İnsanların ölümə münasibəti zamanla dəyişir. Hazırda qərb KİV-lərində ölülərin naturalist təsvirləri əvvəlkindən daha çox dərc olunur — belə fotolardan bəzilərinin mediada yayımlanması artıq güclü tənqidlərə səbəb olub. İndi məqbul olanın sərhədləri 5-15 il əvvəlkindən xeyli genişdir. Bunun səbəbi nədir?
Sosioloq Rut Penfold-Mauns (Sosiologiya şöbəsi, York Universiteti, İngiltərə) ölümün dərki, ölümlə bağlı etik problemlər və mediada zorakı ölümün təqdimatının bizim davranışımıza təsiri haqqında postnauka.ru-nun suallarına cavab verir.
Müasir dünyada ölüm tabu mövzu hesab olunurmu?
Tabu – qadağan olunmuş mövzudur. Düşünmürəm ki, ölüm haqqında danışmaq yasaq olsun. Bu, birmənalı şəkildə adamı narahat eləyən mövzudur, üstəlik ölümün elə növləri var ki, digərlərinə nisbətən onlar haqqında danışmaq daha çox narahat eləyir, məsələn, intihar. İntihar – inanılmaz dərəcədə narahat mövzudur. Hazırda biz ölüm haqqında daha açıq danışmağa çalışırıq. Bunu KİV xəbərlərində də, pop-mədəniyyətdə də, sosial şəbəkələrdə də müşahidə etmək mümkündür. Odur ki, insanlar ölümə nə qədər çox diqqət ayırmağa başlayırlarsa, tabu mövzuların dairəsi də bir o qədər daralır. Biz ölüm haqqında düşünməli və danışmalıyıq. Biz ölümə hazır olmalıyıq.
Dediniz ki, ölüm haqqında daha açıq danışmaq lazımdır. Bunu necə eləmək olar?
Hazırda bütün dünyada ölümə müsbət yanaşma hərəkatı (death-positive movement),) vüsət alır. Bu hərəkat bizim ölümü dərk etməmizə təkan verir. Böyük Britaniyada hər ilin may ayında Ölümün dərki həftəsi (Dying awareness week) keçirilir: bir həftə ərzində insanlara ölümlü olduqlarını xatırladan, onları bu barədə düşünməyə, ölümə hazırlaşmağa vadar edən, həmçinin mediada ölümün necə təqdim olunduğu, “nəyi dərc etmək olar-nəyi yox” barədə düşündürən çoxlu tədbirlər keçirilir. Biz diqqətləri bu mövzuya yönəldirik. Mən belə tədbirlərdən bəzilərini – məsələn, “Dead Good Festival» – Nyu-Yorkda keçirirəm. Onlar 60-80 yaşlı insanları cəlb edir: dostları, ya da həyat yoldaşları ölmüş bu insanları ölümlü olmaq fikri narahat edir. Məncə, belə tədbirlərin yaxşı tərəfi insanlara təhükəsiz zona yaratmasıdır. Bu zona daxilində öz qorxularını araşdırmaq, onları yenmək, həyatın sonu kimi məsələlərdə özünü daha əmin hiss etmək, planlaşdırmaq mümkündür. Ölümə pozitiv yanaşma hərəkatı və ölümün dərki ilə bağlı tədbirlər bir də ona görə vacibdir ki, onlar uşaqların bu mövzuları anlamasına kömək edir. Əgər siz ölüm haqqında açıq danışmaq bacarığı ilə böyüyürsünüzsə, bu, yetkin həyatda sizə böyük üstünlük qazandıra bilər.
Ölümlə bağlı söhbətlər uşaqlara necə təsir edir?
Mənim övladlarım var və mən onlarla ölümü açıq müzakirə edirəm. Bu mənim tədqiqat sferam olduğuna görə, onun haqqında rahat danışa bilərəm və bunun nəticəsi olaraq, uşaqlarım da ölüm haqqında rahat danışırlar. Hərçənd əksər insanlar üçün bu, ağır mövzudur. Mən hesab edirəm ki, böyüklər bu mövzunu uşaqlarla müzakirə etməlidirlər, həmçinin məktəblərdə də ölüm mövzusu qaldırılmalıdır. Hamımız nə vaxtsa öləcəyik, yaxınlarımız, doğmalarımız öləcəklər. Məncə, bu məsələlərə diqqət cəlb etmək daha vacibdir, uşaqları qorumağa çalışırıq deyə onları gizlətmək olmaz: həyatın nə vaxtsa bitəcəyini anlamaq fürsətini övladlarımızın əlindən alsaq, bu, nə onların ölümü dərk etməsinə, nə də ona hazırlaşmasına kömək etməyəcək.
Uşaqlarla ölüm haqqında necə danışmaq lazımdır? Nümunə göstərə bilərsiniz?
Bu mövzuya birbaşa, amma çox incə şəkildə toxunan bir neçə gözəl teleserial var, “Qorxulu əhvalatlar”ı nümunə göstərə bilərəm: bu serial uşaqları müxtəlif tarixi hadisələrlə tanış edir, amma orda ölümlə bağlı qorxulu şeylər çoxdur. Serialdakı nəğmələr, sketçlər çox gülməlidir, ancaq onlar tarixi faktlara əsaslandıqlarına görə, uşaqları maarifləndirir. Elmi araşdırmalara əsaslanan belə şoular uşaqları ölüm məfhumu ilə erkən yaşlarda tanış etməyə, ölümlə bağlı ilk söhbətlərə cəlb etməyə, valideynlərə müzakirələr üçün təhlükəsiz zona yaratmağa yardımçı ola bilər. Britaniya istehsalı olan “Topsi və Tim” adlı başqa bir teleşou isə, təxminən, 6-7 yaşlı əkizlərin macəralarından bəhs edir. Orda “Topsi və Tim məktəbə gedir”, “Topsi və Tim tətilə çıxır” kimi seriyalar da var, Topsi və Timin nənəsinin itinin ölümündən bəhs edən seriya da. BBC bu epizodu efirə buraxanda son dərəcə möhtəşəm bir şey elədi: kanal öz saytında seriyaya baxarkən valideynlərin uşaqlarını necə dəstəkləyə biləcəkləri, orda toxunulan mövzularla bağlı uşaqlarla necə danışa biləcəkləri ilə bağlı xeyli əlavə materiallar dərc etdi. İnsanlar nəyə baxacaqlarını, sonra gördüklərini necə həzm edəcəklərini bilsinlər deyə seriyanın məzmunu ilə bağlı xəbərdarlıq da hazırlamışdılar. Düşünürəm ki, belə teleseriallar uşaqların ölüm məfhumunu anlamasına kömək edə bilər.
Biz hardan bilirik ki, belə seriallar uşaqlara travma vurmur?
Məsələn, “Qorxulu əhvalatlar” serialının yaradıcıları sosioloqlarla, tarixçilərlə işləyirdilər: onlar, peşəkar mediaçılarla birlikdə öz tədqiqatlarının əsasında Böyük Britaniyada da, onun sərhədlərindən kənarda da yayımlanan materiallar hazırlamışdılar. Yəni sosioloqlar da, tarixçilər də uşaq auditoriyasına hesablanmış belə media nümunələrinin keyfiyyətinin yaxşılaşdırılmasında böyük rol oynayırlar. Məncə, media, xüsusən də, uşaq televiziyaları, get-gedə başa düşürlər ki, mücərrəd materiallar hazırlamaq olmaz, onlar toxunulan mövzuların tədqiqatçıları ilə işləməlidilər. Son 10-20 il ərzində böyük inkişaf baş verib, elmi əsaslandırılmış materialların sayı get-gedə artır. Yəni sosioloqlar media ilə işləyir və gənclər üçün maraqlı, maarifləndirici materialların hazırlanmasına kömək edirlər.
Deməli, media ölümə daha sağlam yanaşa bilməyimiz üçün bizə kömək edə bilər. Amma digər tərəfdən biz get-gedə mediada daha çox zorakılıq görürük. Niyə?
Rəqəmsal dövrdə istehlak tamamilə yeni səviyyəyə keçib. İndi, demək olar ki, hər kəsin telefonunda əla kamera var və insanlar hər şeyi çəkə bilirlər. Buna görə də, terror aktları, göz önündə baş verən ölümlər zamanı insanlar, adətən, gördüklərini çəkirlər. Hərdən belə hadisələr zamanı insanların özəl zonası çox daralır, çünki şahidlər də, sağ qalanlar da bütün o ölümləri çəkib elektron poçtla, “İnstagram”da, “Twitter”də, “Facebook”da paylaşırlar, ya da həmin foto və videoları kütləvi yayılması üçün dərhal qəzetlərə göndərirlər. Hərdən insanlar silahlı quldurlardan necə gizləndiklərini videoya çəkirlər və dolayı da olsa, biz də həmin vəhşilikləri yaşayırıq. Yəni rəqəmsal dövrdə biz ölümü real zamanda ən xırda detallarına qədər görürük: artıq ölüm uzaqda olan bir şey deyil, o, həddindən artıq yaxınımızdadır və bizə istehlak məhsulu kimi təklif olunur. Biz bu kontentdən ya əylənmək, ya da qorxmaq üçün istifadə edə bilərik: ölüm bizi təşvişə salır, bizi qorxudur, amma biz yenə də baxmağa davam edirik. Bir araşdırmaçı olaraq burda məni etik standartlar narahat edir: elə fotolar var ki, onların necə dərc edildiyini anlamıram. Biz etika və əxlaqla bağlı çoxlu debatlar keçirməliyik və nəyi dərc etmək olar-nəyi yox, müəyyənləşdirməliyik.
Niyə sadəcə şok-kontentin dərcinə son qoya bilmərik?
Mənə elə gəlir ki, müasir medialar o açıq zorakılıq səhnələrini göstərməyə can atırlar, çünki bilirlər ki, onsuz da onlar hardasa çıxacaq və oxucularını itirmək istəmirlər. O ölüm, zorakılıq, əzab təsvirlərinin sarsıtması faktının özü insanların diqqətini çəkəcək, ona baxmağa vadar edəcək, çünki insanlar dəhşəti hiss etmək istəyirlər. O cür təsvirlər qəzetlərdə dərc olunanda insanlar onlara baxacaqlar, çünki onlar güclü emosiyalar doğurur.
Şok-kontentlərin insanların diqqətini necə cəlb etdiyi ilə bağlı örnəklər gətirə bilərsiniz?
2015-ci ilin sentyabrında Aralıq dənizini keçməyə çalışarkən boğulan üç yaşlı Aylan Kürdinin fotosu bütün dünyada yayıldı. Kürdi ailəsi Suriyadan qaçmışdı, Avropa materikinə çatmağa çalışırdı. Fotonun müəllifi onu əynində qırmızı şort və köynək, sahildə tək-tənha uzanmış halda çəkmişdi. Bu şəkil, valideynlərindən ayrılıb tək qalmış və boğulmuş körpənin təsviri olduğuna görə xüsusilə ağır idi. O, müharibədən, təqiblərdən qurtulmaq üçün çarəsizcə Avropaya üz tutan mühacirlərin üzləşdikləri risklərin simvoluna çevrildi. Həmin vaxt hamı qızğın şəkildə bir məsələni müzakirə edirdi: hətta onun sosial şəbəkələrdə virus kimi yayılmasına əngəl olmaq mümkün olmasa belə, bu tip fotoları qəzetlərdə, tabloidlərdə dərc etmək olar, ya yox? Aylan Kürdinin fotosunun ən maraqlı cəhəti odur ki, onu bir dəfə gördünüzsə, artıq görməməzlikdən gələ bilməzsiniz. Belə təsvirlərdən qaçmaq, demək olar ki, imkansızdır, çünki siz xəbər saytını sadəcə göz atmaq üçün açmış olsanız belə, heç bir xəbərdarlıqsız, qəfil belə bir foto ilə üzləşə bilərsiniz. İstehlakçının görmək, ya da görməmək istədiyini seçmək imkanı yoxdur. Bu da etik sərhədlərin hardan keçməli olduğu, ictimaiyyətin ixtiyarına nəyi vermək olar-nəyi yox məsələsi ilə bağlı diskussiyaların zəruriliyini göstərir.
Ölümün mediada təqdimatı ilə bağlı başqa hansı etik problemlər var?
Ağlıma Böyük Britaniya və ABŞ-da baş verən bəzi kütləvi qətllər gəlir. Son bir neçə il ərzində həlak olanların fotoları dərc olunur. Bu, çox qeyri-adidir: hər kəsin gözü önündə öldürülmüş qərbli insanlar bütün dünyaya göstərilir. Maraqlı olan odur ki, qərb dünyasına aid olmayan insanların, xüsusən də, hərbi münaqişələrdə, ya da təbii fəlakətlər nəticəsində həlak olanların şəkilləri o qədər narahatlıq yaratmır. Belə görünür ki, mediada kimlərin və nəyin göstərilə biləcəyi və o insanların necə öldükləri arasında fərqlər var.
Biz xəbər mediasında danışdıq. Bəs bədii media formaları barədə nə deyə bilərsiniz? Hamımız televiziyada, məsələn, “Taxt-tac oyunları”nda nə qədər amansız səhnələrin olduğunu yaxşı bilirik.
Ölümün pop-mədəniyyətdə təqdimat formalarına diqqət yetirsək, hərdən onun həddindən artıq natural, eybəcər təsvir olunduğunu görərik. „Taxt-tac oyunları“ buna klassik örnəkdir. Mən „Taxt-tac oyunları“na baxan bir neçə insan tanıyıram ki, zorakılıq səhnələrini görməmək üçün ən qəddar səhnələri ötürürdülər, ya da başqa insanlarla birlikdə izləyir, elə səhnələrdə gözlərini yumub yanındakılardan səhnə bitəndə xəbər vermələrini istəyirdilər. Amma mən həmin zorakılıq, ölüm səhnələrində çəkilən aktyorlardan danışmaq istəyərdim. O səhnələri oynamaq onlar üçün çox ağırdır. Mənim iştirak elədiyim „CorpseCount Rising“ radioproqramında bu mövzu və seriallarda get-gedə cəsədlərin sayının artması faktı araşdırılırdı. Aktyorlar seksual zorakılıq səhnələrində oynamağın necə ağır olduğundan, onların ekranda ölməsi ilə nəticələnən səhnələrin çəkilişlərində aldıqları yaralardan, qançırlardan danışırdılar. Biz belə aktyorların qayğısına qalmalıyıq: o tip səhnələrin çəkilişləri zamanı onların əlavə dəstəyə ehtiyacı yarana bilər.
Ölümü mediada necə göstərmək lazımdır?
KİV nəyi dərc etdiyi barədə ciddi düşünməlidir. Şəkillərdəki insanların kimliklərini təyin etmək olarmı? Əgər bu mümkündürsə, onların ailə üzvləri əlaqə saxlayıb şəklin dərci üçün icazə almaq lazımdır. Məsələn, kimsə avtomobil qəzasında həlak olmuş şəxsin şəklini çəkib yaya bilər və həmin şəkil onun ailə üzvlərinin rastına çıxa bilər. Belə fotoları seçərkən, onların dərcolunma səbəblərini əsaslandırarkən məsələyə böyük hörmətlə yanaşmaq lazımdır; onların dərcinin kimlərə təsir edə biləcəyini düşünməliyik. Həmçinin insanların niyə belə materiallar yazdıqları və dərc etdikləri, belə kontentlərdə tamaşaçılara və oxuculara seçim haqqı verən xəbərdarlıq olub-olmadığı barədə də düşünmək lazımdır.
Ölümün mediada işıqlandırılması ilə cəmiyyətdəki zorakılıq və qəddarlıq arasında əlaqə varmı?
Bu məsələ ilə bağlı mübahisələr davam edir. Bir sosioloq olaraq mən, “mediada zorakılıq görən adamın davranışında da qəddarlıq meydana çıxacaq” ideyasına skeptik, hətta tənqidi yanaşıram. Maraqlıdır ki, bu ideya hələ isbatlanmayıb, buna baxmayaraq cəmiyyət elə hesab edir ki, mediakontentlə davranışdakı qəddarlıq arasında əlaqə var. Biz görürük ki, insanlar get-gedə ölümlə, zorakılıqla bağlı kontentləri daha çox istehlak edirlər. Bizim həssaslığımız azalır, daha çox zorakılıq və qəddarlıq görməyə normal yanaşmağa başlayırıq. Məsələn, filmdə zorakılıq və ya böyüklər üçün kontent olduğunu göstərən filmlərin yaş reytinqləri dəyişib: əvvəllər filmlər indikindən qat-qat az zorakılıq və ölüm səhnələrinə görə daha sərt reytinqlər alırdı. Get-gedə biz ölümün, qəddarlığın natural təsvirlərini daha çox görürük və belə kontentlərə daha kiçik yaşlarda baxmaq get-gedə normallaşır – qəddarlıq bu qədər adiləşib. Bəlkə də problem media ucbatından zorakılıq, qəddarlıq hallarının çoxalmasında deyil, amma insanların həssaslıqlarını itirdiklərini, başqa insanların ölümü ilə nəticələnən aqressiyaya, zorakılığa baxmağa normal yanaşdıqlarını görürük. Get-gedə biz gördüklərimizə acımaq, məyus olmaq əvəzinə, tez-tez ölümü əyləncənin bir forması kimi qəbul edirik.
Daim ölüm və zorakılıq görmək bizə necə təsir edir?
Cəmiyyətdəki zorakılıqla mediadakı zorakılıq arasında əlaqə olduğunu isbatlamaq çətindir, ancaq biz amansız mediakontentlərinin sayının artması ilə cəmiyyətdə qorxunun da səviyyəsinin artdığını müşahidə edirik. İnsanlar mütləq şəkildə daha aqressiv, ya da qəddar olmurlar, ancaq öz media istehlakları ucbatından get-gedə daha çox qorxurlar. Onlar gənclərdən qorxurlar, küçədə gördükləri yad insanın onlara pis nəsə edəcəyindən qorxurlar. Zənnimcə, biz istehlak etdiyimiz mediakontentlər, xüsusən də, zorakılıq və ölümlə bağlı kontentlər ucbatından yaranan narahatlığın artdığını görürük.
Mediakontentlərin səbəb olduğu qorxu nə ilə nəticələnir
Qorxu səviyyəsinin artması davranışda dəyişiklərlə nəticələnir. Biz görürük ki, valideynlər öz uşaqlarını yadlardan daha çox qorumağa başlayıblar və ümumiyyətlə, insanlara daha böyük şübhəylə yanaşırlar. Onlar qorxurlar ki, Medlin Makkan kimi onların da övladlarını oğurlaya bilərlər, ya da övladları təcavüzə məruz qala bilər. Biz qadınların davranışlarının dəyişdiyini görürük: qaranlıq düşəndən sonra bəzi yerlərə getmirlər, ya da güvəndə olmaq ümidilə dostları ilə birlikdə gedirlər, çünki hücuma, yaxud da təcavüzə məruz qalmaqdan qorxurlar. Odur ki, insanlar qorxu ucbatından, özlərini qorumaqdan ötrü davranışlarını dəyişirlər və media bu qorxunu dəstəkləyə bilər. Qorxu cəmiyyətdə şübhəliliyin artmasına, cəmiyyətin get-gedə daha çox qütbləşməsinə aparıb çıxarır: biz artıq bir-birimizə çox güvənmirik, başqa insanlara təhlükə mənbəyi kimi baxırıq. Bu, xüsusilə, Avropada daha aydın müşahidə olunur. Təəssüf ki, burda qorxu artır və tez-tez sığınacaq axtaranların, ya da mühacirlərin uzaqlaşdırılması baş verir. Qorxu həddindən çoxdur və mənə elə gəlir ki, media onu qidalandırır. Başqalarının əzablarına, ya da qorxularına empatiya, mərhəmət, tolerantlıq, dəstək azalıb. Yenə deyirəm, media, Avropaya gələn mühacirlər arasında cinayətkarlar ola biləcəyi, onların cəmiyyət üçün təhlükə yaratdıqları barədə qorxulu əhvalatlar danışaraq bu qorxunu dəstəkləyə bilər. Media gündəmi ilə gücləndirilən bu qorxu spiralı insanları hər şeydən şübhələnməyə vadar edir və onları ayırır. Məncə, bu, faciədir