Bu ilin yayında Elon Musk özünün yeni startup-ı olan Neuralinki təqdim etdi. İlkin mərhələdə bu texnologiya onurğa beynin boyun seqmentlərinin zədələnməsi nəticəsində bütün ətraflarının hərəkət və hissi funksiyalarını itirmiş şəxslərin, fikir vasitəsiylə mobil cihazlar və kompüter istifadəsini təmin edəcək. Gələcəkdə isə Neuralink, insan-maşın konstruksiyalarının yaradılmasına xidmət edəcək.
Musk-ın fikrincə süni intellekt bir azdan insanı bütün parametrlərə görə üstələyəcək və biz bir növ olaraq tamamilə yararsız olacağıq. İnsan-maşın konstruksiyalarının inkişafı isə bizə süni intellektlə daha effektiv qarşılıqlı əlaqə yaratmağa və bu sistemin içində qalmağa kömək edə bilər. Bu ekzistensial məsələlər barədə daha ətraflı danışmazdan əvvəl gəlin baxaq görək neyron nədir? O necə işləyir? Neuralink nədən ibarətdir? O beyində hansı funksiyanı yerinə yetirəcək?
İnsan beynində 100 milyarda yaxın sinir hüceyrəsi – neyron var. Neyronlar yerləşdiyi yerdən və gördüyü işdən asılı olaraq fərqli quruluşda olsalar da əsasən cismdən və dentrid adlanan qısa, hissi çıxıntıdan və akson adlanan hərəki, uzun çıxıntıdan ibarətdirlər. Neyronlar bir-birləri ilə sinapslar vasitəsilə əlaqə yaradırlar. Sinir hüceyrələri arasında impulsların ötürülməsi, mürəkkəb elktro-kimyavi prosessdir. İmpulsun özü hərəkət potensialı adlanır. Hərəkət potensialının yaranması üçün neyron daxilində həmin hərəkət potensialına uyğun kimyavi maddə – neyromediatorun miqdarı lazımi həddə çatmalıdır. Bu baş verdikdə, mürəkkəb elektro-kimyavi prosesslər zənciri əmələ gəlir ki, bizim də məqsədimiz məhz bu prosessə müdaxilə etməkdir.
İlkin mərhələdə söhbət 4×5 mm ölçüsündə olan əsas sensordan – n1 çipindən gedir. Bu çip kəllə qutusunda 8 mm diametrində dəlik açılaraq beyin boşluğuna yerləşdiriləcək. Çipə hərəsi 4-6 mikron diamerdə 1024 elektrod lifi birləşəcək. Söhbət insan saçından 10 dəfə daha nazik liflərdən gedir. Bu liflər xüsusi yerləşdirici robot vasitəsilə beyin toxumasına elə zərgər dəqiqliyi ilə yerləşdiriləcək ki, hətta ürək döyüntülərinə uyğun beyin titrəyişlərinə baxmayaraq heç bir ən kiçik damar belə zədələnməsin. Neurolink bu işin öhdəsindən gələcək robotu artıq yaradıb. Robotu əlbəttə ki, neyrocərrah idarə edəcək, amma işin əsas hissəsi insanın iştirakı olmadan həyata keçəcək. Bu ölçülü əməliyyatları insan fiziki olaraq görmək iqtidarında deyil. Neyronlara 60 mikron radiusda yerləşdiriləcək elektrodlardan hər biri eyni zamanda 10-dan 1000-ə yaxın neyronu idarə edəcək.
Elektrodlar həm neyronlar arasında ötürülən impulsları qeyd edəcək, həm də özləri neyronlara lazım olan impulsları ötürəcəklər.
Sistemə elektrod-liflər və n1 çipindən başqa xüsusi induktor da daxildir. O qulağın arxasında dəri altında yerləşdiriləcək və funksiyası ona baş dərisinin altıyla aparılacaq çox nazik naqillərlə n1 çiplərindən gələn məlumatları topayıb Bluetooth vasitəsilə xarici cihaza ötürməkdən ibarət olacaq.
Xarici qəbuledici cihaz Limb adlanır və əsasən Bluetooth qəbuledicidən və batareyadan ibarətdir. Burada qeyd etmək vacibdir ki, bütün sistemin enerji və proqram təminatı məhz xarici cihazda yerləşəcək. Yəni hər dəfə şarj bitəndə və ya proqram təminatını yeniləmək lazım gəldikdə, həkimə gedib dərialtına yerləşdirilmiş cihazı sökmək lazım gəlməyəcək. Limbin enerjisi bitdikdə bütün sistemin də fəaliyyəti dayanacaq.
İlk pasientlərə yalnız 4 ədəd 1024 mikrolifli sensor yerləşdirmək planlaşdırılır. Onlardan biri beyin qabığının birinci hərəki hissəsinə, digəri qabığın premotor hissəsinə, üçüncüsü əlavə hərəki nahiyəyə yerləşdiriləcək. Bu nahiyələr hərəkətin planlaşdırılmasına cavabdeh mərkəzlərdir. Sonuncu sensor isə hissi əks əlaqəni təmin edən somatosensor mərkəzdə yerləşdiriləcək. Somatosensor mərkəz həyata keçirilmiş hərəkətin şüurlu şəkildə edilməsini hiss eləməyi təmin edir. Məsələn siz stolun üstündən fincanı qaldıranda hərəki mərkəzlər bu hərəkəti reallaşdırmaq üçün hərəki funksiyaları təmin edirsə, somatosensor mərkəz bu fincanın formasını, temperaturunu, fəzada yerini hiss etməyi və bu hərəkətin şüurlu edildiyini anlamağı idarə edir.
Hal-hazırda bir beyin yarım kürəsinə 10-а yaxın n1 implantı yerləşdirmək mümkündür.
Bu işin hər şeydən əlavə hüquqi tərəfi var. Söhbət beyin kimi həssas orqana bilavasitə nüfuzdan gedirsə, belə texnologiyaların tətbiqinə FDA tərəfindən icazə verilməsi çox zaman ala bilər. Lakin əgər hər şey yolunda getsə, real pasientlər üzərində ilk sınaqlar artıq 2020-ci ilin sonlarına yaxın başlaya bilər.
Bəs niyə məhz beyinin içinə nüfuz etmək vacibdi?
Məsələn Elektroensefaloqram çəkən zaman elektrodlar başın dərisinə bərkidilir və beyin siqnalları beyinə bilavasitə daxil olmadan yazılır. Olmazmı ki, Neuralink də bu texnologiyadan istifadə etsin? Məsələ orasındadır ki, elektroensefaloqram üsulu ilə alınan siqnallar başqa siqnallardır. Bizə isə neyronların enerji potensialını oxumaq və əksinə yeni impuls yaratmaq lazımdır. Bu əməliyyatları həyata keçirmək üçün isə elektrod, neyrona ən çox 60 mikrometr məsafədə yerləşməlidir. Müqayisə üçün insan saçının diametri 70 mikrometrdir. Söhbət 0,06 millimetr ölçülərindən gedir. Buna görə də beynin içinə daxil olmaq şərtdir.
İndi isə qayıdaq bu layihənin uzun perspektivdə həll etmək istədiyi əsas problem olan insan-maşın konstruksiyalarının yaradılması məsələsinə. İlk baxışdan qorxunc səslənsə də, insan sivilizasiyasının hər hansı bir şəkildə mövcudluğunu davam etdirmək üçün bu ola bilsin ki, yeganə çıxış yoludur.
Süni intellekt texnologiyası artıq o mərhələdədir ki, onun qarşısını almaq mümkün deyil. Buna gərək də yoxdur. Bu texnologiya günümüz və gələcəyimiz üçün labüddür. Amma onun bir böyük çatışmazlığı var – insan.
Bu vaxta qədər icad etdiyimiz maşınlar, robotlar, kompüterlər bir çox xüsusiyyətlərinə görə insandan üstün olsalar da əsas olan düşünmə funksiyasından məhrum idilər. Bu da onları insandan asılı vəziyyətə salırdı. Sürətli hərəkət etmək üçün avtomobilə ehtiyac var, amma avtomobil özü işə düşməyə qərar vermir. Və ya mürəkkəb hesablamaları həyata keçirmək üçün kompüterdən istifadə etsək də kompüter özü hansı hesablamanı və nə üçün etməli olduğuna qərar vermir. Daha doğrusu vermirdi.
Süni intellekt meydana gələndən sonra hər şey kökündən dəyişəcək. Çünki o özü hər şeyə qərar verəcək. Özü düşünəcək və hətta özü öyrənəcək. Belə olan halda insan bu sistemdə öz fiziki və əqli geridəqalmışlığı ilə özünə yer tapa bilməyəcək.
Ona görə də Neuralink, insan-maşın simbiotik konstruksiyalarının yaradılmasından yanadır. Özü də bu prosesi mümkün qədər qısa zamanda həyata keçirmək lazımdır.
Neuralinkin süni intellektlə paralel inkişafının bir başqa əhəmiyyəti də ondadır ki, hazırda öyrənmə mərhələsində olan süni intellekt əsasən informativ verilərlə işləyir. Lakin insan şüurunu yalnız informasiya və analiz təşkil etmir. Beynimizin limbik hissəsində bizim təhtəl-şüurumuz yerləşir. Burada bizim ən primitiv hisslərimiz, qorxularımız, kədərimiz, sevinclərimiz yerləşir. Çox vacibdir ki, süni intellekti nə qədər ki, gec deyil bu nəsnələrlə də tanış edək. Bu, ona insanı daha dərindən tanımağa və bəlkə də onunla empati qurmağa kömək edə bilər.
Məqsəd süni intellekti mümkün qədər insani etmək, insanı isə maksimal dərəcədə süni intellektə yararlı səviyyəyə çatdırmaqdır. Belə olan halda bizim gələcəkdə dəyişmiş şəkildə olsa da ayaqda qalma şansımız yarana bilər.
Yeri gəlmişkən Neuralink bütün dünyadan süni intellekt, robototexnika, neyrocərrahiyə və başqa relevant sahələrdə peşəkar olan insanları bu layihəyə qoşulmağa dəvət edir. Əgər siz özünüzü bu layihəyə yarar verəcək biri hesab edirsinizsə, mütləq Neuralink-lə əlaqə saxlayın. Bunun üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.