ən əsası yüksək texnologiyalar sahəsində qarşısıalınmaz yüksəlişi yuxarıdakı mənzərinin formalaşmasına təsir edən vacib amillərdir.
Dövlətlərarası münasibətlərin pozulmasına təkan verən əsas nüanslardan biri də ABŞ və müttəfiqlərinin Çini, ölkənin 5 muxtar regionundan biri olan Sincan Uyğur Muxtar Rayonunda etnik uyğurlara qarşı soyqırım törətməkdə və islah-əmək düşərgələrində istismar etməkdə ittiham etməsidir ki, rəsmi Pekin səsləndirilən bütün arqumentlərin əsassız olduğunu və bu kimi reallığı əks etdirməyən ittihamların Çinin daxili işlərinə müdaxilə cəhdi olduğunu bildirmişdir.
Bundan başqa, Olimpiyadada iştirak edəcək idmançıların paltarlarının istehsalında istifadə edilmiş xammalın belə, sözügedən əyalətdə məcburi əmək hesabına ərsəyə gəldiyi iddia edilmişdir. Çin də öz növbəsində, ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək üçün Qərbin qarayaxma kampaniyasının tərkib hissəsi olan uydurmaların və qeyri-konstruktiv rəsmi çıxışların ölkələrarası diplomatik münasibətləri korlayacağından narahat olduğunu qeyd etmişdir.
Hazırki xaotik beynəlxalq münasibətlərin və siyasi ziddiyətlərin konteksində baş verən müsbət hadisə də odur ki, Pekin 2022 Qış Olimpiya Oyunları tamamilə alternativ enerji mənbələri əsasında təşkil olunacaq ilk olimpiya oyunları olacaq. Son illər karbon tullantılarının azaldılması və ətraf mühitin mühafizəsi dövlətin əsas prioriterlərindən biri olub. Belə ki, Çinin innovativ və yaşıl iqtisadiyyat proqramının nəzdində aparılan dövlət siyasətinin davamı olaraq ekoloji cəhətdən təmiz və yaşıl olimpiyadanın keçirilməsi nəzərdə tutulur. Bu minvalla, yarışların keçirələcəyi məkanlarda istifadə ediləcək enerji tamamilə günəş və külək enerjisi ilə təchiz edilmiş avadanlıqlardan əldə ediləcək. Qeyd edək ki, Pekin şəhəri və ətrafında yarışlar üçün qurulmuş infrastrukturalar bir çox texnoloji yeniliyin də ilk dəfə praktiki tətbiqinin mümkün olacağı yerlər olacaq. Olimpiyada ərəfəsində istifadə ediləcək nəqliyyat vasitələrinin də əksər hissəsi tam elektrikli və ya hidrogen əsaslı mühərriklərlə təchiz edilmiş olacaq. Karbon emissiyasını azaltmaqdan ötrü yeni infrastrukuranın qurulmasındansa, Pekin 2008 Yay Olimpiya Oyunlarından qalmış mövcud tikililər tələb və şərtlərə uyğun olaraq restavrasiya edilərək yenidən istifadəyə verilib.
Görünən odur ki, bu dəfəki yarışlar yaddaşlarda idmançıların göstərdikləri nəticələr və ilk dəfə tətbiq edilən yeni innnovativ standartlarla deyil, daha çox Çin-ABŞ arasında baş verən qarşıdurma fonunda cərəyan edən siyasi hadisələrlə qalacaq. Beynəlxalq idman aləminin ən irimiqyaslı müsabiqəsi olan olimpiyadaların müasir tarixində dəfələrlə bənzər hallar yaşanıb. Təəssüf ki, bəzi hallarda oyunlar zamanı baş verən siyasi hadisə və insidentlər atletlərin nailiyyətlərinə və tədbirin keçirilmə məramına kölgə salır. Xalqlararası dialoq və ictimai münasibətlərin inkişafına töhvə vermək üçün səy göstərən olimpiya komitəsi bəzi hallarda müharibələr (Berlin 1916, Tokio 1940 və London 1944 Yay Olimpiya Oyunları), boykotlar (Moskva 1980 və Sarayevo 1984 Yay Olimpiya Oyunları), etirazlar (Montreal 1976 və Pekin 2008 Yay Olimpiya Oyunları), pandemiya (Tokio 2020 Yay Olimpiya Oyunları) və hətta terror hücumları (Münhen 1972 Yay Olimpiya Oyunları) ilə mübarizə aparmalı olur.