İkinci Qarabağ müharibəsi ərəfəsində vacib məqamlardan biri də cəmiyyətimizin iki fərqli düşüncədə qərarlaşması oldu. Əksəriyyətin dəstəklədiyi milli maraqların ön plana çıxdığı və müharibəyə haqq qazandıran millətçi mövqe və azlıqda olmasına baxmayaraq səsi kifayət qədər gur çıxan müharibə əleyhdarı, bəşəri dəyərlərə əsaslandığını iddia edən passifist mövqe.
Bu yazının əsas məqsədi mövcud beynəlxaq münasibətlər gerçəkliyində bu iki mövqenin adekvatlığını müzakirə etməkdir. Beynəlxalq münasibətlərin işığında bu iki mövqedən hansının daha ağlabatan olması problemi aydınlaşdırılmağa çalışılacaq.
Kosmopolitanizmin tənqidi
Cosmos (dünya) və polites (şəhər dövlət) sözlərinin birləşməsindən yaranan kosmopolitan sözünü dünya vətəndaşı anlamını verir. Kosmopolitan çox səyahət edən, müxtəlif mədəniyyətlərlə tanış olmuş və onları anlayan, hörmət edən şəxsə də deyilir. Ancaq eyni zamanda kosmopolitanizm bir intellektual mövqedir və ya mövqelərin cəmidir. Kosmopolitanizmin mərkəzi ideyası bütün insanların bərabər olmasıdır. Bu ideyanı əsas götürərək kosmopolitanizm bütün insanlara və mədəniyyətlərə tətbiq edilə biləcək və onları bərabər hüquqlu tərəflər olaraq əhatə edəcək etika, sosial təsisatlar və nəhayət dövlətin yaradılması tərəfdarlarıdırlar. Bir dünya dövləti yaradılması ideyası təbii ki, ağlasığmaz və böyük ölçüdə rədd edilən ideya olsa da, düşünülə bilər ki, kosmopolitan etika və sosial təsisatlar ən azından qurula bilər.
Kosmopolitanizmə qarşı yönəlmiş mövqelərin əsas tənqidi ondan ibarətdir ki, universal etik norma mümkün deyil. Əxlaqi dəyərlər kontekstualdır və yerli mədəniyyətlərə xasdır. Bir etik normanın norma kimi qəbul edilməsi ancaq onun tarixən yarandığı və aid olduğu cəmiyyətdə mövcud ola bilər. Bəşəri etika yoxdur, çünki bəşəriyyət deyə bir ictimaiyyət yoxdur.
Kosmopolitanizmin tənqidini 4 maddədə əks etdirmək mümkündür.
– Kosmopolitanizm qüsurludur çünki o mücərrəd bəşəri insan təbiətinə əsaslanır.
– Bəşəri etika mümkün deyil çünki əxlaq hər zaman yerlidir və bu baxımdan kontekstualdır.
– Bəşəri etikanın gerçəkləşdirilməsinə cəhd yerli əxlaq normalarına qarşı ədalətsizlikdir. İstənilən bəşəri etika yaratmaq cəhdi bir yerli əxlaqın digərləri üzərində dominantlığı və digərlərinin məhvi ilə nəticələnə bilər.
– Bütün millətləri əhatə edən dünya dövləti ya tiraniyaya ya da davamlı üsyanlara səbəb olacaq.
Kosmopolitanizm və anti-kosmopolitanizm arasındakı anlaşmazlığın əsası bu iki ənənənin iki fərqli ontologiya və epistemologiyaya əsaslanmasıdır. Kosmopolitanizm əsasən da liberal versiya bəşəri insan təbiəti və hər kəsin rasional olma qabiliyyəti kimi iddialar üzərində dayanır. Daha dəqiq desək Kantın fəlsəfəsindəki transendental rasionallıq bu ənənənin əsaslandığı fəlsəfi prinsiplərdən biridir. Kant inanırdı ki, bütün insanların rasional olmaq qabiliyyəti var. Rasionallıq isə transendentaldır kontekstdən və fərddən asılı olmadan hər kəs üçün eynidir. Kosmopolitanizm bu və bənzər ideyalara əsaslanır. Bunun əksinə anti-kosmopolitan cəphədə yerləşən mövqelərdən biri olan kommunitarianizm iddia edir ki, fərdlər ancaq mədəniyyətlərdə yaranır və yetişdiyi mədəniyyətdən asılı olaraq əxlaqi yaddaşa sahib olur. Əxlaq ancaq aid olduğu mədəniyyət kontekstində mənalıdır. Bu baxımdan universal əxlaq mövcud deyil. Eyni arqumentlər Kantın iddia etidiyi transendental rasionallığa da aid edilə bilər.
Anti-kosmopolitanist cəphədə ən yayğın iki mövqe realizm və pluralizmdir və iddia etmək mümkündür ki, bu iki mövqenin ən yaxşı əksi özünü Hegel və Herderin fikirlərində tapıb. Kommunitarianizmin köklərini də bu iki filosofun fikirlərində tapmaq mümkündür. Realizm iddia edir ki, beynəlxalq münasibətlərdə hazırda mövcud olan şərtlər dövlətləri mənəvi olaraq məcbur edir ki, öz milli maraqlarını bəşəri maraqlardan üstün tutsun. Bəşəriliyə olan bağlılığımızda axsamaların səbəbi, bu bağlılığımızı mücərrəd və bu baxımdan gercək olmayan bəşəri əxlaq ideyası üzərində inşa etməyimizdir.
Herder Kantın pre-sosial başqa sözlə ifadə etsək cəmiyyətə qədərki, fərd anlayışını tənqid edirdi. Onun fikrincə milli cəmiyyət (national community) yaxşı və yaman anlayışlarını mənalı edən tək sosial qaynaqdır. Yaxşı və yaman başqa bir şəkildə heç zaman mənalı deyil. Bu baxımdan fərd də ancaq aid olduğu cəmiyyətin məhsulu olaraq fərddir. Fərdlər cəmiyyətdən öncə yox ondan sonra və onun sayəsində yaranırlar. Herder Kantın transendental rasioanllıq anlayışını tamamilə cəfəng hesab edirdi. Herderin arzuladığı siyasi cəmiyyət (political community) mərzəksizləşdirilmiş cəmiyyətlərin çoxluğu idi. Herder öz mövqeyini Anarxo-pluralizm kimi təsvir edirdi.
Hegel isə dövtlətçi idi. Onun fikrincə dövlət insan cəmiyyətinin ən mükəmməl formasıdır. Mustəqil dövlət insanların fərdiyyətlərini gerçəkləşdirə və ifadə edə biləcəyi yeganə quruluşdur. Dövlət içindəki sosial ənənələr etik diskursun yaradılması üçün yeganə əlverişli zəmindir. (Cochran, 1996). Hegel üçün cəmiyyətlərin yaranması və inkişafı rasional və tənqidi düşüncənin nəticəsidir. İnsan azadlığının artması insanın artan rasionallığı və özünə nəzarətinin nəticəsidir. Bu baxımdan modern dövrdə mustəqil dövlət rasionallığın triumfudur ancaq o şərtlə ki, dövlət rasional qanunlarla və siyasətlə idarə olunsun. Qeyd etmək lazımdır ki, Hegelin rasionallığı Kantın rasionallığından tamamilə fərqlidir. Hegel üçün rasionallıq transendental deyil kontekstualdır və cəmiyyətlərin keçdiyi yola, tarixə əsaslanır.
Universal əxlaqı tapmaq onu ifadə edir ki, elə bir davranış norması və ya prinsip mövcuddur ki, zamandan və məkandan asılı olmadan keçərli olsun. Kosmopolitanlar indiyə qədər heç bir zaman belə bir norma və ya prinsip tapmamışlar. Çünki müxtəlif mədəniyyətlərin özlərinə məxsus əxlaq normaları var və bizim əlimizdə elə bir ölçü yoxdur ki, bu fərqli əxlaqi normaların hansının daha üstün olduğunu müəyyən edə bilək. Ədalət, əxlaq kimi anlayışların təbiətində təklik yoxdur, əksinə bu anlayışlar müəyyən tarixi proseslərin və coğrafi yerləşmənin nəticəsi olaraq mədəniyyətdən mədəniyyətə fərqli formalarda qarşımıza çıxır. (David Miller, 2002)
Bəşəriyyət sadəcə intellektual fiksiyadır. Bütün insanların aid olduğu ortaq bir cəmiyyət yoxdur. İnsanlar ortaq tarix və ortaq yaddaşa sahib deyillər. Fərdləri yaxşı və yamana həvəsləndirən, hətta onların yaxşı və yaman anlayışlarını şəkilləndirən amil fərdlərin yetişdiyi cəmiyyətlərdən əldə etdiyi tarixi və mədəni yaddaşlarıdır. İnsanlar çox zaman ortaq yaddaşa sahib olmadıqları fərqli cəmiyyətlərdən olan fərdlər və ya cəmiyətlər üçün məsuliyyət hiss etmirlər. Bu da bir daha göstərir ki, bəşəriyyət anlayışı heç bir gerçək zəminə əsaslanmır.
Liberal kosmopolitanizmə qarşı yönəldilmiş başlıca tənqidlərdən biri, liberalizmin fərd anlayışıdır. Fərd liberal perspektivdə kontekstdən çıxarılmış akultural anlayışdır. Liberalizmin konseptualizə etdiyi fərd əslində qərb kontekstindən çıxarıldıqda dünyanın heç bir bucağında özünə yer tapmır. Feminist düşünürlərdən (Benhabib, 1992) liberalizmin fərd anlayışını, qərbli, ağ, kişi və orta ya üst sinifə aid olan insanların ümumiləşdirilməsi olaraq tənqid edir. Bu baxımdan liberalizm özü əslində bir kontekstdən çıxarılmış fərdi, universal fərd olaraq qəbul etdirməyə çalışır. Liberalizmin fərd anlayışı eyni zamanda Kantın transendental rasionallıq anlayışına söykənir, ancaq kommunitarian düşünürlər Kantın nəzəriyyəsini rədd edirlər səbəb kimi isə transendental rasionallığın empirik olmamasıdır. Bütün bunlar nəzərə alındıqda ortaya belə bir sual çıxır bədənsizləşdirilmiş, kontekstdən çıxarlımış və mücərrəd kənar faktorların universal olmağa nə saləhiyyəti var? (Thompson, 1992).
Millilik və ya anti-kosmopolit etika
Yuxarıdakı tənqidlərdən nə nəticə çıxardılmalıdır? Əgər universal əxlaq yoxdursa onda insanlar necə bir əxlaqa əsaslanaraq yaşamalıdır? Komunnitarianların bu suala cavabı yəqin ki, yuxarıdakı tənqidlərdən də müəyyən qədər aydın oldu. Universal əxlaqın mövcud olmadığını nəzərə alsaq onda üstünlük həmvətənlərə verilməlidir nəinki bizimlə əlaqəsi olmayan və dünyanın başqa bir nöqtəsində yaşayan insanlara. Çünki, çox zaman biz öz həmvətənlərimizə başqa insanlardan daha çox şey borclu oluruq. Nəzərə alsaq ki, onlarla bir cəmiyyəti bölüşürük, bu o deməkdir ki, həyatımıza həmvətənlərimizin təsiri başqa insanlardan daha çoxdur. Əlbətdə bu təsir hər zaman müsbət olmaya bilər, ancaq həmvətənlərin müsbət təsiri istər-istəməz başqalarının müsbət təsirindən daha çoxdur. Bu baxımdan həmvətənlərə üstünlük verilməsi kommunitarianist etikada əsas müddəalardandır. Sərvətlərin bölüşdürülməsi, varlılar və kasıblar arasındakı fərqlərin aradan qaldırılması və insanların bərabərliyi kimi prinsiplər ancaq topluluq (community) içində mümkündür topluluqlar arası bu prinsiplərin tətbiqi limitlidir. Bu baxımdan əgər milli ya bəşəri maraqlar arasında dilemmada qalınıbsa kommunitarian etikaya görə milli maraqlar üstün tutulmalıdır. Buraya milli maraqlar naminə insan hüquqlarını pozan, avtoritar rejimlərlə əməkdaşlıq da daxildir. Əgər dövlətlər arasındakı münasibətlərdən hər iki tərəf fayda götürürsə, realistlər üçün tərəfdaş dövlətin rejim tipinin önəmi olmamalıdır. Başqa sözlə ifadə etsək dövlətlərin xarici siyasəti onların daxili siyasətinin davamı deyil, rejim tipi xarici siyasəti müəyyən etmir.
Kommunitarianizmin beynəlxalq münasibətlərdə davamı olaraq çıxış edən mövqelərdən biri və dominantı realizmdir. Realizm bir baxıma bütün dövrlərdə beynəlxalq münasibətlərə dominantlıq edən görüş olmuşdur və realizmin prinsipləri kommunitarianizmlə səsləşir. Milliliyin nə üçün önəmli olduğunu anlamaq üçün hazırda beynəlxalq münasibətlərə dominantlıq edən realizm mövqeyini anlaşılması çox vacibdir.
Realist ənənə beynəlxalq münasibətlərin təbiəti barədə bədbindir. Beynəlxalq münasibətlərdə tərəflərin əsas məqsədinin milli maraqların müdafiəsi olduğunu nəzərə alaraq siyasətdə əxlaqın yer edə biləcəyinə inanmırlar. Ancaq bu o demək deyildir ki, realizmin heç bir əxlaqi prinsipləri yoxdur. Realizm praqmatikdir və nəticəyə əsaslanmış əxlaqi prisnipləri mənimsəyir. Realist etikaya ən yaxşı örnək kimi peloponnes savaşı göstərilir: Afinalılar kiçik şəhər dövləti Melosa təslim olmaqla bağlı ultimatum göndərirlər, ancaq buna baxmayaraq Melos rəhbərliyi təslim olmur. Nəticə olaraq Afinalılar Melosu işğal edir, insanları qılıncdan keçirir və qul kimi əsir alırlar. Realist etikaya görə Melos rəhbərliyi təslim olmamaqla etik olaraq yalnış qərar verib, çünki Afinalılara qalib gələ bilməyəcəkləri aydın olduğu halda döyüşərək insanların həyatlarına və azadlıqlarına bais olublar. Bu baxımdan Qarabağda ermənilərin təslim olmamaqda israr etməsi və insanların ölümünə və faciələrə səbəb olması Ermənistan rəhbərliyinin məsuliyətidir.
Bu səbəbdən də realistlər stratejik və material hədəflərə yönəlməli olduqlarını düşünürlər. Bəşəri maraqların milli maraqlardan üstün tutulduğu bir xarici siyasət dövlətlər üçün indiki gerçəklikdə sui-qəsd olardı. Məsələn Henri Kissincer Vyetnamın məğlub edilməsi üçün neytral dövlət Laosun bombalanmasını təklif edə bilərdi. Çünki əgər Laosun bombalanmasının verəcəyi nəticə bombalanmanın yaratdığı fəsadlardan üstündürsə onda realistlər üçün bombalanma etik olaraq haqlı qərardır.(Pogge, 2008) Realistlər düşünür ki, dövlətlər başqa dövlətlərə müdaxilə etməməklə bağlı bir əxlaqi öhdəliyə sahib deyillər. Əgər başqa dövlətlərə müdaxilə bizim dövlətin təhlükəsizliyi və maraqları üçün vacibdirsə bu müdaxilə edilməlidir (Kennan, 1986). Məsələn Klinton adminstrasiyasının dövlət katibi Madeleyn Albrayt ona verilən “İraqa qarşı edilən sanksiyalar beş yüz mindən çox uşağın ölümünə səbəb olub, sizcə buna dəyərdimi?” sualına sanksiyaların nəticələrini nəzərə aldıqda deyə bilərəm ki, bəli dəyərdi deyə cavab vermişdir. Çünki İraqa qarşı sanksiyalar Səddam Hüseyn rejimini zəiflətmiş, kütləvi qırğın silahlarının istifadə olunmasının qarşısını almış və bölgədə və dünyada stabilliyi bərqərar etmişdir. (Pogge, 2008) Kantçı perspektivdən Albraytın dedikləri haqlı deyil, ancaq realizm kantçı etikanı qəbul etmir və bunu da mövcud şəraitin uyğun olmaması ilə əsaslandırır.
Realistlər üçün dövlət idarəçiliyində əsas məziyyət ehtiyatlı olmaqdır. Ehtiyatlı olmaq bilgili və müdrik olmaqdan keçir, nəyin mümkün olub olmadığını anlamağı ehtiva edir. Ehtiyatın olmadığı yerdə siyasi əxlaq mümkün deyil (Morgenthau, 1960). Ehtiyatlılıq müxtəlif siyasi qərarların yaradacağı nəticələrin öncədən təxmin olunması və onun milli maraqlara təsirinin öngörülməsini nəzərdə tutur. Azərbaycan hökumətinin müharibəni dayandırması, Xankəndini azad etməyib, rus sülhməramlılarının Qarabağa gətirilməsinə razılıq verməsi onun milli maraqları əsas götürərək ehtiyatlı davranmasının nəticəsidir. Bu mənada Azərbaycan höküməti siyasi və əxlaqi olaraq doğru qərar vermişdir.
Realistlər üçün dövlət adamının ən önəmli işi dövlət maraqlarının müdafiəsidir. Ancaq nəzərə almaq lazımdır ki, ehtiyatlı siyasət qətiyyən prinsipsiz siyasət deyil. Realizm ilk baxışda makiavellizm kimi də səslənə bilər, ancaq realizm nə olursa olsun əsas nəticədir yox, ən mümkün və ən yumşaq yol tapılması ilə istənilən nəticəyə gəlmək, ancaq milli maraqlar həmişə öncə gəlmək şərti ilə. Məsələn realistlərdən (Mearsheimer, Walt, 2003) Birləşmiş ştatların İraqa hücumunu tənqid edirdi, çünki düşünürdülər ki, digər vasitələrlə də İraqdakı rejimi nəzarət altında saxlamaq mümkün idi ABŞın İraqa müdaxiləsi realistlər nəzərində beynəlxalq stabilliyin pozulması idi. İraqdan fərqli olaraq Qarabağ məsələsində hərbi yoldan başqa çarə olmadığı artıq məncə hər birimizə aydındır. Son 26 ildə danışıqların nəticəsiz qalması bunu sübut edir.
Realistlərin də beynəlxalq münasibətlərdə ən çox önəm verdikləri stabillik və təxmin edilə bilmədir. Qeyd etmək lazımdır ki, realistlər kosmopolitan etikanı istisna etmir, ancaq onun hazırkı şəraitdə mümkün olmadığını, bəşəriliyə tədricən nail oluna bilinəcəyinə inanırlar.
Nəticə
Realizm anti-kosmopolitan bir mövqedir, çünki o milli dövlət anlayışını üstün tutur və iddia edir ki, milli maraqların üstün tutulması əxlaqi məsuliyyətdən irəlir gəlir. Realizm praqmatik bir yanaşmadır çünki reallığı olduğu kimi qəbul edir və prinsipli yanaşmadır çünki hazırda mümkün olan yeganə etikadır. Realizm cəmiyyətlərin çoxluğu prinsipini qəbul edir və hər bir cəmiyyətin yaşama haqqı olduğuna inanır, ancaq lazım gələrsə öz cəmiyyətimizin mənafeyi naminə başqa cəmiyyətlərə müdaxiləyə haqq qazandırır. Realizm düşünülənin əksinə millətçi bir mövqe deyil, realizmə daha dəqiq vətənpərvər bir mövqe kimi baxıla bilər. (Hulsman, 2006). (Morgenthau,1949) və (Carr, 1939) ifadə edir ki, onlar milli dövlət anlayışını ən sonuncu siyasi quruluş olaraq görmürlər və əksinə millətçiliyin inkişafına mənfi bir hadisə olaraq qiymətləndirirlər çünki bu beynəlxalq fəlakətə yol aça bilər. Ralizm realpolitiklə əlaqələndirilməlidir.
Dünya siyasətinin hazırki gerçəkliyi, bizi məcbur edir ki, milli məsələlərimizi bəşəri məsələlərin üzərində qoyaq, dövlətin mövcudluğunu təhlükə altına qoyan məsələlərdə bəşəri davranmaq, gerçəklikdə əks olunmayan ideyaları qabardaraq cəmiyyəti birbaşa təhdid edən məsələləri görməzdən gəlmək realistlər üçün qəbul edilməzdir. İnıram ki, ikinci Qarabağ müharibəsinə də eyni mövqedən yanaşılmalıdır.