Srağagün gecə Ermənistan və Azərbaycan arasında döyüşlərin başlaması xəbəri yayıldıqdan sonra insanlar bu məsələyə münasibətdə müxtəlif qruplara ayrıldılar. Qruplar bir-birini günahlandırmağa, öz mülahizələrini bir-birinə sırımağa başladılar. Maraqlısı odur ki, hər qrup eyni qətiyyətlə öz mülahizələrinin doğru, qarşı tərəfinkinin isə xətalı və ya yanlış olduğunu iddia edir. Psixoloji nöqteyi-nəzərdən burada təəccüblü bir şey yoxdur, bu, elə belə də olmalıdır. Bu yazımda aktivist kimliyimi bəzi məqamlarda kənara qoyaraq məsələni psixoloji aspektdən də təhlil etmək istəyirəm.
“Humanizm, pasifizm dünyanın son halına şahidlik edərək yaşayan insan üçün dəyər olmalıdır.” deyə tez-tez ətrafımıza səslənirik. Lakin burada problemli bir nüası göz ardı edirik: hansı mühitdə böyüyən insan üçün?
Yazılarımın birində qeyd etmişdim ki, bizlər bəzən öz ətrafımızdakı dar əhatəli cəmiyyəti bütünlükdə dünyanın inikası kimi qavrayırıq; elə bilirik ki, hər kəs bizim kimi düşünür və ya düşünmə imkanı var (o demək deyil ki, biz hər zaman doğru düşünürük). Lakin təəssüflər olsun ki, bu, belə deyil. Dünyada, ölkəmizdə kifayət qədər bizdə olan imkanlara sahib olmadığı üçün dar düşünə bilən, çox zaman əsəbləşəndə “geri zəkalı” adlandırdığımız insan var. İmkan dedikdə, doğulub böyüdüyü mühitdən, məktəb və universitet kollektivindən tutmuş, iş və sosial şəbəkə çevrəsinə qədər hər şeyi bura aid edirəm. Əgər insanların böyüdülərkən dolayı və ya birbaşa yolla sorğulama imkanları olmursa, bu bacarıqları ola bilsin ki, ömrünün sonuna qədər formalaşmamış olaraq qalacaq.
Azərbaycan ailələrinin çoxunda ata, ana və ya böyük bacı-qardaş tərəfindən hegemonluq, avtoritarlıq olduğu üçün uşaqlar bu bacarıqlarını ailədə tolerantlıq və empatiya hissi görmədiyi üçün formalaşdıra bilmirlər. Əgər belə ailədə böyüyən uşağın sorğulamaq üçün zəmin yaradan televiziya kanallarına, radioya, bağçaya, məktəbə çıxışı olsaydı, dolayı yolla belə imkanları olardı. Bu yazını oxuyan tənqidi təfəkkürü güclü olan kimsə düşünə bilər ki, “heç mənim də sadladığın imkanlarım olmayıb, özüm dərk etmişəm”, lakin təəssüf hissi ilə bildirmək istəyirəm ki, bütün insanların təfəkkürünün çeviklik və tənqidilik kimi keyfiyyətləri sinir sisteminin tipi və bir sıra faktorlara bağlı olaraq eyni dərəcədə inkişaf edə bilmir. Yəni demək istəyirəm ki, hər kəs eyni cür düşünə bilmədiyi üçün eyni cür reaksiya da verə bilmir.
Bəzi avtoritar dövlətlər məhz buna görə vətəndaşları inkişafdan geri saxlamağa xüsusilə maraq göstərirlər. İnkişafın dayaq nöqtəsi sorğulamaqdır, məncə. Sorğulayan adamı idarə etmək daha çətindir. Ona görə də vətəndaş sorğulamasa ona bir çox oyunu rahatlıqla oynatmaq olar. Bu tip dövlətlər xalqı, adətən, ya müharibə, ya da dinlə manipulyasiya edir. Çünki müharibədə vətən, dində Allah obrazı sorğulanmadan müdafiə edib qorumalı olduğumuz obraz kimi aşılanıb. Bu obrazlardan istifadə edib istənilən oyunu yazıb kütləni asanlıqla ələ almaq, onun üzərində hakimiyyətini qoruyub-saxlamaq, məkrli planlarını həyata keçirmək olar. (Tam da bu nöqtədə “niyə yüksək vəzifəli adamın balası yox, kasıb-kusubun balası şəhid olur?” sualının cavabı ortaya çıxır: çünki vəzifəli adam şahmat taxtasındakı oyuna çıxarılmış sıravi daş deyil. Yəni onun işi sıravi daşları qabağa verib oynatmaqdır. Əslində, vəzifəli dediyimiz adamların da hər birinin öz rolu var, demək istədiyim, onların rolu güllə ilə ölüb-öldürmək deyil, ona görə idarə edən özünü və ya özündən olanı öldürtdürəcək qədər axmaq deyil.) Nə vaxta qədər ki, şəxslər sorğulamayacaq, o vaxta qədər oyun davam edəcək.
Şəxslər nəyi sorğulmalıdır sualı ortaya çıxır.
“Homoseksuallığın Sonu, Heteroseksuallığın Ölümü” adlı kitabda müəllif yazmışdı ki, “biz xristianlar artıq xristian dininin bizə faydası olmadığını anlayanda onun sonunu gətirməyə başladıq və beləliklə, artıq din bizim üzərimizdə hakimiyyətə sahib deyil.” Bizim insanımız da müharibənin və ya dinin onlara faydalı olub-olmadığını sorğulaya bilmədiyi üçün onun sonunu gətirə bilmir. Axı necə gətirsin, senzura ələyinin gözü demək olar tutulmuş TV kanalllarımızdan illərdir təxminən hər gün “düşmən” adlandırılan xalq, dövlət haqqında danışırlar, “Qarabağ” boyda dərdimiz olduğunu xatırladırlar. Beləliklə də insanların fikir foksunu ölkədaxili dərdlərdən Qarabağ dərdinə yönləndirirlər.
Məsələnin bir başqa psixoloji məqamı da var: şəhid, qəhrəman obrazı. Ölkədə bu barədə ən çox linç yeyən insan olaraq müşahidələrimə əsasən, deyə bilərəm ki, insanların böyük hissəsi şəhid və qəhrəman obrazlarını eyniləşdirir. Bu, əbəs yerə deyil. İnsan beynində ilk qəhrəman və paralelində əngəl (oğlan uşaqları üçün, edip kompleksi, kastrasiya, Freud) ata obrazıdır. İnsanlar ataları haqqında danışanda, bəzən “atam bütün gün çalışıb-vuruşurdu, bizim üçün əlləşirdi” tipli ifadələr işlədirlər. Heç bir ifadə boş yerə işlənmir, o, bizim beynimiz tərəfindən kodlaşdırılır: ata vuruşur və bizim qəhrəmanımıza çevirilir. Əsgər vuruşur, qəhrəmana çevirilir. Yəni şəhid olan bir əsgərə dövlət qəhrəman adı verdi-vermədi o, insanlar üçün qəhrəman obrazına yüksəlir. Çünki onlar ata obrazı tək çalışıb-vuruşur. Ətrafdan kimsə hansısa bir qəhrəman haqqında danışsa, o, ümumilikdə bütün şəhidlər haqqında və dolayı yolla insanların beyinlərindəki ata obrazı haqqında danışmış olur. Kimsə bizim atamız haqqında artıq-əskik danışarsa, onu (ata obrazını) onun bizi qoruduğu tək qorumağa çalışırıq və buna görə də qarşı tərəfi aşağılamaq, cəzalandırmaq istəyi yaranır. (Əziz oxucu, ola bilər, düşünürsən ki, bu, necə axmaq yanaşmadır, bilməyini istərəm ki, sənlə razıyam, lakin bu axmaq yanaşma da mənim dinimdir, inanmamaqda azadsan).
Maraqlı olan ikinci məqam: insanımız ölkədəki haqsızlıqlara canının qorxusundan səsini çıxara bilmir, lakin müharibə istəyir. Niyə? Çünki eynilə qorxan uşağın kimisə qorxuda-qorxuda atasının, anasının üstünə qaçıb ondan yardım istəməsi kimi, bizim klaviatura vətənpərvərləri də cəbhə bölgəsində döyüşən əsgərləri (ata obrazı) qabağa verirlər. Dərhal ağlınıza gələ bilər ki, axı dünən 15-20 nəfər Lökbatanda Qarabağ məsələsinə görə üsyan edib yürüşə başlamışdı. Lakin xatırlatmaq istəyirəm ki, Tovuz, cəbhə bölgəsi şəhərin mərkəzində deyil, yəni məqsəd özünün döyüşməyi olsa, Lökbatandan mərkəzə yox, birbaşa cəbhə bölgəsinə gedər. Bu, atanın üstünə şikayətə qaçıb onu düşmənin üstünə göndərməyə bənzəyirdi. Yəni ölməkdən qorxmayan adam elə birinci ölkədaxili haqsızlığa səs çıxarar; bəlkə xalqımız Sokrat qədər iradəli olsaydı, necə ölmək istəməsi barədə seçiminə inanardım. (Sokrat Afinada gəncləri oyatdığı üçün qarşısına dövlət tərəfindən 3 seçim qoyulmuşdu: 1) ya Afinada yaşa, amma sus, 2) ya Afinadan get, 3) ya da öləcəksən. Sokrat ölməyi seçmişdi).
Mənə və xeyli adama maraqlı olan üçüncü məqam: güc strukturları ölkə vətəndaşını qorxutmaq, sındırmaq üçün mitinqlərə, yürüşlərə, xırda etirazların qarşısını almağa güclü, zirehlənmiş, bazburtlu heyət göndərir, lakin cəbhə xəttinə, döyüşə isə çəlimsiz, azyaşlı gəncləri. Bunun özü də diqqət edilməli nöqtədir. Belə çıxır ki, hakimiyyət öz xalqından “düşmən” adlandırıdığı ermənidən daha çox qorxur. Ağlıma iki variant gəlir: 1) çünki xalqın hakimiyyəti ələ keçirməsini digər dövlətin hakimiyyəti ələ keçirməsindən daha təhlükəli hesab etdiyi üçün müqaviməti də ona uyğun tənzimləyir (Rusiyanın göstərişi olmadan Ermənistanın nə isə edə bilməyəcəyini bildiyi üçün rahatdır); 2)-ci variant 1)-cidən törəmə olaraq, yerli hakimiyyətin Ermənistanı ümmiyyətlə təhlükə kimi görməməsi və üç hakimiyyət arası oyunun (rus, erməni, azərbaycan) formatına uyğun formal xarakterli olaraq döyüş yaratmaq istəyidir. Ona görə həqiqətən bütün gücləri səfərbər etmir.
İstənilən halda çoxluq aydın kəslərdən təşkil oluna bilməz. Ona görə də çox insanın müharibə istəməsi bizi məyus etməməlidir. Son olaraq qeyd etmək istəyirəm ki, kütlənin sosial şəbəkələrdə aqressiv, destruktiv görünməsi bizləri qorxutmasın. Çünki o qədər aqressiv adam o enerjilərini klaviaturalara boşaltmasa, bizi daha böyük təhlükə gözləmiş olardı.
Yəni klaviatura qəhrəmanlarının da faydası var, onları qınamağa tələsməyin.