Azərbaycan maraqlı ölkədir. Bu günlərdə daha iki bankın bağlanması ilə bağlı mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışını “ölkədə makroiqtisadi sabitlik, maliyyə sabitliyi və maliyyə inkişafı” sözləri ilə başladı. Maraqlıdır, sabitlik adətən 2 həftə ərzində 4 bankın bağlanmasınamı gətirib çıxardır? Ümumiyyətlə, sabitlik olan zaman banklar öz hesabatlarında yalan məlumatmı yayır? Və sabitlik dövründə MB sədri “bu gün həlledici dərəcədə bankların hesabatlarına, çap olunan hesabatlarına inanmaq olar” ifadəsinimi işlədir?
Azərbaycan dilinin izahlı lüğətinə görə sabitlik “sabit şeyin hal və vəziyyəti; daimilik, dəyişməzlik” deməkdir. İqtisadiyyatda buna yaxın termin staqnasiyadır. Staqnasiya məhz iqtisadi proseslərdə dəyişməzliyi xarakterizə edir. Başqa sözlə bu dövrdə iqtisadiyyatda nə artım, nə də azalma müşahidə olunmur (lap Azərbaycan iqtisadiyyatı kimi, amma bu bir qədər başqa mövzudur). Bu zaman heç bir şey baş vermir. Bu isə iqtisadi proseslər üçün çox mənfi vəziyyətdir. Yəni nəsə baş versəydi, misal üçün, azalsaydı, vəziyyət bir qədər başadüşülən olacaq idi. Heç bir şey baş verməyəndə, deməli bütün proseslər dayanıb. Ona görə adətən staqnasiya böhranın ən pis dövrüdür.
Yaxşı bəs, bizdə sabitlik deyəndə staqnasiyanı nəzərdə tuturlar? Fikrimcə yox. Misal üçün, Elman Rüstəmov valyuta sabitliyini və maliyyə sabitliyini səhv salır. Yəni valyutanın dəyişməz qalması, əlbəttə ki, ölkədə iqtisadi proseslər üçün müsbət haldır. Düzdür, Azərbaycanda valyutanın məzənnəsi bazardan asılı deyil, E. Rüstəmovun başçılıq etdiyi Mərkəzi Bankdan asılıdır. Yəni onun sabit olmaması üçün bircə qərar lazımdır.
Maliyyə sabitliyi isə bir qədər geniş məfhumdur. Məntiqi olaraq iqtisadi proseslərə sabitlik anlayışının tətbiqi mənasızdır. Amma son əsr ərzində iqtisadi leksikon daim dəyişir. İndiki vəziyyətdə onun əsas məqsədi insanları qorxutmamaq və prosesləri həddindən artıq çətin izah etmək, ya da əksinə lazımsız anlayışları məişət səviyyəsinə salmaqdır. Eyni zamanda müxtəlif anlayışların tətbiqi iqtisadçılar ilə yox, əsasən jurnalist və publisistlərin fəaliyyəti ilə bağlıdır. Müasir libertarianlığın atalarından hesab olunan M. Rotbard əsərlərin birində “böhran” sözünün istifadəsinə dair maraqlı fikir irəli sürüb. Onun sözlərinə görə qabaqlar biz “böhran” sözündən istifadə edirdik. Onun bir hissəsi də “depressiya” idi. Amma bu söz insanlara yad gəlirdi, onlar qorxmağa başlayırdılar. Müəyyən müddətdən sonra “böhran” “resessiya” sözü ilə əvəzləndi. Bir müddət sonra bu söz də insanlar üçün mənfi emosiyalar yaradırdı. Ona görə artıq “azalma”, “yavaşlama” və s. tipli sözlərdən istifadə etməyə başladılar. Əslinə qalsa bir çox iqtisadi anlayışların da formalaşması belə gedir. İqtisadçı üçün vəziyyətin “azalma”, “yavaşlama” ya da “depressiya” adlandırılmasında elə də ciddi fərq yoxdur, çünki proses eynidir. Amma hər hansı prosesi cəmiyyətə təqdim etmək üçün müvafiq sözü ya kəskinləşdirmək, ya da yumşaltmaq (təqdim edənin mövqeyindən asılı olaraq) lazımdır.
Məhz belə proseslərin nəticəsində iqtisadiyyata sabitlik anlayışı da daxil oldu. Maliyyə sabitliyi də bu məfhumun bir hissəsinə çevrildi. Əvvəllər maliyyə böhranları olmayan dövrləri maliyyə sabitliyi dövrü adlandırırdılar. Monetar siyasət dəyişəndən maliyyə böhranlarının sayı da azalmağa başladı (ya da bir qədər başqa formada özünü təcəssüm etdirdi). Ona görə maliyyə sabitliyi anlayışı dəyişdi. Qısa olaraq bu anlayışın üç əsas meyarını müəyyən etmək olar. Məhz bu 3 meyar üzrə Azərbaycanda da maliyyə sabitliyinin olub-olmamasını hesablamaq mümkündür.
Mərkəzi Bankın məlumatına görə birbaşa ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 6,9 milyard manat təşkil edir. Bu isə ümumi kreditlərin 44,5%-dir. Onların arasında əsas payı, əlbəttə ki, istehlak kreditləri təşkil edir – 6,2 milyard manat (və ya 40%). Qalan kreditlər arasında istehlak məqsədli kreditlərin həcmi də yüksəkdir. Misal üçün, Atabank nümunəsində öyrənmişik ki, ən azı 200 milyon manata kimi “sahibkarlara” verilmiş kreditlər, reallıqda isə heç kimə verilməyib və mənimsənilib. Eyni məsələ ölkənin ən iri bankı olan Beynəlxalq Bank ilə də bağlıdır. Yəni reallıqda verilmiş kreditlərin böyük hissəsi heç də sərmayəyə çevrilmir. Kredit vasitəsilə alınan məhsulların böyük hissəsinin idxal olunmuş olduğunu nəzərə alsaq, bu, heç dolayı yol ilə də iqtisadiyyata yatırıma çevrilmir. Yeri gəlmişkən, bu barədə Nazirlər Kabinetində, prezidentin yanında iqtisadi müşavirədə də dəfələrlə qeyd olunub.
İkinci meyar, şoklara qarşı davamlılıqdır. Azərbaycan maliyyə sisteminin əsas şoku neft qiymətidir. Neft qiyməti düşən kimi iqtisadiyyatımız problemlər ilə üzləşir. Bu, 2015-ci ildə baş vermişdi, bu 2020-ci ildə də baş verib. İnsanlar valyuta üçün banklara axışdılar, Mərkəzi Bank da vaxtından əvvəl Dövlət Neft Fondunun ehtiyatlarının satılmasından başqa variant tapmadı. Eyni zamanda bir insana verilən valyuta həcmi məhdudlaşdırıldı və müxtəlif bürokratik əngəllər törədilməyə başlandı. Yəni hər bir halda problemlər ilə üzləşdi. Sonuncu problemdən bank sistemini yalnız pandemiya xilas edə bildi. Yəni şoklara qarşı da davamlı deyil.
Üçüncü meyar isə, maliyyə sisteminin digər sahələrə müsbət təsiri ilə bağlıdır. Əgər bu varsa, o zaman maliyyə sabitliyinin təminatına dair nəsə fikirlər irəli sürmək olar. Mərkəzi Bank sədrinin “Banklardakı iş adamlarının pullarına gəlincə… çox təəssüf ki, onlar sığortalanmayıblar. Burada ancaq qanunun tələbləri işə düşür. Yenə də təəssüflə deyirəm ki, hesablarını hansı bankda açmaları və hansı bankda xidmət olunmaları iş adamlarının öz seçimdir”sözləri isə heç də digər sahələrə yaxşı təsir etmir.
Eyni zamanda valyuta ilə bağlı əngəllər də adətən idxaldan asılı olan iqtisadiyyata müsbət təsir bağışlamır. Ümumiyyətlə 4 bankın bağlandığı dövrdə maliyyə sisteminin müsbət təsiri barədə danışmaq çətindir. Nəzərə alsaq ki, E. Rüstəmovun özü çıxışı zamanı xəbər verib ki, “İlkin olaraq bankların kapitallarının qiymətləndirilməsi prosesi həyata keçirilmişdir. Əgər bu qiymətləndirmə olmasaydı 4 bankın siyahısı daha böyük ola bilərdi”. Yəni digər banklara da inam yoxdur.
Başqa sözlə “makroiqtisadi” və “maliyyə” sabitliyi sözləri ilə başlayan çıxışda E. Rüstəmovun özü faktiki olaraq ölkədə maliyyə sabitliyinin olmamasını sübut etdi. Ümumiyyətlə son aylar ərzində onun çıxışlarından bəlli olur ki, ölkədə maliyyə sistemi ya pis vəziyyətdədir (“siyahısı daha böyük olardı”, “hesabatlarını təhrif edirlər” və s.), ya da risklər ilə bacara bilmir. Yəni real vəziyyəti E. Rüstəmovun ifadələrinə müraciət edərək “müəyyən qədər maliyyə sabitliyi” adlandıra bilərik. Müəyyən qədər nə qədərdir? Bunu artıq heç kim bilmir…