İran Ukrayna Beynəlxalq Hava Yollarına aid mülki təyyarənin yanlışlıqla vurulduğunu nəhayət etiraf etdi.
Rəsmilərin dediyinə görə bu qəza İran mülki avaiasiya sistemi ilə hərbi hava qüvvələri arasında yarıtmaz koordinasiyanın nəticəsidir. Əla izahdır, elə dünən Firudin Allahverdinin saytımızda dərc edilən “Uşaq, fişəng və şair” yazısında deyilən kimi – “uşağın əlinə silah vermək olmaz”.
Bəli, molla rejimi biabırçı və mürtəcedir, onun əlinə keçmiş texniki vasitələr arasında müasir silahların olması insanı dəhşətə gətirir. Süleymaninin dəfn mərasimində elə nə qədər İranın öz insanı basabasda məhv oldu, Ukrayna təyyarəsinin günahsız sərnişinlərini bu siyahıya əlavə etmək İran üçün nədir ki? Bu insanların qanı hansısa “Mərği-bər Əmriqə”nin yox, məhz cinayətkar molla rejiminin üstündədir.
Ən qorxuncu isə bizə tərs-tərs baxan, Azərbaycanı indiyə kimi özünün “şimalı” kimi görən, bizə özünün zülmət ideologiyasının ixracıyla məşğul olan və ölkəmizi işğal edən düşmən dövlət ilə sıx əməkdaşlıq edən bu rejimlə qonşu olmağımızdır.
İlin əvvəlindən baş verən bu olaylar bir daha sübut edir ki, dünyada beynəlxalq təhlükəsizlik deyilən anlam qalmayıb. Yazmışdım bu haqda, illər öncə Elman Fattah bir geniş müsahibəsində də demişdi ki, indi bu sferada “müəmma dövrünü” yaşayırıq. Məndən olsa sadəcə qaydasız döyüş meydanı deyərdim, daha bu qədər dərin və maraqlı termin işlətməzdim.
Bunları deməyə əlimizdə kifayət qədər əsas var. Müharibə elan edilməmiş başqa bir dövlətin rəsmisinin özgə bir dövlətin ərazisində, özü də Bağdadın aeroportunun lap yaxınlığında vurulması, ondan sonra isə prezident Trump’ın verdiyi “İran cavab verəcəyi halda onun 52 vacib tarixi-mədəni obyektləri vurulacaqdır” bəyanatı – hansını ki, sonra Pentaqonun başçısı da təsdiqlədi – bunun üçün kifayət deyilmi?
Maraqlıdır, görəsən özünü faktiki talibançı kimi aparan dünya supergücünün başçısından daha hansı maraqlı bəyanatlar eşidəcəyik? Vaxtilə 2001-ci ildə Talibanın rəhbəri Molla Ömər dünyanın ən hündür, tarixi Bamiyan Buddasını “bütpərəstlik və cəhalət” adı ilə tanklardan atəşə tutub dağıtdı, bu cinayətkarı həmin vaxt dayandıra biləcək qüvvə yer üzündə olmadı, hamı yalnız lənətləyirdi. Bu vəhşilikdən sonra bir də İraqın mədəni irs yerlərini, muzeylərini dağıdan İŞİD-çilər bütün planeti şoka saldı. Görəcəklərimiz hələ qarşıda imiş.
Verilmiş bəyanatlardan belə çıxır ki, indi Talibanla İŞİD-in “ardıcılına” rast gəlmişik. “52 vacib tarixi-mədəni obyektlər vurulacaqdır” – prezident Trump o biabırçı sözləri deyərkən, yazarkən heç bir kompleks keçirmədi bəlkə də, əksinə, sonradan sözlərini bir daha təsdiq etdi. Bu üz qarası adam ABŞ-da növbəti seçkilərdə bir daha qalib gəlsə vay hallarına.
Qısası, XXI əsrin ikinci onilliyi başlanar-başlanmaz bizə yeni dərslər verildi: bütün bunlar qaydasız döyüşə, istənilən hadisəyə hər zaman hazır olmağı zəruri edir. Bizim ölkəyə aid olan ən başlıca dərs də budur.
P.S. İndicə oxudum, Tehran səmasında vurulmuş Boeing 737-də hələ 12 yaşına çatmamış 24 körpə varmış… molla rejimi yaratdığı insani faciələri ilə də dəhşətlidir.