Həqiqətən də GMO son illər bir çox insan üçün bu abbreviatura dəhşətə çevrilib. Mənasını bilən-bilməyən hamı çalışır ki, GMO markalı ərzaqlardan uzaq dursun. “Təmiz”, “orqanik”, “GMOsuz” ərzaq istehlaketmə istəyi son illərin kultuna çevrilib.
Bəs nədir “Təmiz”, “orqanik”, “GMOsuz” ərzaq? Onu hardan almaq olar? GMO nədir və niyə bu qədər qorxuludur? Gəlin bir az bu barədə danışaq.
Əvvəla orqanik qida kultunun ümməti üçün pis xəbərim var. Tamamilə GMO-suz qida mövcud deyil. Yediyimiz hər bir qida genetik modifikasiya olunmuş məhsullardan ibarətdir. Genetik modifikasiya olunmuş orqanizm, başqa sözlə genləri dəyişdirilmiş canlılar hər yerdədir. İnsanın özü genetik modifikasiyanın məhsuludur. Təqribən 2,5 milyon il bundan əvvəl afrikada yaşayan avstralopiteklərin birində baş verən gen dəyişikliyi nəticəsində ilk bacarıqlı insan yaranmasaydı, biz indi mövcud deyildik.
Bitkilərin insan tərəfindən genetik modifikasiyasının tarixi qədimdir. Hələ 12 min il bundan əvvəl neolit inqilabı nəticəsində insanlar primitiv ovçuluq və yığıcılıq iqtisadi modelindən, daha qabaqcıl əkinçilik və heyvandarlıq modelinə keçdilər. Bununla da insanın bitki və heyvanların genlərini dəyişməsi dövrü başladı.
Ümumiyyətlə bitkilərin genetik modifikasiyasının əsas məqsədi məhsuldarlığı artırmaqdır.
XX əsrin sonlarına qədər bu prossesdə elə də ciddi dəyişiklik olmamışdı. Genlər barədə məlumatın azlığı və onlara birbaşa nüfuzetmə imkanlarının məhdudluğundan biz lazım olan bitki sortu və ya heyvan cinsini seleksiya yolu ilə alırdıq.
Yəni məsələn ən birinci mədəniləşdirilmiş bitki növlərindən biri olan buğda uzun müddət azməhsuldar təkdənəli formada mövcud olub. Lakin hansısa qədim əkinçi bir gün yığdığı məhsulun arasında azsaylı ikidənəli buğda görür. Əslində bu ikidənəli buğda genetik modifikasiya olunmuş mutant idi. Hətta onun hüceyrələrində də 4 qat çox xromosom var idi. Amma bu xırdalıqlardan xəbərsiz əkinçi fikirləşir ki, bu ikidənəli buğdanı yemək əvəzinə daha da çoxaltsam, iki qat daha çox məhsul ala bilərəm. Beləliklə o geni dəyişilmiş buğdanı çoxaldır və həqiqətən də məhsulunu iki dəfə artırır.
Son 12 min ildə bitki və heyvanların mədəniləşdirilməsi və əhliləşdirilməsi məhz bu prinsiplə həyata keçirilirdi. Bu proses çox zaman alan və kortəbii gedirdi. Bir uğurlu seleksiya məhsulunun fonunda minlərlə uğursuz təcrübələr dururdu. Bir də bu yolla alınan məhsulun lazım olandan başqa hansı xüsusiyyətlər qazandığını dəqiq yoxlamaq imkanı yox idi.
Amma 1987-ci ildə ilk dəfə müəyyən olundu ki, bakteriyaların özünü viruslardan qorumaq üçün xüsusi immun sistemi mövcuddur. Belə ki, özlərindən çox kiçik olan virusların hücumu zamanı bakteriyalar sonralar CRISPR (Clustered Regularly Interspaced Short Palindromic Repeats) adlandırılacaq bu immun sistemi işə salırlar. Bu barədə daha ətraflı yazmışıq, amma yenə də qısa məlumat verək ki, məsələ daha aydın olsun. Beləliklə, virus öz DNT və ya RNT-sini bakteriya hüceyrəsinin içinə daxil edib, onu özünə lazım olan zülallar istehsal etməyə məcbur etmək istəyən zaman işə düşən bakteriya bu yad genetik materialı əvəllər rastlaşdığı və yadda saxladığı düşmən virus genlərilə tutuşdurur. Uyğunluq aşkar olunan anda bakteriya Cas9 zülalı vasitəsilə həmin yad DNT-ni qayçı kimi kəsərək məhv edir.
CRISPR Cas9 mexanizminin kəşfi genetika və kənd təsərrüfatında son 12 min ildə olmamış inqilabi sıçrayışa təkan verdi. Məlum oldu ki, bu üsulla biz istənilən bitki və ya heyvanın genomunun istədiyimiz kimi redaktə edərək bizə lazım olan xüsusiyyətləri ala bilərik.
Bu necə baş verir?
Qızıləhmədi alması dadlı və ətirli alma sortudur. Amma onun ölçüsü kiçikdir, bir də çox vaxt qurdlu olur. CRISPR Cas9 texnologiyası ilə biz bu almanın böyüməsinə cavabdeh geni kəsirik və redaktə etdiyimiz hüceyrənin içinə böyüməni sürətləndirən gen komponentlərini əlavə edirik. Hüceyrənin həyat fəaliyyəti zamanı DNT zədələnmələri heç də nadir hadisə deyil. Ona görə də hüceyrənin xüsusi DNT bərpaetmə mexanizmləri var. Bizim məqsədli şəkildə tamlığını pozduğumuz DNT də özünü bərpa etməyə çalışacaq. Bu zaman o “əl altında” olan materialdan istifadə edəcək. O material da bizim əvvəlcədən yeritdiyimiz material olduğundan nəticədə hüceyrə özü bizə lazım olan geni yaradacaq. Qurd məsələsinin həlli daha qəlizdir, amma prinsip eynidir. Bunun üçün biz həmin CRISPR Cas9 üsulu ilə almanın DNT-sinə qurdu öldürəcək zülal istehsal edən gen əlavə edirik. Nəticədə aldığımız Qızıləhmədi əvvəlki kimi dadlı amma böyük və qurdsuz olur.
Biz eyni zamanda həm də gübrə problemini həll etmiş oluruq. Əvvəla gübrələr adətən bitkilərin xarici səthinə vurulur və yağış və suvarma zamanı yuyulub gedə bilirlər. İkincisi gübrələr daha az seçici və bir çox hallarda insan orqanizmi üçün təhlükəli maddələrdir. CRISPR Cas9 üsulu ilə isə biz bitkinin özünü bizə lazım olan pestisidi istehsal etməyə yönləndiririk. Bizə lazım olan dedikdə ziyanverici üçün öldürücü, insan üçün isə təhlükəsiz maddələrdən söhbət gedir. Məsələn, kofe insan üçün təhlükəsiz olduğu halda həşəratlar üçün ölümcüldü və ya bizim üçün dadlı və təhlükəsiz şokolad itlər üçün təhlükəlidir.
Müasir genetik modifikasiya olunmuş orqanizmləri (GMO) məhz bu yolla alırlar. Amma bu işin hamısı deyil. Mağaza piştaxtasına gəlib çıxanadək genetik modifikasiya olunmuş məhsullar uzun və mürəkkəb testlərdən keçirilirlər və yalnız bundan sonra satışa çıxarılırlar.
Yuxarıda da göstərdiyimiz kimi bu texnologiya daha əvvəl istifadə olunan seleksiya və gübrələmə metodlarından daha seçici və təhlükəsizdir. Amma hər yenilikdə olduğu kimi burada da böyük kütlələrin narazılığı qaçılmazdır. Bilgisi az, fikri isə çox olan kütlə GMO-nu düşmən elan edib. Bəziləri fikirləşir ki, GMO məhsulları orqanizmə ziyan vurur, digərləri ümumiyyətlə GMO-nun insanları idarə etmək üçün üst güclər tərəfindən istifadə olunduğunu iddia edir.
Əslində isə CRISPR Cas9 texnologiyasının ən böyük potensial təhlükəsi onun sadəliyində və əlçatanlığındadır. Bu texnologiya o qədər sadədir ki, yaxında onu mövzudan bir balaca xəbərdar olan hər kəs tətbiq edə biləcək. Bu isə çox acı nəticələrə gətirib çıxara bilər. İnsanın da bir bioloji orqanizm olduğunu nəzərə alsaq, pisniyyətli əllərdə bu müxtəlif super bacarıqlara malik insan mutantlarının yaradılmasından tutmuş global məhvedici gücə malik bakterioloji silahın yaradılmasına kimi nəticələrə gətirib çıxara bilər.
Ona görə də günümüzdə GMO özü özlüyündə təhlükəsiz və faydalı bir nəsnədir, amma onun nəzarət altında saxlanması və bu texnlogiyaya çıxış imkanlarının məhdudlaşdırılması çox önəmlidir.
Həmçinin bax:
https://azlogos.eu/genl%c9%99ri-qaycilayan-crispr-cas9-n%c9%99dir/