Murad Köhnəqalanın 12 min manat aliment borcu olduğuna görə həbsini azərbaycan ədəbiyyatına bir ironiya da hesab etmək olar. Normal ölkələrdə şairlər yeni trendlər, üslublar, uğurlarla parlayanda, hadisə yaradanda, bizim şairləri də ya xuliqanlıq üstə, ya da aliment ödəmədiyinə görə həbs edirlər. Ən “yaxşı” halda bizim şairlər, Aqşin kimi, “təşkilat qurub, Azərbaycan əleyhinə danışanları qırmağa” səsləyir.
Amma şairin həbsi ölkədə onsuz da daima aktual olan aliment məsələsini bir daha gündəmə gətirdi ki, bu barədə də fikirlər müxtəlifdir. Bəziləri niyə məhz kişinin aliment ödəməli olduğunu soruşur, bəziləri deyir ki, dövlət işləməyən atanın yerinə aliment ödəməlidir, bəziləri də ümumiyyətlə, hesab edir ki, aliment olmamalıdır. Bütün fikirlər maraqlıdır, amma idiot olmağa ehtiyac yoxdur.
Başqa vaxt kişi olduğunu üstünlük hesab edən, ailənin başçılığına iddia edən, ata olduğu üçün adı uşağa özü seçən, uşağın ata soyadında olmasını qayda kimi qəbul edən kişilərin çoxunun əsl üzü aliment məsələsində açılır. 160 manatı uşağının yeməyinə vermək istəməyən (çünki bu məbləğ ancaq uşağın yeməyinə çatır, ananın uşağa baxmasının haqqı isə ödənmir) kişilər daha hansı yollara əl atmır. Qazancını gizlədən, maaşını az deyən, xəstə olduğu barədə saxta kağız alan, uşağın anasına şər atan, bir sözlə, hər cür adam olur. Vəkil dostlarımdan eşitdiyimə görə, məhz aliment məsələsində hakimlər adətən (təbii ki, yuxarıdan tapşırıq yoxdusa, kişinin ailəsindən rüşvət almayıbsa) ananın tərəfini tutur. Heç olmasa, buna sevinək.
Amma aliment problemi ölkədə birdəfəlik həll edilməlidir.
Birincisi ondan başlayaq ki, normal ölkələrdə adətən, aliment problemi yaşanmır. Çünki hər şey çoxdan sistemləşdirilib. Ata bizdəki kimi, uşağa ancaq istirahət günlərində baş çəkmir, həftənin yarısını uşaqları saxlayır, onlara yemək bişirir, paltarlarını yuyur, məktəbə və bağçaya aparır. Həftənin qalan yarısını da bütün bunları ana edir. Hər iki tərəf bərabər xərc çəkir uşaqlarına, bərabər vaxt və əsəb xərcləyir. Buna görə də, adətən, aliment söhbəti heç olmur. Əgər ata ya ana işləmirsə (bu, nadir hallarda olur, çünki normal ölkələrdə işləmək daha sərfəli hesab edilir) o işləmədiyi müddətdə dövlətdən sosial yardım alır. Bununla belə, bu ölkələrdə, “onsuz da, işləməsəm belə, dövlət uşağa baxmaq üçün pul verəcək” məntiqi ilə yaşayan və doğub törəyənlər demək olar ki, olmur. Çünki uşağa ömür xərcləmək lazımdır, onu da dövlət vermir, ona öz ömrünü xərcləməlisən. Normal avropalı səyahət etmək, stressiz yaşamaq, rifah içində yaşamaq istəyir ki, bunu da çox uşaqla etmək mümkün deyil. Odur ki, uşaq dünyaya gətirməyə qərar vermiş insanlar artıq hər şeyi planlamış olduqları üçün, boşananda “atanın işi yoxdur, alimenti necə ödəsin”, “ana uşaqları evdə tək qoyub işləyə bilməz” kimi bəhanələr olmur.
Boşanmış ata da, ana da işləməlidir. Uşaqlara baxılacaq vaxt, yemək və paltarına, əyləncələrinə, kurslarına çəkiləcək xərc bölünməlidir. Normal ölkələrdə belə olur.
Amma bizim qanunvericilik uşağı müəyyən yaşa qədər anaya təhkim edir. Bu, bir lütf deyil, bu ananın istismarıdır. Çünki ana alimenti ancaq uşağın yeməyinə alır, onun uşağa çəkdiyi zəhmətin haqqını heç kim ödəmir. Ana işləməkdən, sosial həyatdan, özünə vaxt ayırmaqdan məhrum olur. Ata isə azad quş kimi göylərdə qanad çırpır, istədiyi kimi işgüzar və sosial həyat yaşayır, əylənir, həftədə bir dəfə uşaqlarına baş çəkib, oynayıb, çıxıb gedir. Xeyirdirmi? Ata ya həftənin üç gün yarımını uşağa baxmalı, həmin günlər onların qidalanmasını və yaşamasını təmin etməli, ya da atalıq hüququndan tam imtina etməlidir. Eyni şərtlər anaya da aid edilməlidir.
Bizdə məsələ bir az başqadır. Qadınlar boşanmaq istəməyəndə uşaqdan ataya təzyiq vasitəsi kimi istifadə edir. Görüşməyə qoymur, ya həftəsonlarına güclə razı olur ki, bəlkə ata uşaqlardan ötrü darıxıb, evinə qayıdar. Nəticədə nə ata qayıtmır, ana ömrünün ən gözəl illərini uşaqlara tək baxmağa xərcləyir, ata da ki, çox vaxt heç aliment də ödəmək istəmir.
Bəli, aliment məsələsi ləgv edilməli, ata da, ana da uşağa bərabər vaxt və xərc çəkməlidir.
Biz deyəndə ki, ailə qurmağa tələsməyin, təhsil almadan, iş karyeranızı qurmadan, arxalandığınız gəlir yeriniz olmadan evlənməyin, bizə “siz ailə dəyərlərinin düşmənisiniz” deyirlər. Bizi milli mentalitetə düşmən kəsilməkdə ittiham edir, iddia edirlər ki, bizim məqsədimiz ölkədə demoqrafik krizis yaradıb, mümkün olsa, azərbaycanlıların nəslini kəsməkdir. Deyəndə ki, hörmətli ağsaqqal və agbirçəklər, qonşu yanında qürrələnmək, qohum yanında fəxr eləmək, “Qudalar” mahnısına oynamaq xətrinə işi, təhsili olmayan, 20-25 yaşında hələ valideyn əlinə baxan gəncləri tez evləndirməyin, bizə fikir verən olmur.
Nəticədə də belə olur. İşsiz qadın, təhsilsiz qadın qalır uşaqları ilə evdə, ata atıb gedir, aliment problemi başlayır, sonda da ölkənin şairini tutub basırlar dama.
Halbuki, insanlar özlərini təmin edib, karyerasını qurub, uşaq planlayıb, sonra valideyn olsalar boşanma prosesi də asanlaşar, aliment problemi də öz-özünə həll olunar.