Ölkədə baş verən hadisə nə olur olsun, mahiyyətindən, miqyasından asılı olmayaraq, hərlənib-fırlanıb, gəlib qadının ya LGBT+ fərdlərinin, “qəbul olunmuş” görkəm və davranış standartlarından çıxan adamların başında çatlayır. İndi, Qarabağ, müharibə məsələsində olduğu kimi.
Qeyrətli, vətənpərvər oğul-qızlarımızın Kim Kardaşyanın götü ilə savaşı bitməmiş, özlərinə elə özümüzün içimizdən yeni-yeni düşmənlər tapdılar. Onlar indi gedib səfərbərlik üçün qeydiyyata düşən şou adamlarına lağ eləməyə, ələ salmağa, təhqirə başlayıblar. Bayram Nurlu, Aygün Kazımova, Faiq Ağayev, Damla… düzdü, bu adamlardan günün-güzəranın düz vaxtında millətə bir xeyir gəlməz. Ortaya nə bir vətəndaş mövqeyi qoyarlar, nə bir yaralı barmağa ilk tibbi yardım edərlər. İşləri-gücləri bahalaşmaya, ölkədəki qanunsuzluqlara etiraz edən insanları “qaraçı”, “garagüruh” deyib ələ salmaqdır. Amma ortaya vətənpərvərlik şousu çıxan kimi, belə yağlı fürsəti əldən verməyə ürəkləri gəlmədi. Tez qaçıb, hardansa bir hərbi forma tapıb, geyinib, şəkil çəkdirib, reklam limitlərini doldurdular. Bu heç, bu ucuz şounu bildik, buna sözümüz yox…
Amma bu adamları təhqir edənlərin, lağa qoyanların dərdi şou ulduzlarının ucuz vətənpərvərlik reklamı deyil. Ələ salınan, təhqir edilən onların cinsləri, bədənləri, orientasiyaları, görünüşləridir.
Kim Kardaşyanı “ermənidir, onu söymək savabdır” deyə ələ salanlar, öz millətinin qadınlarının hərbi geyimdə şəkillərini paylaşıb, “MAXE-lər kef edəcək”, “Mən Aygünlə necə bir bölüyə saldıra bilərəm özümü?”, “Avtomatı nə qəşəng tutub, tutmağı bilir” kimi ikibaşlı, seksist, təhqiramiz sözlər yazırlar. Yaxşı, Kim Kardaşyan “ermənidir” dediniz, bəs indi bu söydükləriniz kimdir? Uğrunda ölmək və öldürmək istədiyiniz xalqın qadınları deyil? Aygünü, Damlanı niyə təhqir edirsiniz, ələ salırsınız? Onlar da “ermənidir”? Sizin davanız “erməni qadın” ilə deyil axı, sizin davanız ümumiyyətlə, qadınladır. Hər şeyi hərləyib-fırlayıb qadın bədəninə gətirirsiniz. Hər şeyi qadın bədəni üzərindən müzakirə edirsiniz.
Faiq Ağayevin, Bayram Nurlunun orduya yazılması sizi niyə qıcıqlandırır, onları niyə təhqir edirsiniz? Maskulin, “ənənəvi kişi” kimi görünmürlər deyə? Onları homoseksual hesab edirsiniz deyə? Lap olsun homoseksual (halbuki, onlar homoseksual olduqlarını deməyiblər) vətənpərvərlik bəyəm təkcə heteroseksualların inhisarındadır? Vətəni sevmək də ancaq bığlı-saqqallı, qalın biləkli, enli kürəkli, testesteron saçan erkəklərə yaraşır, bir az sizdən fərqli olanlar sevə bilməz də vətəni?
Ümumiyyətlə, niyə bu qədər iyrəncsiniz? Niyə sülhü bacarmadığınız kimi, müharibəni də əlinizə-üzünüzə bulaşdırırsınız? Niyə müharibəni də, vətənpərvərliyi də bədənə, cinsə, orientasiyaya görə təyin edirsiniz. Sizin adam söyməkdən, alçaltmaqdan başqa əyləncəniz, sevdiyiniz iş-güc yoxdurmu? İyrəncliyin kosmosuna çatmaq haqda harda, nə vaxt and içmisiniz və nə üçün bu andı içmisiniz?